Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:52

Əsər - YARADILMAYIB!..


Tənqidçi Elnarə Tofiqqızı bu məqaləsi ilə gənc yazar Kəramət Böyükçölün "Çöl" romanının Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Kəramət Böyükçölün «Çöl» romanı («Qanun» nəşriyyatı, 2010) özündə iki fərqli süjeti və mətni birləşdirən əsər olaraq diqqətçəkən formada qurulub: iki gənc yazıçı «avaraçılıqdan təngə gəlib» roman yazmaq qərarına gəlir və 1 il 6 ay 18 gündən sonra görüşüb əsərlərini bir-birinə oxuyur.

Beləliklə, oxucu bir romanda iki fərqli əsərlə tanışlıq imkanı qazanır.

Müəllifin «1 il 6 ay 18 gün» konkret vaxt seçimi təsadüfü deyil: bu müddət özündə iki «9 ay 9 gün»ü birləşdirir ki, bu da əsərin «körpə kimi» doğulması barədə mövcud olan ədəbi deyimə assosiyasiyadır.

K.Böyükçölün əsərini, simvollaşdırıdığı kimi, «yaradılmış» hesab etmək olarmı?

1. Əsərin strukturu

Birinci hissə 24 yarımbaşlığa bölünüb, ikinci hissə isə bölmələrə ayrılmayıb, «O,» adı altında verilib.

Birinci hissənin tərəkəmə həyatından bəhs etdiyini, tərəkəmələrin isə türk tayfalarının

"K.Böyükçöl «Çöl» romanında həddindən artıq ciddi və ağır bir mövzunu qələmə almağa cəhd göstərib. Cəsarətini və təfəkkürünü qiymətləndirməmək olmaz. Ancaq gənc ədəbi nəslin toxunmadığı və ya toxuna bilmədiyi tərəkəmə həyatına, milli-mənəvi və ilkin dünyagörüş təfəkkürümüzə bugundən boylanmaq üçün çoxsaylı müşahidələrlə bərabər, mövcud ədəbi nümunələrin, elmi mənbələrin mənimsənilməsi və yetişmiş bir qələm də tələb olunur. Müəllifin məlumatsızlığı, tərəkəmə dünyasının nüvəsində dayanan mifologi qatı görməməsi və təcrübəsizliyi təəssüf ki, əsərin yaradılmadığı qənaətini doğurur".

aparıcı kəsiminin (təkə, türkman, yomut, təkəli…) ümumiləşmiş adı olduğunu nəzərə alsaq, 24 bölməni 24 türk boyu ilə, mücərrədləşmiş «O,»-nu isə «atdan enən» türklərin yeni yaşam qayğılarına uyğun strukturlaşma kimi təsəvvür etmək olardı.

Birinci hissənin «Ustadnamə» adıyla başlaması da romanın köçəri həyatdan «Dastan» bağlandığı haqda ilkin təəssürat yaradır. Ancaq əsər boyu ilk təəssüratın aldadıcı olduğu qənaəti qətiləşir.

Əvvəlcə, birinci hissəyə aid mülahizələrimizi bölüşək.

2. Tərəkəmə həyatı

2.1. Böyük elatdan sosial zümrəyə

Tərəkəmə məfhumu özündə yaşam tərzi, dünyagörüş, inanc, adət-ənənə, xarakter, mifologiya, geyim özünəməxsusluğundan tutmuş yaradıcılığı, dünya mədəniyyətinə bəxş etdiyi kəşfləri, təbiətə münasibəti və s. saymaqla bitməyən böyük bir sistemi birləşdirir.

Romanda isə hazırda köçəri həyatı yaşayan və daha çox sosial zümrə kimi mövcud olan insanlar barədə məlumatlar toplanıb: təsvirlər bu aləmə heç bir aidiyyatı olmayan şəxsin müşahidə etdiyi tərəkəmə leksikonunu müdaxilə etmədən qələmə almaqla yekunlaşır.

Əsər adət-ənənələri təsvir etmir, minillərin üstündən aşıb gələn yaşam təcrübəsini canlandırmır, heç ənənələrin arxasında dayanan mifik dünyagörüş təsəvvürünü də yaratmağa cəhd göstərmir; müəllif, məsələn, balasını itirən qoyuna anası ölmüş quzunu «tələməyi» informasiya kimi çatdırır (Ç. 103) və yaxud xam dayçanı miniyə öyrətməyin «metod»unu (Ç. 104) nəql edir...

