Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:45

Əsəd Qaraqaplan "Qayıdış" (Hekayə)


Son günlər evdə görüşdüyüm qadınlardan biriylə yataq otağından çıxanda Röya mətbəxin ağzında dayanıb bizə baxırdı. Qadını qapıdan ötürüb qayıdanda Röya önümü kəsib soruşdu:

– Bütün bunları məni qısqandırmaqdan ötrü edirsən?

– Yox – cavab verdim. – niyə belə düşünürsən? İkinci də, əgər məni qısqanmırsansa, niyə bu qədər rahatsızsan?

– Mən rahatsız deyiləm.

– Ama danışığın, hərəkətlərin, görkəmin bunu demir..

– Danışığımda, hərəkətlərimdə, görkəmimdə nə var belə?

– İçindəkilərin tam əksinə hərəkət edirsən, danışırsan kimi gəlir adama.

– Sən hardan bilirsən mənim içimdə nə var?

– Hm. Bu cür hərəkət etməyin, bu cür hala düşməyin bunu açıq göstərir. Həm də mən sənin içində nəyin olduğunu açıq desəm, deyəcəksən, yox, elə deyil, yalan deyirsən. Mən də sənə heç nə sübut edə bilməyəcəm. Çünki sən rahat, səmimi deyilsən.

– Niyə elə fikirləşirsən mən rahat, səmimi deyiləm?

– Əgər belə olsaydı, sən bunu bugünə qədər etiraf edər, belə durumda yolumu kəsib bu cür sual verməzdin.

Bu sözlərdən sonra Röya bir az tutuldu, başını aşağı salıb fikrə getdi. Sonra yavaş-yavaş başını qaldırıb, üzümə baxmağa çox da cəsarət etmədən danışmağa başladı:

Bilirsən, Aslan, necə ilişgidə olur olsun, hər qadının qarşısındakı kişiyə qarşı bir qısqanclıq damarı var. İstər dost olsunlar, istər o qadın o kişinin xidmətçisi olsun, istərsə də sevgilisi, – necə olur olsun, bu belədi.

Sonra bir az susub davam elədi:

– Ama burda bir həqiqət də var, sən düz deyirsən, mən bugünə qədər sənin qarşında rahat, səmimi ola bilməmişəm. Görünür, indi məni danışdıran da qısqanclıq damarıma toxunmağındı.

– Bəs mən ilk əvvəllər təkcə bir insan, bir dost kimi yox, həm də qadın-kişi kimi birgə yaşamağı deyəndə niyə məni özündən uzaqlaşdırırdın?

– Görünür, onda mən həm öz hisslərimi tam aydınlaşdıra bilməmişdim, həm də biraz qürur göstərmişdim. Ama bugün anladım; əsl qısqanclıq qadının bütün hisslərini aydınlaşdırıb üzə çıxarır, qürurunu qırıb onu etirafa məcbur edir, səmimi etirafa.

– Ama məni də düşünməliydin. Düşünməliydin, sənin bu cür hərəkətin məni ayrı yaşam tərzi seçməyə aparıb çıxarar, sənə qarşı əvvəlkitək ola bilməməyə məcbur edər, necə olub.

– Nə bilim, Aslan, görünür, qarşındakının səninçün kim olduğunu anlamaqdan ötrü həm bir az zamana, həm də baş verə biləcək belə qısqanclıq olayı kimi bir şeylərə ehtiyac var. Bilirəm, səni yenidən qazanmaqdan ötrü sənin bir zamanlar mənə qarşı etdiklərindən daha çox şey etməliyəm.

– Röya, niyə axı belə olamlıdı, niyə axı? Niyə biz hər şeyi gec, itirəndən sonra anlayırıq?

– Haqlısan, Aslan, haqlısan. Ama özün də bilirsən, məni rahat, səmimi olmağa qoymayan səbəblər vardı. O səbəblər ki, onları bəlkə heç birimiz heç vaxt dilimizə gətirməyəcəyik..

Mən divanda əyləşmişdim, Röya da danışa-danışa gəlib lap yanımda əyləşmişdi. Bir-birimizə o qədər yaxın idik, saçlarının, bədəninin qoxusunu, danışarkən nəfəsini duyurdum.

Bu dəqiqə elə bilirdim dünyada sevdiyin qadının saçlarının, bədəninin qoxusundan gözəl qoxu yoxdu.

Ona baxdıqca, həm də elə bilirdim, Röya bugünə qədər sevib ayrıldığım qadınların, qızların cəmindən ibarətdi.

İndi onu nə sevib özümküləşdirə bilərəm, nə də ondan ayrılmağa gücüm çatar.

Bəlkə biraz öncə sevgisiz sevişdiyim qadın, bəlkə də Röyanın belə açıq, səmimi danışması yenidən içimi dəbərdib məni özümə qaytarmış, həqiqəti göstrməyə çalışmışdı.

Öz-özümə soruşurdum: İlahi, mən özümdən bu qədərmi uzaq düşmüəm?! İlahi, hər şey bu qədər adi, sadə ola bilərmi..

***

Röyayla çoxdandı bir evdə yaşayırdıq. O, bir dəfə ailə qurub ayrılmış, mənsə heç evlənməmişdim.

Hərəmiz ayrı dünyanın adamı olsaq da, taleyin əzabı, gündəlik həyatın, ötəri qayğıların çətinliyi bizi birgə yaşamağa məcbur etmişdi.

