Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:46

Hacı Nərimanoğlu "Kətəməz" (Hekayə)


"Qaçqınlar" silsiləsindən


KƏTƏMƏZ

Darvazadan içəri girən kimi tövlənin, peyinin iyi içinə doldu, həsrətli yanğıynan bu iyi içinə çəkdi, «oxxay» elədi, deyəsən bu nidanı onlar da eşitdilər.

- Başına dönüm, neyniyək, mal-qarasız kənddə yaşamaq olmur, özünüzə baxmayın, biz bu iyə öyrəşmişik.

Bilmirdilər neçə illərdi bu iydən ötrü necə qəribsəyib.

- Ay səni xoş gəlmisən, göz üstə gəlmisən, həmişə sənin kimi əziz qonağımız gəlsin, qurbandı bu ev-eşik sənə. Hava xoşdu, ona görə özüm stolu çöldə açdırdım, əyləşin, hara rahatdı orda.

Elə oturdu ki, üzü məhləyə baxsın, süfrənin üstdə düzülənlərdən görünürdü ki, onun gəlişinə məxsusi hazırlıq görüblər. Evin ağbirçəyi də yaxınlaşıb hal-xoş elədi.

- Bəs uşaqları niyə gətirmədin, başına dönüm, biz qohumuq e, çox olmuşam sizin evdə, Allah erməninin tifağın dağıtsın, o cür yer-yurdunuzdan elədi sizi...
- Ay nənə, yemək qabağı meymunu yadımıza salma yenə...

Tövlədən inək mələrtisi gəldi, dalınca da buzov səsi, təzə doğulmuşdu. Tualet də pəyəyə yaxın tikilmişdi. Onlarınkı da elə idi.

Amma onların tualeti düz çayın üstdə yarğanın başındaydı, taxtalarınarasından içəridən Əyin, Səngər, Hərtiz meşələri, Dondarlının kövşənləri əl içi kimi görünürdü.

Bərşadın suları elə bil laylay çalırdı adama, balıqlar gözünün qabağında atılıb düşürdü. Girən çıxmaq bilmirdi.

Onda görürdün tappatap kərmə yağır tualetə:- tez ol çıx da, ora istirahət yeridi, səndən başqa adam yoxdu, elə bil oturub lojada kinoya baxır...gülümsədi, xəyaldan ayıldı.

- Əmoğlu, günortadı, bismillah elə, sən başla, biz dədə uşağı yeməkdə pərgarıq, özümüz axırına çıxacıyıq. Ya Allah, getdik!

...Dədə-baba ocaqlarından çıxmamışdılar, heç köhnə otaqları da sökməyə əlləri gəlməmişdi, hər tərəfindən təzə otaqlar artırmışdılar, aynabənd, iki mərtəbə çardaq, eni on, uzunu otuz metr mağar tikmişdilər, üstünə də üzüm artdandırmışdılar.

Məhlə gülün- çiçəyin içində üzürdü. Son beş ili rayonda işləyib özünə təzə tikilmiş binada üçotaqlı ev alıb orda yaşasa da, hələ kənddən ayrıla bilməmişdi, hər şənbə-bazar kənddəydi.

Komsomolda, icrakomda işləyəndə də hər mal nobatında icazə alıb özü gedirdi.

Piyada dağda, dərədə mal, keçi dalınca qaçmaqdan yorulmurdu. Hələ keçilər qarnın bir az doyurub sakitləşəndə Qalanın başına çıxıb üzüaşağı şeir də qoşurdu...

Bəzən aşıb daşaraq, bəzən yavaşıyaraq, gəlib keçir Saraydan, əzəmətli Bərgüşad...ilk şeir dəftərçəsin 5-də oxuyanda ədəbiyyat müəllimi Tahir F. oxuyub lağa qoyub özü də gülmüşdü, uşaqları da ona güldürmüşdü, elə o vaxtdan şeir yazmağın daşın atmışdı.

