Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:38

Şahbaz Xuduoğlu AYO-nu parçalamağa çalışır?


Azad Yazarlar Ocağının üzvü, şair Rasim Qaraca "Oxu zalı"na göndərdiyi bu yazıda "Qanun"nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun AYO-nu parçalamağa çalışdığını iddia edir, "Abzas.net" e-jurnalını yaradanları itiham edir. Yazıda adı çəkilən şəxslərin də mövqeyini "Oxu zalı"nda dərc etməyə hazırıq.

Rasim Qaraca

AZƏRBAYCANLI PERKİNSİN AXTARIŞINDA

Ədəbi prosesi izləyənlər üçün “Ən Yeni Ədəbiyyat” seriyası və eyni adlı saytın meydana gəlməsi, habelə “Abzas.net” saytının yaranması və “Adyazar” saytının bağlanması səbəbləri ilə bağlı çoxlu sual işarəsi yaranıb.

AYO-çular MKM-də iştirak etməyəcəklərini bəyan ediblər, bunun ardınca Azad Yazarlardan bir neçəsi ümumiyyətlə “Ən yeni ədəbiyyat” layihəsinin iflas etdiyi haqqında bəyanatla mətbuatda çıxış edib.

Abzas.net və Facebook şəbəkəsində ard-arda mənim, Həmid Herisçinin, adı çəkilməsə də Seymur Baycanın, təşkilat olaraq AYO-nun ünvanına ittihamlar səslənib, Şahbaz Xuduoğlu Ən yeni ədəbiyyat “brendinin” ona məxsus olması haqqında mətbuata açıqlama verib, rəsmi orqanlara şikayət məktubları da ünvanlayıb.

Dolayısıyla, ortalıq eyücə qarışıb. Bütün bunlara aydınlıq gətirmək və soru işarətlərinin yerinə nöqtə, nida və bəzi yerlərdə isə üç nöqtə qoymaq məqəsdilə aşağıdakı yazını yazmağa ehtiyac yarandı, bu məsələlərlə bağlı genəl düşüncələrimi maraqlananların diqqətinə çatdırıram:

Reytinqin qurbanları

“Abzas.net” saytının rəhbəri Qan Turalı Azadlıq radiosuna müsahibəsində “Biz adyazar-ın iki aya yığdığı oxucunu iki günə yığdıq” deyirdi.

“Media profilli, içində ədəbiyyat da olan, yazmaq istəyən hər kəsə qapı açacaq supermarket tipli internet jurnalı projesi” olaraq Abzas.net-i yaratmışdılar.

Bu bəyanatdakı “suprmarket tipli ” ifadəsi istər-istəməz diqqəti cəlb edir.

Məsələn, Adyazar haqqında bu sözü demək olmazdı. Adyazar daha çox AYO-nun xəbər saytı kimi nəzərdə tutulmuşdu, lap əvvəldən reytinq arxasınca qaçmaq kimi bir vəzifəmiz olmamışdı, saytın redaktorları qarşısında da belə bir tələb qoyulmamışdı.

Reytinq dərdində olmaq dolayısıyla şou elementlərinə qapı açmaq deməkdir.

Abzasçılar bunu gizlətmirlər, xarakter etibarilə fərqli bir yola qədəm basırlar, üstəlik dostluq münasibətlərini də şou vasitəsinə çevirməkdən çəkinmirlər, çünki bunun özü də reytinq qazanmaq vasitəsidir.

“Reytinqin qurbanları” – bu adda Həmid Herisçinin bir yazısı dərc olumuşdu Kultaz.com-da, “Abzas”çılara bu yazını bir daha oxumağı məsləhət görürəm.

Burada Azərbaycan televiziyasının, mən əlavə edərdim, Azərbaycan mediasının necə reytinq qurbanına çevrildiyi yazıçı qələmiylə çox gözəl təsvir olunub.

