Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:50

Liviyaya xarici hərbi müdaxilə ehtimalı güclənir


Qaddafinin hakimiyyətinə son qoyulmasını tələb edən silahlı vətəndaşlar, 2 mart 2011
Qaddafinin hakimiyyətinə son qoyulmasını tələb edən silahlı vətəndaşlar, 2 mart 2011

Liviya lideri Muammar Qaddafi getdikcə daha yaxşı təşkilatlanan və özünə inamı artan silahlı vətəndaş qrupları ilə üz-üzə qalıb. Amma hərbi ekspertlər silahlı müxalifətin uğur əldə edəcəyinə o qədər də inanamırlar.

Onlar xəbərdarlıq edirlər ki, tərəflərdən hansısa sürətli qələbə qazanmasa, Liviya uzunmüddətli vətəndaş müharibəsi yaşaya bilər.

Münaqiışə ətrafında beynəlxalq diplomatik fəallıq getdikcə artır. Ərəb Liqasının Baş katibi Amir Musa bildirib ki, Venesuela prezidenti Hugo Chavesin Liviya böhranı ilə bağlı təklifi nəzərdən keçirilib.

Al Jazeera televiziyasının məlumatına görə Qaddafi və Musa həmin planı razılaşdırıblar. Chavesin planına görə isə Latın Amerikası, Avropa və Yaxın Şərqdən olan təmsilçilərdən ibarət bir komissiya yaradılmalı, həmin komissiya Liviyada böhranın aradan qaldırılmasına dair danışıqlara vasitəçilik etməlidir.

Amma Liviyanın şərqinə nəzarət edən müxalifət qüvvələri Qaddafi rejiminin hakimiyyətdən getməsindən başqa, hər hansı mövzuda danışıqlardan imtina edirlər.

Xaricdən də Qaddafi rejimi nümayəndələrinə təzyiqlər artıq. Beynəlxqlq Məhkəmədən bildiriblər ki, onun komandasının ən azı 15 üzvünə qarşı insanlıq əleyhinə cinayət törətmək ittihamı ilə istintaq başlaya bilər. Bu Məhkəmə Liviyada həlak olanların sayının 600 nəfərdən bir neçə min nəfərə qədər ola biləcəyini ehtimal edir.

Ağ Evin sözçüsü Jay Carney də bildirib ki, ABŞ Beynəlxalq Məhkəmənin araşdırmalarına kömək edə bilər:

- Liviyada baş verənlərin araşdırılmasında Beynəlxalq Məhkəməyə kömək edə bilmək üçün biz bütün əlaqələrimizdən istifadə edərək vəziyyəti yaxından izləyirik. İnsan haqları pozuntularına və vətəndaşalra qarşı vəhşilıiklərə yol verənlərin məsuliyyətə cəlb edilməsinə kömək etməyə çalışırıq.

Liviya müxalifəti Qaddafinin onlara hava hücumlarının və Afrika ölkələrindən muzdlu əsgərlər gətirməsinin qarşısının alınması üçün ölkə üzərindən uçuşların qadağan edilməsini xahiş edirlər. Amma Liviya üzərindən uçuşların qadağan edilməsinə dair BMT Təhülkəsizlik Şurasının qətnaməsinin qəbul edilməsinə ABŞ o qədər də meylli görünmür.
Həmçinin oxu:

ABŞ-ın Müdafiə naziri Robert Gates dünən Vaşinqtonda Konqresdə keçirilən dinləmələrdə bildirib ki, Liviya üzərindən uçuşların qadağan edilməsi üçün bu ölkənin hava hücumundan müdafiə sistemlərinin dağıdılması lazımdır:

- Uçuşlara qadağa zonası Liviyanın hava hücumundan müdafiə sistemlərinin dağıdılması ilə mümkündür. Yalnız bundan sonra bizimkilərin vurulub salınmasından çəkinmədən həmin ölkənin üzərindən uçmaq olar.

Nazir bildirib ki, Liviya üzərindən uçuşlarında qadağan edilməsi üçün çox sayda təyyarələr lazımdır. Yəni, bu, Liviya kimi ərazisi böyük olan bir ölkədə iri böyük bir hərbi əməliyyat olmalıdır.

Ağ Evin sözçüsü Jay Carney isə bildirib ki, Liviya üzərindən uçuşların qadağan edilməsi nə qədər mürəkkəb proses olsa da, bu o demək deyil ki, həmin variant istisnadır.

Londondan da bildiriblər ki, uçuşların qadağan edilməsinə BMT-nin qətnaməsinin qəbul edilməsi o qədər də zəruri deyil.

Fransanın Xarici İşlər naziri Alain Juppe isə BMT-nin mandatı olmadan Qaddafi rejiminə hərbi təzyiqin istisna olduğunu deyib. Onun fikrincə, NATO-nun Liviyaya müdaxiləsi ərəb ictimai rəyində olduqca pis əks-təsir yaradardı.

Almaniyanın Xarici İşlər naziri də fransalı həmkarının fikirlərinə bənzər bəyant verib. O deyib ki, uçuşların qadağan edilməsi daha çox nəzəri məsələdir, onun reallaşdırılması olduqca çətin işdir. Onun BMT-nin qərarlarından kənar icrası ağlagəlməzdir.

Hər halda, ABŞ artıq özünün hərbi donanmasını və hava qüvvələrini Liviya sərhədlərinə doğru yaxınlaşdırıb, Qaddafinin dərhal hakimiyyətdən getməsini tələb edir.

Liviya lideri Muammar Qaddafi isə dünən televiziya ilə çıxışında ölkəsinə mümkün xarici hərbi müdaxilə olarsa, minlərlə liviyalının həlak olacağı barədə xəbərdarlıq edib. O deyib ki, əgər ABŞ, ya da NATO əsgərləri Liviyaya girsələr, “başqa bir Vyetnam müharibəsi başlayacaq.”

Qaddafi hesab edir ki, onun 42 illik hakimiyyətinə qarşı bir aya yaxındır davam edən üsyanı Al Qaeda terror qurumu təşkil edib.
XS
SM
MD
LG