Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:54

«Küçə rəssamı birinci növbədə ailəsi haqda düşünür»


Tbilisidə küçə rəssamı
Tbilisidə küçə rəssamı
Tbilisidə küçə rəssamlarının toplaşdığı yerdə ziyarətçiyə daha çox rast gəlmək mümkündür, nəinki rəsm qalereyalarında. Ancaq bu rəssamları ziyarətçilərdən çox alıcılar maraqlandırır.

Küçə rəssamları təkcə ilham pəriləri deyil, çox vaxt alıcıların şıltaqlıqlarına tabe olurlar.

Arçil Kutaladze 21 ildir Rustaveli prospektində dayanıb köhnə Tbilisini çəkir. O, şəkillərinin plagiatı ilə məşğul olur, əvvəllər çəkdiyi rəsmləri yenidən təkrarlayır. Şəkil çəkərkən isə yaradıcılıq barədə yox, şəkli neçəyə satacağı və evə nə qədər pulla dönəcəyini düşünür.

«Küçə rəssamı birinci növbədə ailəsi haqda düşünür, əliboş evə qayıtmaq olmaz... Bəziləri hesab edirlər ki, şah əsəri yalnız bir dəfə çəkmək olar, onu təkrarlamaq mümkün deyil. Mən bir şəkli iki dəfə, üç dəfə yaradıram... Ancaq müqayisə edəndə, onlar fərqlənirlər. Kompozisiya təkrarlana bilər, ancaq çalarlar və əhval-ruhiyyə başqadır».

Pikasso və Pirosmaninin işlərinin surəti, onların təsiri altında yaradılan əsərlər, müxtəlif suvenir və aksessuarlar... Burada - səs-küylü çay qırağında yerləşən rəssamlar bağında hər şey bir-birinə qarışıb. Rəssamlar az olsa da, satıcıdan boldur, xüsusilə də soyuq qış günlərində.

«GƏLİB NECƏ SATACAĞINI DÜŞÜNÜRSƏN»

Hər bir şəklə görə heyflənirəm. İkinci bu cür şəkil çəkə bilməyəcəyəm
Rəssam Qivi Şuşiaşvili illərdir vernisaja gəlib-gedir, yüzlərlə şəkil satıb. O, şəkillərinin hesabına dolanır. Yoxsa şəkillərindən ayrıla bilməzdi:

«Hər bir şəklə görə heyflənirəm. İkinci bu cür şəkil çəkə bilməyəcəyəm. Ancaq gəlirim şəkillərdən olduğu üçün güzəştə gedirəm və vəziyyətimlə əlaqədar satıram. Başqa vəziyyətdə olsaydım, bu qiymətə satmazdım».

Küçə rəssamlarını yalnız rəsmlərini satmaq maraqlandırır, bu isə onlara öz işlərini yaradıcılıq nümunəsi kimi qəbul etməyə mane olur.

Amais Zveriaşvili danışır ki, əvvəllər satışla məşğul olacağını təsəvvürünə belə gətirə bilməzdi:

«Bura gəlirsən və ancaq necə satacağını düşünürsən. Əvvəllər məndə küçədə dayanıb, şəkil satmaq istəyi yox idi. Ancaq həyat məcbur etdi, yaşamaq çətinləşib».

«BÜTÜN TANINMIŞ RƏSSAMLAR KÜÇƏDƏN BAŞLAYIB»

Rəsmlərin satışı mövsümdən asılıdır. Şəkillər ən yaxşı yazda satılır. Alıcıların əksəriyyəti isə əcnəbi turistlərdir. Ən bahalı şəkilləri diplomatik missiya və beynəlxalq təşkilatların nümayəndələri alır.

Bütün tanınmış rəssamlar küçədən başlayıb
Rəssam Qoça Narimanidze deyir ki, ötən illərlə müqayisədə təsviri incəsənətə maraq artıb:

«Olub ki, 1000 dollar, 1500-2000 ödəyiblər. 15 il əvvəl 100 dollar verirdilər, indiki kimi yox... Ancaq ödəyən çox deyil... Tez-tez də olmasa yaxşı işi qiymətləndirirlər. Bu hal daha çox qalereyalarda müşahidə olunur, ancaq küçədə də yaxşı pul verən tapılır».

Qoça Narimanidzdenin fikrincə, küçə rəssama müəyyən təcrübə qazandırır.

«Bütün tanınmış rəssamlar küçədən başlayıb. Fransada İmpressionizmlə də eyni hal baş verib. Bizi «küçə rəssamları» adlandırırlar, ancaq rəssam studiyada oturmaqla yox, burda böyük təcrübə toplayır».

Küçə rəssamları incəsənət yaratmaqla şəhər mənzərəsinin ayrılmaz hissəsinə çevrilib. Yoldan ötənlər heç nə almasalar belə Tbilisini bu rəssamlar olmadan təsəvvür edə bilmirlər.

- «Onlar şəhərin koloritidir. Çox yaxşıdır və mən bəyənirəm».

- «Bu, Tbilisini, qədim Tbilisini gözəlləşdirir. Çox xoşuma gəlir. Mən çox vaxt onlardan hədiyyəlik suvenir alıram...».
XS
SM
MD
LG