Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:47

Bəxtiyar Hacıyevi buraxdılar


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Yanvarın 25-də deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev Gəncə şəhər prokurorluğunda 5 saat dindirilib.

Bəxtiyar Hacıyev AzadlıqRadiosuna bildirib ki, ona əsasən hərbi xidmətdən möhlətlə bağlı suallar veriblər.

«Dedim ki, hərbi komissarlıq məni 2006-cı ildə qəbul olunmuş qanuna düzəlişlə - möhlətin yalnız bakalavr pilləsində təhsil alan tələbələrə verilməsi ilə ittiham edir. Sual verdim ki, elədirsə, mənim 2006, 2007, 2008, 2009, 2010-cu illərdə təqdim etdiyim təhsil haqqında sənədlər necə qəbul olunub».

Dindirmə 15:30-da başa çatsa da, o, daha bir saat prokurorluqda qalıb:

«Saat 16:20-də mənə dedilər ki, Gəncədən çıxmamaq şərti ilə azadlığa buraxılıram. Sabah saat 11-də yenidən prokurorluqda olmalıyam».

Bəxtiyar Hacıyev deyir ki, hərbi xidmətdən yayınma ittihamı ilə onun barəsində cinayət işi açılıb.

BƏXTİYAR HACIYEV GƏNCƏ ŞƏHƏR PROKURORLUĞUNA GƏTİRİLİB

Deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev yanvarın 24-də Gürcüstana gedərkən Qazax rayonunda sərhəd-keçib məntəqəsində saxlanılıb.

Bəxtiyar Hacıyev AzadlıqRadiosuna bildirib ki, gecə saat 3-ə qədər Qazax rayon Polis Şöbəsində saxlanılıb. Sonra isə onu Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə gətiriblər.

Yanvarın 25-i saat 11 radələrində isə Gəncə şəhər Prokurorluğuna gətirilib:

«Prokuror mənə dedi ki, sənin haqqında hərbi xidmətdən yayınmaqla bağlı cinayət işi açılıb. İfadə ver. Ondan sonra müəyyən şərtlərlə səni buraxa bilərik. Gəncədən kənara çıxmaq istəyəndə isə müstəntiqdən icazə almaq lazımdır. Başqa məhdudiyyətlər də qoyula bilər».

Hazırda Bəxtiyar Hacıyev prokurorluqdadır. Ondan ifadə alınmasını gözləyir.

Bəxtiyar Hacıyev keçən il noyabrın 19-da – seçkidən bir neçə gün sonra da təhsil üçün Gürcüstana getmək istəyərkən Qazaxda «Qırmızı Körpü» sərhəd-keçid məntəqəsində saxlanılmışdı. O zaman Konstitusiya Məhkəməsi seçkinin nəticələrini hələlik təsdiq etmədiyindən, deputatlığa namizəd statusunda olan Hacıyev bir gün sonra azad edilmişdi.

Bəxtiyar Hacıyev 2007-ci ildə təsisçisi olduğu www.susmayaq.biz saytına giriş əngəlləndikdən sonra da həbs olunmuşdu. O, Nərimanov rayon Məhkəməsinin qərarı ilə 12 sutka həbs cəzasına məhkum edilmişdi. Həmin ərəfədə www.susmayaq.biz saytı Tarif Şurasının Azərbaycanda enerjidaşıyıcıların qiymətlərinin qaldırılması barədə verdiyi qərara etiraz olaraq imzatoplama kampaniyasına başlamışdı. Bunda əvvəl isə Bəxtiyar Hacıyev «Təhsildə rüşvətə YOX deyək!» hərəkatının təşkilatçısı kimi etiraz piketlərində tutulmuşdu.
XS
SM
MD
LG