Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:56

Qan Turalı. Çiyələkli gecənin pornoqrafiyası


O qədər içmişdim ki, gecələr hakimiyyəti qeydsiz-şərtsiz ələ keçirən ağcaqanadların diktaturası mənə heç bir xəsər yetirmədi.

Totalitar rejim həmişə zaman alkaqolik və dəlilərə xətər yetirmir.

Günlər mənim üçün seks və içkidən ibarət idi. İçki, qadın, içki, qadın, içki, qadın..

Görülməli bir iş yox idi. 2008-ci ilə sayılı günlər qalırdı.

Əvvəllər qadınlara fövqəladə varlıq kimi baxırdım. Qadınları ələ keçirtmək, hələ bir onlarla yatmaq mənə Neronun Romanı yandırması qədər böyük və ağlasığmaz bir iş kimi görünürdü.

Sonralar hər şey adiləşdi. Hətta iyrəndim qadından. Tələbə olanda bir ev tanıyırdım. Orda 2 şirvan, 1 məmmədə qadınla olmaq olardı. İki şirvan qadının pulu idi, bir şirvan prezervativin.

Allah bilir qadının yanına neçənci gəlişim idi. Tələb çox, qiymət ucuz olanda təklifə ehtiyac qalmır.

Adam Smit, David Rikkardo ilə bir yerdə qələt eləyir. İki bakal NZS pivəsi içdiyimə görə qurtara bilmirdim.

Mən içəndə gec qurtarıram. Bəzən isə ümumiyyətlə qurtara bilmirəm.

Ona görə də bir gecədə ya içkidən, ya da qadından həzz ala bilərəm. İkisi bir yerdə olmur.

Mən bilən qumarbazlar da qumar gecələri içmir, içdikləri gecələri qumar oynamırlar. Amma istənilən halda boşalıram, ya prezervativin içinə, ya da unitaza. Situasiyadan asılıdır, bəzən qadının içinə, bəzən isə küçələrə boşala bilərəm.

Nəsə, fahişənin üstünə qalmışdıq. İşlər olduqca pis gedirdi. Fahişəm başını qaldırıb dedi ki, tez elə, o biri otaqda bozbaş yanır.

O vaxtdan sonra nə boşbaş yeyə bilirdim, nə də fahişə ilə ola.

Elə bilirdim ki, bozbaşın içindəki yağlar qadının içinə boşaltdığım kişi toxumlarıdır. “Kişi toxumları” sözünü “Min bir gecə ” nağıllarından götürmüşəm.

Bir qadını şərləmək üçün yatağına yumurtanın ağını tökürlər. Əri qadını öldürmək istəyir. Ora-bura, axırda müdrik bir adam çağırırlar.

O da yataqdan götürdüyün odda bişirib yeyir və deyir ki, bu kişi toxumu deyil. O vaxtlar sperm sözünün mənasını bilmirdim. Nəsə.

Ofisiant işlədiyim restoranda müştəriyə bozbaş aparanda ürəyim bulanırdı. Fahişələrlə yatmayacağım haqqında dostuma dedim. O, inanmadı. Düz də elədi.

Çünki elə bu söhbətdən iki gün sonra otağın qapısını kəsdirib mənim qurtarmağımı gözləməli oldu.

Özüm özümə inanmayandan sonra başqaları mənə necə inansın? Bozbaşa tətbiq etdiyim embarqo haqqında heç kimə heç nə deməmişdim.

Camaatın başı ANS-in “Meyxana şou”suna qarışmışdı. Heç kimi iyrəndirmək istəmirdim.

Giydirmə müğənnilərə bozbaş deyilməsi ümumiyyətlə məni bozbaşdan iyrəndirdi.

Bilmirəm, mənə elə gəlirdi, ya da doğrudan da belə idi, amma bu söhbətdən sonra tam qərara gəlmişdim ki, bozbaş müğənnilər ucuz fahişələrə oxşayır.

Amma indi fahişə qadınlarla demək olar ki, olmurdum. “Araz” şadlıq evində ofisiant işləyirdim. Bura ümidsizlikdən gəlmişdim.

İş tapmaq ümidim tükənmişdi. Müstəqil mətbuat getdikcə daha ağır vəziyyətə düşürdü. 14 il idi ki, qəzetlər eyni qiymətə satılırdı.

Axırda məcbur olub qiyməti qaldırdılar. Satışlar bir xeyli də aşağı düşdü. Qəzetlər öz yazarlarına qonarar verə bilmirdi.

Jurnalist tikintidə daş atan fəhlədən dəfələrlə az pul alırdı. Düzdür, fəhlələrin atdıqları daşların altında qaldıqları da olurdu.

Elə 2007-ci ilin avqust ayında Murtuza Muxtarov küçəsində tikintisi başa çatmamış uçan binanın altından Fövqəladə Hallar nazirliyinin əməkdaşları 25 meyid çıxartdılar.

Jurnalistlər daş altında qalmasalar da tez-tez onları tutub içəri basırdılar. Daş da olmasa armatur altında qalan oğullar var idi.