Hara baxırdısa öz evlərin, həyət-bacaların görürdü, qəhərin güclə boğdu, loxması az qala boğazında qalacaqdı.

Çoxları kimi o da buralara gəlib düşəndən sonra o torpağın gözəlliyin dərk eləmişdi;- necə cənnət məkanda yaşamışdıq...

- Əmoğlu, uzaq olsun, ağrıyan yerin yoxdu ki, nəysə birtəhərsən, görürəm sənin yeyib içməklə aran yoxdu, bunu da içirik o sağlığa ki, gün o gün olsun Qubadlıda sizin məhlədə oturaq.

- Siz oturun, mən bir bağ-bağata baxım gəlim,-deyib ayağa durdu.

Tövlənin iyi çəkirdi onu elə bil, içəri girməkdən özün saxlaya bilmədi.

Qapının ağzında qara inək bağlanmışdı, balasın yalayırdı, görən kimi fınxırdı, yəqin dünən doğmuşdu, buzov hələ əmcəyin tapa bilmirdi, çənəsindən tutub ağzın məməsinə dirədi.

Ağzından süd axırdı, süd deyəndə hələ ağüz olar, bir buğum bişəndə yumurta sarısının qayğanağı kimi sarı, şipşirin ...nə deyirdik onun adına, yuxanın arasına düzüb dürmək eliyib yeyirdik, iki-üç gün də bulamasının içinə çörək doğruyub yeyirdik, ya da düyünün üstünə töküb yeyirdik.

Nə deyirdik ona...Pəyənin iyin bir də çəkdi içinə.

Onların da qara inəyi vardı, «qəmər» deyirdilər, anasının inək sağanda şirin avazlı oxşaması gəldi qulağına, ürəyi əsdi.

Hər kəndə gələndə mütləq tövləyə baş çəkərdi, dərhal da iy hopurdu paltarına, evə qayıdırdı, elə qapıdan içəri ayaq basan kimi başdıyırdılar ki, elə bil tavlanın bütün iyin-qoxun özünnən yığıb gətirmisən, pal-paltarın çıxardıb asırdılar havaya, amma özünə ləzzət eliyirdi bu iy, hələ soyuqdəyməsi, qripi olanda girirdi tövləyə, çalğını alırdı əlinə, süpürürdü, tezcə də tərliyirdi, bütün azar-bezarı tərnən biryolluq gedirdi.

Nəydi onun adı, dadı da düz dilinə qədər gəlib çıxmışdı...Bağ-bağatı bir də dolandı, hara baxırdısa gözünün qabağında ordakı ağaclar gəlib dururdu.

Onu çağırırdılar. Gəlib bayaqkı yerində oturdu. Dilinin ucuna gəlib qayıdırdı o söz....

- Əmoğlu, səninki qonaq gəlmək olmadı, yəqin uşaqları gətirmədiyinə görə boğazından heç nə getmədi.

Sağollaşıb maşına mindilər. Kəndlə Mingəçevirin arası 5-6 kilometr olardı. O itik söz dilindən, fikrindən qaçqın düşmüşdü, onu rahat buraxmırdı, düşmüşdü o sözün dalınca, tuta bilmirdi, darıxır, əsəbiləşirdi, həm də o sözdən utanırdı, gör söz də işlənməyəndə dilə gəlmir, uzaq qaçır, tutduruq vermir...

Binanın qabağına çatmışdılar, maşındakı qayıtdı:-mən ölüm, heç özün də yemədin, nənəm uşaqlara bir az kənd pay-püşü qoyub-qatıq, şor, kətə, bəhməz...
- Kə-tə-məzzz... tapdım, kətəməz, sağ ol e səni...

Təəccübnən:-əmoğlu, o nə olan şeydi ?

- Heç... qapını üzünə açan yoldaşı bir az duruxdu, nəfəsin içinə çəkdi :- vallah səndən kənd iyi gəldi... Üzünü paltarına sürtdü, iysiləndi, qəhərsiləndi :-həmən iydi, vallah kəndimizin iyidi...
XS
SM
MD
LG