Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:38

Rəbiqə Nazimqızı. Anam üçün... Şeirlər


Anam üçün


bilirəm, ən yaxşısını istəyirsən mənim üçün
məni qardaşlarım qədər sevirmişsən –
nə yazıq ki böyüyüncə anladım.
ya yalnız indi qisqanmıram onları sənə.

mən axmaq deyiləm, ana,
bilirəm, sən də yata bilmirsən gecələr
mən yataqda çevrildikcə.
internetdə səhifələri dolaşarkən
siçanın çıqqıltısından bilirsən necə darıxdığımı…
istəmirsən səhər işdə başım agrısın…
evə gec gəlməmə,
saatlarla telefonda rəfiqəmlə danışmama qarışırsan
bilirsən rahat deyiləm,
məni heç nə bağlamır həyata -
daha çox buna hirslənirsən…

yadımdadı ilk dəfə gündəliklərimi yandırmağım
15 yaşımda.
nə dediyini xatırlamıram
amma hələ onda
sənin bircə cümləndən anlamışdım
heç vaxt istədiyin kimi olmayacağımı…

hərdən güzəştə gedirdim sənə
amma heç nəyi sonadək bacarmadım –
musiqi məktəbini yarıda atdım,
iqtisadçı olmadım
bir müddət riyaziyyat öyrənsəm də…

daha məni heç nəyə məcbur eləmə, yaxşımı,
belə daha bədbəxt oluram…
hər dəfə ürəyim biz az da kiçilir
bir az da sınıram məğlub olanda…
mən sənə məğlub olmaq istəmirəm, ana…

taleyi biz yazmırıq,
yoxsa hamı kimi olmağı istərdim…
səhərlər işə getməyi,
axşam gəlib qızımla oynamağı.
gecələr vaxtında yatmağı…
adidən adi həyat yaşamağı
vallah, mən də istərdim, ana…

məni dəyişmək üçün,
bəlkə, bir təbəssümün yetərdi.
sonuncu dəfə nə vaxt gülümsəmisən mənə,
saçlarımı nə vaxt oxşamısan,
nə vaxt başımı sinənə söykəyib doyunca aglamışam, ana?
belə şey heç olmayıb…

ən dərdli şeirimi sənə yazmayacaqdım.
üzünə vurmayacaqdım heç nəyi.
amma deməliyəm,
sən yaxşı həkim deyilsən.
bilirsən agrıkəcilərə meyllim var -
məni yanlış yollarla sağaltmaq istəyirsən
xəstəni sağalmadığı üçün öldürməzlər, ANA…


Çərpələng

Uçurdun məni…
çox göyə qalxmağa
qoymadı külək…
Üzümə vurma,
səhvimi bilirəm -
yerə düşüb,
ayagına dolaşmayaydım gərək…


Su

kötüyün üstündə
qəlbimi açanda
bir stəkan su içdim…

ad günüm oldu
hədiyyədən sonra
su mütləqdi…
stəkan yox idi -
bir şüşədən içdik…

inciyəndə
kasıb vaxtımızdı
gözünün suyunu daddım…

aramızdan həmışə su keçirdi.
bircə ayrılanda
hirsimdən
şüşəni sındırdım…
su yox idi içməyə…

Bizimki.org
XS
SM
MD
LG