Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:36

Azərbaycanda tatuaj


Sovet dövründə bədənin üzərində müxtəlif döymələr (tatu, nakolka) vurdurmaq yalnız həbsxanalarda və əsgərlikdə dəb idi. Son bir neçə ildir ki, xüsusilə, gənclər arasında bədənə döymə vurdurmaq dəb halını alıb və çoxları arasında normal qarşılanır.

«18 yaşımdan məndə döymə etdirmək həvəsi yaranmışdı. Rep ilə maraqlanan dostlarımın çoxu bədənlərinə döymə etdirir, məndə isə daha çox maraq artırdı. Valideynlərimin narazılıqlarına baxmayaraq, 20 yaşında qoluma qartal başının rəsmini çəkdirdim. Qartal həmişə əzəmətlik simvolu olduğu üçün bunu seçdim. Bu tatuajı mənim üçün 80 manata elədilər».

Qoluna sadəcə maraq xatirinə döymə vurduran 22 yaşlı Emin Bayramovun sözlərinə görə, bunu edəndən sonra insanların diqqətini özünə daha tez çəkə bilir. Bunu etdiyinə görə peşman deyil.

A.V. Kuçinskinin «Cinayət və Cinayətkar» kitabında verilən tatuajlar kataloqunda qartal şəkli azadlığın və hakimiyyətin simvolu kimi qeyd olunub. Oradakı məlumata görə, bu rəsm həbsxanalarda avtoritetlərin tatuirovkası olub.

Çe Gevara istəyi 250 Avroya...


Almaniyada yaşayan solçu Bulent Çe Gevaranın şəklini sinəsinə döymə etdirib:

«Mən bu siyasətçinin siyasətini çox bəyənirəm. Ona olan sevgimdən şəklini bədənimə döydürtmək qərarına gəldim. 2005-ci ildə bu tatuajı etdirmişəm. Ömürlük tatuajdır».

Bu tatuaj və Çe Gevara sevgisi ona 250 Avroya başa gəlib.

Döymə-tatuaj ustası Leyla Musayeva 6 ildir bu sənətlə məşğuldur. Onun sözlərinə görə, yay aylarında tatuaj etdirənlərin sayı çoxalır:

«Bəzən dodaqlarına da tatuaj ilə düzəliş elətdirənlər olur».


«Əvvəllər tatuaj etdirənlər çox idi. Nədənsə, son aylarda buna ehtiyac azalıb. Aralarında elələri də olur ki, elətdirdiyi tatuaji pozdurub yenisini çəkdirirlər.

Qadınlar arasında kosmetik xarakter daşıyan tatuajlar dəb halını alıb. Əsasən, qaşlarına tatuaj elətdirənlərin sayı çoxdur. Bəzən dodaqlarına da tatuaj ilə düzəliş elətdirənlər olur. Amma belələri azlıq təşkil edir.

Qiymətlər 50 manatdan başlayıb şəklin ölçülərindən və formasından asılı olaraq artır. 20-21 yaşlı gənclər arasında tatuaja maraq daha çoxdur. Əksəriyyətini oğlanlar təşkil edir.

Tatuajı mütləq, fərdi iynələrdən və təbii piqmentlərdən istifadə etməklə, steril şəraitdə həyata keçirmək lazımdır».

Bu sənətin başqa bir ustası Seyhun Babayev 9 illik təcrübəsinə əsaslanıb son 5 ildə tatuaja ehtiyac artdığını söyləyir.

«Tatuaj etdirənlərin çoxu oğlandır. Oğlanlar əsasən vəhşi heyvan başları, yapon hərfləri və qılınc olan müxtəlif arnamentli şəkillər çəkdirirlər. Qızlar isə kiçik ölçülü şəkillərə və naxışlara üstünlük verirlər. Oğlanların əksəriyyəti qollarına, sinə və kürəklərinə, qızların çoxu isə bilək və bellərinə tatuaj elətdirirlər».

Dünyada ilk dəfə Fransa məktəbinin ustaları canlı əsərləri rəngli şəkildə tatu formasında bədənə köçürmüşlər. Amma Leyla Musayeva Azərbaycanda rəngli tatuajlara üstünlük verilmədiyini söyləyir.

