Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:53

Ötənilki daşqın fəlakəti təkrarlana bilərmi?


Sabirabad rayonu. 8 may, 2010
Sabirabad rayonu. 8 may, 2010
“BİZ YENƏ NARAHATIQ”

Bunu keçən il daşqının ziyan vurduğu kəndlərdən birinin - Sabirabadın Balahəşimxanlı kəndinin sakini Sadətdin Həmidov deyir.

“Keçən il bizim kəndin sakinləri gecə-gündüz işləyib torpaq dolu kisələrlə bəndi bərkitmişdik. Amma bunun xeyri olmadı. Çayın suyu bizim kəndi, əkin sahələrimizi və otlaqlarımızı basdı.

Keçən ildən bu yana biz tərəfdə heç bir iş görülməyib. O bənd də elə yarılmış vəziyyətdə qalıb.

O vaxt qərar verilmişdi ki, bizim ərazidə qrunt suları bol olanda onları çıxarıb dənizə axıtmaq üçün köhnə nasos stansiyası yenidən qurulsun. Amma bu iş də yarımçıq qalıb”.


S.Həmidov deyir ki, əgər çayda suyun səviyyəsi keçən ilki kimi artsa, kənd yenə daşqından zərər görəcək.

“Onsuz da keçən ilki daşqın otlaqlarımızı yararsız hala salıb. Axır aylarda kənddə xeyli mal-qara ölüb.

Camaat məcburdur ki otu pulla alsın. O da baha. Aldıqları otu heyvana az-az verirlər, o da zəif düşür, xəstələnir, ölür".

YENİ DAŞQIN TƏHLÜKƏSİ VARMI?

Keçən ilki daşqınlardan sonra hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün milyonlarla dollar pul ayırıb.

Hətta daşqının evsiz qoyduğu bəzi ailələr üçün yeni qəsəbələr salınıb.

Amma hələ də kompensasiya ala bilməyən ailələr var

Elə fevralın 24-də Sabirabad və Saatlı rayonunun daşqından əziyyət çəkən bir qrup sakini məmurların onların problemlərini həll etməməsinə etiraz olaraq aksiya keçirməyə cəhd edib.

Amma bütün bunların fonunda bir sual yaranır.

Yaz gəlir və bu il eyni təbii fəlakət təkrarlana bilərmi? Və belə bir daşqının qarşısını almaq üçün yetərli tədbirlər görülübmü?

Ekologiya Nazirliyinin Milli Hidrometeorlogiya Departamentinin direktor əvəzi Rza Mahmudov Azadlıq Radiosuna verdiyi müsahibədə deyir ki, ötənilki daşqının təkrarlanmasına inanmır.

Sabirabadda daşqının dağıtdığı evlərdən biri.
“Belə fəlakətli daşqın o zaman olur ki, iki faktor üst-üstə düşür. Qış sərt keçir, dağlarda qar örtüyünün qalınlığı çox olur. Üstəlik də yazda davamlı yağışlar yağır və normal halda tədricən əriyən qar qısa müddətdə əriyərək çayların səviyyəsini artırıb məcrasından çıxarır.

Bu il qış keçən illə müqayisədə nisbətən mülayim keçib, bu isə o deməkdir ki, dağlardakı qarın bir hissəsi elə qışda da əriyir”.


FEVRALIN 28-DƏ MONİTORİNQ BAŞLAYIB

R.Mahmudov deyir ki, nazirliyin əməkdaşları fevralın 28-dən başlayaraq dağlarda qar örtüyünün ölçülməsi üçün monitorinqlərə başlayıblar və martın sonlarına yaxın onların əlində geniş analiz üçün məlumatlar olacaq.

“Amma artıq çayların səviyyəsi ilə bağlı məlumatlar müəyyən qədər nikbin olmağa əsas verir. Məsələn gəlin martın 2-ə olan məlumatları ötən ilin eyni gününə olan məlumatlarla müqayisə edək.

İndi Kür çayında səviyyə - 632 sm-dir, keçən il martın 2-də 649 sm. olmuşdu.

Keçən ilə nisbətən suyun səviyyəsi bu il aşağıdır.

Şirvanda bu səviyyə indi 528 sm-dir. Amma keçən il martın 2-də 569 sm. idi.

40 sm. böyük fərqdir. Salyanda səviyyə 466 sm-dir. Bir il qabaq – həmin gün yəni martın 2-də 590 sm. idi”.

Daşqının ziyan vurduğu Sabirabad rayonunun bir qrup sakini Bakıda Prezident Aparatı qarşısında. Onlar kompensasiya tələb edirlər. 20 iyul 2010

R.Mahmudov hesab edir ki, daşqına qarşı tədbirlər də lazımi səviyyədə aparılır.

Onun sözlərinə görə, nazirlik keçən il daşqınla bağlı xəbərdarlıq etsə də, bəzi başqa dövlət idarələri onların yox, öz proqnozlarını əsas götürmüşdülər.

“Amma ölkə rəhbərliyinin göstərişindən sonra bu il bütün dövlət idarələri bizim tövsiyələrimizi nəzərə alacaq və biz əlaqəli şəkildə işləyəcəyik”.


Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin (QHT- red.) rəhbəri Telman Zeynalov isə deyir ki, müstəqil ekoloqların daşqınlara qarşı mübarizənin nə səviyyədə getdiyini qiymətləndirməsi çox çətindir.

Onun sözlərinə görə, dövlət idarələri bu haqda ictimaiyyətə məlumat vermirlər:

Narahatlıq da belə şeylərə görə yaranır. İnsanlar bilməlidirlər ki, Kür lildən mütəmadi təmizlənirmi?

Sovet dövründə iki gəmi davamlı şəkildə bununla məşğul olurdu. İndi vəziyyət necədir – bilmirik.

Bundan başqa Mingəçevir və başqa su anbarlarında suyun səviyyəsi nə qədərdir? Bu haqda məlumat verilmir”.
XS
SM
MD
LG