Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:39

Kinoteatra susamış gəncəlilər


Əvvəllər kinoteatrlara axın həddən artıq çox idi
Əvvəllər kinoteatrlara axın həddən artıq çox idi
Gəncədə uzun illərdir ki, bircə dənə də kinoteatr fəaliyyət göstərmir. Xüsusən orta və yaşlı nəslin nümayəndələri mədəniyyətin vacib hissəsi hesab etdikləri kütləvi kino məkanlara susadıqlarını deyirlər. Ən əsası odur ki, tənəzzül dövrü 20 ilə yaxınlaşan kinoteatrların hətta nə demək olmasını bilməyən yüzlərlə gənc var. Elə söhbətləşdiyim bir neçə gənc də kinoteatr anlayışını ancaq valideynlərinin danışıqlarına əsasən xatırlamağa çalışdı.

58 yaşlı Nadir Kərimov isə deyir ki, vaxtilə kinoteatr onun üçün həm mədəniyyət ocağı, həm də dost tanışlarla görüş məkanı olub:

«Əvvəllər kinoteatrlara axın həddən artıq çox idi. Şəhərdə 5-6 böyük kinoteatr var idi - «Nizami», «Bakı», «Smena» kinoteatrları, «Xronika» kinoklubu. Elə olurdu ki, gündə 4-5 seans göstərirdilər. Ən çox hind filmlərinə baxmağa gedirdik. Elə olurdu ki camaat saatlarla növbəyə durub bilet alırdı. İndi heç şəhərdə kinoteatrlar demək olar ki, yoxdur. Televizora baxmaq tamam başqadır, kinoteatrda baxmaq tamam başqa. Televizorda 5 dəqiqədən bir reklam salırlar».

KİNOTEATRLARA MARAĞI NƏ AZALDIR?


Ali məktəb müəllimi Mirzə Kazımov yeni texnologiyaların kinoteatrlara marağı da, elə tələbatı da azaltdığını düşünür:

«Gəncədəki kinoklublar pis vəziyyətdədir. Dövlət tərəfindən maliyyələşdirilir deyə, müasir tələblərə cavab vermir. Gənclər isə internet klublardan istifadə edirlər. Kimin ki, kompüteri var, internetdə kinolara baxır. Yaxşı olardı ki, klublarda kinolar verilsin. Gənclər və yaşlı adamların kinoteatra getməsinin böyük tərbiyəvi əhəmiyyəti var. Gənclər öz davranışlarına fikir verər. Dövlət tərəfindən bu sahəyə fikir verilsə, yaxşı olardı».

Gənclər və yaşlı adamların kinoteatra getməsinin böyük tərbiyəvi əhəmiyyəti var
Evdar qadın Manya Əliyeva:

«Kinoteatrlar olsa, yaxşı olardı, ailə ilə birgə gedib baxardıq. Evdə oturub tək baxırsan, orada kütlə ilə baxanda, xoş təəssürat yaranır. Müsbət enerji alırsan».

KİNOTEATR MƏDƏNİYYƏTİ


«Kamil» Vətəndaş Maarifləndirmə Mərkəzinin direktoru Həsən Həsənov digər müsahibimizdən fərqli olaraq hətta videolentlərin yaranmasının belə kinoteatrlara tələbatı azaltmadığını xatırladır. Bildirir ki, Qərb ölkələrinin təcrübəsi kinoteatrların gənclərdə birlik mədəniyyətinin formalaşdırdığını, o cümlədən onlarda psixoloji müsbət təsirləri yaratdığını təsdiqlədi:

«70-ci illərdə video ki, yarandı çox adamlarda belə bir təsəvvür yarandı ki, videoya maraq olandan sonra kinoteatrlar öz aktuallığını itirəcək. Amma müəyyən olundu ki, inkişaf etmiş Qərb ölkələrində kinoteatr bir mədəniyyət forması kimi qaldı. Filmə videoda baxmaqla kinoteatra baxmaq böyük fərqli effektlər verir. Ona görə də, bizdə bu sahənin itməsi təəssüf doğurur. Davamlı bir dövlət proqramı olmalıdır ki, bu kinoteatrlarımızı yenidən mədəniyyət mərkəzlərinə çevirsinlər».

İLDƏ CƏMİ 4 FİLM


Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin Kino-Video Birliyinin direktoru Nurəddin Babayev deyir ki, ölkədə kinoteatr tənəzzül edib, kino çəkən də yoxdur. Odur ki, kino mədəniyyətinin dirçəlməsinə ümid etmək çətindir:

Kinoteatrlar mədəniyyətimizin vacib atributlarındandır
«7 kinoteatr olub. Əvvəllər biz ayda 29 film alırdıq. İndi almırıq. Bu, pul faktoruna da bağlıdır. Bir film 4-5 milyona başa gəlir. 20 ildir kinoteatrlar təmir edilmir. Azərbaycanda kinonun vəziyyəti yaxşı deyil. İldə 4-5 film istehsal olunur. Xarici filmlər də tərcümə olunmur. Mədəniyyət Nazirliyi vəsait axtarıb tapmalıdır ki, kino çəkilsin. Respublika kino istehsal etsin ki, sonra kino göstərilsin».

GƏNCƏNİN MƏDƏNİ SƏVİYYƏSİ AŞAĞI DÜŞÜB


Kulturoloq Nüşabə Məmmədli deyir ki, kinoteatrlar mədəniyyətimizin vacib atributlarındandır. Bildirir ki, bu boşluq insanlarda psixoloji gərginlik yaradır, insanlar bəsitləşir, mədəni səviyyə aşağı düşür. Odur ki, kinoteatrların tezliklə fəaliyyəti bərpa edilməlidir. Başqa dillərdə kinoların nümayişinə münasibət bildirən kulturoloq onu da deyir ki, heç olmasa, bəzi sənət əsərlərinin digər dillərdə orijinal nümayişinə icazə verilməlidir:

«Mən onun tərəfdarı deyiləm ki, filmlər ancaq Azərbaycan dilində getməlidir. Əvvəla tərcümə çox bəsit olur. Mən rusca bilirəmsə, baxmalıyam, haqqımdır. Buna mane olmaq olmaz. Televiziyalarda ancaq teleseriallar göstərilir. Onlar da zövqü korlayırlar. Gənclər Meksika və Argentina filmlərindən ibrət götürürlər. Sənət əsərlərinə baxmalıdırlar. Olsun rusca, bunu nəyi pisdir ki, orijinalda baxmağın?»

KİNOTEATRLAR ÖZƏLLƏŞİB VƏ HEÇ BİRİ ÖZ PROFİLİ ÜZRƏ İŞLƏMİR

Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova AzadlıqRadiosuna bildirdi ki, kinoteatrların istifadəyə verilməsi barədə fikirləşirlər, ancaq cəmi bir – «Nizami» kinoteatrının kinosevərlər üçün hazırlanması layihəsi nəzərdə tutulur. Digər kino məkanlar isə özəlləşib və heç biri öz profili üzrə işləməyəcək.
XS
SM
MD
LG