Şəkildəki tatuirovkaların açması

Tatuirovka kataloqu
1. Dünyada iki gözəl möcüzə “Sevgi və ölüm”.
Qadına öz etibarını bildirmək, əgər kişiyə xəyanət edərsə, qadını ölüm gözləyir.
2. Xəyanətə görə ölüm.
Qadın ölümünə görə azadlıqdan məhrum olunub.
3. Administrasiya strukturlarının qanunlarına nifrəti göstərir.
4. “Qadın və Şeytan”. Həbsxanaya düşməyinin səbəbi qadın olmuşdur. Sinəsində və bud nahiyəsində yerləşdirilir.
5. “Qanadlı qadın”. Bəxti gətirmə simvolu, oğrularda rast gəlmək olar.
6. Həbsxana avtoritetlərinin tatuirovkası
7. “Tikanlı məftil”. Mənası islah əmək koloniyasında yetişmişdir (İTU)
8. Öz qohumunu və yaxud qohumlarını öldürən şəxslərdə rast gəlinir.
2-ci mənası: xəyanətkar qadına ölüm.
9. Bu tatuirovka oğru və soyğunçunu göstərir.
10. Qatı cinayətkarlarında rast gəlmək olar (resedivist)
11. Oğru liderlərinin arasında rast gəlinir.
12. Bu döymənin sahibi xuliqanlığa görə islah əmək koloniyasında yetişmişdir
13. “Qız başı”. Yeniyetməlik dövrünü tərbiyə əmək koloniyasında qarşılayıb.

Bədənə döymə vurdurmaq xəstəliyə yol aça bilər...

Dəri-zöhrəvi xəstəliklər həkimi, ekspert Aqşin Kəngərlinin sözlərinə görə isə tatuaj zamanı müxtəlif xəstəliklər törənə bilər:

«Tatuaj təbii steril şəraitdə aparılmadıqda, fərdi iynələrdən istifadə edilmədikdə AIDS və Hepatit C-yə tutulma ola bilər. Tatuirovka geniş sahələrə və qeyri-steril şəraitdə vurulanda toksiki dermatoz əmələ gələ bilər. Bu zaman qan zəhərlənir. Bəzi insanlarda çapıqlanmaya meyllilik var, buna kelloid xəstəliyi deyirlər. Bu cür insanlara tatuaj vurulanda dərinin tamamlığı pozulur, dəridə çapıqlar əmələ gəlir ki, bunlar da kelloid çapıqlar adlanır».

İslam dinində döymə haramdır...

İlahiyyatçı- ekspert Elşad Miri isə islam dininə əsaslanıb döyməni haram hesab edir:

«İslam dinində döymə haramdır. Bu hökm həm kişilərə, həm də qadınlara aiddir. «Qurani-Kərimdə» Allahın yaratdıqlarının dəyişdirilməsi ilə bağlı ayədə və Peyğəmbərimizin hədislərində bu haqda qeyd olunub və hər bir halda döymə günah sayılır».

Tatuirovka-cinayətkarların vizit kartı

Müəyyən tarixi məlumatlara istinadən demək olar ki, bədənüstü nəqqaşlıq, bədənüstü rəsmlər XVIII əsrdə Avropada yaranmışdır. İlk dəfə bundan köçəri artistlər istifadə etmişlər. Onlar tamaşaçılar qarşısında boyalarla bəzədilmiş bədənlərini nümayiş etdirirdilər. Sonralar sirk artistləri də bu üsuldan istifadə etməyə başladılar. Bu qeyri-adi incəsənət növü zaman ötdükcə daha çox müvəffəqiyyət qazanmağa başladı. İlk tatuirovka ustaları Parisdə meydana gəlmişdir.

Tatuirovkanın vətəni isə Haitidir. Tatuirovka sözü Polineziya dilindəki «tatu sözündən əmələ gəlib, mənası rəsm deməkdir. Qəbilələrdə bu rəsmləri cinsi yetkinlik yaşlarına çatmış uşaqlar dəri üzərinə çəkirdilər. Cinayətkar aləm bu tatuirovkalardan bir-biri ilə rabitə vasitəsi və informasiya daşıyıcısı kimi istifadə edirdilər.

Tatuirovka cinayətkarın vizit kartına çevrilmişdi. Döyməyə görə cinayətkarın keçmişini, neçə dəfə məhkumluğunu, həbs müddətini, inzibati orqanlara münasibətini, milliyyətini, dini mənsubiyyətini, cinsi oriyentasiyasını, cinayət aləmində tutduğu mövqeyini və düşüncə tərzini ayırd etmək olar.

Bu məlumatlar A.V. Kuçinskinin «Cinayət və cinayətkarlar» kitabında qeyd olunub. Müəllifin sözlərinə görə, 1950-ci illərdən etibarən sovet məkanında oğru aləminin qanunları tatuirovkalarda öz əksini tapmağa başlamışdır. Hər cinayətkar öz statusuna görə tatuirovkalardan istifadə edə bilərdi.

Məlumatlara görə, tatuirovkalardan istifadə qaydalarına ciddi riayət olunurdu. Statuslarına görə tatuirovkalardan düzgün istifadə etməyənlər ciddi cəzalandırılırdılar. Əgər yalandan avtoritetin tatuirovkasından kimsə istifadə edirdisə, onu şərtsiz ölüm gözləyirdi.
XS
SM
MD
LG