Köşə yazarlarının mübarizəsi

Hər kəsə məlumdur, bu gün Azərbaycanda yazıçılıq pul gətirməyən bir peşədir. Hətta kitabları yaxşı satılan yazıçılar da bu işdən pul qazanmırlar.

Dolayısıyla ədəbiyyat saytı işlətmək və ya ədəbiyyat jurnalı buraxmaq da gəlirli bir sahə deyil, hətta AYO kimi bir yazıçı təşkilatında birləşmək də gənc yazıçılara çox da rifahlı bir gələcək vəd etmir.

Bizim ölkədə yazıçının yolu iztirablı, məhrumiyyətlərlə dolu bir yoldur. Bu üzdən jurnalistika sahəsi yazıçılıq iddiasıyla ortalığa atılanları birər-birər öz kamına çəkir, udur, öz içərisində əridir.

(Təsadüfi deyil, yazıçıların maddi cəhətdən təmin olunduğu Sovet quruluşu dağılan kimi yazıçılıq işi dərhal iflasa uğramışdı, pul həvəsinə ədəbiyyata gələnlər dərhal yoxa çıxmışdılar.

Qan Turalı
Bu peşəyə könlünün səsiylə, ilahi çağırışla qoşulanlar sona qədər duruş gətirdilər və gətirməkdədirlər.)

Jurnalistika yazıçılığa yaxın bir sahə olduğuna görə, sirr deyil, publisistika ilə və ya köşə yazarlığı ilə məşğul olanlara yazıçı kimi görünmək imkanı verir.

Jurnalistika çox zaman yazıçının özünü aldatmaqda olduğu bir sahədir, - “hələ bir az da jurnalistikaya davam edim, ədəbiyyatla sonra məşğul olaram”.

Bir çox hallarda jurnalistika ədəbiyyatdakı uğursuzluğu gizlətmə vasitəsidir. Digər tərəfdən jurnalistikada az da olsa pul vardır və burada karyera imkanları daha genişdir.

Köşə yazarlığı isə bizim jurnalistika üçün yeni hadisədir.

Artıq hər bir qəzetin, və ya internet portalının, dünya modelinə uyğun öz köşə yazarları qrupu vardır, respublika səviyyəsində “ən yaxşı köşə yazarı” adı uğrunda onlarla, bəlkə də yüzlərlə qələm sahibi, əsasən gənc jurnalistlər elan olunmamış bir yarışmaya qoşulublar.

“Köşə yazarı” söz birləşməsində “yazar” kəlməsinin də olması yazıçılara (yazıçılıq iddiasında olanlara) ikibaşlı oynamaq fürsəti verir, yeri gələndə özlərinə cəsarətlə “yazar” deyə bilirlər.

Bir “köşə”nin qiyməti isə Azərbaycan şərtlərinə görə artıq standartlaşıb, 10 manatdan artıq deyil.

Bu orta-statistik rəqəmdir. Lakin yerinə və adamına (yazarına) görə qonorar miqdarı artıq da ola bilər.

Məsələn, “köşə” bazarında liderliyi çoxdan ələ keçirmiş Zamin Hacı, deyilənlərə görə, bir “köşə”yə görə ən yüksək qonorarı alır, ona bənzəmək istəyən və “Zamin yolu”nu getməkdən ötrü dəridən-qabıqdan çıxanlar çoxdur.

Radikal yazılar yazıb öz imzasının reytinqini qaldıranlar, reytinq qazanmaqdan ötrü lap elə həqiqəti yazanlar(!), canını oda atanlar, hakimiyyətlə dirəşənlər Azərbaycan jurnalistikasında hamıya tanış olan mənzərələrdir.

Hacı Zamin kimi namuslu jurnalistləri istisna edirəm. Jurnalistikada reytinq qazanmaq bir çox cəhətdən verimlidir.

Əvvəla, yaxşı, radikal yazılar yaza bilirsənsə, artıq imzanı da ictimaiyyətə tanıtdıra bilmisənsə, çeşidli mətbuat orqanlarında sənə təkliflər gələ bilər - “gəl bizdə yaz, sənə filan qədər veririk”.

