Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:43

Fikrət Sadıq. Buğunnamə

















DÖRDLÜKLƏR

Dünya pisliyi görüb, niyə əlaman demir?
Yaxşıya yaxşı demir, yamana yaman demir.
Bir dəstə pullu adam nə istəsə eləyir,
Haqsızlığı xalq görür, bəs niyə zaman demir?

Yalandan həzz alanların dünyasıdır dünya - bu gün
Həqiqətdən irəlidir qara - qura röya - bu gün.
Olmayana var deyirlər, var olana yox deyirlər,
Yəqini yox eləyiblər, at oynadır guya - bugün.

Göydə - Gün, Ay, Ulduz - İşıq! Yerdə - ağac, daş, su - işıq!
Eşq də işıqdırsa, onda -- biz işıqdan doğulmuşuq.
Gördüyümüz bu aləmin işıqdır, oddur təməli,
Əqlin də cövhəri - işıq! Ondan ziyalı olmuşuq.

Bu dünya - nurlu bir duman içində,
O dünya - bəyaz bir güman içində.
Amma ümidini kəsmə, səbr elə,
Buğda dənəsi var saman içində.

Gəl bir də aç pəncərəni, dəli ürək!
Bu dünyanın işlərinə baxıb gülək.
Bu üzünü çox görmüşük, gəl, bir də aç!
Bu dəfə də o üzünü göstər, görək!

O, yarım - dost, yarım - şair, yarım - naşir.
Fağır bütöv olmaq üçün çox əlləşir.
Bütövlük bir tanrı payı, göydən gəlir,
Vecə gəlməz, yerdəki bu haray - həşir.

Çox qədimdən atılıbdı meydana - pul.
O zamandan papış tikir şeytana - pul.
Dadaş, bu gün ən çətin iş pulnan aşır,
Hökm eləyir insana pul, dövrana pul.

Əsli xar olanın nəsli xar olar,
Əsli - kökü olan bəxtiyar olar.
Anadan əvvəl - torpaq - Anadır!
Torpaq olan yerdə həyat var olar.

Torpaq - Vətən! Vətən - ulu, müqəddəs!
Bunu bilməlidir Vətəndə hər kəs.
Torpaq - Anayurddur! Anayçın - oğul
Ölümə atılsa, Anayurd ölməz!

Həzzi varsa, fani dünya bir az yaşamağa dəyər,
Bir az üçün, bir dağ boyda dərdi daşımağa dəyər.
Dağa - daşa, qar - yağışa, mehr - məhəbbətə uyub,
Şimşək olub da çaxmağa, sel kimi daşmağa dəyər.

Nə şahanə, Allahanə - uca dağdı - Baba dağı!
Bu yerlərin Məkkəsidi, pir - ocaqdı Baba dağı!
Baba kimi mehribandı, öz qaya qolları ilə
Başı üstünə qaldırıb, mənə baxdı - Baba dağı.

Allah, Allah! Bu dağ - dəniz, təbiət - nə gözəldir, ah!
Dərdin - qəmin öz yeri var, səadət - nə gözəldir, ah!
Kənddə yaşayanda adam hər şey üçün həsrət çəkir,
Şəhərdə "ah" çəkib deyir, doğma kənd nə gözəldir, ah!

Yaz gələndə düzdə güllər çoxalır,
Yay gələndə üzdə çillər çoxalır.
Payız gəlcək bağlarda bar - heyva, nar...
Çillələrdə acı - çillə çoxalır.

Bilirsənmi namaz qılan sağa - sola neçin baxır?
Sağda, solda yurddaş, dindaş, qohum - qardaş vardır axı!
İnsan hər namaz qılanda insanı sevmək öyrənir,
Hər rükətdə tövbə edir özü üçün yaşamağı.

Deyirlər gün gələcək, Əzrayıl da öləcək,
Ölüm saçan mələk də ölüm nədir -- biləcək.
Dünyanın axırıdır, Qiyamətdir - o son gün,
Dünyanı qurtarmaqçın o gün mütləq gələcək.

"Kifir al, əsil olsun, bədəsil gözəl alma!"
Bəxtnəndir, qurdlu çıxar bəzən ən gözəl alma.
Həyatda, məhəbbətdə, yaşamaqda tələsmə,
Yarpaq ol, sonra saral, əzəldən xəzəl olma!

Dilimdə bir söz bitib gənəşim, gənəşməyim?
Özüm də qoca, taqət yox, güləşim, güləşməyim?
Sahil uzaq, dəniz sərt, qayıq yorğun, yelkən yox,
Bilmirəm yad sahilə yanaşım, yanaşmayım?


VƏSİYYƏT

Mənim fəxri xiyabanım - qoy olsun balamın yanı.
Bəlkə bir də gördüm onu, orda bir kərə oyanıb.
Bu nagüman güman içrə, əriyərəm duman içrə,
Namərdəm, əgər bir də mən yada salsam bu Dünyanı.

Kor da baxıb görür ki, ikiüzlüdür Dünya.
Kar da eşidib - bilir, haçasözlüdür Dünya.
Lal heyrətdən qışqırır Dünyanı belə görcək,
Çolaq deyir, dur qaçaq, yaman tozludur Dünya.


EPİLOQ

Mən "Bugünnamə"ni bitirdim bu gün,
Bax, bu da son sözüm, bu da son düyün.
Ən adi sözlərdən eyham toxudum
Ali mətləbləri dərk etmək üçün.

Bakı 2007-2008.
XS
SM
MD
LG