Bədii əsər informasiyanı təsvir etdiyi hadisənin daxilində daşımalıdır.

Sitat gətirilən «tələmək» ritualı «Köç» (M.Süleymanlı), xam dayçanın öyrədilməsi mərasimi isə «Qaçaq Kərəm» (F.Eyvazlı) romanlarında təsvir edilib. Məhz təsvir edilib, yaradılıb, süjetə uyğun həmin mərasimlər oxucuya göstərilib.

Hətta M.Süleymanlı «arzum yerinə yetərsə, başımdakı bu papağı balasız qoyuna tələyəcəm» deyə «deyin» edən (and içən) və bu mərasimi keçirən tərəkəmə obrazını yaradıb və «tələmək» inancının arxasında mifoloji dünyagörüş təfəkkürü təqdim edilib.

Tərəkəmə həyatıyla bağlı ədəbi nümunələrdə «tələmək» mərasiminin bir yox, bir neçə formasına rast gəlinir ki, K.Böyükçöl bunlardan yalnız biri haqda xəbər verib və təəssüf ki, «tələmək» mərasimi üstündə konkretləşdirdiyimiz bu tip məlumatlar informasiya saytlarından alınan xəbər təəssüratından o tərəfə keçmir.

2.2. İnanc sistemi və mifologiya

Müəllif təbiət hadisələrinə münasibətdə ilkin təfəkkürlə bağlı hazırda yaşayan rəmzlər haqda adi informasiya belə vermir.

Məsələn, tərəkəmələrin bolluq arzuları və «yağış yağdırma» inancı böyük tarixə malik bir mərasimdir. «Yağmur daşı» («Yada daşı») qədim türk inanc sisteminin hazırda tərəkəmə həyatında yaşayan ən geniş yayılmış ənənələrindən biridir.

Bu həyat fəlsəfəsini təsvir etmədən, mifoloji bağlarını göstərmədən tərəkəmələr haqda təsəvvür yaratmağa nail olmaq mümkün deyil.

K.Böyükçöl tərəkəmələrin zamana, vaxta münasibətini çox uğurlu şəkildə ifadə edir: «döl vaxtı», «köç vaxtı» və s.

Ancaq köç və döl mərasimlərini vermir, tərəkəmələrin qurda münasibətinə ümumiyyətlə, toxunmur.

Halbuki sürüdən ayrılıb çöldə qalan hər hansı heyvana görə «qurd ağzı bağlamaq» tərəkəmələrin gündəlik həyatının az qala tərkib hissəsidir.

Ümumiyyətlə, qurdun «sürünü bölməsi» və «heyvan çalması» deyimiylə biçimlənən iki fərqli hadisəyə klassik tərəkəmə yanaşmaları var: birinci Tanrı lənəti, ikinci «qurdun ruzisi»dir ki, şərti olaraq ikiyə ayırdığımız bu tərəkəmə-qurd münasibətləri, «yırtıcı və totem» modelinin yaşam reallıqları əsərdə yoxdur.

Müqayisə üçün Çingiz Aytmatov yaradıcılığını götürmək olar: insan ziyanverici qurdu öldürür, basdırır, amma zaman keçdikcə ətrafdakılar bu daş yığınını və ortasındakı qurumuş ağacı «azar-bezar» düyünlənən, xəstələrə şəfa verən ziyarətgaha çevirirlər; digər tərəfdən, Tanrı lənəti Ağbörənin intiqamı ilə gerçəkləşir və totem də, əski inanc da, yırtıcıya münasibət də bir süjetdə birləşir («Qiyamət»).

2.3. Adət-ənənələr

«Çöl» romanında yalnız toy haqda bir qədər geniş bilgi almaq olur. Babanın öz toyundan danışması, «Adı Şirin toy eləyir, bu gün əvvəlidir, sabah axırı» (s, 34) kimi biçimlənmiş mərasim dəvətiylə başlayır.

