Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:36

“Axundov kitabxanasından “Molla Nəsrəddin”in “podşifka”larını oğurlamışdım”


Lent.az-ın “Uşaqlığın son gecəsi” layihəsinin ilk qonağı yazıçı, millət vəkili Aqil Abbasdır.

... 8 uşaqlı ailənin ən böyüyü olub Aqil Abbas. Uşaqlığı və gəncliyi iki rayonda keçib: Ağcabədi və Ağdam. Birincisində doğulub, ikincisində böyüyüb.

Uşaqlığı və gəncliyi rahat keçib. Şərqşünaslıq məzunu, Nizaminin “Xəmsə”sini farsca əzbərdən bilən atası Məhəmməd dayı rayonda yaxşı vəzifələrdə işləyib.

Uzun illər Şərabçılıq Sovxozunun direktoru olub. Kasıbçılıq görməyib.



...Məni uşaq vaxtı qoç vurub. Heç vaxt yadımdan çıxmır. Hadisə yuxu kimi yadımdadır. 3 yaşıma düşüb, təxminən. Qoç necə vurubsa, arxamdakı tut ağacına dəymişəm. Hamı elə bilib ki, ölmüşəm, aparıblar xəstəxanaya. Allaha şükür, sağalmışam.

"Qoyun qığları ilə oyun oynayardıq”

... Uşaq vaxtı ən sevdiyi oyunlardan biri “Qığmərə” imiş. Dostları ilə çay qırağından topladıqları qoyun qığlarıyla oynayarmışlar.

...O gün gördüm ki, “Möhtəşəm Yüzyıl”da Sultan Süleyman həmin oyunu oynayır.


..Birinci sinfə Ağcabədinin Bayat kəndində getmişəm. Əmim uşaqları belində aparardı məni məktəbə".
Bir anlıq bizim “Qığmərə” yadıma düşdü. Amma təbii ki, Sultan qığla deyil, qiymətli daşlarla oynayırdı.

İndi tam yadımda deyil qaydaları. 6 kiçik çala qazırdıq, qoyurduq ora qığları.

Belə idi ki, bir qığ hamının qığını udmalıydı. Qığ əvəzinə pul da qoymaq olardı, amma hamı qoyun otarırdı deyə, qığdan oynayırdı uşaqlar.

...Balaca Aqil Abbasovgil qoyun saxlamazlarmış. Ziyalı ailəsində yaşayırmış. Amma həmişə əmisi uşaqları ilə birgə qoyun otarmağa getməyi sevərmiş.

Tezdən, o başdan qalxıb, yaylıma gedərmiş. Təbiətlə iç-içə olmağı sevərmiş. Ədəbiyyata meylinin səbəbini də burada axtarır.

Çox darıxır indi həmən yerlər üçün.

“Balaca qardaşım həmişə məni döyərdi”

...Birinci sinfə Ağcabədinin Bayat kəndində getmişəm. Əmim uşaqları belində aparardı məni məktəbə.

İndi fikirləşəndə görürəm ki, məktəb evimizə o qədər də uzaq deyilmiş. Amma o vaxtlar elə uzaq görünürdü ki...

8 yaşım olanda Ağcabədidən Ağdama köçdük. Ağdama köçəndə artıq evdə 8 uşaq idik: 5 bacı, 3 qardaş.

Bizim kəndlə Ağdamın arası 18, Ağcabədinin arası isə 32 kilometr idi.

Ona görə də, atam uşaqların məktəb məsələsinə görə, Ağcabədiyə nisbətən daha çox inkişaf eləmiş Ağdama köçməyə qərar vermişdi.

Yadımdadır, bizim kəndin camaatı bütün işlərini Ağdamda görərdi. Ağcabədini bəlkə də, həyatlarında iki dəfə görərdilər: bir pasport almağa, bir də əsgərliyə gedəndə.

Amma atam 1973-cü ilə qədər Ağcabədidə işlədi.

... Ağdamda oxuyub, yaşamaqlarına baxmayaraq, tətil günlərində həmişə Ağcabədiyə, doğma kəndlərinə gələrmiş.

Uşaq vaxtı evdə özündən iki yaş balaca qardaşı ilə tez-tez dalaşarmış. Həmişə də balaca qardaşına döyülərmiş.