Axırda buranı tapdım və qaldım. “Araz”ı deyirəm. Burda çoxlu içmək olardı. Elə hər yerdə içmək olar.

Amma burda pulsuz içki var idi. Hər toydan sonra artıq qalan yeməklərdən və araqlardan süfrə düzəldib içirdik. Mən içəndən sonra ətrafımda kimin olduğunu unuduram.

Dəhşətli dərəcədə çox amma kifayət qədər ağıllı danışıram. Süfrədəki sağlıqlara və söhbətlərə qulaq asmır, elə hey içirdim. Amma ağzım açılanda məni dayandırmaq çox çətin iş idi. İnsafən, uşaqlar mənə dözürdülər. Bunun səbəbi ancaq hörmət deyildi.

Danışanda kifayət qədər intellektual danışdığımdan onlar da xeyli şey öyrənirdilər.

Eləsi olurdu ki, mən danışanda kağıza qeyd edib kağızı da ağ köynəklərinin üst cibinə-öz telefon nömrələri yazılmış kağızlardan dolub-daşan ciblərinə-qoyurdular.

Bir də “Araz” şadlıq evində kifayət qədər pulsuz qadın tapmaq olurdu.

Başqa ofisiantlar kimi nömrəmi salfetkaya yazıb qızın qabağına qoymurdum. Buna ehtiyacım yox idi. Mənimlə tanış olan qızlar deyirdilər ki, sənin çox ağıllı gözlərin var.

Yazı-pozudan təmiz ayrılmışdım. Yoxsa insanın oxuduğu kitabların gözlərindən necə göründüyü haqda bir yekə yazı yazardım. Mənim üçün ən gözəl qız ən rahat ələ keçirdiyim qız idi.

Bir qızı isə hətta mənə anası təklif eləmişdi. “Qızımın səndən xoşu gəlir” demişdi.

Sonra qız hava almaq bəhanəsi ilə çölə çıxdı və telefon nömrəsini mənə verdi. Üç dəfə görüşdük və ayrıldıq. Ancaq anal sekslə məşğul olduq.

Qız bakirə idi. Bəkarətini gələcək ərinə saxlamışdı. Mən isə “Xalq” qəzetinin bölgə müxbiri olmağa razı olardım, onun əri olmağa yox. Özü də bunu istəmirdi. Qızı deyirəm.

Qızı heç minetə də razı sala bilmirdim. Anal seksə qarşı xüsusi bir antipatiyam yox idi. Amma seksdə heç olmasa seksdə tam azad olmaq istəyirdim. Mən alman filosofu Ştirnerin “yarımçıq azadlıq olmur” fikri ilə tam razıyam.

O qədər razıyam ki, Ştirneri şəxsən tanısaydım onunla bir dəfə araq arxasında oturar, şərəfinə sağlıq deyib “Maks təkcə bu sözlərə görə sən dahisən” sözləri ilə tostu başlayardım.

Qızla ayrılmaq elə də çətin olmadı. İki dəfə zənginə cavab vermədim, üçüncü dəfə isə “indi işim var sonra zəng edərsən” deyib telefonu bağladım.

Ona pislik elədiyimi düşünmürəm. Hətta yaxşılıq eləmişdim.

Özü bunu heç vaxt başa düşməyəcəkdi. Məni sevmək istəyirdi. Bəlkə də sevirdi.

Amma mənim üçün sevgi ölkədə keçən ay nə qədər iş yerinin açılması kimi boş bir şey idi. Onun üçün nakam bir sevgi əhvalatı düzəltmişdim. Azərbaycanlı qızlar bunsuz evlənə bilmirdilər.

Onların gərək mütləq nakam sevgiləri ola. Ərləri bunları döyüb çarpayının altına salanda “filankəs mənim ərim olsaydı heç vaxt belə eləməzdi” kimi bir təsəlliləri ola.

Ərləri ilə yeganə və dəyişməz pozisyonda sevişəndə ürəklərində sevişdikləri bir nakamları ola. Bunlar belədirlər. Nakam sevgi varsa iş düzəldi.

Bu barədə çox yaza bilərəm. Amma gecənin bu kilidli vaxtı axmaq adamlara baş qoşmaq istəmirəm.

Bu gün də işdən çıxıb evə gəldim. Olduqca axmaq bir toy idi.

Azərbaycan Tamadalar Birliyinin icraçı direktoru olan şair Ağavəli Gürzənin səsi hələ də beynimdə guruldayırdı. Siqaret qutumu əsgər patrondaşını yoxlayan kimi yoxlayıb heç hara dönmədən birbaş bloka girdim.

Kirayə qaldığım evdəki üstünə “Kent” yazılan hörmətli külqabı heç vaxt boş olmazdı.

Burda siqaret qutuları boşaldıqdan sonra ikinci ömürlərini yaşayır və bu ömür xalqa həsr olunurdu. Özü də bu ömür xeyli uzun çəkirdi.

Çünki xalq ona bağışlanan ömürlərə heç vaxt borclu qalmır, öz ömründən kəsib bağışlanan ömrə calayırdı. Boş siqaret qutusu isə növbəti siqaret qutusunun şəhidlərinə xiyaban olurdu. Külqabı nadir hallarda funksional olardı.