Şirin kişinin Həsrət Hüseynovla mərci (yamaca yayılmış sürünü zurnanın səsi ilə geri qaytararsa, ona erkək bağışlayacağı) və ikincinin mərci udması da (s., 35) təbiətə bağlı bir insanın qeyri-adi saydığı musiqiyə, alətə və ifaçıya şüuraltı inamının göstəricisi kimi olduqca maraqlıdır.

Təəssüf ki, «babanın toy xatirəsi» genişləndirilməyib və müəllif «Toy, molla və ərəb dilində söyüş» bölməsində (s., 95) yenidən qayıtdığı bu mərasim barədə yenə də ətraflı bilgi verməyib.

Hazırda «düyün»ün sinonimi kimi çıxış edən toy, heç də nikah mərasimi deyildir, min illərdir icra olunan dini-mifoloji ritualdır. «Kitabi-Dədə Qorqud» dastanı bu ayin barədə müfəssəl bilgi almağa kifayət edir.

Toyun düyünlə birləşməsi daha çox 15-ci əsrdən sonraya aiddir və Səfəviliklə birbaşa bağlıdır.

Təsadüfü deyil ki, nikah mərasiminə «dügün»lə bərabər «toy» deyilməsi yalnız Azərbaycan türkləri arasında geniş yayılıb və toy ritualının böyük ənənələri də hazırda yalnız tərəkəmə düyünlərində yaşadılır.

Tərəkəmə həyatının təsvirlərini qayəyə çevirən «Çöl» romanında toy öncəsi heyvankəsmə, şax bəzəmə, xonça götürmə və s. təsvir, heç olmasa, nəql edilə bilərdi.

Təkcə «şax bəzəmə» ənənəsi ailəyə ruzi-bərəkət gətirən «Həyat ağacı»nın simvolu olaraq yaşayan mifik düşüncənin tərəkəmə məişətindəki şəklidir. Xatırladaq ki, bu ənənə yeni təqvim ilində şam ağacının bəzədilməsi ənənəsindən çox qədimdir.

3. «Dastan»a anormal münasibət

3.1. «Koroğlunamə»

Romanın bir bölməsini «Koroğlunamə» adlandıran müəllif bütövlükdə «Koroğlu» dastanının yeni, tərəkəmələrin dilindən, amma öz düşüncəsinə uyğun versiyasını yaratmaq və yumoristik improvizələr etməklə əsərin içərisində böyük bir süjet şaxələndirib.

Koroğlu və dəlilərini müasir həyata daşıyan K.Böyükçöl dünyanın iqtisadi maraqlar üstündə bərqərar olan qlobal siyasi oyunlarına öz bildiyi kimi reaksiya verib, qəhrəmanının dünya liderləri ilə apardığı «bazarlaşmaları» qələmə alıb.

Təhkiyəçinin «Koroğlu» dastanından oxuduğu hər qola görə çobanlardan bir qoyun almasından və nəticədə 17 qoyuna sahib olmasından (s., 21) görünür ki, müəllifin Dastan haqda məlumatı yalnız M.H.Təhmasibin tərtib etdiyi kitabla məhdudlaşır.

Kitab bitdikdən sonra isə «Koroğlu»nun tərəkəmələr içərisində yenidən doğulması və ömrünü davam etdirməsi başlayır: «avam və savadsız» çöl adamları qlobal iqtisadi-siyasi aləmdə öz qəhrəmanlarının timsalında iştirakçıya çevrilirlər və s.

Hiss olunur ki, müəllif «Koroğlu» və «koroğluluq» haqda heç bir bilgiyə malik deyil: bildiyi yalnız «Koroğlu»nun tərəkəmələrin (türklərin) şifahi yaradıcılıq nümunəsi olmasıdır.

Bu prizmadan yanaşdıqda, əlbəttə ki, «Koroğlu»nun niyə də tərəkəmələr içərisində müasir versiyası olmamalıdır və «bəlkə, kitab öldürdü Koroğlunu, kitab onu böyüməyə qoymadı» (s., 117) sualı məntiqli görünür.

Amma məsələ ondadır ki, müəllif tərəkəmə həyatına necə yanaşıbsa, onu üzdən, səthi olaraq necə qəbul edibsə, «Koroğlu»ya münasibəti də elədir.