"Ən yeni ədəbiyyat" seriyasından kitablar
Bu filan qədər 10 manat da olsa, əgər 2-3 yerdə yazırsansa və hər gün yazırsansa, artıq ayın sonuna qədər 300-400 manat qazanacağına ümid edə bilərsən.

Bu son dərəcə əzablı bir işdir, yazarı (köşə yazarını) tükədir, xaltura elementləri çoxalır, nəticədə yazarın sözünün çəkisini azaldır.

Daha ağıllı köşə yazarları az yazmaq, ancaq “saz yazmaq” lazım olduğunu başa düşürlər. İmzanın çəkisini gözləməlisən, o zaman sənə daha yaxşı təkliflər gələ bilər.

Məsələn, bir ehtimal var, yuxarı dairələrdən kimsə sənə elçi döndərər, “filan şeyi yazma” deyər, bir illik qonorarını da elə bəri başdan ödəyər. Mopassan deyib, jurnalistika ilə fahişəlik arasında çox az məsafə var.

Buna görə də reytinq dalınca qaçan jurnalistlər və ya mətbuat orqanları hər zaman məndə şübhə doğurublar.

Reytinq hər zaman və hər yerdə pul deməkdir, “yaxşı pula getmək” deməkdir.

Mənasız güneylilər

Yeni yaranmış, supermarket tipli internet qəzeti olmağa iddialı Abzas.net güneyli yazarların Adyazar-da yayınlanmasına qarşıdır.

Mən bu məsələnin ictimai müzakirəyə çıxarılmasını çoxdan arzu edirdim, belə bir mövzunun önünü açdığına görə Abzas-ın cəsarətini alqışlayıram.

Bizim Bakıda yayınlanan ədəbiyyat jurnallarında və elektron portallarda Güney Azərbaycandan olan yazarları əsərləri yayınlanmalıdırmı?

Bu suala nüfuz sahibi ziyalıların baxışını öyrənmək istəyərdim. Məsələn Abzas.net Prustun aktuallığı olmayan suallarına cavablardansa Güneylilərə münasibət məsələsini gündəmə gətirsə daha çox reytinq qazanar (madəm bu qədər reytin həvəsindədirlər).

Lakin, mənim düşüncəmə görə, reytinq qazanmaq Güney məsələsindən daha önəmli məsələ deyil. Nə üçün biz güneyliləri çap etməməliyik? Abzas bunun izahını versin!

Bir zamanlar “yalnız insan” olan bu gəncləri Alatoran-da çap edən, kiçik bir istedad qığılcımı gördüyümə görə daim körükləyən, adlarını hallandıran (belə bir qələti eləyən) mən olmuşam.

İndi biz güneyliləri dərc etməməliyik. Doğrusu mən bu iradla artıq uzun zamandır qarşılaşıram.

“Alatoran”da, “Adyazar”da və başqa hardasa güneyliləri dərc etdiyimə görə uzaq və yaxın çevrələrin israrlı qınağıyla üz-üzəyəm.

Biriləri məni başa salsın, nə üçün mən güney ədəbiyyatını dərc etməməliyəm və nə üçün ədəbi istedadı sıfırlarda seyr edən Qan Turalını və Elmin Həsənlini “Alatoran”ın az qala hər sayında dərc etməliyəm?

Şahbazla yeni abzasdan

Keçən əsrin əvvəllərində amerikalı naşir Maksuell Perkins (1884-1947) istedadlı yazıçıları kəşf edib Amerika ədəbiyyatına bağışlayırdı.

Əsərlərini oxuyur, redaktə edir, pul verib həvəsləndirir, dolayısıyla, böyük Amerika ədəbiyyatını yaradırdı.

Bu gün Amerika nəsrinin nəhəngləri; Ernest Heminguey, F.Skott Fiscerald, Tomas Vulf kimi görkəmli simalar sözün əsl mənasında Perkinsin sayəsndə “yazıçı” olub ad qazanmışdılar.

