Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:33

Arif Yunus: «Beynəlxalq Böhran Qrupunun hesabatı bizə mesajdır»


Arif Yunus
«Beynəlxalq Böhran Qrupunun son hesabatı bizə mesajdır».

Konfliktoloq Arif Yunus AzadlıqRadiosunun «İşdən sonra» proqramında Beynəlxalq Böhran Qrupunun son hesabatı haqda danışarkən belə deyib. Onun fikrincə, Böhran Qrupunun hesabatı ilə cəbhədə müharibə ehtimalının olub-olmaması ayrı-ayrı məsələlərdir.

Konfliktoloq onu da deyir ki, Misirdə baş verən inqilabın Dağlıq Qarabağ münaqişəsinin həllinə elə bir aidiyyəti yoxdur:

«Qarabağ məsələsi Şimali Afrika ölkələrində gedən proseslərdən asılı deyil. O, bundan sonra da gündəlikdə olacaq. Bu məsələ ilə bağlı ciddi müzakirələr aparılacaq. Bu proseslərin nəticəsindən sonra Qarabağ məsələsi ilə bağlı nəsə olacaq. Amma nəticə olmayacaq. Yəni danışıqlar, görüşlər davam etdiriləcək».

«MİSİR HADİSƏLƏRİNİN QARABAĞ MÜNAQİŞƏSİNƏ TƏSİRİ OLACAQ»

«Doktrina» Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli isə hesab edir ki, dünyadakı inqilablar demokratik proseslərə təsir göstərdiyindən müəyyən qədər münaqişələrin həllinə də təsiri olacaq:

«Məhz hakimiyyətlər münaqişələri səbəb gətirərək demokratik islahatları gecikdirirlər. O baxımdan, bunun Azərbaycana, Dağlıq Qarabağ münaqişəsinə təsiri olmasını düşünmək olar».

Cəsur Sümərinli deyir ki, cəbhə xəttində hərbi əməliyyatların bərpası ehtimalı hazırkı dövrdə istisna olunur. Onun fikrincə, əksinə, danışıqlar intensivləşəcək. Danışıqlar isə münaqişənin həllini yaxınlaşdırmaq əvəzinə adətən hərbi əməliyyatları yaxınlaşdırır.

Arif Yunus bildirir ki, Beynəlxalq Böhran Qrupunun son hesabatı hər iki münaqişə tərəfinə Qərbin mesajıdır:

«Bu, əslində onların hesabatı deyil, bu, Qərbin bizə mesajıdır. Hər iki münaqişə tərəfinə - həm bizə, həm ermənilərə. Çünki bu, adi bir qurum deyil. Bu, Qərbdə çox nüfuzlu bir qurumdur. Bu qurum Amerika və Avropa ölkələrində gedən proseslərlə sırf bağlı olan qurumdur. Bu hesabat göstərir ki, Qərb çox narahatdır. Bu qurum vasitəsilə bizə çatdırılır ki, regionumuzda gedən proseslərdən narahatdırlar, Azərbaycan və Ermənistan rəsmiləri hansısa bir islahatlar aparmalıdırlar. Rəsmilər buna gedəcəkmi? Mən şəxsən buna inanmıram».

«HƏRBİ QULLUQÇULARIN MƏVACİBİ CƏMİ 10 FAİZ ARTIRILDI»

Cəsur Sümərinli
Cəsur Sümərinli isə hesab edir ki, cəbhə xəttində hərbi əməliyyatlar başlasa, buna ikitərəfli münaqişə kimi baxılmamalıdır. Bundan başqa, bu münaqişədə insan faktorunu da nəzərə almaq lazımdır:

«Bu münaqişə heç də tərəflər arasında getməyəcək. Yəni buna Azərbaycan-Ermənistan münaqişəsi kimi baxmaq lazım deyil. Kənar faktorları burda mütləq nəzərə almaq lazımdır. Xüsusilə Rusiya faktorunu. İkinci də, hərbi büdcənin bu qədər artımı məndə çox təəssüf hissi doğurur. Biz müharibə haqda fikirləşiriksə, insan faktoru öndə olmalıdır. Çox təəssüf ki, hərbi büdcənin bu qədər artımı çərçivəsində hərbi qulluqçuların məvacibi təxminən 10 faizə qədər artırıldı».

Konfliktoloq Arif Yunus da deyir ki, hərbi əməliyyatların uğurla aparılması üçün hərbi qulluqçuların maaşları qaldırılmalı, professional ordu yaradılmalı, hərbi təlimlər üçün islahatlar aparılmalı, köhnə deyil, təzə texnikalar alınmalıdır.

«ÖZÜMÜZ DƏ ERMƏNİLƏRƏ YARDIM VERİRİK»

Arif Yunus deyir ki, ermənilər istəyir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanısın. Bundan sonra 7 rayonu qaytarsınlar. Daha sonra isə Kiprdə olduğu kimi, Dağlıq Qarabağda iki icma yaradılacaq. Konfliktoloq qeyri-rəsmi səviyyədə olan kompromislərdən də söz açıb:

«Təcrübə göstərir ki, bəzi hallarda özümüz də ermənilərə yardım veririk. Mənim üçün çox maraqlıdır. Ermənistana benzin haradan gedir? Biz ki bilirik Gürcüstan vasitəsilə çatdırılır. Mənim üçün maraqlıdır Ermənistandan Rusiyaya təyyarələr necə uçur? Mən yaxşı bilirəm ki, Gəncə tərəfdən biz koridor veririk. Ermənistan təyyarələri o koridordan istifadə edir. Qeyri-rəsmi səviyyədə hər iki tərəf kompromisə gedir əslində».

Arif Yunus bildirir ki, Qarabağ Ermənistanın siyasətinə çevrilib və onlar buna ciddi yanaşırlar. İldə 2-3 dəfə Ermənistan parlamentində Qarabağ danışıqları ilə bağlı dinləmələr aparılır. Azərbaycanda isə Qarabağla bağlı danışıqlar yalnız prezident səviyyəsində müzakirə olunur. Bundan başqa, hərbi büdcənin necə xərclənməsi də Azərbaycan xalqından hərbi sirr kimi gizlədilir. Konfliktoloq hesab edir ki, bütün bunlar şəffaf olsa, Azərbaycanın xeyrinə olar».

XS
SM
MD
LG