3.2. Koroğlu kimdir?

«Koroğlu» dastanının hazırda bir neçə versiyası var:

Dastanının Təbriz variantı (Gürcüstanın Kekelidze adına Əlyazmalar İnstitutunun arxivində saxlandığı üçün həm də «Tiflis nüsxəsi» kimi tanınır) hazırda ən qədim əlyazma sayılır.

Bu əlyazma 28 Məclisdən ibarətdir və həm Xodzko, həm də Azərbaycanda çox geniş yayılmış M.H.Təhmasib nəşrləri Tiflis nüsxəsinin natamam və ya təhrif olunmuş formasıdır.

Dastanın Təbriz variantı 2005-cı ildə transletirasiya edilərək ədəbi və elmi ictimaiyyətə təqdim olunub.

Təbriz dialektində olan bu variant Koroğlunun kimliyi haqda elmi fikir yürütmək üçün ən dəyərli mənbə sayılır.

Əvvəlcə Osmanlı imperiyasında, hərəkat başladıqdan sonra isə Osmanlı-Səfəvi sərhədlərində məskunlaşan və dövlət idarəetməsinə daxil olmadan müstəqil yaşayan «ələvi təkə-türkman»lar 1514-cü il Çaldıran döyüşünün və Sultan Səlimin fərqli-dini təriqətlərə hərbi müdaxiləsinin nəticəsi olaraq ilk dəfə 1518-ci ildə Şeyx Cəlalın başçılığı ilə üsyana qalxmış və bu silahlı müqavimət müxtəlif liderlərin rəhbərliyi ilə 150 ilə yaxın davam etmişdir.

Hərəkatın ilk rəhbərinin adıyla sonradan özlərinə həm də «cəlali» adını götürən təkə-türkmanların dini liderlərindən ən məşhuru isə Şah Abbas səfəvi dönəmində yaşamış «Təkə-Türkman Cəlali Koroğlu»dur.

Cəlali Koroğlu qədim türk fəlsəfi baxışlarını və dini inanc sistemini İslama gətirməklə xalqın qan yaddaşında yaşayan böyük ənənələrə yeni simada nəfəs verən və ona görə də türklər içərisində böyük coşqu ilə qarşılanan təriqətlərdən birinin cəsarətli rəhbəri kimi məşhurlaşmış, şəxsiyyəti mifləşdirilmişdir.

«Dastan»da təkə-türkmanların adət-ənənələri, dini inancları, düşüncələri, yaşam tərzləri, təriqət mərasimləri də əksini tapıb.

Müzakirə predmetindən yayınmamaq üçün bu qısaca bilgiylə kifayətlənmək məcburiyyətindəyik.

Yəni, Koroğlunun şifahi xalq qəhrəmanı kimi mifikləşdirilməsi, sonsuzluğu, ölümü və 19-cu əsrə qədər dastanlaşma mərhələsinin başa çatması təsadüfü deyil: hər birinin arxasında xalqın düşüncəsi, baxışları, dünyagörüşü, dini-ideoloji mübarizə təfəkkürü dayanır və «Koroğlu»nun müasirləşməməsinin, öz dövrünə və öz zamanına uyğun versiyalarının indi də işlək olmasının səbəbi budur: yazıçı hər şeydən əvvəl, yazdığı mövzunu dərindən mənimsəməyi bacarmalıdır.

Bu mənəvi dəyəri – «Koroğlu»nu yaradanların dili ilə onu yumoristik süjet səviyyəsinə endirmək təsvir edilən tərəkəmə dünyasını hiss etməməkdən irəli gəlir.

4. Tərəkəmə nəğmələri

«Çöl» romanında tərəkəmələrin ayama qoşması («Dəvəyıxan Hacı Cəfər» (s., 14), «Sumaxor Əvəz» (s., 35) və s.), şeir deməsi xatırladılır və yeri gəldikcə nümunələr də verilir. Bu parçalar içərisində:

«Mən gəlmişəm dana-buzoy bağlayam
Gəlməmişəm zulum-zulum ağlayam» (s., 14)


Və ya

«Zaman gedir qoynuna
Ağacı qoyur boynuna» (s., 94)


və s. diqqəti çəkir. Müəllif bayatılardan, nəğmələrdən də yeri gəldikcə uğurlu istifadə edib.

Ancaq hədəf bəlli olmadığından, bir çox məqamda məşhur şeirləri də qələmə alıb və bəzən təhriflərə yol verib.