Əvvəlcə dost olmuş, sonra yaxınlarımız bizdən qaçanda birgə yaşamağa qərar vermişdik.

Yaşı da məndən çox idi, bəlkə də bu üzdən bəzi şeylərdə məni yaxşı anlayır, hərəkətlərimə göz yummağı bacarırdı.

Həm də mən Röyanı ziddiyyətli insan olduğuyçün daha çox sevməyə başlamışdım. Çünki belə insanlar həmişə hərəkətdə, dəyişib özünü, öz hisslərini axtarışda olurlar.

Birgə yaşadığımız ilk günlərdən ona həm də qadın kimi baxdığımı söyləsəm də, hər dəfə etiraz edib, məni yaxın buraxmamışdı. Mənsə çox inaddan sonra geri durub, başqa qadınlarla görüşüb, ayrı həyatımı yaşamağa başlamışdım.

Gecələr evə içkili, gec gələndə hələ də Röyanın yatmadığını, gözlərinin şişib qızardığını görsəm də, özümü görməməzliyə vurur, gedib yıxılıb yatırdım.

Günü-gündən əsəblərimi, hisslərimi itirməyə başladıqca, bir az daha acığa düşüb görüşdüyüm qadınları evə gətirib, evdə yeyib-içib, sevişirdim.

Röyasa öz otağına çəkilib qapını arxadan bağlayır, o biri otaqdan gələn gülüş səslərini, etiraslı iniltiləri eşidəndə nə hallara düşürdü, yalnız özü bilirdi.

Mənsə bütün bunları bilmək belə istəmir, biraz daha irəli gedib bildiyimi eləyirdim..

Ama bugün baş verən hadisə – Röyanın önümü kəsib hər şeyi açıq danışması, dediyim kimi, məni elə bil özümə qaytarıb, hər şeyi yenidən, daha gözəl başlamışdı.

Artıq Röyaya həm də qadın kimi baxa bilmir, içimdə ona qarşı başqa bir şeylərin də olduğunu da duyurdum.

Bəlkə də bu üzdən yanımda oturub şirin-şirin danışdıqca susub durur, gözlərinə baxmağa cəsarət etmədən, özümdən xəbərsiz əllərini əllərimin içində bərk-bərk sıxıb dayanmışdım..

Röya da artıq susub durmuşdu. Elə bil bu qutsal məqamın ömrünü bir az daha uzatmağa çalışaraq, heç nə düşünüb, danışmaq istəmirdik.

Əllərinin əllərimə təmasında onda necə əriyib yoxa çıxdığımı, onun necə bir parçama çevrildiyini bütün varlığımla duyur, gözlərimi qapamağa çalışırdım otaqdakı heç nə fikrimi dağıtmasın..

Ətdən, sümükdən biri olub, yataqda bir qadına təmas etmək indi mənimçün nə qədər anlamsız olduğunu anladıqca, insanın Tanrı sevgisindən yarandığı, onun bir parçası olduğu mənə tam aydın olurdu..

..qımıldanmadan nə qədər belə qaldığımızı xatırlaya bilmirəm, onda ayıldım Röya qulağıma pıçıldadı:

– Aslan, içmək istəyirəm.

Gülümsədiyimi gördükdə tez gedib şərab şüşələrindən birini gətirib masaya qoydu. Meyvə dilimləyib, şərabı qədəhlərə süzdü, yenə gəlib yanımda oturdu.

Öz qədəhini götürüb dodaqlarıma uzatdı, mənə bir udum içirib, sonra qədəhi başına çəkib yerinə qoydu.

Bir az daha mənə qısıldı. Nəfəsini sinəmdə, boynumda gəzdirəndə artıq özümü unutmuşdum.

Saçlarının, bədəninin qoxusunu ciyərlərimə çəkdikcə, qollarımla onu bərk-bərk özümə sıxır, canımda əridib yox etməyə çalışırdım.

Röya başını qaldırıb nəfəsini yuxrılarda – üzümdə gəzdirəndə azca aralanmış dodaqlarının dodaqlarıma can atdığını duyurdum..

Dünaynın ən gözəl şeiriydi dodaqlarının dodaqlarıma ilk təması – duzlu, şirin, yazılmamış şeiri..

Öpüşdükcə nəfəsinin nəfəsimə toxunuşu musiqiydi – göydə iki göyərçinin bir-birinə çarpa-çarpa qanad çalıb uçmasıtək – insanı yer üzündən alıb aparan musiqi..

Nəfəsimiz bir-birinə toxunduqca, elə bil qovuşub oxuyurdu:

sevgilər heç vaxt bitmir sevgilər
olur qısa zamana bir-birindən uzaq düşür
axşam günəş batıb səhər çıxdığıtək
sevgilər də qayıdır sevgilər
günəşin işığını da sevgilər gətirir özüylə
insanların qocasıyla cavanıyla yaşasa da
sevgilərin yaşı olmur sevgilərin
.. sevgi odur – o qədərdir sevgilər..

***

Röyayla həmin gecəni bir yataqda keçirib, səhərə qədər yatmadıq.. Bugünə qədər nə olmuşdusa olmuşdu, bundan sonra nəyin necə olacağısa umrumuzda belə deyildi..
XS
SM
MD
LG