Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:34

"25 yaşlı qocalar Azərbaycan ədəbiyyatına lazım deyil"


Aqşin Yenisey. Adsız şeir
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00
Direct-ə keçid

Adsız şeir

Azadlıq Radiosunun "Pen klub" verilişinin qonağı şair Aqşin Yeniseydir.


- Aqşın bəy, şeirlər nə vaxt çap olunmur?

- Şeirlər o vaxt çap olunmur ki, şair hələ onlardan razı deyil. Yəni şairin beynindəki ilə kağızdakı üst-üstə düşmür.

Əslində bütün şeirlərin kağizda olmayan varianti daha gözəldir. Əgər oxucu şeirin o yuxarıda olan halını görə bilsəydi, o daha zövqlü bir şeydi, çox qəribə bir şeydi.

- Bu günlərdə gənc yazar Qismət Yazıçılar Birliyində yeni nəsil yazarlar barədə məruzə edib. Məruzədə belə də bir fikir var idi:

"“Ən yeni ədəbiyat” seriyası ətrafında birləşən cavanlardan Nərmin Kamalın “Aç, mənəm”, Aqşinin “Cənnətdə terror aksiyası”, G.Mövludun “5xl”, Sevinc Çılğının “Alaçarpa”, Sevinc Pərvanənin “Şəhər”, Svetlana Quliyevanın “Dalğa” romanları öz müəlliflərinin bütün yenilikçilik cəhdlərinə baxmayaraq, əksərən müvafiq janrların tələblərinə, bəzən hətta elementar tələblərinə belə cavab vermir”.

Məruzəyə, eləcə də bu və digər bu kimi fikirlərə münasibətiniz.

- Əvvəla Qismətin elə bir bədii, ədəbi, intellektual bazası yoxdur ki, Azərbaycan ədəbiyyatına məruzə şəklində münasibət bildirsin.

Amma Qismət kimi cavan bir şairi də bu məruzə etməkdən məhrum eləmək doğru deyil.

Əgər bir cavan şair Azərbaycan ədəbiyyatı haqqında məruzə yazacaq bir gücü özündə hiss edir və yazırsa, sakitcə oturub onu dinləmək lazımdır.

Amma biz məruzəni orduda - kiçik rütbəlinin böyük rütbəli qarşısında edildiyini görmüşük.

“Şair” və “məruzə” sözləri tamamilə bir birinə zidd anlayışlardır. Şair necə məruzə edə bilər?

Və Qismətin bu məruzəsinə elə AYB-dən olan, prezident təqaüdü alan gənclər tərəfindən də kifayət qədər sərt tənqidlər olmuşdu.

Demək bu cür məruzələr eyni mətbəxin adamları arasında olan müəyyən məsələlərin üstünü açır.

Məlum olur ki, Əsəd Cahangir kiməsə məruzə yazdırır. Hətta özü məruzə yazır və kiminsə imzası altında çap edir.

Məlum olur ki, Anar (AYB sədri) hələ də gənclərin onun qarşısında farağat komandasında dayanıb məruzə etməsini istəyir.

- Bəlkə gənclər özləri hələ də kiminsə qarşısında dayanıb məruzə etmək istəyirlər?

- Və yaxud Azərbaycan gənci belə bir iddiadadır, belə bir fikrə düşüb.

Bunun kökü dərindi və bu, mənəvi bir məsələdirt. Bizim AYB-nın sədri olan bir qocamızın və AYB üzvü olan, prezident təqaüdü alan bir gəncimizin ədəbiyyata münasibətinə bax.

Sən gedib ədəbiyyat haqqında məruzə yazacaqsan və gəlib qarşımda mil durub onu mənə oxuyacaqsan.

Və mən oradan nəticə çıxaracam ki, Azərbaycan ədəbiyyatı indi hansı mərhələyə gəlib çıxıb.

Bu ədəbiyyata, yaradıcılığa tamamilə zidd olan bir məsələdir.

Baxın, bir Azərbaycan qocası, bir Azərbaycan gənci və Azərbaycan ədəbiyyatı.

Bunların münasibətinə sadəcə nəzər salmaq kifayətdir ki, həqiqəti üzə çıxarasan.

- Kimin tərəfindəsiniz?

- Mən nə o qocanın tərəfindəyəm, nə də o gəncin. Mənim o qocaya heyfim gəlmir.

Çünki biz artıq vidalaşırıq. Amma bu gəncə heyfim gəlir. Bu hələ yaza bilər.

Öz xalqına, ailəsinə, sevgilisinə, dostlarına xeyir verə bilər.

Bunun dəyəri ola bilər Azərbaycan cəmiyyətində. Anar bu yaşacan Azərbaycan xalqı üçün nə xeyirli iş görübsə, görüb.

Amma bizim bir gəncimizin bir qocanın arxasınca, özü də bu şəkildə düşməsi başadüşülən deyil.

