Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:37

«Azərbaycanda insan haqlarının vəziyyəti pis olaraq qalır»


Toplaşma və təşkilatlanma azadlıqlarına qoyulan məhdudiyyətlər qalmaqdadır
Toplaşma və təşkilatlanma azadlıqlarına qoyulan məhdudiyyətlər qalmaqdadır

2010-cu ildə Azərbaycanda insan hüquqlarının vəziyyəti pis olaraq qalıb.

“Human Rights Watch” təşkilatının 2010-cu ildə dünyada insan haqlarının vəziyyəti ilə bağlı hesabatının Azərbaycana aid hissəsində belə deyilir.

Hesabatda bildirilir ki, hökumət müxalif fikri ifadə edən jurnalistləri qorxutmaq və cəzalandırmaq üçün müxtəlif cinayət işlərindən istifadə edib.

Jurnalist Eynulla Fətullayev saxta cinayət işi üzrə həbsxanada qalmaqda davam edir. Noyabrın 7-də keçirilmiş parlament seçkiləri beynəlxalq standartlara uyğun gəlməyib.

Başqa ciddi problemlər, o cümlədən din azadlığı, toplaşma və təşkilatlanmaq azadlıqlarına qoyulan məhdudiyyətlər, eləcə də həbsxanalarda işgəncə və pis rəftarla bağlı problemlər də qalmaqdadır.

İnsan Haqları üzrə Avropa Məhkəməsi Eynulla Fətullayevi həbs etməklə Azərbaycanın ifadə azadlığını pozması barədə qərar çıxarıb. Məhkəmə jurnalistin dərhal azad olunmasını tələb edib.

MEDİA AZADLIĞI

Hökumət rəsmiləri 2010-cu ilin birinci yarısında jurnalistlərə və başqa şəxslərə qarşı diffamasiya ilə bağlı ümumilikdə 26 cinayət işi qaldırıblar. Məhkəmə onlardan 14-ü üzrə qərar çıxarıb.

Diffamasiya bağlı mülki işlərin sayı isə 36 olub. Onlardan 30-u haqqında məhkəmə qərar çıxarıb.

İyul ayında həbsdə olan jurnalist Eynulla Fətullayev saxta narkotik saxlamaq ittihamı ilə əlavə 2 il yarım həbs cəzası alıb. 2007-ci ildə o terrorçuluq da daxil olmaqla 8 il yarım azadlıqdan məhrum edilmişdi.

Avropa İnsan Haqları Məhkəməsi isə onun dərhal azadlığa buraxılması qərarını çıxarıb. Azərbaycan Məhkəmənin Böyük Palatasına şikayət edəndən sonra Böyük Palata qərarı qüvvədə saxlayıb. Lakin Eynulla Fətullayev hələ də həbsdə qalır.

Siyasi fəallar və bloqqerlər Adnan Hacızadə və Emin Milli də 2009-cu ilin iyulunda çox güman ki, hazırlanmış dava-dalaşın iştirakçısına çevriliblər. Onlar xuliqanlıqda ittiham olunaraq həbs edilmişdilər.

Bir çox yerli jurnalistlər də fiziki zorakılığa məruz qalıblar. May ayında isə Bakı aeroportunda təhlükəsizlik qüvvələri norveçli jurnalist Erling Borgeni fotoaparatını və videokamerasını baqajına qoymağa məcbur ediblər. O Norveçə gələndə görüb ki, Eynulla Fətullayev haqqında çəkəcəyi film üçün hazırladığı materiallar pozulub.

SEÇKİ

Toplaşma azadlığına olan maneələrə görə siyasi partiya və təşkilatlar seçki öncəsi kampaniya apara bilmədilər. Beynəlxalq müşahidəçilər seçkilərin beynəlxalq standartlara uyğun keçirilmədiyini bildirdilər.

TOPLAŞMA AZADLIĞI

Toplaşma azadlığının məhdudlaşdırılması davam edib. Bakının mərkəzində hər hansı nümayiş keçirilməsinə yol verilməyib. İcazəsiz aksiyaları isə polis dərhal dağıdıb. Hökumət QHT-lərin işlərinə müdaxilə edib. Ədliyyə Nazirliyi üç dəfə Televiziya və Alternativ Media İnkişaf Mərkəzi adlı qeyri-hökumət təşkilatının qeydiyyatından imtina edib.

