Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:43

İqtisadçılar "korrupsiyanın azaldılması" haqqında nə deyir


Qubad İbadoğlu
AzadlıqRadiosunun «İşdən sonra» proqramında qonaq olan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hökumətin antikorrupsiya siyasətini şərh edərkən bildirib ki, hökumət sosial narazılıqların qarşısını almaq üçün bu addımı atıb.

«Söhbət yalnız məişət səviyyəsində korrupsiyanın azaldılmasından gedir. Bu, yəqin ki sistem korrupsiyasından, siyasi korrupsiyadan çox uzaqdadır. Mən məişət korrupsiyasının irəli salınmasını da təbii sayıram. Çünki son iki ildə xüsusilə məmur özbaşınalığından kifayət qədər şikayət və ərizələr daxil olub».

İqtisadçı-ekspertin fikrincə, hökumət demək istəyir ki, «məmurlar gözü çıxan qardaşlarından dərs götürsünlər. Bir az öz kreslolarına daha çox bağlansınlar».

Amma Qubad İbadoğlu korrupsiya ilə mübarizənin daha yuxarıda səviyyədə inkişaf edəcəyinə skeptik yanaşır:

«Ola bilər məişət korrupsiyası ilə mübarizə davamlı şəkil alsın. Amma bunun iqtisadi, biznes, dövlət büdcəsinin, yaxud neft pullarının daha şəffaf xərclənməsi səviyyəsində inkişaf edəcəyinə inanmıram. Digər tərəfdən də, bu inzibati müdaxilələrlə korrupsiya məsələlərini həll etmək olmaz. Çünki arabanın köhnə təkərini nə qədər yağlasan da, o yenə də cırıldayacaq. Bunu nəzərə almaq lazımdır».

Oktay Haqverdiyev
KORRUPSİYA ARTIQ DÖVLƏTİN TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİDİR

Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oktay Haqverdiyev isə deyib ki, korrupsiya ilə mübarizə sistemli şəkildə olmalıdır.

«Artıq korrupsiya elə bir səviyyəyə çatıb ki, dövlətin təhlükəsizlik məsələsi ortalığa çıxıb. Korrupsiyanın sistemli şəkli yaranıb. Bununla biz mübarizə aparmaq fikrindəyiksə, onda gərək sistemli şəkildə mübarizə aparaq. Biz gələcəyə baxmalıyıq ki, bizdən sonra gələnlər nə vəziyyətdə olacaq? Açığını deyim ki, təhsil sistemində potensial rüşvətxor və korrupsioner hazırlanır. Uşaq bağçasından tutmuş universitetə qədər...».

Oktay Haqverdiyevin fikrincə, hazırda aparılan korrupsiya ilə mübarizə görüntü xarakteri daşıyır:

«Bu iclaslar sovet vaxtı Mərkəzi Komitənin plenumlarını, partiya təsərrüfat məclislərini xatırladır. Orada hər dəfə hansısa bir məsələ çıxırdı ortalığa, sonra o müzakirələr düşürdü aşağı. Gedib hətta kolxoza qədər çatırdı. Bu gün də həmin şey təkrarlanır. Prezident Administrasiyasında bir müşavirə keçirildi və göstəriş verildi ki, yuxarıdan tutmuş aşağıya kimi hər yerdə bu məsələ müzakirə olunsun. Amma bu o demək deyil ki, bununla mübarizə aparırlar. Yığılırlar. Özü də yığılanlar kimlərdir? Onların özləri elə korrupsionerlərdir də.
Vahid Əhmədov
Bu mübarizə deyil».

KORRUPSİYANIN DƏRƏCƏSİ VAR AXI...

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov isə bildirir ki, ümumiyyətlə, Azərbaycanda korrupsiya ilə bağlı atılan istənilən addımı müsbət qarşılayır. Ancaq bunun nə qədər davamlı olacağı, haraya qədər gedəcəyi onun üçün də sual olaraq qalır. Deputat ən effektli mübarizəni islahat aparmaqda görür:

«Bu məsələləri kökündən həll etmək üçün birinci islahatlar aparmaq lazımdır. Həm iqtisadi, həm siyasi islahatlar aparmadan korrupsiyanın qarşısını almaq çox çətindir. Deyirlər ki, bütün dünyada korrupsiya var. Korrupsiya olmayan hökumət yoxdur. Amma bunun da dərəcəsi var da. Bu dərəcədə, Azərbaycanda olduğu kimi yox».

İqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki, şəffaf hökumət qurulsa, hökumətdə təmsil olunan çirkin adamlar da təmizlənəcək. Yaxşı idarəetmə prinsipləri Azərbaycanda tətbiq olunarsa, korrupsiyaya yer qalmayacaq.

Qubad İbadoğlu düşünür ki, son addımlar məmurlarda xof və əhalidə rəğbət yarada bilər. Ancaq korrupsiya ilə köklü mübarizə aparmaq lazımdır. Bu addımlar isə inzibati mübarizədir.

XS
SM
MD
LG