Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:31

Svetlana Quliyeva "Ölüm pərisi" (Hekayə)


Necə də qəribədir... Necə də adi... Sanki məni məndən çıxarırlar.

Ya da ki, yox. Mən özüm öz qılafımdan çıxıram. Ancaq yavaş-yavaş, ehtiyatla, tələsmədən...

Fikirlərimin hamısı üst-üstə qalaqlanıb, bir-birlərini əzirlər, nəyi düşünməli olduğumu bilmirəm.

Amma gözümün önündən getmir, ağlımın dərinliyindən çıxmır o qız. Heç yeridir?!

Bir dostum var. Fərid. Həmişə ən gözlənilməz anlarda ən ağlagəlməz şeylərdən danışır. Mən də ona acıqlı oluram, heç vaxt da dilimi saxlamıram, o, sözünü bitirən kimi deyirəm: “Heç yeridir?!”

İndi də bu sözü özümə deməyim gəlir.

Mən ölüm barədə çox düşünmüşəm. Amma ölümün özü haqda deyil, ya da necə öləcəyim haqda deyil.

Daha çox öləcəyim anlarda kimləri xatırlamağa macal tapacağım haqqında düşünmüşəm həmişə.

Sanki əvvəlcədən hazırlıq görürdüm bu günümçün. Lakin indi, bu dəqiqə nə anamı, nə atamı, nə də qardaşımı istədiyim şəkildə xatırlaya bilmirəm.

O qız bütün fikirlərimi darmadağın edir.

Hər gün saat beşdə, tam mən işdən evə döndüyüm vaxt dayanacaqda rastlaşdığım, mənimlə eyni yolu gedən o qız. Saçlarını hər zaman kürəyinə tökürdü.

Uzun, buruq, dalğavari saçları ilə lovğalanırdı sanki.

Elə asta, elə aramla yeriyirdi ki, elə bilirdin, hamının qaçaqaçda, qovaqovda olduğu bu keşməkeşli dünyada özünün astagəlliyi, heç nəyi vecinə almadan, tələsmədən, rahat-rahat yeriməyin özündən belə həzz almağı ilə ətrafındakı insanlarda qısqanclıq hissi yaratmağa çalışırdı.

Bəlkə də, heç belə deyildi.

Bəlkə, çox yorğun olduğu üçün belə gəzirdi, ilin bütün fəsillərində gözündə gün eynəyi, boynu uzun şərf olan bu qız yorğun da ola bilərdi.

Həmişə onun üzünü öz xəyallarımda yaratmağa çalışıram. İnsan sifətinin əsas hissəsini gözlər təşkil edir mənə görə.

Onunsa gözlərini, üstəlik sifətinin yarısını hər zaman gün eynəyi tuturdu.

Ona görə də onun üzünü tanımıram.

Yalnız hündür boyu, incə beli, yastı dabanlı ayaqqabıları, uzun şərfi, eynəyi, əsas da qıvrım, küləkdə dalğalanan saçları mənim üçün “o qız”ı təşkil edir.

Yaman çox qan axır yaramdan... Həkim dedi ki, sarğı qanın axmasının qarşısını alacaq.

Sonra dedi ki, darıxma, hər şey yaxşı olacaq, bir-iki həftəyə ayağa qaldıracağıq səni, yenə də gedəcəksən cəbhəyə, qıracaqsan o alçaq erməniləri... Mənə belə dedi, elə görən kimi, heç düz-əməlli yoxlamamış.

Bir anlıq huşumu itirdim, ancaq gözlərimi açmağa taqətim qalmasa da, qulaqlarım eşidirdi. Qulaqlarımı görüm lənətə gəlsinlər!

Ölümümə uzağı iki saatın qaldığını bu lənətə gəlmiş qulaqlarım eşitdilər.

Nə bilim kimə deyirdi həkim bunu. Ancaq eşitdim, indi də özümə yer tapa bilmirəm.

Elə bilirəm ki, hansısa vacib bir iş var idi, onu etməliydim, amma etmədim, indi də yada sala bilmədiyim o olunmayan hərəkətə görə peşmanam. Axmaq adamam mən.

Cəmi iki saatım qalıb. İndiyə onun bir saatı keçmiş olar. Ölmək istəyirəm? Heç bilmirəm də. Anam öldüyümü biləndə dəli olacaq, ağlını itirəcək!

Əvvəllər həmişə belə düşünürdüm, amma indi az qala hər gün neçə ana-ata buraya oğlunun cəsədini aparmağa gəlir, atalar sakit olurlar, elə-belə iş deyil axı, oğulları erməni ilə savaşda ölüb, analar isə sakitcə ağlayırlar, dəli olmurlar, ağıllarını da itirmirlər, saçlarını da yolmurlar.

Elə bil, belə də olmalıdır... Ya bəlkə, mənə elə gəlir? Görəsən, mənimkilər öldüyümü biləndə neyləyəcəklər?

Bəs o qız? Görəsən, onun yanından hər ötüb keçəndə ona dönüb baxdığımı görmüşdü?