...Məndən çox da güclü deyildi. Sadəcə, mən heç vaxt onu vura bilmirdim. O, məni vururdu, amma mən əl qaldıra bilmirdim ona.

Onun tarı var idi. Qoymurdu mən çalım. Hər dəfə də əlimə alanda ya simini qırırdım, ya da kökdən salırdım. O da buna görə döyürdü məni.

Hərdən də kinoya-filan baxmaq üstündə dalaşardıq. 25 yaşında rəhmətə getdi həmin qardaşım. Avtomobil qəzasına düşdü.

İçimizdə bəlkə də ən həyat dolu olan o idi. İnanırsan, 25 ildə bəlkə də bizlə bir dəfə də olsun, üz-üzə yemək yemədi o adam. Süfrədə oturanda əsəbiləşirdi.

Biri ağzın marçıldadır, biri dişin sümürürdü, o da belə şeylər görəndə dəli olurdu. Odu ki, həmişə bizdən ya qabaq, ya da sonra yeyərdi yeməyini.

...Evdə həmişə ən az pul ona - Aqil Abbasa verilib. Buna görə atasına heç vaxt narazılıq eləmədiyini deyir.

Kitablara başı o qədər qarışırmış ki, başqa məsələlərə pul və vaxt sərf eləməyə imkan olmurmuş. Evlərində heç vaxt içki içilməyib. Babası Kərbəlayi imiş.


“Atam toyumu həyətdən çöldə elədi”


Ağdam - işğaldan qabaq
...Hətta mənim toyumda belə, atam mağarı həyətdən çöldə qurdurdu ki, həyətə içki girməsin.

Qatı dindar-filan da deyildi atam. Sadəcə, içkini sevməzdi. Ömrü boyu da içmədi. Özü də təsəvvür elə ki, oğul, bu adam uzun illər Şərabçılıqla məşğul olan sovxoza rəhbərlik edib.

...İçkiyə nifrət edən atanın oğlu kimi Aqil Abbas, düz, 28 yaşına kimi ağzına içki vurmayıb. İnanmaq çətin olsa da, siqaretə də 35 yaşında başlayıb.


“İlk dəfə Qarabağ hadisələri başlayanda içdim”

...Qarabağ hadisələri başlayanda rayonda yaşamaq çox çətin idi. İnsanlar içirdilər ki, bir az fikirləri dağılsın, heç olmasa. Elə mən də o vaxtlar başladım içməyə.

Əsəbləri boşaltmaq üçün yüngülvarı içməyə başladım. Ümumi məclislərdə indi də içki içmirəm. Ancaq evdə, yaxın dostlarla bir məclisdə olanda içirəm.

...Anası oxuyub, yazmağı bilmirmiş. Orta məktəbi ikinci sinfə qədər oxuyubmuş.

...Amma həmişə bütün uşaqlarının dərsləri ilə bir-bir maraqlanardı. Hamıdan ayrı-ayrı soruşardı dərslərini oxuyub-oxumadıqlarını.


O vaxtı mənim qəzetlərdə çıxan ilk yazılarımı qardaşlarıma oxutdurub qulaq asardı, yadıma düşür.

Təsəvvür elə ki, oğul, özü oxuyub-yazmağı bilməyən anam mənim birinci sinifdən bu yana yazdığım bütün dəftərlərimi saxlayırmış. Bunu 10-cu sinifdə oxuyanda öyrənmişdim.

...Kinoya axşam seansına ilk dəfə 3-cü kursda oxuyanda gedib. Şəhərdən qonaqları gəlibmiş. Gediblər axşam seansına kinoya baxmağa.

...Atam bizi evə gec gəlməyə qoymurdu. Axşamlar kinoya-zada gedə bilmirdik. Bir də gördüm zalda kimsə gəzir, qohumuma dedim ki, yüz faiz atamdı o adam.

Durdum yaxınlaşdım.

Atam idi. Düz tapmışdım. “Ay oğul, bu saatda nə gəzirsən burda?” Amma deyəsən, əsas, qonaqdan narahat olmuşdu həmin gün.

Ağdam - işğaldan qabaq
Bizim rayonun cavanları həmişə Xankəndinə qaçardı. Atam deyirdi ki, bala, Xankəndinə getmə, getsən də çalış, ermənilərlə dalaşma.