Perkins sadəcə olaraq başqa naşirlərin etmədiyini edirdi – gənc müəllifləri tapıb əsərlərini dərc edir, onları yazmağa həvəsləndirir, qonorar verirdi.

Bir insan nə edə bilərdisə Perkins onu da etmişdi. Nəticədə çağdaş Amerika ədəbiyyatı meydana gəlmişdi.

Azərbaycanın Perkinsi yetişdirilməli idi. Yeni imzaların tapılması missiyasını Alatoran yerinə yetirirdi. Lakin təşkilat olaraq AYO-nun və ya Alatoran jurnalının texniki imkanları geniş layihələri həyata keçirməyə imkan vermir. Kommersiya maraqları olan bir mətbəəyə ehtiyac var.

Bir ayağı demokratik düşərgədə olan Şahbaz Xuduoğlu və onun “Qanun” nəşrlər evi bu iş üçün ölkə çapında ən uyğun namizəddir.

Ona bu ideyaların başa salınmasına tam bir il vaxt sərf olunur.

AYO-çuların Şahbazla mütəmadi görüşlərinin, yeyib-içmə məclislərinin alt qatında yalnız bir ideya var idi: Azərbaycanlı Maksvel Perkinsi yetişdirmək.

Bilavasitə mənim təşkilatçılığımla Şahbaz Frankfurt Kitab sərgisinə göndərilib, iki dəfə Tiflisdə keçirilən naşirlərin beynəlxalq seminarına qatılıb.

Yeni nəsil yazarların seriya kitablarının nəşr olunmasını, uşaq kitablarının nəşri və “ilk kitab” seriyasının başlanması ideyası ətrafında onunla uzun-uzadı söhbətlər aparılıb.

Bu layihələr həyata keçirilərsə Şahbaz Xuduoğlu üçün əsas məsələ olan kommersiya maraqlarının zərər görməyəcəyi izah edilib. Bunlar ümumi işin naminə edilib.

Şahbaz cəsarətli insandır, daxilində genetik cəsarət hissi var. Lakin onun daxilindəki bu cəsarət motorunu kənardan kimsə işə salmalıdır.

Bir az əvvəl “ümumi işin naminə” ifadəsini işlətdim – bu ifadə üzərində bir az dayanmaq istəyirəm.

Görülən işlərdə şəxsi çıxarlar və toplumsal maraqların balansı hər zaman diqqət veriləsi bir məqamdır.

Qaracanın, Qanturalının, Qaraqanın, Qaraqaplanın şəxsi çıxarları ola bilər və bu təbiidir.

Şahbaz Xuduoğlu
Məsələn, Qanturalı ictimai maraqların olmasını nəzəri cəhətdən dərk edən bir gəncdir, AYO qrupuna parçalayıcı təsir göstərən indiki fəaliyyətini onun sonradan dərk edəcəyi bir səhv olduğunu düşünürəm.

Lakin Şahbaz haqqında “ictimai maraqları olan bir insan” ifadəsini işlətmək çətindir.

Xuduoğlu üçün yalnız özünün şəxsi maraqları var və maddi çıxarlar onun üçün hər hansı bir ideyadan birmənalı olaraq üstündür.

Fəqət bunda da qəbahətli bir şey görmürəm. Bir insan özü üçün belə bir həyat tərzi seçə bilər və kimsənin bunu sorğulamağa haqqı yoxdur.

Lakin, məsələ burasındadır ki, Şahbaz özünü demokratik hədəfləri olan liberal düşüncəli bir insan kimi göstərməyə çalışır, ictimai maraqları varmış kimi bir hava atmaq fürsətini əldən qaçırtmır. İlk kitabını çap etdirmək istəyən çox sayda gənc yazar hələlik buna inanır.

