Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:54

Bəxtiyar Hidayət. Çarpaz təcnislər

















ÇARPAZ TƏCNİSLƏR

1.

Bir səni endirib Haqq asimandan
Bir də endiribdi Şərqə bir daşı
Səni ki bənzətdim Haqqa simandan
Tapsın söz gəzdirən şər qəbir daşı
Bu əla qəzadı, əla qədərdi.

Dərd var oxumağa, özgə şey də yox
Yüz kədər boylanır bizdə rəflərdən
Məndən özgə bülbül, özgə şeyda yox
Deyirlər keçmisən biz tərəflərdən
Xeyir ola nəynən əlaqədardı

Vuracaq kürəyə başa min şallaq
Bu zalım dünyadan gözləmə səfa
Sevgi dünyasında başam, inşallah
Bu yerdə ölçülməz gözlə məsafə
Əlimiz ki əldən ələ qədərdi

Niyə inanmırsan, gözümdə mənim
Ağ gün görmədikcə artır ağ, gözəl
Sənsiz süzgəc daşam, gözüm damanım
Gəl eşqin ömrünü artıraq, gözəl
Qoy məni üzməsin əlaqə dərdi

2.

Dərd özümə qışlaq, özümə binəm
Bu qəza gözəldi bu qədər gözəl
Mən səni sevirəm özümə binəm
De bir sevgi varmı bu qədər gözəl
Çətin səni kimsə istəyə belə

Başqadı məni mən eləyən məram
Həsr olub tam istək tam arzu sənə
Kərəm et, Kərəmlik eləyənmərəm
Nə qədər mən qalım tamarzı sənə
Yetməyim arzuya, istəyə belə

Nə sözü kəsirsən nə də ki səsi
Tutursan alçaq da üstün də məni
Dərdin gözü dolmaz, nə də kisəsi
Saxla gözləriyin üstündə məni
Ya məni istəmə, istə ya belə

3.

“Yox” dəbdən düşübdü, dəbdə “bəli”di
Oxşarlıq olmazmı dəbdə bə dəbə?
Gör kimin sarayı dəbdəbəlidi
Minibdi təntənə, dəbdəbə dəbə
Itirib başını indi hər adam

Yağı hər yerdədi qənim hər yerdə
Gülləyə gəlməyə ahu vadardı
Töküldü heç nədən qanım hər yerdə
Bir belə görəndə ahı və dərdi
Istəyir eləsin intihar adam

Məni qəm əhlinin taleyi qardaş
Rahat oturmağa bir dəm qoymadı
Görməzsən göylərdə ta leyi qardaş
Qanadlı dəvələr bir dam qoymadı
Olsun qəm əhlinə indi hara dam?

2001

4.

Bunun sonu belə, əzəli belə
Sən bəmdən uzaqsan, mən zildən uzaq
Olduq əzən bizi əzəli belə
O əsas hədəfdən mənzildən uzaq
Dədə, deməmişdi yox, Sabir belə

Kim doğru yazırdı o tələf oldu
Yaşadı yerinə cızmaqaraçı
Yaxşılar biçilən ot-ələf oldu
Əlinlə havanı cızma, qaraçı
Demə ki fal belə, yox, səbir belə.

Durdu başımızda yabanı millət
Yox səmir ilahi, yox səs ilahi
Götürər baltanı, yabanı millət
Yoxsa top tüfəngi, yoxsa silahı
Bəhanə gətirməz yoxsa bir belə

Sağı rüsva gördüm solu xar canım,
Bülbül qırağını qatdadı, neynim
Bu dərdnən bu qönçə soluxar, canım
Bu dərd məni iki qatdadı, neynim
Bu şələ yüklənib yoxsa bir belə?

Qeyd:Təcnisin bu növünü özüm yaratmışam.
XS
SM
MD
LG