Kiminsə ətəyindən sallaşmaq gəncliyə xas olan əlamət deyil.

Anarın əsərləri, yaradıcılığı var. Söhbət ondan getmir. Axı gənclik niyə bu cür ələbaxan olmalıdır.

Gənclikdə bu keyfiyyət haradan əmələ gəlib? Bu, cəmiyyəti tez qocaldan pis bir şeydir.

Azərbaycan oxucusunu Qismətin, qismətkimilərin ixtiyarına buraxmaq olmaz.

25 yaşlı qocalar Azərbaycan ədəbiyyatına lazım deyil.

- Gəlin bu söhbətlə bağlı göndərilən ismarıclara da diqqət yetirək.

Günay yazır: “Aqşın bəy, mənim işim çıxdı, sizinlə şəkil çəkdirməyə gələ bilməyəcəm. Olar mən bir yer deyim, siz ora gələsiniz və mənimlə birlikdə şəkil çəkdirəsiniz?”

İrfan yazır:
“Təəssüf ki, üzə çıxanlar elə bunun kimi yazarlardır.

Verilişin elanında verilmiş şeirdə heç bir məna yoxdur. Tam məntiqsizlikdir. Sanki məktəbə gedən uşağın düzüb-qoşduğu şerdi. Fikir verin:

“Harda qalım ilahi, hara gedim ilahi?
Özünü qoy yerimə, mən nə edim ilahi?
Bəndələrin yerdədir, sən göydə nə gəzirsən?
Gəl, bir insan ömrünü, yaşa görüm,
dözürsən?!”

Allah hər yerdədir, təkcə göydə yox. Həmdə Allaha sanki tay-tuş kimi müraciət edir. Bəlkə Nizami və ya Füzuli Allaha “Ya Rəbb” deyə müraciət etməmişlər”.


- Axırdan başlayaq. Allah özü öz kitablarında insanlara elə bil demokratiya sərgiləyib ki, istənilən yaradıcı adam özünü ona tay-tuş hesab edə bilər. Bu yaradıcı adamlara yaxın olan bir duyğudur.

Şeirin, məntiqsiz, mənasız, söz yığnağı olması barədə deyilənlərə gəlincə, mən onun zövqünə hörmətlə yanaşıram.

Və çox yaxşı olardı ki, o insan başa düşdüyü, zövq aldiği şeirlərdən də bir misra yazib- şeir bax belə olmalıdır – deyəydi.

Onu da deyim ki, öz yazdığım şeirin arxasında dayanmaq, onu müdafiə etmək fikrim yoxdur.

Müasir dünya fəlsəfəsi, mətnlə işləyən beyinlər artıq bu qənaətdədilər ki, mətn canlı bir şeydir.

Mətnin özünün doğuluşu, həyatı və ölüb getməsi var. Əgər o yaşayası bir şeirdisə, və cəmiyyətə çıxıbsa bizim yanaşmamızdan asılı olmayaraq o gedib öz ömrünü yaşayacaq.

Hətta mən onu kağızda yandırsam belə. Yəni özü öz taleyini müəyyənləşdirəcək. Sairin qüsuru ondadır ki, şeirinin taleyinə şərik olmaq istəyir.

O ki qaldı şəkil çəkdirməklə bağlı suala, mən Günay xanımın hisslərinə, duyğularına hörmət edirəm.

Ancaq Azərbaycanda bu şəkil çəkdirmək ənənəsi çox zövqsüz oxuculara xas olan xüsusiyyətdir.

Adətən onlar belə fikirləşirlər ki, sevdiyin şairlə şəkil çəkdirmək lazımdır.

Yaxud çox bayağı dinləyicilər, sevdikləri müğənni ilə mütləq gedib şəkkil çəkdirmək istəyirlər.

Mən Günay xanımın ismarıcından onun nə qədər bayağı bir oxucu olduğunun fərqinə vardım.

Səmimi etriaf edirəm ki, mənim bu cür bir oxucu ilə şəkil çəkdirmək adında hissim yoxdur.

Şəkil çəkdirmək məsələsi xüsusilə bu sovet dövründə çox saxta bir məsələ idi.

Şair insanın qəlbində olmalıdır. Əgər mənim şəklim sənin qəlbində yoxdursa, sənin albomunda olmasının nə əhəmiyyəti var.


- Aqsin Yenisey ömrünün 3 ilini nəyə xərcləməyə qərar verib.

- Onun şöhrət haqqında dedikləri.

- Yeni romanının ideyasının nədən ibarət olması.

- Heç vaxt Azərbaycan xalqı və oxucusundan nələri istəməyəcəyi

- Və nəhayət o, nədən ötrü ölür və xöşbəxtliyi yalnız nədədir.

Bütün bunları müsahibəni tam olaraq dinləsəniz biləcəksiniz.
(BURDA DİNLƏ)
XS
SM
MD
LG