Evdə həmişə 5-6 şəhidlər xiyabanı tapılardı. Açarı çıxarıb qapını açdım. Siqaret yandırdım. Məkanı dəyişən kimi siqaret yandırmaq adətimdir. Özümü çarpayıya atıb yatdım.

Səhər yuxudan ayılanda saata baxmadım. Məncə də sizə yuxudan saat neçədə qalxmağım maraqlı deyil.

İçinizdə beləsi varsa o da mırta deyir. Nə veclərinə. Çoxu heç yazdığımı bura qədər oxumayacaq. Neftçilər metrosunun yaxınlığında olan “Turan” kafesinə getdim.

Azərbaycan xalqı puç olan xəyallarını kafe və restoran adlarında əbədiləşdirir. Xingəl sifariş verdim. Kimsə “Azadlıq” qəzetini stolun üstündə unudub getmişdi. Qəzeti açıb baxdım.

Əvvəlcə kiçik informasiyaları oxudum. Xingəl gəldi, qəzeti kənara qoyub yeməyə girişdim, Yeməyi qurtarıb qəzeti götürdüm. Çay istədim. “Azadlıq” qəzetinin baş yazarı Qənimət Zahidin “Saakaşvilinin sındırılan qüruru” məqaləsini oxumağa başladım.

Məni Qənimət Zahiddən Hüseyn ayırdı. Hüseyn İqtisad Universitetinin tələbəsi idi. Bu kafedə ofisiant işləyirdi:

-Oturmaq olar?

Məqalənin son sətirlərindən gözünü ayırmadan dedim:

-Otur, stəkan gətir, özünə çay süz.

-Yox, indi içmişəm.

Qəzeti qatlayıb kənara qoydum:

-Hə, nə var, nə yox?

-Səninlə söhbətim var.

-Nə söhbəti?

-Namaza başlamaq istəyirəm.

-Niyə?

-Hər şeydən bezmişəm.

-Namazla hər şey düzələcək?

-Haqqın yoluna qayıtmaq istəyirəm.

-Haqq nədir ki?

-Nə bilim. Heç nəyi izah edə bilmərəm.

-Dünən AzTV-yə baxmışdın?

-Yox, nə olub ki?

-Xəbərlərdə göstərdilər. Salyanda bir nəfər balıq tutub, balığın üstünə Allah yazılıb. Deyirəm bəlkə ona görə namaz qılmaq istəyirsən?

-Bəsdi də. Mən səninlə ciddi söhbət etmək istəyirəm.

-Guya mən zarafat edirəm?

- Hər şeydən bezmişəm. Həm də qorxuram. Qır qazanından, cəhənnəmdən qorxuram. Gecələr yuxuma girir. Ağ paltarlı bir adam “Hüseyn, Hüseyn” deyib məni çağırır. Çox içib hər şeyi unutmaq istəyirəm. Neçə dəfə kafedən araq oğurlayıb evdə tək içmişəm (bunu deyəndə səsini yavaşlatdı). Amma nə qədər çox içirəmsə o qədər pis oluram. Gözümə kabus görünür. Elə dünən bir butulka “Mister X”i təkcənə içdim. Gecə yenə yuxuma ağ paltarlı qoca girdi. Əlimdən “Mister X”i alıb yerə tulladı, üzümə baxıb dedi ki, “Biz səni bunun üçün yaratmamışdıq”.

- Qadınla ol. Hər şey keçib gedər.

-Onu da “prob” elədim. Amma yenə yuxuma ağ paltarlı qoca girdi. Bu dəfə mənə heç nə demədi. Üzümə qəzəblə baxdı və yox oldu. O gedəndən sonra yuxuda hiss elədim ki, əlimdə nəsə var. Baxdım gördüm, prezervativ imiş. Prezervativi əlim gəldikcə tulladım. Bu dəm ağrıdan yuxudan ayıldm. Əlimi divara çırpmışdım.

-Qızı hardan tapmışdın?

-Elə burdan. İcra hakimiyyətinin aşağısından.

-Sənin nə olduğun qadın normal qadındır, nə də içdiyin araq normal araq.

-Sən elə zarafat elə.

-Həyatını dəyişməlisən. Amma namaz qılmağını istəməzdim.

-Nəyə görə?

-İnsanın ən böyük xoşbəxtliyi seçə bilməsidir. Bu gün bir şeylə günün xoş keçir, sabah başqa şeylə. Amma dinlə seçimlər başa çatır. Dini seçənin daha seçimi olmur. Hər şeyi sənin yerinə seçirlər.

-Mən bilmirəm. Mən heç nə bilmirəm.

-Elədir. Namaza başlayanlar heç nə bilmirlər.

