Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:36

«Nabucco» rəhbərliyi bu il kəmərin tikintisinə başlamağa çalışır


Reynhard Mitşek
Reynhard Mitşek
İLİN SONUNA KƏMƏRİN YEKUN İNVESTİSİYA PLANI QƏBUL EDİLƏ BİLƏR

«Nabucco» rəhbərliyi 2011-ci ildə bu kəmərin tikintisi üçün praktiki əməliyyatlara başlamağa çalışır. Layihənin icraçı direktoru Reynhard Mitşek (Reinhard Mitschek) AzadliqRadiosunun türkmən xidmətinə müsahibəsində bildirib ki, onlar qarşıdakı bir il ərzində kəmərin tikintisi üçün material təchizatı barədə qərar verəcək, maliyyələşmə üçün banklarla daha detallı danışıqlar aparacaq və ilin sonuna yaxın «Nabucco»nun yekun investisiya planının təsdiq edilməsinə çalışacaqlar.

ƏSAS QAZ MƏNBƏYİ HƏLƏ AZƏRBAYCANDIR

Reinhard Mitşek deyib ki, bu kəmərə «Şahdəniz -2» layihəsindən başqa Azərbaycandakı digər mənbələrdən də qaz almağı düşünürlər. Bundan başqa, Türkmənistan, İraqın şimalından da bu kəmərə qaz alınması barədə müzakirələr gedir.

Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozo da Azərbaycanla enerji danışıqları üçün yanvarın 13-də Bakıya səfərə gəlir.

BAKI İLƏ AXŞABAD RAZILAŞSA...

«Xəzərin hüquqi stausunda indiki qeyri-müəyyənlik türkmən qazının Azərbaycan vasitəsilə «Nabucco»ya çatdırılmasına təsir edə bilərmi?» sualına cavabında Reynhard Mitşek bildirib ki, onlar artıq bu barədə hüquqi ekspertiza aparıblar: «Bu mövzuda beynəlxalq hüquqi qiymətləndirmələrimiz var. Buna əsasən Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsi üçün Bakı ilə Aşxabadın razılıq imzalaması yetərlidir. Başqa heç bir şeyə ehtiyac yoxdur».

«Nabucco» Xəzər regionundan Rusiyadan yan keçməklə Türkiyə vasitəsilə Avropaya qaz nəqlini nəzərdə tutan qaz kəməri layihəsidir. Avropa Birliyinin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulan bu kəmərlə bağlı ilkin müzakirələr 2002-ci ildən başlasa da, hələlik yekun qərar qəbul edilməyib. Plana görə bu kəmər 2015-ci ildə işə düşərək Avropaya ildə 30 milyard kubmetrdən çox qaz çatdırmalıdır.

«NABUCCO» RUSİYA QAZI DA DAŞIYA BİLƏR?

Amma Avropanın əsas qaz təchizatçısı olan Rusiyanın da Şimal Axını və Cənub Axını kimi öz layihələri var. Baş nazir Vladimir Putin hər fürsətdə bildirir ki, «Nabucco» üçün qaz tapılması və onun işləməsi ehtimalı çox azdır.

Layihənin icraçı direktoru Reynhard Mitşek isə AzadliqRadiosuna müsahibəsində bildirir ki, onlar «Nabucco»ya hətta, Rusiyadan qaz alacaqlarını istisna etmirlər.

Bu yaxınlarda Rusiyanın qaz nəhəngi «Qazprom» şirkəti «Nabucco» ilə rəqabət aparmaqdıqlarını deyib. Reynhard Mitşek qeyd edir ki, onlar «Qazprom»la mübarizə aparmırlar, amma hələ əməkdaşlıqları da yoxdur. ««Qazprom»un öz layihələri var. «Nabucco» ilə bağlı isə ilin sonuna investisiya planı təsdiqlənəcək. Bu kəmərlə Rusiya qazının da Avropaya daşınması istisna deyil. «Nabucco» anti-Rusiya layihəsi deyil, bu, bir Avropa kəməridir», – deyə Reynhard Mitşek bildirib.
XS
SM
MD
LG