Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:50

Sima Ənnağı. Ağaclar və insanlar
















Ağaclar və insanlar


Ağaclar insanlar kimi
Yolboyu
Qol-boyun olub,
Dirənib,
Sinə gərib küləyin əzminə.
Ağaclar kimi güclü olmayan insanlar
Dünyanı zəbt edən şərə boyun əyib,
əyilib
içi kirli,
çölü parlayan,
əzəməti ilə göz qamaşdıran
bütlərin xeyrinə...

Rəngləri bozarmış dünyada
Bütləri yıxıb dağıtmaq,
Yeni rəngli dünya qurmaq
Üçün
Ağaclar kimi
Dirənib,
Sinə gərib,
Getdiyi yol boyu
Qol-boyun olub
Addımlayan,
Yeni yolda
Yeni bütlər yaradan insanlar
Yeni nəsillərə hansı
Nağılları uyduracaq…


Aldanış

Qəliblərə sıxışdırılmış həyatda
Yeganə düz yolu
Yerimizə seçdilər.
Biz də
Özümüzə təsəlli vermək,
Zəifliyimizi gizlətmək üçün
Oyunlarda
Günlərimizi əritdik.
Bədbinlik zəhəri
Canımıza hopanda,
Zamanı dondurmaq,
Bizim yerimizə seçilmiş
Yollardan qopmaq,
Ürəyimizin səsinə tabe olub
Oz yolumuzda
Yıxılmaq,
Yenidən ayağa qalxıb
Addımlamaq istədik.
Əvəzində
Qarşılıq verməyən həyatda
Şeir yazmaqla
Özümüzü aldatdıq...


Gecə zülmü

Gecə...
Tənha pəncərə önündə
Belibükük bir kölgə...
Tavandakı həyasız lampalar
Iynə şüalarıyla
Adamın beynini sancır,
Ayrılığın qara cizgilərini yırtaraq
Sonu bilinməyən kədəri zolaqlayır...
Lampaların yuxusuz işığı
Qaranlıq küçəni oyada bilmir,
Günün nikbin rəngləri zülmətdə itir.
Səslər sükutda.
Sözlər eşidilmir səssiz fırtınalarda.
Küçə kor yuxuda,
Adam dəhşətdə...

Günəş doğacaqmı...

Qəhrəmansız savaşlar

Damarlarda qırmızı qan,
Beyinlərdə qırmızı fikirlər.
Hamı özünə yer axtarmaqda,
Kəllələri əzə-əzə yüksəlməkdə,
Fikribağlı şəkildə kütlə ilə danışmaqda,
sadəlövhləri möhtəşəm xəyallarla aldatmaqda...
Kəs səsini! – ən populyar söz olmuş,
Kəs səsini! - azadlığı ögey boğazlarda boğmuş.

Kəsə-kəsə yaşamaq...
Kəsilə-kəsilə yaşamaq...

Püşk atın...


Şəhərdə

Hər gün eyni yolla gedirəm
Ürəyim bulanır artıq bu görüntüdən –
Boğazını yırtan avtobuslar
Bazardan qayıdan
Yorğun arvadlar -
Ürəkləri bahalıqdan gileylə dolu
Zənbilləri – ümidlə...

İliyinə qədər doğma olmasa da
Yad da olmayan şəhərimin
Dəyişmiş orqanizmini görmək
Nə qədər ağır...
Barlar restoranlar
Yeni evlər
Dükanlar
Neon alovu ilə gözə girərək
“Bizik burda hökmdar” deyir
Ac insanlar qarışqa kimi
Bu acıqlı neon görüntülərindən
Tələsik yan keçır

Sınıq xətli küçələr şəhərin içində
Mən də içimdəki sınıqlıqla
Sınıq küçələrdə...
Kim kimdən şikayətçi?
Mənmi özüm özümdən
Küçələrmi məndən...
Dikdabanlarımla vururam küçələrin düz ürəyinə...

Külək evlərin arasında əylənir
Darıxan uşaq kimi
Mən də veyillənirəm
Sərsəri aşıq kimi...

Ehh...
Bu şəhərdə könül açan bir ürək yox...
XS
SM
MD
LG