Daha bir insan itirilirdi. Din neçə qızı əlimdən almışdı. Hələ ilk yataqdan sonra ona və seksə tövbə edənlər olmuşdu. Qəzeti şalvarının arxa cibinə qoyub küçəboyu yeriməyə başladım. Yanından “sevgisi doğrular” iki-iki keçirdi. Qabağına “Tənha ürək” yazılan Qazeli saxlatdım. İçəridə adam az idi. Keçib orta yerlərin birində oturdum. Qarşı skamyada bir oğlan oturmuşdu. Yerimi rahatlayıb qəzeti əlimə almamış oğlan üzünü arxaya çevirib danışmağa başladı:

-Allah sizin hamınızın canını sağ eləsin. Mən özüm yatıb, çıxmışam. İndi danışmaq istəmirəm. Uzun söhbətdir. O gün Razindən 28-ə gedirdim. Məni yaman döydülər. Meyidimə çırpdılar. Yerə yıxıb, təpiklədilər. Yaman döydülər məni. Amma mən də pis eləmədim. Birinə nətər vurdumsa yerindən dura bilmədi. Sifəti açıldı. Amma öz aramızdır, məni də yaman döydülər.

Oğlan sözlərinə qurtarıb başını aşağı saldı. Əliylə yemişi göyə qaldırdı. Marketlərdə satılan üstündə kalqotkaya oxşayan örtük olan ispan yemişi idi.

- Yemişdi bu. Almışam, evdə yeyəcəm. Əla yemişdir.

Bu sözü deyib qurtarmamış barmağı yemişə girdi. Yemişin bir tərəfi çürük idi. Oğlan kefini pozmadı:

-Yemişdi də, çürüyüb. Əsas odu ki, insan çürüməsin. Yemişin çürüyün düzəltmək olmaz. Amma insanın çürüyünü düzəltmək olar.

Bu sözləri deyib pəncərədən çölə baxdı:

-Allah hamınızın canını sağ eləsin. Mən düşürəm. Yemişim də çürük çıxdı.


Axmaq adamlar həmişə məni tapırdı.

Sahil metrosunun yaxınlığında avtobusdan düşdüm. Sahilə gələndə həmişə siqaret qutum dolu olurdu.

Burda siqaret başqa yerlərdən baha idi. Xəsis olmasam da bir şeyi dəyərindən baha almağı sevmirdim. “Çay evi”nin qabağından keçib, “Sahil” bağına gəldim. Çay evinin yerində əvvəllər FVS adlı internet klub var idi.

Burda uzun qış gecələri keçirtmişdim. “Bəlkə bir gün öpüşərik” deyib çox qıza enerji sərf eləmişdim.

On-on beş belə adamın enerjisi ilə ölkədə “narıncı inqilab” eləmək olardı. Aradabir yorulub çölə çıxır, siqaret çəkərdim.

İçəridə siqaret çəkməyə qoymurdular. Kafenin yeganə pis cəhəti bu idi. FVS-də internet çox surətli olardı, qiyməti də ucuz idi. Gecəsi 3000 manat.

İndi qadına olan istəyimi boğub onu tovlamaq məqsədi ilə klavyaturaya tökdüyüm romantik sözlərə yazığım gəlirdi.

Söz belə qiymətdən düşür. Elə adamın özü də. Harda idi o klavyaturalar? Qəmli mahnılar dinlədiyim o qulaqlıqlar?

Kim bilir, bəlkə də o kompyuterlər başqa bir internet klubda bir zamanlar yazışdığım qızların əlinin altında idi və o qızlar indi başqa oğlanlarla bir zaman barmaqlarının toxunduğu düymələrlə yazışırdılar.

Qısqanclıq hissləri ürəyimi sıxdı. Sahil bağının lap başında gül dükanı vardı. Burda çox olsam da, bu dükandan hələ gül alan görməmişdim.

Gül dükanına nəzər salıb “26-lar” abidəsinə tərəf addımladım. Sahil bağı bir-birləri ilə yatmaq istəyib yatmağa yer tapa bilməyən cütlərlə dolu olurdu. “Dalğa” gənclər hərəkatının üzvləri bu bağa “Demokratiya” parkı adını vermişdilər. Cütlüklər isə bu bağda çoxdan demokratik və seksual inqilab etmişdilər.

Lap başdakı skamyada oturan bir cüt insanın nə elədiyini görmək mümkün deyildi. Oğlan mil-mil pencəyini ikisinin başına atmışdı.

Əlbəttə ki, onlar pencəyin altında vitr namazı qılmırdılar.

Qabağıma Arif çıxdı. Arif Hüseynin ekiz qardaşı idi. O da Hüseynin tayı idi.

Bütün günü iki qardaş pul yığıb araq içir, əllərinə pul düşəndə bir qız tapıb növbə ilə qızla olurdular. Neçə dəfə kimin qızla birinci olması üstündə davaları düşmüşdü.

Bu iki qardaşı çox sevmirdim. Amma içlərində bir avaraçılıq görürdüm.

Bu da mənə xoş gəlirdi. “Neyləyək?”. Bunu Arif dedi. “Gedək, Cənubun altına”. Cənub mehmanxana idi. Altında çayxana vardı. Buralarda ən ucuz kafe idi.

