Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:53

“Eurovision”un milli seçim turunda narazılıq


Yanvarın 17-də “Eurovision-2011” mahnı müsabiqəsinin milli seçim turu üzrə finalçıların adları açıqlanıb. 12 xalla İlhamə Qasımova, 10 xalla Eldar Qasımov, 8 xalla İlqarə İbrahimova, 7 xalla Aynişan Quliyeva, 6 xalla Nigar Camal finala vəsiqə qazanıb.

Yarımfinal yanvarın 14-də başa çatmışdı və həmin gün SMS səsverməsinin nəticələri açıqlansa da, finalçılar haqda məlumat verilməmişdi. Tamaşaçıların səsverməsinə görə isə İlhamə Qasımova, İlqarə İbrahimova, Nurlan Növrəsli, Aynişan Quliyeva və Arzum Xəlilova ilk beşliyə düşə bilmişdilər.

“Hər şey göz qabağındadır da. Nə deyim sizə, nə danışım”.

Bunu tamaşaçıların səsverməsinin nəticələrinə görə üçüncü olan, lakin münsiflərin səsverməsindən sonra finala düşə bilməyən Nurlan Növrəsli deyir. O müsabiqənin nəticələri haqda danışmaq istəməsə də, sualları müğənninin mətbuat katibi Zema Bağırova cavablandırdı:

HEÇ KİMİN HAQQI YOXDUR Kİ, HANSISA VASİTƏLƏRLƏ QƏLƏBƏNİ ƏLDƏ ETSİN

Nurlan Növrəsli
“Mən bilmirəm hansı səbəbdən Nurlan ilk üçlükdə ola-ola beşliyi tərk etdi, amma ondan sonra olan iştirakçılar yerlərində qaldı. Yəqin ki, münsiflər heyəti Nurlanın ifasını bəyənməyib. Hər halda bu Azərbaycanın adıdır və burda heç kimin haqqı yoxdur ki, hansısa vasitələrlə qələbəni əldə etsin. Biz zəif müğənnini göndərəcəyiksə, deməli, Azərbaycanın adını yerə vura bilərik. Nurlan kifayət qədər layiqli iştirakçı idi. Növbəti illərdə yenə də belə SMS, münsiflərin səsi olsa, Nurlan bu müsabiqəyə qatılmayacaq”.

Nurlan Növrəsli bəzi mütəxəssislər və tamaşaçılar tərəfindən güclü iştirakçı kimi qiymətləndirilirdi. Elə müsabiqənin iştirakçılarından olan İlhamə Qasımova, Çingiz Mustafayev ən güclü rəqib kimi Nurlan Növrəslini görürdülər.

Münsiflər heyətinin üzvlərindən biri Faiq Sücəddinov da Nurlanı finalçılar arasında gördüyünü deyir:

“Mən şəxsən finalda birinci İlhaməni, sonra Nurlanı, Çingizi və Eldarı görmək istəyirdim. Biz hamımız istəyirik ki, birinci ən yaxşısı olsun. İlhamə Qasımova da birinciliyə layiq iştirakçıdır, mənə elə gəlir ki, elə o da gedəcək”.

ZÖVQ MÜXTƏLİFLİYİ

İsmayıl Ömərov
İctimai Televiziyanın sədri və münsiflər heyətinin üzvü İsmayıl Ömərov deyir ki, müsabiqəyə seçim Avropa Yayımlar Birliyinin qanunlarına uyğun şəkildə aparılır.
İsmayıl Ömərovun sözlərinə görə, münsiflər Azərbaycanı təmsil etməyə layiq olan finalçıları tam obyektiv şərtlərə əsaslanaraq seçib:

“SMS ayrı-ayrı ifaçıların fanatlarının, yaxınlarının mövqeyidir. Amma münsiflərin səsi peşəkarların mövqeyidir.”

İsmayıl Ömərov Nurlan və digər daha güclü hesab edilən ifaçıların finala keçməməsinə belə münasibət bildirir:

“Sadəcə olaraq bu zövq müxtəlifliyi məsələsidir. Azərbaycanı kimin təmsil etməsinə münsiflər çox ciddi məsuliyyət daşıyırlar. Əsl peşəkar ifaçı bizi təmsil etməlidir. Mən hesab edirəm ki, burada seçimlərdə heç bir yanlışlığa, təsadüflərə yer qalmayacaq”.

İsmayıl Ömərov finalda kimi qalib görmək istədiyini açıqlamadı. O, müsabiqənin milli seçim turları yekunlaşdıqdan sonra münsiflər heyətinin tərkibinin, onların səsvermələrinin nəticələrinin ictimaiyyətə açıqlanacağını bildirdi.

“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı fevralın ilk günlərində məlum olacaq.
XS
SM
MD
LG