Dalaşsan, döyülmə, döy, ölmə, öldür. Öldürsən də, çalış, Xankəndində tutmasınlar səni.

Qaç, gəl Ağdama, milis burda tutsun səni. Qalanı mənlikdi. Atamın qadağalarına ən çox mən riayət edirdim evdə. Yəqin, evin böyüyü kimi məsuliyyət hiss edirdim.

Təsəvvür elə, 45 yaşım olanda atam bir dəfə mənə dedi ki, eşitmişəm içki içirsən, dedim yox, dedi eşitmişəm axı içirsən, çalış içmə. İçəndə də özünə tay adamla iç.

Mənə deyirdi ki, siqaret çəkirsənsə, çalış, filan siqaretdən çək. Özü çəkən siqaretdən deyirdi. Guya onun ziyanı daha az idi.

“Elə bilirdim, anamı hirsləndirsəm, anam öləcək”


...Uşaqlıqda evdə ən tez yuxudan duran o imiş. Səhər 7-də qalxar, odun sobasını qalayar, çaydanı doldurub üstünə qoyar, 1 kilometr uzaqda yerləşən çörəkçidən çörək alıb, gələrmiş.

Çalışırmış anası yorulmasın, hirslənməsin. Erkən rəhmətə gedib anası. Cəmi 51 yaşında.


...Mən 6 yaşında olanda anam xəstələnmişdi. O vaxtı atam dedi ki, ananızı hirsləndirməyin, hirsləndirsəniz, öləcək.

Mən də həmişə çalışırdım ki, anam hirslənməsin. Amma o biri qardaşlarımın vecinə deyildi. Elə bilirdim ki, anamı hirsləndirsəm, öləcək.

...Amma anası döyürmüş məktəbli Aqili. Dərslərini həmişə 5-lə oxuyan Aqil 4 alan kimi evdə döyülmə günü imiş.


...Deyirdim, ay ana, camaatın uşağı 4 alanda ona hədiyyə-zad verirlər, sən məni döyürsən. Deyirdi, yox, sən niyə 4 alırsan, axı. Zəhmət çək, 5 al. Bir dənə 4 alan kimi, məktəbə çağırırdılar anamı. Ki bu uşaq niyə oxumur, niyə maraqlanmırsınız?! Təhsil sistemi çox gözəl idi o vaxtlar. O məktəblər bir də olmayacaq.

...Anası axırıncı dəfə ikinci kursda oxuyanda döyüb Aqil Abbası.

Ən çox da onu döyürmüş. Heç vaxt ərköyünlük eləməyib balaca qardaşlarından fərqli olaraq.

Oğurluq da edib Aqil Abbas. Uşaqlıqda da, gənclikdə də.


...Yaxşı qələm kolleksiyam var idi mənim. Bir dəfə bir sinif yoldaşımda qələm gördüm, dedim sat onu mənə. Satmadı. Mən də çantasından oğurladım.

Sabah da gətirdim 5 manat verdim ki, qələmi mən götürmüşəm, al, bu da pulu.

Kitab da oğurlamışam çoxlu. Bir dəfə dostum məni bir evə aparmışdı. Zəngin kitabxanası olan yəhudi evi idi. Kitablardan birini götürmək istədim, dostum imkan vermədi.

Gecə o yatanda kitabı götürüb həyətdə bir yerdə gizlədim. Tezdən də duranda qarnıma basıb apardım.

“Tehran Vəliyev kitabımı oğurladı”


...Tanınmış tərcüməçi Tehran Vəliyev isə onun kitabını oğurlayıbmış. Tələbə vaxtı bahalı bir kitab alıbmış.

Tehran Vəliyev, Mehman Cavadoğlu-filan da Aqil Abbasın kirayədə qaldığı evə gəlib-gedərmişlər.

Aqilin rayondan gətirdiyi, özünün içmədiyi çaxırlardan içməyə.


...Kitab da ensiklopedik kitabdır. Tehran kitabı istədi, vermədim. Gecə baxdım ki, kitab yoxdur. Ağlıma gəldi ki, Tehran yemək yemədi bizdə.

