Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:51

«11 Mart - Böyük Xalq günü» yazılan köynəklər cırılıb


Müxalifətin aksiyası, 31 iyul 2010
Müxalifətin aksiyası, 31 iyul 2010
Martın 9-u gecə daha bir gənc fəal polisə aparılıb. İki gənc isə 11 Martla bağlı şüar yazılmış köynəkləri mətbəədən götürərkən saxlanıb.

Polisə aparılan «NİDA» Vətəndaş Hərəkatının üzvü Orxan Bayramov AzadlıqRadiosuna deyib ki, ötən gecə saat 2 radələrində o, dostu ilə internet klubdan çıxarkən saxlanıb. Nərimanov rayon 18-ci polis bölməsinə aparılıblar. Onun dediyinə görə, harada yaşamaları, nə işlə məşğul olmaları ilə bağlı sorğu suala tutulublar:

«Bizi sorğu sual etdilər və dedilər ağıllı olun. Bizə bir qədər təzyiq də olundu. Qolumuzdan tutub itələdilər. Səhərə yaxın sərbəst buraxıldıq».

Orxan Bayramov deyir ki, o, martın 10-u səhərdən izləndiyini hiss edir.

18-ci polis bölməsindən isə gənclərin bu dediklərini nə təsdiq, nə də təkzib edirlər. Oradan bildiriblər ki, ötən gecə Nərimanov rayonu ərazisində bir neçə avtomobildən maqnitofon oğurlandığı üçün ola bilər, kimlərsə bölməyə gətirilib. Amma həmin şəxslərin kimliyi barədə heç nə deyilməyib.

Digər gənc fəal Fuad Hacıyev də dostu ilə birlikdə 11 Martla bağlı üzərində şüar olan köynəkləri mətbəədən götürüb apararkən saxlandıqlarını iddia edir. Onun dediyinə görə, Şəmsi Bədəlbəyli küçəsində yol gedərkən mülki geyimli şəxslər onları ağ rəngli «Niva» markalı avtomobilə mindirərək Binəqədiyə aparıblar:

«Bizi apardılar bir həyətə, əlimizdə sinəsinə «Tələbə, fəhlə, polis, zabit, siyasətçi, jurnalist, nə olursan ol, azad ol - 11 Mart Böyük Xalq günü» yazılmış 120 köynəyin hamısını bizi söyə-söyə cırdılar.

Fuad Hacıyev deyir ki, onlara hansısa sənədə imza atmaq tələb olunub, amma onlar bundan imtina ediblər. Bir müddət sonra isə sərbəst buraxılıblar.
XS
SM
MD
LG