Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

30 ildən güclü 18 gün...


Hüsnü Mübarək 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib
1981-ci il oktyabrın 6-da Ənvər Sədatın hərbi paradda qətlə yetirilməsindən sonra Hüsnü Mübarək Misirin növbəti prezidenti oldu. Elə o dövrdən bəri 30 il idi ki, hakimiyyətdə olan Mübarək rejiminə fevralın 11-i 2011-ci ildə son qoyuldu.

H. Mübarək Osmanlı imperiyasına qarşı üsyan edən Məhəmməd Əli Paşadan sonra Misiri ən uzun dövr idarə edən liderdir.

Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də doğulub. 82 yaşlı Mübarək ixtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib.

1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və Müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Misirdə 1987, 1993, 1999, 2005-ci illərdə Xalq Məclisində seçkilər keçirilsə də, alternativsiz olan seçkilərdə postunu əlində saxlayıb. Sonuncu - 2005-ci il seçkilərindən əvvəl konstitusiyaya dəyişiklik edərək, ümumxalq səsverməsi yolu ilə yenidən prezident seçilib.

MİSİRİN SONUNCU FARAONU?


«Foreign Policy» jurnalı 12 fevral sayında yazır ki, Hüsnü Mübarəkin istefası ilə «Misir və Yaxın Şərqdə «soyuq müharibə» siyasəti qürub edir».

BBC bildirir ki, «bu gündən Misir Hüsnü Mübarəksiz yaşamağa başlayır».

«Time» jurnalı: «Misirin sonuncu faraonu? Hüsnü Mübarəkin yüksəlişi və enişi».

Misirdə çoxları Hüsnü Mübarək barəsində «əlində imkanı olsaydı, 6-cı dəfə prezident olardı» deyirdilər, ancaq 30 illik hakimiyyətə dünən son qoyuldu.

NEYTRAL SİYASƏT

ABŞ-la «müsbət neytrallıq» siyasəti aparan Mübarək çox nadir hallarda Amerika siyasətini tənqid edirdi.
Hüsnü Mübarək və ABŞ prezidenti Bill Klinton, Vaşinqton, 1 iyul 1999
Misir hər il Amerikadan 1.5 milyard dollara yaxın maliyyə yardımı alır. Mübarək dövründə Misir ərəb ölkələri arasında ABŞ-dan ən çox asılı olan dövlətə çevrilib.

1980-ci illərdən bəri Misir lideri Yaxın Şərq və Afrikada münaqişələrin tənzimlənməsində əsas vasitəçi idi.

2011-ci il yanvarın sonlarından Misirdə Mübarək rejiminə qarşı etirazlar başladı. Mübarəkin idarəçiliyi dövründə ilk dəfə olaraq vitse-prezident təyin olundu. Fevralın 1-də isə Mübarək 2011-ci ilin sentyabrında keçiriləcək növbəti prezident seçkisində iştirak etməyəcəyinə söz verdi. Bununla belə, etirazların 18-ci günündə vitse-prezident Ömər Süleyman Mübarəkin istefa xəbərini yaydı.

Mübarəkə 6 dəfə sui-qəsd olub. O, Suzanna Sabetlə ailəli idi. Tibb bacısı olan Suzanna deyilənə görə, siyasətə fəal müdaxilə edirdi. Hətta Misir müxalifəti hesab edirdi ki, ölkəni faktiki olaraq o, idarə edir. Hüsnü Mübarək özü isə bu ittihamları qəbul etmirdi.

H. Mübarəkin 2 oğlu var. Kiçik oğlu Camalın prezident kürsüsünə hazırlandığı güman olunurdu.

35 MİLYARDLIQ GİZLİ VƏSAİT...

İngiltərənin «Telegraph» qəzeti yazır ki, Mübarək ailəsinin gizli hesablarında 35 milyard dolları var. Artıq İsveçrə bankı Hüsnü Mübarəkə məxsus hesab olunan hesabları dondurub. Ancaq hansı məbləğdən söhbət getdiyi açıqlanmır.

XS
SM
MD
LG