Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:53

Ronald Reagan: «Yaxın Şərqin quduz iti»



Müəmmər bin Məhəmməd əbu Mənyar Əbdül-Salam Həmid əl-Qəddafi (Muammar Gaddafi) 7 iyun 1942-ci ildə doğulub.

QƏDDAFİNİN HƏRBİ ÇEVRİLİŞİ

Oxuma, yazmanı bilməyən Bədəvi çobanının oğlu olan Müəmmər Qəddafi 1969-cu ildə ölkənin ilk müstəqil lideri olan Kral Birinci İdrisə qarşı digər zabitlərlə birlikdə törətdiyi hərbi çevrilişdən sonra hakimiyyətə gəlib. O zaman yalnız 27 yaşında olan Qəddafi, Liviya ordusundakı ən yüksək mövqeyə- polkovnik rütbəsinə yüksəldilib. Bundan sonra özünü silahlı qüvvələrin baş komandiri və Liviya dövlətinin de-fakto lideri elan edib.

Qəddafi ərəb ölkələrini Bəsrə Körfəzindən Atlantik Okeanına qədər uzanan bir ərazidə, birlikdə görmək istəyirdi. Xüsusilə 1950-ci illərin sonlarında və 1960-cı illərdə Misir lideri Gamal Abdel Nasser tərəfindən dəstəklənən bu fikir, Qəddafi və bir çox Liviyalı zabitə də ilham verirdi.

Hakimiyyətdə olduğu ilk illərdə, Qəddafi, dostlarıyla «Ərəb xalqlarını bölmək üçün müstəmləkə güclərinin təyin etdiyi sərhədləri» ləğv etmək üçün çalışırdı. Ərəb Respublikaları Federasiyasının təşkilatında əhəmiyyətli rol oynayan Qəddafi, Liviya, Misir və Suriyanı eyni fikir ətrafına yığa bilir. Daha sonra Misir Dövlət Başçısı Anwar Sadat, Qəddafi və Suriya Dövlət Başçısı Hafez al-Assad, ittifaqlarını təyin edən razılaşmaya imza atırlar. Ancaq federasiya üç ölkəyə də faydadan çox ziyan gətirir, bəzən üzv ölkələr arasındakı əlaqələr pozulurdu.

1986-cı il aprelin 5-də, amerikalı əsgərlərin olduğu «La Belle» gecə klubunda partlayış baş verir. Hadisəylə bağlı Müəmmər Qəddafinin göstəriş verdiyi deyilir. Amma bunu sübut edəcək bir fakt tapılmır.

«YAXIN ŞƏRQİN QUDUZ İTİ»

Bundan sonra Ronald Reagan hökümətiylə Liviya arasında münasibət kəskinləşir. Reagan, Qəddafinin ünvanına «Yaxın Şərqin quduz iti» ifadəsini işlədir. Sonra ABŞ döyüş təyyarələrinə Liviyadakı bəzi hədəfləri vurma əmrini verir. Bu hədəflər arasında Qəddafinin Tripolidəki evi də var idi. Bombardmanlar nəticəsində, Qəddafinin övladlığa götürdüyü deyilən Hanna Qəddafi adlı körpə həlak olur.

Reaganın Liviyadakı hədəflərə hücum əmri verməsindən iki il sonra, 1988-ci ildə, Pan American Hava yollarına aid təyyarə, Şotlandiyanın Lockerbie şəhəri üzərində uçarkən partlayış baş verir. Hadisədən sonra, iki liviyalı şəxs Abdelbaset al-Megrahi və Lamin Khalifah Fhimah şübhəli bilinir.

Qəddafi uzun müddət şübhəli bilinən iki şəxsin istintaqa cəlb edilməsi üçün Amerika tərəfinə verilməsinə razılaşmır. Bir neçə il danışıqlardan sonra, 1999-cu ildə Qəddafi şübhəli şəxslərin sorğulanmasına razılıq verir. Səkkiz ay davam edən araşdırma Abdülbasit Əl Megrahin hadisədə iştirakını sübut edir. O, ömürlük həbs edilir. Lamin Khalifah Fimah isə günahsız bilinir.

BƏDƏVİ ÇADIRINDA YAŞAYAN RƏHBƏR

Özünü «İnqilabın Lideri və Rəhbəri» adlandıran Qəddafinin hərbi rütbəsi 40 ildir dəyişmir.

Çox böyük sərvəti və onlarla sarayı olmasına baxmayaraq Qəddafi bir çoxlarının dediyinə görə ailəsinin Tripolidəki sarayının yaxınlarına quruduğu Bədəvi çadırında yaşamağı üstün tutur.

Qəddafi özünün xarici səyahətləri üçün də etibarlı hesab etdiyi bədəvi çadırını Romada, Parisdə, Dohada və dünyanın bir neçə şəhərində qura bilib. Onun BMT-də çıxış etmək üçün New Yorka getməmişdən əvvəl Central Parkda çadır qurmaq istəyinə isə mənfi cavab verilmişdir.

Qəddafi 2004-cü ildə Tony Blair, 2007-ci ildə Nicolas Sarkozy, 2008-ci ildə Condoleezza Ricelə görüşüb.

Qəddafi 2008-ci ildə iyul ayında İtalyanın L'aquila şəhərində keçirilən «G-8»ə dəvət edilib.
XS
SM
MD
LG