Çay içdiyin yerdə bir də görürdün ki, sallaq döşlü bir qız uzunburun bir oğlanla içəri girdi, kafenin salonundan keçib içəri otaqlara girdilər. Orda fantaziyalarına uyğun olaraq sekslə məşğul olurdular. Fahişələrlə olan seksdə pozisyonlar daha çox və rəngarəng olurdu.

Öz arvadları ilə etməyi ağıllarına belə gətirmədikləri pozisyonlar bir qayda olaraq fahişələr üzərində sınaqdan keçirilirdi. İndi də qısa gödəkcəli bir oğlan dar şalvar geyinmiş qızla içəri keçdi. İndidən onların hansı pozada sevişəcəklərini təxmin etməyə başladım.

Amma hər ikisini sifətini görməyə gecikmişdi.

Ona görə də cütlüyün pozisyonları barədə proqnozumun ehtimallıq dərəcəsi xeyli aşağı oldu. Fikirlərimdən ayrılıb üzümü Arifə tutdum:

- Sənə bir anektod danışım?

- Danış.

- İki dost bir yerdə bazlığa gedirlər. Yeyib-içəndən sonra hərəsi öz qızla otağa çəkilir. Dostların biri qızı tək qoyub gedir dostunu güdməyə. Qapıdan qulaq asır. Dostu qıza deyir ki, “gəl, mənimkini ağzına al”. Qız deyir ki, yox, ağzıma almıram. Dostu deyir ki, gəl arxadan olaq. Qız da deyir ki, yox, arxadan da olmuram. Dostu əsəbləşirib deyir ki, elə evdə arvadımla olaram da.

- Yaxşıdır. Ermənilərlə 30 kilometr aralıda postun gecə qarovulunda danışıb gülmək olar.

- Söhbətdi də eləyirik.

Çay gəldi, limonla bir yerdə. Söhbəti dəyişdim.

- Hüseynə nə olub?

-Nəyə görə deyirsən?

-Səhər deyirdi ki, namaz qılmaq istəyirəm.

-Allahın yoluna qayıtmaq istəyir.

- Allah var ki, onun yolu da ola?

- Sən köhnənin zındığısan.

- Sən də onun kimi axmaqsan. Dinlə məşğul olan adamla türmədəkinin nə fərqi var? Türmə səni buxovlayır, amma dində özün-özünə buxov qoyursan. Türmədə səhər 6-da “padyom” verirlər. Namaz qılan da it tayadan durmamış durub oturur. Türmədə özləri səni soyuq suya salırlar. Amma siz səhər durub özünüzü salırsınız soyuq suyun altına. Türmədə adamı ac saxlayırlar. Amma siz özünüzə aclıq verirsiniz. Pulu olanlar da gedib Həccdə ərəbə pul xərcləyirlər. Türmədə də pul “nadzor”lara xərclənir.

- Bunları biz kəşf eləməmişik ki, Allah özü buyurub.

- Allah bunu buyurmamışdan qabaq özü bircə gün namaz qıla bilmirdi. Gündə beş dəfə də namaz qılarlar? Qılarsan e, uzağı həftədə bir dəfə-zad, kefinə düşəndə.

-Allah Məhəmməd Peyğəmbərə namazı əmr edir. Geri qayıdanda Musa Peyğəmbəri görür. Musa Peyğəmbər deyir ki, 50 dəfə çoxdur, öz ümmətimdən bilirəm. Məhəmməd Peyğəmbər də geri qayıdıb Allaha bunu deyir. Allah da namazın sayını 5-ə salır.

- Doğrudan? Görürsən də yenə yəhudilər.

- Hə, bəs nə. Özüm Fəthullah Gülənin kitabında oxumuşam.

- Sizin Allah əsl demokrat imiş. Hikmət Hacızadə onun yanında yalandır ki.

- Bəsdir də. Sən həmişə ağzına gələni danışırsan.

- Bilirsən, Allah yəhudiləri nəyə görə lənətləyib?

- Yox, bilmirəm.

- Allah onlara şənbə günü hər hansı bir işlə məşğul olmağı qadağan edir. Şənbə günü ancaq ibadətlə məşğul olmaq lazım imiş. Amma yəhudilər beşinci gündən çaya torlarını atıb gedirlər işlərinin dalınca. Bazar günü də gəlib balığı yığıb aparırlarmış satmağa.

- Heç şənbə günü gedib baxmırlarmış ki, tora balıq düşüb, ya yox ?

- Onların arasında da sənin kimilər varmışsa yüz faiz baxırmışlar. Pulun var?

- Çaya görə deyirsən? Çaypulu mənlikdir.

- Yox, çaya görə demirəm. Axşam gedək bara.

- 10 şirvan qoya bilərəm.

- Bəsdir. Qalanı mənlikdir.

- İndi neyləyək?

- Evə gedib, yatacam. Axşam sənə zəng edərəm.

- Oldu.

Kafedən çıxıb metroya düşdüm. Bu gün toy yox idi. İstəsəm rezervdə qalıb o biri salonda işləyə bilərdim. Amma orda oturub gözləməkdən xoşum gəlmirdi. Bir də bu cür istirahət göydəndüşmə idi.

