Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:46

XANƏMİR "Topun kölgəsi" (Hekayə)


Həyətə girəndə evin gündoğan pəncərəsinin önündəki tut ağacının başında sərçə əlindən tərpənmək mümkün olmadığını gördüm və bu görüntü avqustun son istisini içinə alıb mənim bu saatkı əhvalıma bir hikmət əlavə edirdi.

Yoxsa ki, nə olub, dünya əslində görünən dünyadır...

Evin girəcəyində sağ ayağımın altında məhv olmaqdan qarışqaları gücnən saxladım.

Adlayıb evin açıq qapısından içəri keçdim.

Torpaq evin sərinliyi üzümə vurdu.

Ev sərin olanda elə bil geniş olur.

Əlimdəki bu günün qəzetlərini stolun üzərinə qoyub tərdən nəmlənmiş ağ köynəyimi çıxardıb iç otaqdakı yükün üzərinə sərdim.

Geri otağa qayıtdım.

Stol üzərində qalmış quru çörək parçaları diqqətimi cəlb etdi.

Süfrədə qalmış uşaqların yeyib sonra süfrəyə atdığı çörək parçaları, qırıntıları mənə o qədər doğma göründü ki, mən bu doğmalıqdan boğazımda tıxanan qəhəri udub ac olsam da, ilk qidanı qəbul etmiş kimiydi.

Uşaqlar bostanda arx suyunda oynayır, anaları isə göy pencər yığırdı.

Gəlişimi bilməsələr də, mən pəncərədən çox aydın onları görürdüm.

Aysu Gülturanın üstünə su atır, o da geri qaçıb alma ağacının altına sığınır, sonra yenidən görünür, xüsusi ləzzət verdiyindən bu uşaq ayinı təkrar olunurdu.

Ev qəribə bir gözlənti içində idi.

Elə bil hansısa bir səbəbdən sonra ev təzəcə boşalmışdı.

İnsanlar, tanış adamlar nəfəslərini götürüb gedir, xatirə və söhbətlərini evin divarlarına, tavanına, pəncərəsinə, stol və stulların (cəmi 4 ədəd stul vardı) düzülüşünə, qapının arxasındakı divardan asılmış əlüz siləninə, bir on santım aralı asılmış cığırlı bənövşəyi köynəyimə qoyub getmişdilər.

Çöldə tutun başına qonmuş sərçələrin cikkiltisindən istədiyini fikirləşsən də, az sonra yarımçıq qoyub, sərçələrin qaynar səsini beyninə sindirməlisən.

Anam da gözümə dəymirdi.

Yoxsa, Gülzar xalagildə yenə dağı arana, aranı dağa daşıyıb.

Yəqin babama, ölüb getmişlərimizə bir yasin oxutmağın şikayətini eləyirdi.

Stolun üzərində qalmış çörək parçaları mənə çox qəribə bir təsir bağışladı.

Üzərimdən uçan milçəklərdən biri dolaşıb-dolaşıb gəlib düz stolun künc tərəfində qalmış, bir azda bərkimiş çörək parçasının böyrünə qondu.

Birdən hiss elədim ki, milçək mənə baxır.

Bu fikir ağlıma gələr-gəlməz, fikrin sonu gələn kimi milçək uçdu.

Bəlkə də o cümləmdən sonra başqa bir cümlə, ya fikir düşünəcəkdim ki, bu fikrin ardınca milçəyin anlayışlı uçuşu elə fikrə döndü...

Pəncərədən qonşunun balaca oğlu keçib bir anda qapı ağzında göründü.

Yenə də anaş quşun yoxa çıxdığını, bizə gəlib gəlmədiyini soruşdu.

- Get, bostana bax, əyə- dedim.

Söz ağzımdan çıxar çıxmaz Aysuyla Gülturan səs-küylə, o deyir mənimdi, bu deyir mənimdi - söyləyə-söyləyə içəri girdilər.

Məni görən kimi val dəyişdi, balaca Gülturan özünü üstümə atdı.

- Ataaaaa... - dodaqlarından qopub evi dolaşan a-nın zinciri Gülturanla birgə qucağıma atıldı.

Yenə də Aysuya dönüb:

- Ataaa məniyiidi...

Aysu başa düşən olduğundan, çox ehtiyatla bizə doğru gəlib, düz önümdə qollarını qaldırhaqaldırda, sol əlimdə Gülturanı möhkəmcə tutub sağ əlimlə Aysunu yerdən qopardı.

Biri sağdan biri soldan boynuma sarıldılar.

Aysu Gülturandan 2 yaş böyükdür.