Məsələn, Aşıq Əsəlgərin həyat yoldaşına (Anaxanım) yazdığı şeirin sonuncu, «Zibilin qapıda (?) çıxıbdı dizə/Külündən xəbərin varmı» (s., 44) misrasındakı «qapıda» artırmasının, məşhur xalq havasındakı, «Küsdürmüsən, gəl qadamı (?) al, gülüm» (s., 148) misrasında «könlümü» sözünü «qadamı» sözüylə əvəz etməsinin səbəbini və s. anlamaq olmur.

5. Dəyərlərimiz

«Koroğlu» kimi, xalqın dini-mənəvi dəyərlərindən biri də aşıq və aşıqlıqdır.

Kəramət Böyükçöl
Türk-tərəkəmə adət-ənənələri, deyim-duyumlarını, düşüncəsini ədəbiyyata gətirmək istəyən şəxsin hər iki dəyərə yanaşmasına təəccüblənməmək olmur.

Aşıq və saz – qədim türk Atasını (Qam/şamanı) Dədə, qamlama mərasimində müqəddəs qopuzu (Əcdad qam ruhunun daşıyıcısı) saz adıyla İslamda yenidən türk xalqına qaytaran, Koroğlunu yetişdirmiş böyük dini fəlsəfi hərəkatın – türk sufizminin məntiqi nəticəsidir.

«Şamaxıdan olan aşığı» fermaya gətirən və onu «qorxan», «üyüdən» (s., 210) kimi təsvir edən müəllifin nəyi ifadə etmək istədiyi bilinmir.

Əvvəla, Şirvan aşığının fermaya getməsi fiziki baxımdan mümkün deyil: saz-balaban-nağara-qoşanağara müştərəkliyi olmadan ifa çətinliyi bu məktəbin aşıq ansamblını çayxana, ferma, yemək-içmək məclislərindən sığortalayır.

İkinci, tərəkəmə düşüncəsi öz yetirdiyi və mədəniyyətə bəxş etdiyi, «sazı çiyninə salıb diyar-diyar gəzən, təbliğat aparan» aşığı elə qarşılayarmı? Söhbət təbii ki, istisnadan getmir…

Halbuki toy mərasimlərinə aşığın (və ya aşıqların) gəlişini təsvir etmək, dildə-ağızda deyilən ürfani deyişmələri əsərə gətirmək və türk-tərəkəmə mədəniyyətini qabartmaq daha məqsədəuyğun, canlı, real və əsərin ruhuna doğma olardı.

Elə «Koroğlu»dan oxuduğu məclislərə (qollara) görə xüsusi hörmət-izzətlə qarşılanan təhkiyəçinin təsvirini aşığın üstünə daşımaq və tərəkəmə mədəniyyətini qələmə almaq da müəllifin yazı imkanlarından kənarda deyildi.

6. İzahlı lüğət

Romanın bir yerində «Narın məktəbə getsəydi, indi 6-da oxuyardı, mən doqquzdayam» (s., 43) deyilirsə, az sonra təhkiyəçinin Narından 9 yaş böyük olduğunu (s., 79) oxuyuruq.

Bu, xırda yanlışlıq sayılsa da, Təhkiyəçi (Kərəm) – Narın sevgi xətti kimi keçdiyi üçün diqqəti cəlb edir. (Əlavə edək ki, təhkiyəçi haqda bilgi qaranlıq təqdim edilir: kitabın 21-ci səhifəsində təhkiyəçinin «Kərəm» olduğu qənaəti yaranır; «Xoruz saat və məktubda xoruz» bölməsində (s., 192) isə təhkiyəçi Kərəmdən (müəllif özü-özündən) 3-cü şəxsdə danışır).

«Çöl» romanında bir neçə bölmə, xüsusilə «Qarğa dili və partiya»da siyasi çalarlar və yaradılmasına təşəbbüs göstərilən partiyanın qısaldılmış yazılışının (abreviaturasının) mövcud partiya adına assosiasiya doğurması; «Atəşkəs pozulub» və «Müharibə gərək işləsin»də hərbi-siyasi mülahizələr və müharibə haqda fikirlər yardımçı süjet deyil, publisistik yanaşmadır.

Bu sıraya bir-iki bölməni də əlavə etmək olar.