Metronun girişində kitab köşkü vardı. Kitablara baxmağa başladım. Eşitmişdim ki, xarici ölkələrdə istədiyi hər kitabı almağa pulu olmayanlar bu kitabları elə buradaca oxuyurlar.

Umberto Ekonun müsahibələrinin birində atasının bu işlə məşğul olduğunu söyləmişdi. Azərbaycanda belə deyildi. Adətən qəzetlər bu əməliyyata-özlüyündə bu əməliyyata “pulsuz oxu” əməliyyatı da demək olardı - məruz qalırdı.

Köşkdən beş-altı qəzeti alıb beş altı saatlığa oxuyurdun, qəzetləri qaytaranda isə bir qəzetin pulunu verirdin. Azərbaycanda bir çox qəzetlərin əməkdaşları gündəlik mətbuatla məhz bu cür tanış olurdular.

Sonra isə bu qəzetlərin baş redaktorları başqa qəzetlərə çox vaxt da elə öz qəzetlərinə müsahibə verib “qəzet oxunmur, qəzet alan yoxdur” deyirdilər.

Quşdilixanəmirkülsoyuğu adlı bir yazıçının “Aağğğbaaağğğ” romanını götürüb vərəqlədi. Kitabın redaktoru ABŞ prezidenti Corc Buş idi. Kitabı yerinə qoyub avtomatlara tərəf yeridi. Avtomatlardan əvvəl polislərin yanından keçməli idi. Dəfələrlə fikir vermişdi, polislər ancaq qəşəng qızları saxlayırdılar.

Qız qəşəng deyildisə lap metroya nar yeşiyi ilə girsə də heç kimin onunla işi olmazdı.

Seymur Baycan adlı bir köşə yazarı yorulmadan yazırdı ki, vağzal itləri itlərin bomjlarıdır. Metro polisi də yol polislərinin yanında bomj kimi bir şey idi.

Kartında gediş haqqı az olmalı idi. Divardakı sayğaca kartını yaxınlaşdırdı: “Gediş qalığınız 0”. Bu sözləri görüb növbəyə dayandı. Bakı metrosunda təmassız kart sistemi yeni işə düşmüşdü.

Amma bu sistemi bütövlükdə işə salmaq mümkün deyildi. Metro kassalarının qarşısında həmişə əlində 5 və 10 qəpik tutan adamlar görmək olardı. Onlar kartlarına gediş haqqı yükləyənlərdən xahiş edirdilər ki, pulu alıb onları da elekton avtomatlardan keçirtsinlər.

Elektron avtomatlar əvvəlki mexaniki avtomatlara nisbətən xeyli liberal idi. Mexaniki avtomatlar jeton atmamış keçəndə adamı buraxsalar da yaxşı bir zərbəni də yaddan çıxartmırdılar.

Təmassız kartlarla yaxşı biznes quran adamlar peyda olmuşdu. Eləsi olurdu ki, adamlardan 10, 50 qəpik alıb onları avtomatlardan keçirdirdilər.

Sonra isə yenidən kassanın yanına qayıdırdılar.

Belələrini çöx görmüşdüm. Təmassız kartlar ölkəni başına götürmüş on minlərlə sərxoş üçün son ümid yeri olmuşdu. Kart üçün qoyulan depozit iki manat idi. Kartı qaytarıb bu depoziti geri almaq olardı.

İki manata isə iki ucuz araq eləyirdi. Bir sözlə, hamı təmassız kart sisteminin işə düşməsindən razı idi.

Metropolitenin rəisi Tağı Əhmədov təmassız kartların satışından yarım milyon dollar qazanc götürmüşdü. Belə ki, hər bir kartın maya dəyəri 1 manatdan da aşağı idi. Bu barədə mətbuat da dəfələrlə yazmışdı. “Məqam” gənclər hərəkatının lideri Emin Hüseynov Tağı Əhmədovu məhkəməyə verməyə hazırlaşırdı.

Emin Hüseynovun Azadlıq radiosuna bildirdiyinə görə “hamının ucdantutma kart almağa məcbur edilməsi istehlakçı hüquqlarının pozulması idi”.

Bundan başqa metrolarda quraşdırılan televizorlarda, ölkə başçısının yazıçı, şair, müğənni və meyxanaçıları təltif etmə mərasimləri göstərilirdi. “Məqam”ın bir başqa iddiası da metro televizorları ilə bağlı idi.

Məqam tələb edirdi ki, dərhal metro televiziyalarından bu kadrlar yığışdırılsın, ya da bu televiziyalarda müxalifət-iqtidar balansı təmin edilsin.

Axır vaxtlar bu televizorlarda ümumiyyətlə heç bir şey göstərmirdilər. Kart sistemi isə pis işləmirdi. Bundan başqa kart sistemi paytaxt ilə əyalət arasında yeni bir bariyer də yaratmışdı. Ayda-ildə bir dəfə sevgililəri ya da dostları hansısa təsadüflə Bakıya gələn əyalət cavanları bu sistemin mahiyyətini hələ də başa düşə bilməmişdilər.

