Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:40

Şeir yazmaq cana ziyandır?


Arthur Rimbaud
Ölümdən, intihardan yazmayan şair çətin tapılar.

Gənc yaşlarında ölüm haqda düşünmək, hətta öz ölümü, ölümdən sonrakı həyatı haqda yazanlar da az deyil.

Amma məsələ heç də təsəvvürdə nəyinsə canlandırılması ilə bitmir.

ABŞ-dakı Kaliforniya Dövlət Universitetinin dosenti James Kaufman deyir ki, şairlər reallıqda da nasirlərə və dramaturqlara nisbətən az yaşayırlar.

Onun 2003-cü ildə yekunlaşdırdığı “Cost of the Muse: Poets Die Young” ("İlham pərisinin vurduğu ziyan: Şairlər cavan ölür") adlanan tədqiqatı riyazi dəqiqliklə faciəvi bir mənzərə cızır.

“Şairlərin ömrü daha qısadır. ümumilikdə isə yazarları uzunömürlü insanlar sırasına aid etmək olmaz”.

Ortalama rəqəmlər göstərir ki, şairlərin ömrü dramaturqların ömründən 1 il, nasirlərin ömründən 4 il, publisist yazarların ömründən isə 15-16 il qısa olur.

Kaufman öz araşdırmasında həm böyük bir zaman kəsimini, həm də böyük bir coğrafiyanı əhatə edib.

Araşdırmaya Şimali Amerikanın 1612-ci ildən, Çinin 1852-ci ildən, Türkiyənin 1343-cü ildən və şərqi Avropanın 1610-ci ildən sonra doğulmuş yazarları haqda faktlar cəlb edilib. Bunlar həm bədii, həm də publisistik əsəsrlərin müəllifləridir.

Tədqiqatçı hesab etmir ki, şair olmaq istəyənlərə "şeir yazmaq sağlamlığa ziyandır", "şairin öz ətrafında yaratdığı ölüm aurası ziyanlıdır" kimi məsləhətlər vermək lazımdır.

Amma ümid edir ki, onun ümumiləşdirmələri şair və psixiatrlara faydalı olacaq - onlar şeir yazmağın insanın fiziki və ruhi sağlamlığına yarada biləcəyi təhlükəni azaltmağın mümkün yolları haqda düşünəcəklər.

Bir çox böyük şairlər çox qısa bir ömür yaşayıblar, amma özlərindən sonra çox zəngin irs qoyublar. Aşağıda 40 yaşınadək ölən yazarların "10-luq"u verilib:

10. Stephen Crane, 29 yaşında ölüb.

Crane Amerikalı romançı, qısa hekayə yazarı, şairdir.

Yazıçının atası Jonathan Crane Metodist kilsəsində ruhani olub. Stephen ailədəki 14 uşaqdan ən kiçiyi idi.

Onun 1893-cü ildə yazdığı ilk kitabı - "Maggie: A Girl of the Streets" (Megi: Küçə qızı) əsərində gecəqonduda yaşayan qızların fahişəliyə yuvarlanması və nəhayətdə intihar etməsi təsvir edilir.

9. Anne Bronte 29 yaşında ölüb.

Anne Bronte ingilis yazıçısı və şairidir. O, Charlotte and Emily Bronte-nin bacısıdır.
"Agnes Grey" (1847) və "The Tenant of Wildfell Hall" (1848) əsərlərinin müəllifidir. Anne vərəmdan dünyasını dəyişib.

8. Denton Welch 33 yaşında ölüb.

Anne, Emili və Şarlotte Bronte
Denton Welch ingilis yazıçısı və rəssamı idi. O daha çox "Maiden Voyage" (1943) və "In Youth Is Pleasure" (1944) romanları ilə tanınır.

1935-ci ildə hələ məktəbdə oxuyarkən o, ağır velosiped qəzasına düşür və ömrünün sonunadək əlil qalır. Amma rəsm çəkməyə və yazmağa davam edir. O da vərəmdən ölüb.

7. Raymond Radiguet 20 yaşında ölüb.

Radiguet Fransa romançısı və şairi idi. 17 yaşındaykən “The Devil in the Flesh” adlı əsərini yazıb.

Bu mükəmməl əsər yeniyetmə sevgisinin unikal ifadəsi kimi qiymətləndirilir.

Gənc yaşlarında düşkün həyat tərzi və əyyaşlıq onun orqanizmini çökdürür. O. yatalaqdan ölür.

6. John Kennedy Toole 31 yaşında ölüb.

John Kennedy Toole New Orlean-dan olan amerikalı romançı idi. Ən çox tanınan romanı “A Confederacy of Dunces”dır. Toole’nın romanları onun yaşadığı dövrdə çap olunmamış qalıb.

İntiharından bir müddət sonra anası “A Confederacy of Dunces” əsərinin əlyazmasını yazıçı Walker Percy-ə gətirib, o isə kitabı çapa verib.

Ölümündən sonra - 1981-ci ildə o, Pulitzer Mükafatı ilə təltif edilib. Toole 1969-cu ilin martın 26-da intihar edib.

O, su şlanqının bir ucunu avtomobilin işlənmiş qazları xaric edən borusuna taxıb. o biri ucunu isə avtomobilin azca açılmış şüşəsindən kabinəyə salıb, bu yolla özünü maşının içində boğub.

Onun sui-qəsddən əvvəl yazdığı məktubu anası tərəfindən məhv edilib.

5. Thomas Chatterton 17 yaşında ölüb.

O, 18-ci əsr "Gothic" ədəbi dirçəlişinin öncül şairi, romantik yazar idi.

Chatterton demək olar ki acından ölüb. Yeməyə heç nəy olmasa da, dostlarının verdiyi ərzaqlardan imtina edib və 1770-ci il avqustun 24-də gecə zəhər içərək özünü öldürüb.

4. Alain-Fournier 27 yaşında ölüb.

Alain-Fournier fransız yazıçısıdır. “The Wanderer” əsərinin müəllifidir.

Bu əsəri onun xoşbəxt uşaqlığını əks etdirir.

Qəhrəmanı idealist, amma inandırıcı bir obraz idi.
Raymond Radiguet

3. Sylvia Plath 30 yaşında ölüb.

Sylvia Plath Amerikalı şair və yazıçı idi.

Plath ilk əsərini 8 yaşında çap etdirib.

O, bir çox ədəbi müsabiqələrin qalibi olub.

Yaradıcılıq uğurlarına baxmayaraq Plath ağır depressiyadan əziyyət çəkirdi. O hətta bir müddət ruhi xəstəxanada yatıb.

Plath 30 yaşında özünü dəm qazı ilə boğub.

2. Emily Bronte 30 yaşında ölüb.

Emily Bronte Ellis Bell təxəllüsü ilə yazıb. İngilis şairi və yazıçısıdır. Emily - Bronte bacılarının ən istedadlısı hesab edilirdi.

O da vərəmə düçar olaraq dünyasını dəyişib.

1. Arthur Rimbaud 37 yaşında ölüb.

Fransız şairi və səyyahıdır. Simvolizm cərəyanının tanınmış nümayəndəsi olub.

Onun yaradıcılığı müasir poeziyaya güclü təsir göstərib.

Hələ 15 yaşındaykən o, bir neçə mükafat qazanıb.

Amma Rimbaud 21 yaşında yazmağa son verir.

Afrikaya səyahətlərindən sonra dizində bədxassəli şiş əmələ gəlib və 37 yaşında Merseldə ölüb.
XS
SM
MD
LG