Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:37

Qobuda qədim dövr


Qobuda odun yaranlar təkcə kişilər deyil. Qadınlar da artıq bu işin öhdəsindən gəlirlər
Qobuda odun yaranlar təkcə kişilər deyil. Qadınlar da artıq bu işin öhdəsindən gəlirlər
Qobu kəndi Bakıdan 15 kilometr aralı yerləşir. Burada böyükdən-kiçiyə hamı qazdan, daha doğrusu, qazın olmamasından danışır. Elə kəndin həyətlərinin böyük əksəriyyətindən də odun səsi gəlir. Bir anlıq adam özünü ucqar dağ kəndində hiss edir.

Ancaq Qobudakı odunlar dağ kəndlərindəki kimi meşələrdən gətirilmir. Bu odunlar köhnə qapı-pəncərə, yeşik, stol-stuldan ibarətdir. Kənd sakinləri deyirlər ki, bunlar şəhərdəki köhnə evlərin tullantılarıdır. “Qazel” markalı maşınlarla 70-80 manata gətirib Qobuda satırlar:

QAZ BORULARI VAR, AMMA...

“70-80 manata odun alırıq. Şəhərdə sökülən evlərin taxtalarıdır. Ancaq odun istifadə edirik. Qaz boruları var, yaxşı-yaxşı da rəngləyirlər. Onun biz nə xeyri var. Bizə qaz borularının rəngi yox, özü lazımdır”.

“Bura kəndin mərkəzidir. 21 ildir bu kənddə qaz yoxdur. Boruları var, özü yoxdur”.

Yaxınlıqdakı qapılardan birini döyürəm. Ev sakini Əhməd Mirzəağa oğlunun da həyətinin bir küncündə üst-üstə qalaqlanmış taxtalar var. Deyir təqaüdçüdür, bütün təqaüdünü oduna verir. Özü də qənaətlə işlədir:

BÜRÜNÜRÜK YORĞANA OTURURUQ

“Bir səhər yandırıram ki, çay dəmləyək. Bir də günortadan sonra yandırıram. Bir saat, saat yarım, ev bir az isti olsun. Ondan sonra bürünürük yorğana, otururuq. Qədim dövr bundan yaxşı idi. Arvadımın təqaüdü ilə dolanmağa çalışırıq. Ay yarıma bir “Qazel” odun alıram. 85 manat təqaüd alıram, onu da oduna verirəm. Pul olmayanda ocaq qalayıb əlimə nə keçdi yandırıram ki, bir stəkan çay içəm”.

“Bir səhər yandırıram ki, çay dəmləyək. Bir də günortadan sonra yandırıram”
Əhməd kişi sobasını açıb-baxır. İçində heç nə yox idi:

“Ay arvad odunu gətir, bax bu yarım saat gedəcək, sonra yenə yoxdur. 15 dəqiqədən, yarım saatdan sonra sönəcək”.

ODUN YARANLAR TƏKCƏ KİŞİLƏR DEYİL

Qobuda odun yaranlar təkcə kişilər deyil. Qadınlar da artıq bu işin öhdəsindən gəlirlər. Kənd sakini Mehriban Vəlicanova 80 manata aldıqları iri qapı-pəncərənin taxtalarını əvvəlcə iki daşın üstünə qoyur. İri daşı götürüb ortasına var gücü ilə atır. Deyir ki, bu üsul balta qaldırmaqdan asan başa gəlir:

“Bu proses bəzən 1 saata yaxın çəkir. Əzab-əziyyətdir. Qış uzunu qıracağam. Taxta yaşdır, indi gec qırılır. Bizim günümüz-güzəranımız budur. Sonra da deyirlər ki, Azərbaycan qadını zəhmətkeşdir”.

Bu kənddə yeniyetmələr da qazdan həsrətlə danışır. 16 yaşlı Əsgər Muradov kimi:

“Bu kənddə gözümü açandan qaz görməmişəm. 16 yaşım var. Həmişə deyirdim, görəsən qaz necə olur. Əmimgildə görmüşəm. Yaxşıdır, isti olur. Olsaydı, biz də istisinə qızınardıq”.

İŞIQ ZƏİFDİR

Kənd mağazalarında ağ neft də satılır
Bu kəndin problemi təkcə qaz deyil. Kənd mağazalarında ağ neft də satılır. İşıq olmayanda camaat ağ neftdən istifadə edir.

“İşıq zəifdir. Hal-hazırda nə soyuducu işləyir, nə də televizor. Bu da işığımız. Heç kim də baxmır”.

Bunu ağ neft alan İqbal kişi deyir. Tədarükünü görür ki, işıq sönəndə heç olmasa lampa yandıra bilsin. Satıcı da deyir ki, alıcıdan korluq çəkmir:

“Ağ neftin bir litri 80 qəpikdir. Bir-iki gün gedir. Alan çoxdur”.

HAMIMIZ KÜÇƏLƏRDƏYİK

Bu gün hava yağışlı olduğundan Qobunun küçələri daha çox palçıqlı idi. Havanın soyuq olmasına baxmayaraq isə küçədə çoxlu cavan adamlar vardı. Onlar danışır ki, işsizliyə görə küçələrdə çox adam görmək olur:

“İş-güc yoxdur. Hamımız küçələrdəyik. Daş karxanalarında da iş yoxdur. Kimdir e daş alan”.

Qobu kəndinin icra nümayəndəsinin müavini Balacaxanım Əbdülkərimova deyir ki, qaz problemi yaxın vaxtlarda həll olunacaq:

SÖZ VERİBLƏR


Bu gün hava yağışlı olduğundan Qobunun küçələri daha çox palçıqlı idi
“Qaz qəsəbənin Xoşgəldin adlı massivində var. Başqa yerlərdə yoxdur. 20 faiz qazdan istifadə edir. Ancaq hazırda qaz xətləri çəkilir. Dəqiq deyə bilmərəm, ancaq yaxın vaxtlarda qaz veriləcək. Qobu-Lökbatan yolu bir az bərbaddır. 2011-ci ilin planına salınıb ki, asfaltlansın. Yayda su problemi olur. Oğuz-Qəbələ su xəttindən bizə də su xətti çəkiləcək. Söz veriblər”.

Qobu bələdiyyəsindən isə danışmağa bir kəs tapmadıq. Bələdiyyənin saytında isə 2008-ci ildə yerləşdirilmiş bir xəbər oxuyuruq: “Qobuda yeni qəbiristanlıq hasarlanıb. 8 avtobus dayanacağı tikilib. Qobu giriş qapısından Babayev küçəsinə qədər 4100 ağac əkilib”.
XS
SM
MD
LG