Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:37

Sevinc Pərvanənin tənqidlərə münasibəti


Gənc yazar Sevinc Pərvanənin "Şəhər" romanının "Oxu zalı"ndakı müzakirəsi başa çatıb.

Ənənəmizə uyğun olaraq müzakirələrin sonunda müəllifə onun barəsində səslənmiş tənqidlərə münasibət bildirmək şəraiti yaradırıq.


- Mənim “Şəhər” romanımla bağlı yazılanlardan yalnız ikisini, Cavanşir YusiflininKənan Hacının yazdıqlarını tam oxumuşam, qalanları ilə də şifahi olaraq tanışam.

Səhhətimlə bağlı mənə kompüterə baxmağa icazə verilmir. Məqalələrdən yalnız ikisini çap edib gətiriblər oxumuşam.

Doğrusu Cavanşir Yusiflinin yazısında bir az qərəz gördüm, Kənan Hacının məqaləsi isə ümumiyyətlə xoşuma gəlmədi. Mənə elə gəldi ki, tənqidçi qələmindən çıxan məqaləyə oxşamır.

Yalnız Tehran Əlişanoğlunun məqaləsi ilə razıyam və ən obyektiv yazı da onu hesab edirəm.

Çoxlu iradlar da var, misal üçün bir nəfər də yazır ki, ümumiyyətlə niyə yazırsız?

- Bəs Həmid Herisçinin, Elnarə Tofiqqızının tənqidləri ilə bağlı nə deyərdiz?

- Hə, mənə dedilər ki, Həmid Herisçi yazıb ki, mən Əkrəm Əylislinin romanından təsirlənərək bu romanı yazmışam.

Bəlkə də bu mənə qüsur sayıla bilər, amma etiraf edim ki, Əkrəm Əylislinin həmin romanını oxumamışam.

Bu baxımdan da oxumadığım romandan necə təsirlənə bilərəm. Tənqidçilərin birinin də yadına düşməyib ki, mənin qəhrəmanım Almazı Cəfər Cabbarlının “Almaz” ı ilə müqayisə eləsin, amma götürüb “Sevil”lə müqayisə ediblər.

Cəfər Cabbarlının “Almaz”ı şəhərdən kəndə gedir, mənim Almazım isə kənddən şəhərə gəlir. Bu müqayisələri düzgün aparmayıblar.

Tehran Əlişanoğlunun yanaşmasında mənim ən çox xoşuma gələn odur ki, o mənim romana ssenari kimi yanaşmağımı qeyd edib.

Bu həqiqətən belədir. Bunu da onunla əsaslandırıram ki, biz sürət əsrində yaşayırıq və sürət əsrinin insanları üçün yazırıq.

Bir az da bura mənim uzun müddət şeir yazmaq təcrübəmi də əlavə edək. Roman yazmaq mənim ilk təcrübəmdir.

Mən onun mövqeyindən nəyi isə öyrəndim.

Amma o biri tənqidçilərdən yox. Axı tənqidçinin işlərindən biri də əsəri təhlil edib yazıçıya nəyi isə öyrətməkdir.

Yəni o biri tənqidçilərin yazdıqlarından yeni heç bir şey öyrənmədim. Onların fikirləri məni qane etmədi.

- Sevinc xanım, Kənan Hacı həm də hesab edir ki, Sevinc Pərvanənin qələmi nəsrə hazır deyil...

- Bu, Kənan Hacının öz fikiridir və çox subyektiv fikirdir. Bu mənim nəsr əsəri kimi ilk işimdir. O baxımdan qüsurlarım var.

Yəni demirəm ki, mən tam qüsursuz bir mətn qoymuşam ortaya.

Onu da deyim ki, mənim ən böyük qüsurum odur ki, çox tələsmişəm və bu romanı bir ayın içində yazmışam.

Mən daha çox şeir təcrübəsi olan insanam, ona görə də səbrim çatmayıb ki, bu, altı ay, bir il davam eləsin, sonra kənara atım və yenidən bir də başlayım yazmağa.

Amma çalışacam ki, gələcək işlərimdə belə edim.

- Cavanşir Yusifli də Sevinc Pərvanənin romanının sönüklüyündən danışır...

- Bunu Cavanşir Yusiflidən başqa heç kimdən eşitməmişəm.

Mən hətta elə oxuculara rast gəlmişəm ki, onlar əsəri ikinci, üçüncü dəfə oxuyublar.

Əgər sönükdürsə, darıxdırıcıdırsa insan həmin əsəri necə ikinci dəfə oxuya bilər.

Yenə deyirəm bu, sürət əsrində yaşamağımızdan, belə bir dövrün insanı olmağımızdan irəli gəlir. Biz bir filmi görürüb ona necə baxırıq?

İrəli çeviririk, geri çeviririk. İnsanın səbri belə çatmır ki, bir filmə başdan ayağa kimi tam detalları ilə baxsın.

Yəni bir növ yazıçı da öz əsərinə belə yanaşır, oxucu da.

- Yeni nə isə yazmağa hazırlaşırsızmı?

- Bu yaxınlarda şeirlər kitabım çıxacaq və bu daha böyük həcmli kitab olacaq.

- Kitaba ad vermisizmi?

- Adı “Qadağan saatları”olacaq...

Həmçinin oxu
Həmid Herisçi. Postəkrəmçi Sevinc Pərvanə
Elnarə Tofiqqızı. "Şəhər" romanı - iki rəfiqənin avtobus dayanacağında söhbəti...
Tehran Əlişanoğlu. Sevinc Pərvanənin romanı alınmayıb...
Kənan Hacı. Sevinc Pərvanənin qələmi nəsrə hazır deyil
Cavanşir Yusifli. Sevinc Pərvanənin romanı niyə sönükdür?
Sevinc Pərvanə "Şəhər" (Romandan bir parça)
XS
SM
MD
LG