Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:46

Qəddafiyə sadiq silahlılar yenə üsyançılara atəş açdı


Liviya lideri Müəmmər Qəddafiyə sadiq silahlılar paytaxt Tripolidə etirazçılara atəş açıblar.

Şahidlərin dediyinə görə, 4 nəfər öldürülüb.

Fevralın 25-də yüzlərlə paytaxt sakini cümə namazından sonra məscidlərdən küçələrə axışıb.

Baxmayaraq ki bunun qarşısını almaq üçün Qəddafiyə sadiq silahlılar, qoluna yaşıl sarğı bağlamış gənclər bir çox məscidlərin ətrafında, yollarda postlar qurmuşdular.

Etirazçılar Qəddafinin hakimiyyətdən getməsini tələb edirlər

Onlar şəhərin mərkəzinə yaxın yerləşən Yaşıl meydanda və şəhərin kasıb məhəllələrində toplaşmağa cəhd ediblər.

Amma binaların damlarında və küçələrdə onları gözləyən silahlılarla üz-üzə gəliblər.

Maşınlarla küçələri gəzən silahlılar nümayişçilərə atəş açıblar.

Bu, Qəddafi əleyhdarlarının son günlərdə ilk dəfə böyük nümayiş keçirmək cəhdi idi.

Bu həftənin əvvəli Tripolidə keçirilmiş nümayiş qan içində boğulmuş, onlarla adam öldürülmüşdü.

Tripoli indi Qəddafi rejiminin nəzarət etdiyi azsaylı ərazilərdəndir.

Ölkənin böyük hissəsi üsyançıların əlindədir

Fevralın 24-də Qəddafiyə sadiq qüvvələrin paytaxta yaxın Zaviya və Misrata şəhərlərini geri almaq cəhdləri iflasa uğrayıb.

Bu döyüşlərdə 30-can adam ölüb.

Seyf-əl-İslam
Fevralın 25-də minlərlə insan ölkənin şərqində yerləşən Benqazi şəhərində mitinq keçirərək Qəddafinin istefasını tələb ediblər.

Bu arada M.Qəddafinin oğlu Seyf-əl-İslam CNN Türk kanalına deyib ki, onlar üsyançılara müqaviməti davam etdirəcəklər:

“Mənim A planım Liviyada yaşayıb Liviyada ölməkdir. Mənim B planım Liviyada yaşayıb Liviyada ölməkdir. Mənim C planım Liviyada yaşayıb Liviyada ölməkdir”.

Liviya hakimiyyəti fevralın 25-də ölkə əhalisinə pul və ərzaq yardımları edilməsi haqda qərarını açıqlayıb.

Amma bu, çətin ki üsyançılara dəstəyin azalması ilə nəticələnsin.

Beynəlxalq aləm də Liviya liderinə təzyiqləri artırır

Avropa Birliyinin müdafiə nazirləri də fevralın 25-də Macarıstanda toplaşıb Liviya məsələsini müzakirə etməlidirlər.

Birliyin xarici siyasət idarəsinin rəhbəri Katrin Aşton deyib ki, nazirlər Liviya liderlərinə qarşı müəyyən addımları, viza qadağası, hesab dondurulması kimi məsələləri müzakirə edəcəklər.

Türkiyədə səfərdə olan Fransa prezidenti Nikola Sarkozi isə deyib ki, Qəddafi qüvvələrinin törətdikləri cəzasız qalmamalıdır və Qəddafi istefa verməlidir.

Benqazidə etirazlar
Amerika prezidenti Obama isə Britaniyanın baş naziri Devid Kameron və Fransa prezidenti Sarkoziyə telefon açıb.

Onlar Liviya ilə bağlı addımları əlaqələndirmək qərarına gəliblər.

Fevralın 25-də BMT-nin Təhlükəsizlik Şurası toplaşıb Liviya məsələsini müzakirə etməlidir.

Britaniya və Fransa Liviyaya sanksiyaların qoyulmasını təklif edirlər.
XS
SM
MD
LG