Olmadığı kimi görünmək Şahbazın zəif damarıdır. AYO-çular onun bu zəifliyindən ümumi ədəbiyyat işi naminə istifadə ediblər demək istəməzdim, - hər hansı bir məsələyə idealistcə yanaşdığımız zaman ard niyyətlərdən söhbət gedə bilməz, - buna xoş məramlı bir istifadə də deyə bilərik, çünki nəticə olaraq, ədəbiyyat işi, yazıçılıq işi qazanıb, kitab məsələsi nisbətən aktuallıq qazanıb.

Eyni zamanda Şahbazın ticari maraqları da bu hadisədən qətiyyən zərər görməyib (Satış dərəcəsi ən aşağılarda olan mənim “Əyri Evin Qadını” adlı kitabım belə ona qazanc gətirib), AYO ilə təmaslar nəticəsində Şahbaz mətbəəçilikdən naşirliyə yüksəlib, çap etdiyi kitabların qapaq dizaynından tutmuş kağız kalitəsinə qədər bir yenilənmə süzgəcindən keçib.

AYO-nun yeni estetika şüarından ona da pay düşüb.

Nəticədə ədəbi proses qazanıb, Şahbaz Xuduoğlu geriyə dönüşü olmayan bir sürəcə cəlb olunub. Artıq, zorən də olsa, Azərbaycanın öz Maksvel Perkinsi var.

Lakin burada bir lakin var. Kənar təsirlə bu yola gəlib çatması, intellekt səviyyəsi aşağı olan (buna görə hər zaman yanında bir professor gəzdirən) bu insanın heysiyyətinə toxunur, şüuraltı olaraq AYO-çulara düşmən kəsilir, hətta AYO-nu parçalamaq cəhdlərində bulunur, iştahası diş altındadır, öz aləmində kitablarını nəşr etməklə AYO-nu artıq özündən asılı vəziyyətə salıb və şahmat taxtasında olduğu kimi, onu bir fiqur kimi istədiyi yerə qoya bilər, hətta qurban da verə bilər.

MKM məsələsində bu açıq şəkildə özünü göstərdi. İdarəolunmaz AYO qrupunu parçalamaq, işə bax, Şahbaz Xuduğlunun (Azərbaycanlı Maksvel Perkinsin) növbəti planıdır.

Reytinq peşində ləhləyən, bir qonorara hər şeyi satmağa hazır olan iradəcə zəif AYO-çu gənclər Şahbaz Xuduoğlunun dəstəyi ilə abzas.net saytını yaradırlar, AYO-nun adyazar.az saytı bağlanmaq məcburiyyətində qalır.

“Ən yeni ədəbiyyat” seriyasına dəstək olmaqdan ötrü, dolayısıyla ümumi işin naminə yaradılan enyeniedebiyat.com saytına “maliyyə vəsaitinin dayandırılmasını tələb edən” məktubla Şahbaz Xuduoğlu QHT-lərə yardım Şurasına məktub ünvanlayır.

Rasim Qaraca və ümumən AYO abzas.net-in daimi tənqid hədəfinə çevrilir...

Bütün bu çəkişmələrin və parçalanmaların da ədəbiyyata faydası var deyərdim.

Nəyi pisdir ki, – saytlar yaranır, AYO-nun acığına olsa belə seriya kitabların nəşri böyük bir vüsət alır.

Bu posesdə maddi qazanc güdənlər öz halal maddi qazanclarını əldə edəcəklər, mənəvi qazanc isə hər kəsə məxsusdur; bu torpağa, bu xalqa, təmənnasız olaraq ədəbiyyat işinə könül verən bütün insanlara.

İkincilər üçün şəxsi münasibətlər, o cümlədən Şahbazla və ya Qan Turalıyla dostluq bağları ikinci dərəcəlidir (şəxsi münasibətlərdən asılılıq ümummilli fəlakət kimidir), ədəbi prosesin canlanması üçün atılan bütün addımlar məqbuldur.

Ümumi işə takoz olanlarla isə, sadəcə, yeni abzasdan başlamaq ən doğru olanıdır.
XS
SM
MD
LG