Uzun illərdir metroda gediş qiyməti dəyişməz qalırdı, köhnə pulla 250 manat, yeni pulla 5 qəpik. Onlar da bunu belə bilirdilər, amma heç cür başa düşmürdülər ki, kart üçün iki manatı niyə verməlidirlər.

Əlbəttə ki, problem heç də pulla bağlı deyildi, onların bir çox hallarda pulları olurdu. Çünki Bakıya getməyə bir neçə ay əvvəlcədən hazırlıq görürdülər, yeni paltar, ayaqqabı alır, səfərdən bir gün qabaq isə saçlarını kəsdirirdilər.

Onlar elə bilirdilər ki, onlardan kart depoziti üçün istənilən iki manat fırıldaqdır, kassirlər onları avam bilib aldadır.

Belələrini əsasən yay aylarında görmək olurdu, çünki qəbul imtahanları yayda keçirilirdi. İlin başqa fəsillərində də onlara rast gəlmək elə də çətin deyildi. Bir dəfə Zaur adlı yerlimi əlindəki beş qəpik, kassa önündə kassir ilə deyişən gördüm.

Lap gəmidə oturub gəmiçi ilə dava eləməyə oxşadı.

Yaxınlaşıb salam verdim. Sonra isə “gedək səni keçirdim” dedim. Zaur “bu nə işdir, axı mən niyə bir şirvan verməliyəm” deyə şikayətlənirdi. Məni görən kimi sevindi. Amma qəfildən ciddiləşib dedi ki, “qızlayam”.

Qızı da onunla bir yerdə avtomatdan keçirtdim. Amma əyalət cavanları əsasən metro kassalarında seçilirdilər.

Başqa yerdə isə onlar yerli əhali ilə qaynayıb, qarışmışdılar. Çünki son illərdə Bakı öz paytaxt görkəmini sürətlə itirirdi.

Sovetin qurduğu mədəniyyət dağılır, onun simaları ciddi şəkildə yaltaqlıqla məşğul olurdu.

Artıq universitet gəncləri ən ucqar rayonlardakı yaşıdlarıyla eyni paltarları geyir, eynu musiqilərə qulaq asırdılar, eyni telekanalların eyni proqramlarını izləyir, ATV maqazinin “Az sonra” anonslarını eyni intizarla gözləyirdilər. İnsanlarda identiklik, eynilik hissi getdikcə güclənirdi, hamı hamıya oxşayırdı.

Tomas Hobbsun “hamının hamıya qarşı mübarizəsi” frazası metamarfoza uğrayaraq “hamı təklərə qarşı” frazasına çevrilirdi. Azərbaycanın cinayət məcəlləsində sürgün cəzası nəzərdə tutulmasa da azlar və təklər burda sürgündə yaşayırdı.

Kitab oxumuş adam üçün bu ölkə Bastiliya kimi bir şey idi. Ölkənin psixoloji xəstəliklər bürümüşdü. Xəstəliklərin yayılma arealı o qədər böyük, xəstəliklərə yoluxanlar o qədər çox idi ki, yaşamaq üçün onların xəstəliklərinə yoluxmaqdan başqa əlac qalmırdı.

Fizioloji epidemiyalardan xilas olmaq üçün onlardan qaçmaq lazım gəlirsə psixoloji epidemiyalardan qorunmaq üçün əsas şərt mümkün qədər bu xəstəliyə yoluxmuş insanların içində olmaqdır.

Gərək sən də ucu şiş ayaqqabı geyəsən, saçlarını kəsdirəndə ayrıc saxlayasan, telefonunda aşağı yeri iki meyxana olsun, özü də bu meyxanalara qulaq asanda xəsis olmayasan, başqalarını da meyxanaya qonaq edəsən, ANS-in Meyxana şousuna sms göndərəsən.

Evə çatıb yatağıma uzandım. Telefonun saatını qurdum. Yuxuya getdim. Yuxumda şir gördüm. Yuxumda heç şir görməmişəm.

Son zamanlarda Bakı zooparkındakı şir ölkənin ən məşhur heyvanına çevrilmişdi. Bu elə-belə deyildi.

Çünki bu şir “Allah, Allah” deyirdi. “Milli Yol” qəzetinin nümayişkərana şəkildə İslam dinindən imtina etmiş köşə yazarı Mirmehdi Ağaoğlu Bakı zooparkının məbədgaha çevrildiyi ilk günlərdəcə yazmışdı ki, şir “Allah yox Alla” deyir. “Belə ki,” - Mirmehdi davam edirdi - “Şir Rusiyadan gətirilib və onun rus təlimçisinin adı Alla idi”.

Ateist köşə yazarı fikrini əsaslandırmaq üçün internet vasitəsi ilə hətta gözəl bir qız olan təlimçi Alladan müsahibə də almışdı, Alla ilə “Allah deyən şirin” şəklini də səhifənin ortasında vermişdi.

Köşə yazısı və müsahibəni vecinə alan olmasa da Mirmehdi Ağaoğlu tutduğunu buraxan deyildi.