Yoxluğumu hiss edirmi indi? O, çox asta yeriyirdi, hər gün özümə söz verirdim ki, mən də bu gün fit çala-çala gedəcəyəm evə, düşəcəyəm onun dalınca, görüm hansı blokda yaşayır.

Ancaq hövsələm çatmırdı. Ürəyim üzülürdü onun yerişini yeriyəndə. Səbirsizliyimi söyüb sürətimi artırırdım, ötürdüm onu, hər dəfə də geriyə dönürdüm ki, bəlkə, bu dəfə gözlərini görərəm.

Zalımın qızını, elə bil, hər gün döyürdülər.

Yeriməyə taqəti olmurdu-nədi?

Üstəlik də sifətinin yarısı boyda tünd eynəklər. Gözlərinin altındakı göyərmiş yerləri gizlətməyə çalışırdı sanki. İndi də bir qurd olub girib beynimə. İmkan vermir ki, ölümqabağı dost-aşna ilə ürəkdən vidalaşım.

Cəmi altı aydı müharibəyə gəldiyim, yaman qırırdım əbləhləri. Özüm bir dəfə də olsun, ciddi yaralanmamışdım.

Bəzən öldürmək adama ləzzət eləyir. Əlinə alırsan Kalaşnikovu, başlayırsan qırıb tökməyə qabağındakıları, bilirsən ki, onlar da səni öldürmək istəyirlər, lap vəhşiyə dönürsən.

Öldürdükcə dodaqlarında təbəssüm yaranır, insan olduğunu unudursan. Bundan daha artıq zalım olmaq istəyirsən.

Beynində başlayırsan qəddarlıq səhnələrini fırlatmağa bir lent kimi. İnsana dönməyin isə asandır, böyründəki-başındakı yoldaşlarından biri vurulan kimi olursan yenə də adam...

Öz öldürdüyün adamlara da yazığın gəlir. Ancaq birdən Xocalı gəlib durur gözünün önündə.

Xocalını görməsəydim, o donub qurumuş, əzab verilərək öldürülmüş uşaqları, qocaları görməsəydim ömrümdə müharibəyə könüllü yazılmazdım.

Elə düşərdim hər gün o qızın arxasınca, onun üzünü görməkdən ötrü...
Sanki küləksiz havada ağacdan aramla düşən solmuş, çəkisini itirmiş yarpaq tək hərəkət edirdi o qız.

Döyüş meydanında da o cür yerisəydi, hər erməni əsgəri azı yüz gülləni onun bədəninə doldurmuş olardı.

Hamının canında müharibədən doğan təşviş olan vaxtı onun, elə bilirsən, heç müharibənin getdiyindən xəbəri də yox idi. Yəni elə sakit, rahat olmaq mümkündürmü?

Əslində, ona vurğun deyiləm. Mənim qadınım ayrı cür olacaqdı. Bilmirəm, necə. Amma ondan fərqlənəcəkdi.

Lakin yenə də bu qızı hər görəndə gözümü ondan çəkə bilmirdim, məndə özünə qarşı sonsuz maraq doğururdu.

Cəzb edirdi məni özünün dünyadan məmnunluğu ilə.

Görəsən hələ çox qalıb? Tez ölmək istəyirəm, ağrılarım məni narahat edir.

Üstəlik düşüncələrim də başımı xarab edir. Ölmək yaxşıdır, müharibədən canım qurtarar.

Beşcə saat bundan qabaq elə bilirdim ki, mənim üçün ən vacib olan müharibədir, qırıb-tökməkdir, qan axıtmaqdır. İndi isə başa düşürəm ki, müharibəyə nifrət edirəm.

Müharibəyə gəlməyə də bilməzdim, kaş müharibədən qabaq öləydim, o vaxtı maşın məni vuranda.

Ancaq yanılıram. Maşın məni vuranda ölsəydim, yaşamaq eşqi ilə yanaraq öləcəkdim.

Doymamışdım həmin vaxt həyatdan. İndi isə artıqlaması ilə həyatı görmüşəm. Həyat, demə, ölüm imiş.

Bunu yalnız öldürdükcə anlamaq olar.

Başqasını öldürüb öz həyatımı qorumağa çalışan an başa düşdüm ki, insanlar axmaqdır, istəsək də, istəməsək də, hamımız ölümə doğru gedirik, onda nə zaman öləcəyimizin nə fərqi var axı?

İndi öləcəyimi bilirəm, bunu istəyirəm.

Həm ağrılardan canım qurtarsın, həm də savaşdan. Ancaq ölümümü belə təsəvvür etmirdim mən.

Düşünməyə macal verməyən ölümün intizarındaydım.

İndi yadıma düşdü... Bildim, nəyə görə peşmanam. O qızın adını anamdan soruşacaqdım. Elə bilirdim ki, hələ vaxtım olacaq.

Adını bilmək istəyirdim.
Onun şabalıdı rəngli qıvrım saçları üzümə dəysəydi, onların ətrini içimə bir çəkə bilsəydim...

yanvar, 2011
XS
SM
MD
LG