Koroğlu haqda düşüncələrimizi də bölüşdüyümüzdən, bu bölmələri də çıxmaqla qırıq-qırıq xatirələr üstündə qurulan digər bölmələrlə birlikdə birinci fəsli tərəkəmə həyatından bəhs edən roman yox, izahlı lüğət saymaq olar.

7. O,

Birinci hissədən fərqli olaraq, ikinci hissə vahid süjet xətinə malikdir: kənddəki eyibləri, əxlaq çatışmazlığını illərlə gizləyən 500 illik çinar ağacı yıxılır və kənd çinarın yıxılmasıyla bəlaya tuş gəlir: sonsuzluq yayılır, əhali xəstəlik tapır və kənd məhv olur.

Kəndin məhvinə səbəb olan amillər sırasında yabançı sivilizasiyanın gəlişi əsas olaraq göstərilir.

Təəssüf ki, burada da müəllif təcrübəsizliyi öz sözünü deyib. Əslində, «Göyçəyin nənəsi» və yaxud Yetər, nənə obrazları deyil; sadəcə, onların simasında hər kəsin günahkar olduğu göstərilir.

Sadıq kişinin «Yetəri də biz yetişdirdik» (s., 260) sözü və həmçinin haramla tikilən məscidin çökməsi əsərin qayəsini təşkil edir.

Ancaq müəllifin haram fonunda əxlaqsızlığı qabartması və yaxud haram deyəndə yalnız əxlaqsızlığı təsəvvür etməsi əsərin bədii dəyərini azaldıb.

Halbuki seçicilərin səsini pula satması, Məhərin yığdıqlarının karına gəlməməsi xətlərini daha üstə çıxarmaq (s., 273), heç olmasa, digər xətlərlə balanslaşdırmaq mümkün idi.

8. Dili

Əsərdə bənzətmələr, epitetlər, metaforalar… çox uğurludur. Müəllifin canlı danışığa bələd olması hər cümləsində hiss olunur; Fikrini aydın və axıcı ifadə etməyi bacarır və bu, K.Böyükçölün perspektivi haqda nikbin təsəvvür yaradır.

Ancaq «Çöl» romanının dilinin mükəmməl olması barədə fikir yürütmək olmaz.

Çünki müəllif təhkiyəçi və obrazların dilində çoxsaylı əcnəbi sözlərdən istifadə edib.

Əcnəbi sözlərin şəklini dəyişmiş və dialektə salınmış formada təqdim edilməsini yaradılan obrazın cizgilərinin tamamlanması istəyi ilə izah etmək mümkün deyil.

Ona görə ki, müəllif-təhkiyəçinin dilində «Tarqovı» (s., 5), «peç» (s., 16), «sort» (s., 29), «traktoris» (s.,85) və s. sözlər işləndiyi kimi, obrazların da dialoqunda «əyalət insanına» və ya tərəkəmə adamına xarakterik olmayan ifadələrə rast gəlmək olur. İnanırıq ki, bu cür yersiz sözlərin işlənməsi üslub qüsurudur və yazıçının təfəkkür dili deyil.

9. Nəticə

K.Böyükçöl «Çöl» romanında həddindən artıq ciddi və ağır bir mövzunu qələmə almağa cəhd göstərib.

Cəsarətini və təfəkkürünü qiymətləndirməmək olmaz. Ancaq gənc ədəbi nəslin toxunmadığı və ya toxuna bilmədiyi tərəkəmə həyatına, milli-mənəvi və ilkin dünyagörüş təfəkkürümüzə bugundən boylanmaq üçün çoxsaylı müşahidələrlə bərabər, mövcud ədəbi nümunələrin, elmi mənbələrin mənimsənilməsi və yetişmiş bir qələm də tələb olunur.

Müəllifin məlumatsızlığı, tərəkəmə dünyasının nüvəsində dayanan mifologi qatı görməməsi və təcrübəsizliyi təəssüf ki, əsərin yaradılmadığı qənaətini doğurur.

Həmçinin oxu
C.Yusifli. Son zamanlar ard-arda nəşr edilən nəsr əsərləri içində ən uğurlusu
Nərmin Kamal. Tərəkəmə çölünün kitabı
Kəramət Böyükçöl "Çöl" (Romandan parça)
XS
SM
MD
LG