Avqust ayında polis Azərbaycanın seldən zərər çəkən bölgələrinin monitorinqini aparan “Kür” təşkilatının bir neçə əməkdaşını saxlayıb.

2009-cu ilin noyabrında naməlum şəxslər Naxçıvandakı Demokratiya və QHT İnkişaf Resurs Mərkəzinin əməkdaşları - İlqar Nəsibovu və Vəfadar Eyvazovu döyüblər.

2010-cu ilin sentyabrında Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşları Elman Abbasov və Həkimeldostu Mehdiyev Naxçıvanda döyülüb.

DİN AZADLIĞI

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2010-cu il yanvarın 1-nə qədər bütün dini təşkilatları təkrar qeydiyyatdan keçməyə məcbur ediblər. Qeydiyyatdan 450 icma keçib. Onlardan 433-ü məscid, 2-si protestant kilsəsidir.

Bakıdakı baptist və katolik kilsəsini, 7-ci gün adventistləri, “Yehova Şahidləri”ni qeydiyyata almaqdan imtina edilib. Hökumət “Fatimeyi-Zəhra” məscidi və Müşfiqabaddakı sünni məscidini bağlamaqla hədələyiblər.

İŞGƏNCƏLƏR

Həbsxanalarda işgəncələr və pis rəftarla bağlı cəzasızlıq qalır.

2010-cu ildə Azərbaycan İşgəncələrə Qarşı Komitəyə 150 şikayət daxil olub. Yalnız bir həbsxana əməkdaşına qarşı intizam tədbiri görülüb. Ümumilikdə heç kimə qarşı cinayət işi açılmayıb. 2010-cu ildə həbsxanada azı bir məhbus işgəncələr və pis rəftar nəticəsində ölüb.

Siyasi məhbuslara gəldikdə isə, hüquq müdafiəçiləri onların sayının 23-dən 45-ə qədər olduğunu bildirirlər.

QƏRƏZLİDİR

Bəxtiyar Sadıqov

Yeni Azərbaycan Partiyasından olan millət vəkili Bəxtiyar Sadıqov hesabatı qərəzli adlandırır:

“Onlar həmişə olduğu kimi qərəzlidirlər. Yenə köhnə hesabatların üzünü köçürüb təqdim edirlər. Bu hesabat həqiqətə uyğun gəlmir. Birtərəflidir və Azərbaycan gerçəkliklərinə qara eynəklə baxmaqdır”

TAMAMİLƏ BÖLÜŞÜRƏM

Hüquq müdafiəçisi Sahib Məmmədov isə onunla razı deyil:

“Çünki “Human Rights Watch”, “Amnesty İnternational” kimi təşkilatlar bir qayda olaraq qərəzsiz təşkilatlardır. Onlar öz hesabatlarını hazırlayarkən dövlətlər kimi siyasi məqsədlərini əks etdirmirlər. Toplaşma azadlığı ilə bağlı fikirlərini tamamilə bölüşürəm. Bu il özümün hüquq müdafiəçisi kimi iştirak etdiyim bütün toplantılarda güc tətbiq olunub.

İstənilən ölkədə bir jurnalist həbsdədirsə, o ölkədə ümumi söz azadlığı ilə bağlı fikirlərin formalaşmasında mənfi imic yaradır. O baxımdan biz hüquq müdafiəçiləri də deyirik ki, Eynulla Fətullayevin azadlığa buraxılması zəruridir”.

“Human Rights Watch” un İcraçı Direktoru Kenneth Roth yanvarın 24-də Brüsseldə hesabatı təqdim edərkən deyib:

“Dialoq və əməkdaşlığa üstünlük verənlərin bir sevimli fəndi insan haqları mübarizləri ilə repressiv hökumət arasında formal daxili dialoq qurmaqdır. Bu nümunəni Avropada, Şimali Amerikada bir sıra hökumətlər Çin, Orta Asiya ölkələri, Rusiya ilə münasibətdə sınaqdan çıxarıblar”.

BU MÖVZUDA "İŞDƏN SONRA"DA MÜZAKİRƏ OLUB. DİNLƏYİN:

XS
SM
MD
LG