O da o vaxtı elə sənin kimi arıq oğlan idi. Sən demə, o yekəlikdə kitabı basıb qarnına özüylə aparıb.

Gecə durdum, mindim taksiyə, getdim Mehmangilə. Mehmanı da götürüb, getdim Tehranın evinə. Gecə saat 3-ə işləmiş-zad olardı, bəlkə də.

Qapını açdılar, baxdıq ki, Tehran məndən oğurladığı kitabı oxuyur. Nəysə, kitabı bir təhər aldım, gətirdim evə.

...Axundov kitabxanasından da kitab oğurlayıb. Özü də “Molla Nəsrəddin” jurnalının bütün “podşifka”sını.

Bir variantla çıxarıbmış onu kitabxanadan. Sonra aparıb qaytarıb, ancaq. Narahat olmayın, “podşifka”lar artıq yerindədir.


...Bir dəfə bir dostum “Molla Nəsrəddin”lə bağlı tədqiqat apardığını, lakin “podşivka”ların oğurlandığını dedi.

Dedim, gəl, verim sənə apar tədqiqatını, məndədir “podşifka”lar.

Mənə dedi ki, Aqil, bu, kitabxananın deyil axı, xalqın sərvətidir, sən xalqdan oğurlamısan bunu.

Mən bu sözdən sonra getdim kitabxananın direktoru ilə görüşdüm. Dedim, belə bir şey var, dedi, polis çağıracam-filan. Dedim, mən axı bunu gətirməyə də bilərdim. Ondan sonra polisə zəng eləmədi.

...Ən çox sevindiyi günlərdən biri pioner olduğu gündür. Yaxşı oxuyan uşaqların hamısı pioner olarmış. Komsomola isə çətinliklə keçib.

Yaşı çatmırmış. Bir qohumunun köməyilə birtəhər komsomol ola bilib. Deyir, o vaxtlar uşaqların hamısı pioner, komsomol olmaqla fəxr edirmişlər.


“Nə məktəb vaxtı, nə də tələbə vaxtı qızlarla gəzmişəm”

...Məktəbdə oxuyanda texniki fənləri gözəl bilirdim. İşıq lampalarından hazırladığım SSRİ xəritəsi respublikada birinci yerə, SSRİ-də isə 3-cü yerə çıxmışdı.

Ancaq o vaxtı mənə haqsızlıq elədilər, SSRİ olimpiadasına mənim hazırladığım işlə öz adamlarını göndərdilər.

Bununla belə, həmin mükafatdan sonra bizim rayonda – Ağdamda SSRİ-nin birbaşa maliyyəsiylə Gənc Texniklər Stansiyası yaradıldı. Mənim müəllimim də ora direktor təyin edildi.

...Uşaqlığından və gəncliyindən çox sevinclə, fəxrlə danışır Aqil Abbas. Tələbəlikdə görüşdüyü yazıçılardan ağızdolusu söhbət açır.

İndiki gənclərdən gileylənir ki, onlar öz zamanlarının dəyərli adamlarının əsl dəyərini bilmirlər.

...Nə məktəb vaxtı, nə də tələbə vaxtı qızlarla gəzmişəm.

Tələbəlik vaxtında da bizim maraq dairəmiz başqa idi.

Biz qızlarla vaxt keçirmək əvəzinə, Əkrəm Əylisli, Sabir Əhmədli, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Eldar Baxış və başqa böyük ədəbiyyatçılarımızla vaxt keçirməyi üstün tutdurduq.

...“İnsan bir dəfə sevir” söhbətinin mənasız olduğunu deyir. İnsan yüz dəfə də sevərmiş. Sevgidən danışmaq istəmir.

Deyir, o yaşımda deyiləm. Amma Sergey Yesenindən zarafatyana bir misra deməklə, hər şeyi deyir: “Məni çox qadınlar sevib, amma heç mən də az sevməmişəm”.


...İstisuda “Keti-Meti” dağı var. Məktəb vaxtında çıxıb onun təpəsinə ağ daşlarla 10 metr uzunluqda, yarım metr enində AQİL yazmışdım.

Rayondan çıxana qədər dağın başında qalırdı o yazı. Yəqin ki, elə indi də qalır. Görmək qismət olacaq bir gün.

Anar Gəraylı
XS
SM
MD
LG