Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:31

Ərəb dünyasını bürüyən təlatümlər Azərbaycana da çata bilərmi?


Zərdüşt Əlizadə
«Panorama» verilişində politoloqlar Zərdüşt Əlizadə və Rasim Musabəyov bu məsələ ətrafında fikirlərini bölüşüblər.

Zərdüşt Əlizadə:

«MİSİR MÜSTƏBİDİ BİZİM HAKİMİYYƏT ÜÇÜN ÖRNƏK GÖTÜRÜLMÜŞDÜ»

- Məncə, Misir prezidenti Hüsnü Mübarəkin Azərbaycandakı heykəlinə baxıb, çox sadə bir nəticə çıxarmaq olar. Misir müstəbidi bizim hakimiyyət üçün örnək götürülmüşdü. Azərbaycanda artıq xalq dərk edir ki, bu hakimiyyət ölkənin problemlərini həll edən deyil. Camaat problemlərin həllini demokratiyada axtarır. Mən demirəm ki, demokratiya olsa, problemlər möcüzəli şəkildə, tezliklə həll ediləcək. Ancaq problemlərin gizlədilməməsi, sərgilənməsi və onun həllinə aşkar şəkildə çalışmaq əhalidə düz yolla getdiyimizə inam yaradar. Yeni-yeni iş yerlərinin açılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı yalanlar xalqı bezdirib. Xalqda narazılıq yaradıb. Bu baxımdan Azərbaycan Ərəb dünyasına çox oxşayır».

- Ancaq bu hadisələr Azərbaycanda baş verməz də, elə deyilmi?

- Niyə baş vermir. Tamamilə baş verə bilər. İstənilən müstəbidin sonu birdir - devrilmək...

Rasim Musabəyov:

«BU, DAHA ÇOX QAZAXISTAN RƏHBƏRLİYİNİ NARAHAT ETMƏLİDİR»

- Mən Azərbaycanla Ərəb dünyası arasında paralellər aparılmasını düzgün saymıram. Bu, daha çox Qazaxıstan rəhbərliyini narahat etməlidir. Bilirsiniz ki, Qazaxıstana 20 ildir N. Nazarbayev rəhbərlik edir. İndi də referendum yolu ilə onun hakimiyyətinin ömrünü daha 10 il uzatmaq istəyirlər. Hesab edirəm ki, Qazaxıstan hakimiyyəti bu hadisələrdən özü üçün bir dərs çıxarmalıdır. Bəlkə də bu hadisələr Özbəkistan üçün də diqqətə layiqdir. O ki qaldı Azərbaycana, burada iqtisadi böhran yoxdur. İqtisadi inkişaf yüksələn xətlə davam edir.
Rasim Musabəyov
Üstəlik, hakimiyyətin kifayət qədər resursları var və bu resurslardan xalqın narazılıqlarını yumşaltmaq üçün istifadə edə bilər...

Zərdüşt Əlizadə:

«8 MİLYON YARIM BİLMİR Kİ, NEFT PULLARININ NECƏ LƏZZƏTİ OLUR»

- Resurslar var. Ancaq bu resurslardan kim faydalanır? Hakim zümrə. Bəlkə də əhalinin yarım milyonu bu neft pullarının ləzzətini görür. Ancaq 8 milyon yarım bilmir ki, neft pullarının necə ləzzəti olur. Əksinə, gördükləri məhrumiyyətlər, qarət və yalandır.

- Ancaq Azərbaycanda narazılıq kütləvi etiraz aksiyalarında özünü göstərmir axı?

- Hər şeyin həddi var. Misirdə də bir həftə əvvəl heç kim belə şeyin olacağını gözləmirdi. Əlcəzairdə 4 adam özünü yandırdı, heç nə olmadı. Tunisdə isə bir nəfərin özünü yandırmasına dözmədilər. Hər şey şəraitdən və subyektiv amillərdə asılıdır. Belə məsələlərdə dəqiq proqnoz vermək çətindir.

Rasim Musabəyov:

«DƏYİŞİKLİKLƏR GÜNDƏLİKDƏDİRSƏ, BU, BAŞ VERƏCƏK»


- Dəyişikliklər gündəlikdədirsə, bu, baş verəcək. Ya iğtişaşlar yolu ilə, ya da hakimiyyətlərin istəyi ilə. Mən istəməzdim ki, Azərbaycanda belə dəyişikliklər kütləvi iğtişaşlar nəticəsində baş versin...

XS
SM
MD
LG