Aysunun 4 yaşı sentyabrda tamam olacaq...

Teşt dolu pencərlə içəri girən xanım..

- Pah, pah yüz ilin həsrətliləridir ye, yazıqlar.

Düşün aşağı... səhərdən bəri bu Aysu qızın üsğ-başını su eləyib.

Söz eşitmir. İndi yenə xəstələnəndə mən ona deyəcəyəm.

İkisini də gül kimi qoxlayıb yerə qoydum.

Əl-üzümə su vurub bir az rahatlağıma nail oldum.

Günəş də batabatdaydı...

Sərçələrin də səsi bir yandan azalırdı.

Həyət bacanı, evi, ağacların uzanan gölgəsi sərilib tuturdu.

Külturan boşalmış, ağzı açılmış təzə topumu üfürüb doldurmağım üçün əlində top gözlərimin içinə baxa-baxa əlləri qabağa uzalı mənə tərəf gəldi.

- Ata, buynu üfüy, ata, üfüye, üfüy...

- Gülüm, çiçəyim ver - dedim.

Onun balaca, totuq əlindən, barmaqları arasından bənövşəyi boşalmış topu üfürüb təxminən 7-8 nəfəslə doldurub öz ağzının düyməsi ilə bağladım.

Hər dəfə nəfəsimi içimə çəkib şar topu üfürəndə, elə bilirim ki, havanı evlə, bu uşaqlarla, göy-göyərti ilə ustul və üzərindəki çörək parçaları ilə, sərçə səsləri ilə birgə topun içinə yığırdım.

Bənövşəyi şartopu dolmuşdu.

Gülturan dolu topu qucağına alıb topun parlaq üzərində işıqlı üzü oynayır, gülürdü.

Bir dəfə yerə vurdu.

Özü də yıxılıb topla birgə topun ardınca gedib ovuclarına qayıtdı.

Bir azdan evin içində nəfəsimi doldurduğum iki gül parça topu bir-birinə ötürüb gülüşürdülər.

Hərdən də mənə baxan gözlərində sevinc daha da böyüyürdü.

O topun içinə doldurduğum nəfəsimin içində neçə-neçə otaq, at, nəsil və nəcabətim bundan sonrakı nə qədər insana çevriləcək talelər, həyatlar, yazılar var idi.

Amma bu saat onların hamısı dünyanın, özü də yer üzəndə dünyanın ən gözəl, ən təmiz, halal iki məxluqunun əllərinin arasında qalxıb-enir, bir-birinə ötürürdülər.

Stulun başında oturub bayaqkı çörək qırıntılarının yerinə anasının qoyduğu qantəpərli, zirəli çayı qurtumlayırdı.

İndi təzyiqi qaydasında idi.

Təbii ki, qantəpər və zirənin öz rolu olmalıydı.

Gilturan boşalmış topu yenə ona uzatdı.

Topunan oynadığı kimi topun boşalmasına da sevinə-sevinə baxan balaca növbəti sevincini sona erdirib, indi atasının dizləri dibindən üzü yüxarıya, gözlərinə doğru baxa-baxa:

- Ayta üfüyr, ata üfüyr...

- Dayan, qızım, çayımı içim sonra... Dayan, dayan...

- Hə, çayı iç, sonraaa?

- Ver, ana üfürsün də qızım...

-Yox, yox, ata üfüysün... ata, ata... at...

Ağlansımmışdı sonuncu sözdən. Çaydan alnım xəfif tərləmişdim.

Əlimin arxası ilə yüngülcə sildim alnımı.

Beş-altı nəfəsə şar topunu üfürüb doldurdum.

Aysu qab-qacağını tökmüşdü.

Yəni ki, elə bacımı eşidirsən, mənə baxmırsan.

Top yenidən aralıqda vurulur, atılır, uşaqların vurduğu zərbədən əl səsləri onların içindən gələn səslərə qarışıb topu tənhalaşdırırdı.

Onlar mənim nəfəsim dolu bir kürəni bir-birinə elə gözəlcə, gözləyərək davamlı şəkildə ötürürdülər ki,...

Yəqin bunu görüb alıb verdiyim nəfəsim böyür-başımda hardasa toplaşıb bir kürəni içərisinə doldurmaq istəyirlər.

Gecə boyu uzanıb yatsam da nəfəsimi doldurduğum şar topu dəyən balaca əl zərbələrini, ardınca iki yavru səsinin bir-birinə qarışıb qulağımı tırkalaması yəqin yuxumu da topun və uşaqların tərəfinə keçirmişdi.

2001
Doqquziklim.net
XS
SM
MD
LG