Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:34

Nazirin təhsil haqqının artırılması təklifi necə qarşılanır?


Misir Mərdanov
Misir Mərdanov
“Bizim fakültədə - filologiya fakültəsində illik təhsil haqqı 600 manatdır. Ödəməkdə çətinlik çəkirəm. Keçən il yarısını yanvarda, yarısını martda ödəmişdim. Bu il isə vəziyyət lap çətinləşib. Heç bilmirəm neyləyəcəyəm”.

Azərbaycan Pedaqoji Universitetinin (APİ) 3-cü kurs tələbəsi Vəfa Qasımova təhsil haqqını necə ödəyəcəyinin yollarını axtarmaqla məşğuldur. Çünki yanvarda 600 manatı ödəməsə, imtahana buraxılmayacaq. O deyir ki, kömək üçün xeyriyyə təşkilatlarına da müraciət edib. Ailəsinin maddi vəziyyətinin ağırlaşması onu çətin vəziyyətə salıb:

İŞLƏMƏK İSTƏYİRƏM. ANCAQ...

“Atam təqaüdçüdür, anam da işləmir. Özüm işləmək istəyirəm. Ancaq dərsdən sonra – saat 2-dən sonra kimdir məni işə götürən? Maraqlanmışam, götürmədilər”.

Vəfa deyir ki, belə bir şəraitdə təhsil haqlarının artırılması ilə bağlı təhsil naziri Misir Mərdanovun səsləndirdiyi təklif onu lap narahat edir:

“Bundan narazıyam. Təhsil haqqı qalxsa, mənim kimi tələbələrin vəziyyəti lap pisləşəcək”.

NAZİRİN TƏKLİFİ

Təhsil naziri Misir Mərdanov deyib ki, Təhsil Nazirliyi ali məktəblərdəki dövlət sifarişli ixtisaslar üzrə illik təhsil haqqının artırılması üçün Tarif Şurasına müraciət edəcək. Nazir deyib ki, ali məktəblərdə dövlət sifarişli ixtisaslar üzrə illik təhsil haqqı özəl ali məktəblərdəki təhsil haqqından yüksək olmalıdır. Onun fikrincə, “dövlət sifarişli ixtisaslara qəbul olunmuş tələbələrin sayı artdıqca ali məktəblərin də gəliri çox olacaq”.

Nazirin bu fikrinə ali məktəb tələbələrinin münasibəti birmənalıdır. Hər halda mənimlə söhbət edən tələbələrdən heç biri nazirin təklifini dəstəkləmədi:

ÇOX PİS OLAR


- Təhsil haqqının qaldırılmasına hamı kim mən də narazıyam. Onsuz da indiki təhsil haqqını verməkdə çətinlik çəkirik.

- Biz ailədə iki uşağıq. Qardaşım iqtisadiyyatda oxuyur, 1400 manat ödəyir, mən 600 manat. Atam 2000 manat ödəyir. Qaldırsalar, vəziyyətimiz lap pis olacaq.

Təhsil haqqını aşağı salmaq lazımdır, nəinki qaldırmaq
- Qaldırsalar vəziyyət lap çətin olar. Narazıyam.

- Bu daha çox aztəminatlı ailələrə pis təsir edəcək.

- Çox pis olar. Nazir özü də vaxtilə tələbə olub, tələbələri başa düşməlidir. Təhsil haqqını aşağı salmaq lazımdır, nəinki qaldırmaq.

- Qiymətin qalxması təhsilə marağı lap azaldar.

- Düzgün deyil. Camaat onsuz da çox çətin yaşayır.

APİ-nin professoru Məmməd Qarayev deyir ki, təhsil haqqının artırılması ali məktəblərə ümumilikdə yaxşı təsir göstərə bilər, ancaq:

CAMAATIN DA VƏZİYYƏTİNİ NƏZƏRƏ ALMAQ LAZIMDIR

“Bu, müəyyən qədər ali məktəbin imkanlarına təsir göstərə bilər. Ancaq o biri tərəfdən camaatın da vəziyyətini nəzərə almaq lazımdır. Çünki bu il maaş 10 faizdən artıq artmayıb. İndi tələbələr təhsil haqlarını ödəyirlər, ödəmədiyinə görə kimsə kursda qalmayıb, ya da cəzalanmayıb”.

İki övladı ali məktəbdə oxuyan Sahib Talıbov isə deyir ki, bu xəbəri eşidəndən sonra özünə yer tapa bilmir:

HEÇ BUNU FİKİRLƏŞƏN YOXDUR

“Gənclərin vəziyyəti indi çox pisdir. Valideyn rayonda, özü də işləmir, necə ödəsin? Heç bunu fikirləşən yoxdur. Belə olmaz axı...Deyir ki, qiymət qalxsın. O “qiymət qalxsın” sözünün arxasında bilmirlər nə dayanır”.

MÜSBƏT VƏ MƏNFİ TƏRƏFLƏRİ OLA BİLƏR

Təhsil üzrə ekspert Emin Məhərrəmov isə deyir ki, təhsil haqlarının artmasının müsbət və mənfi tərəfləri ola bilər:

“Bütün dünyada bu proses gedir. Əlbəttə, çox mürəkkəb məsələdir. Bu addım atılarsa, 10-15 ildən sonra müxtəlif nəticələri ola bilər. Ola bilər ki. tələbələr oxumağa daha ciddi yanaşar, o da ola bilər ki, təhsildən yayınma halları olsun. Yəqin ki, Misir müəllim bunu çox götür-qoydan sonra deyib. Bizdə təhsil haqqı ucuzdur. Ancaq digər tərəfdən qiymət artımı kimin xoşuna gələ bilər ki?”.

Məhəmməd Talıblı
İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı isə deyir ki, qiymət artırılsa belə, bu, ali məktəblərin texniki təchizatının yaxşılaşmasına, müəllimlərin maaşının qalxmasına, təhsilin keyfiyyətinə təsir göstərə bilməz:

TƏHSİLİN KEYFİYYƏTİNƏ TƏSİR ETMƏYƏCƏK

“Təhsil haqlarının artırılması ümumilikdə heç bir universitetin daxili işi deyil. Çünki həmin təhsil haqları tənzimlənən qiymət siyasətinə daxildir. Uzun illər Azərbaycanda təhsil haqları 250-300 manatdan 1500-2000 manata qədər qalxıb. Qiymətlərin qaldırılması təhsil nazirinin Tarif Şurasına müraciətindən sonra ola bilər. Qiymətlərin yenidən qaldırılması ilə bağlı müraciət təhsilin keyfiyyətinin qaldırılması üçün əsas olmayacaq. Sadəcə təhsildə maliyyə vəsaitinin dövriyyəsinin artmasına gətirib çıxaracaq”.

MƏCBURİYYƏT PRİNSİPİ YOXDUR

Misir Mərdanov onu da deyib ki, ola bilər ki, bəzi ali məktəblər bu prosesdə iştirak etsin, bəziləri iştirak etməsin: “Bu, ondan asılıdır ki, Azərbaycan hökuməti olaraq, biz bu prosesi necə həyata keçirəcəyik. Əgər digər universitetlər görsə ki, ali məktəblər bu prosesə qatılmaqla udur, onda hamı bu mexanizmdə iştirak edəcək. Amma başqa cür olsa, əlbəttə, heç kim bu prosesdə iştirak etməyəcək. Burada məcburiyyət prinsipi yoxdur”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, ötən il dövlət ali məktəblərinə ödənişsiz əsaslarla qəbul planı 10 mindən artıq, ödənişli yerlərin sayı isə 13 mindən artıq olub.
XS
SM
MD
LG