Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:51

«11 mart sırf xalq layihəsidir»


Bir neçə gündür «Facebook» sosial şəbəkəsində «11 mart – Böyük xalq günü» adlı qrup yaradılıb.

Qrupun təşəbbüsü barədə 20 mindən çox aktiv «Facebook» istifadəçisi məlumatlandırılıb.

Qrup yaradıcısı, Avropa Azərbaycanlıları Demokratiya uğrunda təşkilatının təsisçisi, hazırda Fransada yaşayan Elnur Məcidli deyir ki, qrupun yaradılmasında məqsəd kütləvi ümidsizliyi qırmaqdır:

«11 mart tarixi təsadüfi olaraq seçilib. Ancaq bu, eyni zamanda Mübarəkin istefa verməsindən 1 ay sonrakı zamandır. Cabbar Savalan 11 Fevralda insanları Azadlıq meydanına çağırdığı üçün cibinə nəşə atılaraq həbs edildi. 11 fevralda Cabbar həbsdə olarkən Misirdə bir diktatorun sonu gəldi».

E. Məcidli deyir ki, 11 mart günü planlaşdırılan konkret bir şey yoxdur, «tamamilə xalqın təşəbbüsüdür»:

«Azərbaycan xalqı, cəmiyyəti, fərdlər 11 martı özü necə görürsə o yöndə hərəkət edəcək. Bəlkə onlarla yüzlərlə fərqli aksiya, göstəri, etiraz olacaq, biri evindən bayraq asacaq, t-shirt geyinəcək, biri vərəqə yayacaq və s.».

«Qrup moderatorlarının hamısının xaricdə yaşaması təsadüfdürmü?» sualına E. Məcidlinin cavabı belə oldu ki, Azərbaycanda bir neçə nəfərə təklif olunsa da onlar imtina ediblər:

«Bir çox insan çəkinir, biz bu çəkingənlikləri qırmaq üçün daha cəsarətliləri qoyuruq.

Mən bu səhifəni Azərbaycanda ola-ola açsaydım bəlkə də həbs olunmuşdum. Ona görə Azərbaycandakıları başa düşə bilirəm».

Saytda qrupun yaradıcıları sırasında göstərilən Bəxtiyar Hacıyev Azərbaycanda yaşayır. O, layihənin sırf texniki məsələləri ilə məşğul olduğunu deyir.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı yerli mətbuata 11 martla bağlı çağırışların «radikal müxalifət partiyalarının mətbəxində hazırlanmış xüsusi layihə» olduğunu bildirib.

E. Məcidli isə bunu təkzib edib və tədbirin tarixi ilə bağlı müxalifət partiyalarının da tənqidi ilə qarşılaşdığını deyib.
XS
SM
MD
LG