Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:39

Kinorejissora 6 il həbs cəzası kəsildi


Tehran məhkəməsi kinorejissor Cəfər Pənahiyə 6 il azadlıqdan məhrum etmə cəzası kəsib.

ETTELAAT əməkdaşları Pənahini bu il martın 2-nə keçən gecə evindən aparmışdılar. O, müxalif “yaşıl hərəkat” və onun liderlərindən olan Mirhüseyn Musəviyə dəstək verməkdə, 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlarla bağlı sənədli film çəkməkdə günahlandırılsa da, mayın 25-də 200 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti sərbəst buraxılmışdı.

YARADICILIĞA QADAĞA

Tehran məhkəməsi Pənahinin 20 il müddətinə kino fəaliyyətinə, ssenari yazmasına və ölkədən çıxmasına da qadağa qoyub. Pənahinin vəkili Fəridə Qeyrət jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmənin qərarı ona dekabrın 18-də verilib və indi onun apelyasiya şikayəti vermək üçün 20 gün vaxtı var. O, müvəkkilinə çıxarılan hökmdən apelyasiya şikayəti veriləcəyini deyib.

FRANSIZ NAZİR İRANI TƏNQİD ETDİ


Bu gün Fransanın mədəniyyət naziri Frederic Mitterrand Cəfər Panahinin həbsinə görə İranı tənqid edib.

Mitterrand bildirib ki, məhkəmə hökmü Pənahinin istedadının ifadəsinə mane olmaq cəhdidir. O deyib ki, bu hökm Pənahinin ifadə azadlığı hüququna "yolverilməz hücumdur" və o azadlığa buraxılmalıdır.

49 yaşlı Cəfər Pənahi əslən İran azərbaycanlısıdır. Onun filmləri Kann, Venesiya, Berlin, eləcə də Çikaqo festivallarının qalibi olub.
XS
SM
MD
LG