Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:30

İslam Partiyasının sədri həbs olunub


Mövsüm Səmədov
MÖVSÜM SƏMƏDOV İĞTİŞAŞLAR HAZIRLAMAQDA GÜNAHLANDIRILIR

Daxili İşlər Nazirliyi Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun həbsinə dair məlumat yayıb.

AzadlıqRadiosuna verilən məlumatda deyilir:

«Rəsmi dövlət qeydiyyatı olmayan AİP-nin sədri Mövsüm Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı Nazirliyə məlumat daxil olub. Bunun əsasında yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib».

Məlumatda sonra da qeyd edilir:

«Dəyanət Səmədovun işlədiyi, Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və dini radikalizmi təbliğ edən elektron daşıyıcılar aşkarlanıb.

Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılıb».

DİN bəyan edir ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.

MÖVSÜM SƏMƏDOVUN MTN TƏCRİDXANASINDA SAXLANDIĞI GÜMAN EDİLİR


«Yanvarın 7-də həbs olunan Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanır».

Bunu həmin partiyanın mətbuat katibi Akif Heydərli iddia edir. O deyir ki, partiya sədri ilə birlikdə tutulan 3 nəfər Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasında olsa da, M. Səmədov orda yoxdur:

«Aldığımız məlumatlara görə, o, MTN-in təcridxanasında saxlanır».

Mətbuat katibi hadisəni belə təsvir edir:

«Axşam saat 8 radələrində partiya sədri Mövsüm Səmədov, təşkilat şöbəsinin müdiri Vaqif Abdullayev, sürücü Mirhüseyn Kazımov və partiyanın qonaqları - Elçin Həsənovla Bülent Abdinoğlu maşınla 100 metr uzaqlaşan kimi Yol Polisi tərəfindən saxlanıblar. Sənədlər tələb edilib, sürücü sənədləri verəndən sonra maşının önündə iki cip maşını dayanıb. Maşından mülki şəxslər enərək maşındakıları çölə dəvət edib ki, siz polisə müqavimət göstərirsiz. Daha sonra onlar maşınlara oturdularaq Nərimanov rayon 18-ci polis bölməsinə aparılıb».

A. Heydərli deyir ki, Nərimanov rayon Məhkəməsi polisə müqavimət göstərmə ittihamı ilə Mövsüm Səmədova -10, Vaqif Abdullayevə -15, Mirhüseyn Kazımova -11, Elçin Həsənova 13 sutka inzibati həbs cəzası verib. Türkiyə vətəndaşı Bülent Abdinoğlu isə 20 manat cərimə olunaraq sərbəst buraxılıb.

İslam Partiyasının rəsmisi sədr və 3 fəalın «siyasi motivlərlə təqib olunduğunu» istisna etməyib.

Milli Təhlükəsizlik Nazirliyindən isə «Turan»a AİP liderinin MTN təcridxanasında saxlanmasını inkar ediblər.

Daxili İşlər Nazirliyindən isə bildirdilər ki, bu barədə əlavə məlumat açıqlayacaqlar.

İSLAM PARTİYASININ SƏDRİ HƏBS OLUNUB

Azərbaycan İslam Partiyasının (AİP) sədri və daha üç nəfəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları saxlayıb.

Bu barədə «APA»ya AİP-in mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərli məlumat verib.

Yanvarın 7-də saat 19.00 radələrində partiyanın qərargahından çıxarkən AİP sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiya fəalı Elçin Həsənov və AİP sədrinin sürücüsü Mirhüseyn Kazımov saxlanıb.

Saxlanan şəxslər barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 10 sutka azadlıqdan məhrumetmə cəzası çıxarılıb:

«Hazırda 3 nəfər Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasındadır».
Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən «APA»ya faktı təsdiqləyiblər. Ancaq saxlanma və həbsinin konkret səbəbi açıqlanmır.

Qeyd edək ki, Azərbaycan İslam Partiyası dövlət qeydiyyatından keçməyib.

M. Səmədov yanvarın 2-də partiyasının iclasında orta məktəb şagirdlərinə hicab geyməyin qadağn edilməsinə görə hakimiyyəti sərt tənqid etmişdi. Buna görə islamçı qrupların etiraz aksiyasını xaricdən bəzi qüvvələrin təşkil etməsi barədə Təhsil naziri Misir Mərdanovun dediklərinə M.Səmədov belə cavab verirdi: "Xaric deyəndə nəyi nəzərdə tutur? Olmaya, İraqda, Əfqanıstanda, Pakistanda müsəlmanları qanına qəltan edən Amerika və sionistləri nəzərdə tutur?"

İslam Partiyası sədri prezident İlham Əliyevin Dubay və başqa xarici ölkələrdə mülkləri olması, onun ailəsi haqqında xarici media orqanlarında yayılan ittihamları, prezidentin özünün guya keçmişdə müxtəlif əyləncələrə aludəçiliyi haqqında müxtəlif illərdə mediada yayılmış ittihamları bir daha dilə gətirib.

Onun prezidentin dəyişdirilməsinə çağıran bu çıxışı YouTube videopaylaşma portalında yerləşdirilib.
XS
SM
MD
LG