Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Berlusconi çətin durumda


Berlusconi Senatda - 13 dekabr 2010
Berlusconi Senatda - 13 dekabr 2010
İtaliyanın “la Repubblica” qəzetinin dekabrın 14-də çıxan sayının başlığında belə yazılıb: “Berlusconi: Həqiqət günü”.

Bu gün İtaliyanın hökumət başçısı Silvio Berlusconi üçün çətin gün olub. Hakim koalisiyada parçalanmanın ardınca baş nazir hökumətinə etimad səsverməsi keçirilib.

Səsvermə birinci olaraq Senatda, daha sonra aşağı palatada olub.

Berlusconi tərəfdarlarının üstünlük təşkil etdiyi Senatda səsvermənin nəticələri gözlənilən olub, 162 senat hökumətə etimad etdiyini, 135-i isə bunun əleyhinə olduğunu bildirib. Senatda asan qələbənin ardınca 74 yaşlı Berlusconinin parlamentin aşağı palatasında şansı bərabər olmayıb. O, hər deputatın səsi uğrunda mübarizə aparmalı olub.

İkinci səsvermənin nəticəsi daha dramatik olub. Berlusconi cəmi 3 səs çoxluğu ilə etimad qazanıb. 314-ün 311-ə nisbəti, 2 deputat isə bitərəf qalıb.

Səsvermənin nəticəsi palatada alqışlarla qarşılanıb.

ERKƏN SEÇKİLƏR?

Berlusconinin istər Senat, istərsə də aşağı palatada məğlubiyyəti onun üçün istefa demək idi. Bununla belə, kiçik səs çoxluğu ilə üçüncü dəfə 5 illik müddətə hakimiyyətdə qalan baş nazir üçün idarəçilik, qanun layihələrinin palatadan keçirilməsi çətin olacaq. Hətta güman edirlər ki, 2013-cü il seçkilərinə qədər erkən seçkilərin də keçirilmə ehtimalı var.

Səsvermə Romada etiraz aksiyaları ilə müşayiət olunub
Bir müddət idi ki, deputatlar Berlusconinin hakim koalisiyası ilə keçmiş müttəfiqi və parlament spikeri Canfranko Fini arasında qalıblar. Canfranko Fininin koalisiyadan çıxmasından sonra parlamentdə baş nazirin istefasını istəyənlərlə istəməyənlər arasında bir növ bərabərlik yaranıb.

Baş nazirin əleyhdarları bildiriblər ki, Berlusconi hökumətin sağ-mərkəzçi siyasət platformasını həyata keçirməyib. Həmçinin şəxsi həyatındakı qalmaqallar və korrupsiya ittihamlarında adı hallanan baş nazirə dözmək istəmədiklərini deyiblər.

BERLUSCONİ XƏBƏRDARLIQ EDİR

Seçkidən bir gün əvvəl Berlusconi Senatda çıxış edərkən etimad səsverməsini qazanacağına əmin olduğunu deyib. Bununla belə, xəbərdarlıq edib ki, istefaya göndərilməsi ölkədə böhrana səbəb ola bilər:

“Bizim davamlı fəaliyyətə, bütövlükdə fəaliyyət göstərən hökumətə, geniş institusional və siyasi əməkdaşlığa ehtiyacımız var və qərar vermək qabiliyyətimiz olmalıdır. Bizim qaranlıqdakı böhrandan başqa hər şeyə ehtiyacımız var”.

Berlusconinin siyasi karyerası buna qədər dəfələrlə rüşvət və korrupsiya ittihamlarına, şəxsi həyatındakı qalmaqallara tab gətirib.

Ötən ay baş nazirin adı daha bir qalmaqalda hallanıb. Buna 17 yaşlı rəqqasənin məhz Silvio Berlusconinin müdaxiləsindən sonra sərbəst buraxılması səbəb olub. Nazir yanlış davranışı təkzib edib və sadəcə qızın vəziyyətinə acıdığını bildirib.

/Sayta hazırladı: Sevinc Hüseynzadə/
XS
SM
MD
LG