Hər gün NZS pivəsi içib şirin “Allah” deməsi haqqında cürbəcür variantlar istehsal edirdi.

Hər halda bu yazıların ideyalarının pivə içərkən doğulduğunu özü sonralar etiraf etmişdi. Amma sonda o şirin gündən-günə populyarlaşmasına dözə bilməyib “Getdim” adlı bir yazı yazdı və “Xalq bank”ın Neftçala filialında kassir işləməyə başladı.

Bu variantlardan birini də “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı irəli sürmüşdü: “Şir ac saxlandığına görə Allah deyirmiş”. Bütün bunlar şirin populyarlığına zərrəcə olsun təsir etmədi. Şir o yazıların birini də oxumurdu.

O ölkənin ən populyar heyvanı kimi qalmışdı. Düzdür, İctimai Televiziyanın “Düşərgə” adlı realiti şousu hər gün şəhərdən su daşıyan eşşəyi də populyarlaşmağa cəhd göstərdi.

Ömründə ilk dəfə eşşək sürən realiti şou iştirakçıları eşşəyi amansızcasına qamçılayırdılar.

Müxalifətçilər Qələbə meydanında eşşəkcən döyüləndə “orda nə işləri var” deyən Azərbaycan xalqı eşşəyin halına ürəkdən acıyırdı. Bu işdə Cəlilabadın Eşşəkli kəndi xüsusilə fəal idi.

Ölkə mətbuatında eşşəyin hüquqlarını müdafiə təşkilatının yaranması haqda təkliflər də səsləndirilmiş, Eşşəkli kənd ağsaqqalları və ziyalıları tərəfindən hüquq müdafiəçisi, İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudova eşşəklə bağlı müraciət edilmişdi. İlk müraciəti Elçin Behbudov “eşşək söhbətinə” görə geri qaytarmışdı.

Onun Eşşəkli ictimaiyyətinə göndərdiyi məktubda eşşəyə “eşşək” deməyin “psixoloji işgəncə” olduğunu yazılmışdı. Məktubdan nəticə çıxardan Eşşəkli kəndinin ədəbiyyat müəllimi eşşək sözünü “uzunqulaq” sözü ilə əvəz edərək məktubu yenə eyni ünvana yolladı.

Bir ay sonra cavab gəldi: “Bu müraciəti siz yox, uzunqulağın yaxınları, ya da ən azı Heyvan Hüquqları ilə məşğul olan Qeyri-hökumət təşkilatları etməlidir”.

Nəinki Eşşəkli kəndinin sakinləri, heç saçlarını arxaya darayan ədəbiyyat müəllimləri də “Qeyri-hökumət təşkilatı” sözünün mənasını bilmirdi. Bütün bunların müqabilində şirin şöhrəti getdikcə yayılırdı. Hətta bil il sonra, Bursa zooparkındakı şirin də “Allah” deməyə başlaması haqqında “Milliyyət” qəzetinin xəbəri Bakı şirinin xatırlanması ilə başa çatırdı.

Xural qəzetinin köşə yazarı Nərmin Kamal Milliyət qəzetinin bu xəbərini olduğu kimi köşə yazısının əvvəlinə “copy-paste” edərək mətni Azərbaycan dilinə tərcümə etmiş daha sonra isə bir zamanlar Bursa həbsxanasında yatan Nazım Hikmətlə Bursa zooparkındakı “Allah” deyən şir arasında paralellər aparmış yazının sonunda Nazım Hikmətin “Günəşi içənlərin türküsü” adlı ilk şeir kitabının Bakıda çap olunduğunu və “Allah” deyən şirlərin də əvvəlcə Bakıda zühur etdiyini də qeyd eləmişdi.

Yazı belə qurtarırdı: “İki şir, biri meşənin, biri poeziyanın, ikisi də qəfəsdədir, amma qəfəs birinin içində, o birinin çölündədir.

Ona görə də biri “Allah, Allah” deyir, o birisi isə arvadına məktubunda ”bir üsyan bayrağı kimi gözəl olmalı Nazım Hikmətin arvadı” yazır . Yazı belə də qurtarırdı. Şir ölkənin bir nömrəli heyvanına çevrilirdi.

Hətta ciddi və müstəqil ekspertlər onun bir müddət sonra Layka şöhrətinə çatacağını proqnozlaşdırırdılar. Laykanın kosmosda ölüm gözlədiyini bilən Sovet hökuməti bu praktika ucbatından beynəlxalq təşkilatların xeyli tənqidinə tuş gəlmişdi.

Ölkədəki sələfi icması şir söhbətinə orijinal reaksiya verdi. Əbu Bəkr məscidinin imamı Qamət Süleymanov xütbələrin birində söhbəti Bakı şirindən salaraq “İndi deyirlər ki, şir “Allah” deyir, nə olsun?

Siz ağzınızı açın və ALLAH deyin. Dünyanın ən şərəfli məxluqu insandır, insan kainatın əşrəfidir. İnsanlar “Allah” demirsə şirin Allah deməsi nəyi dəyişdirir ki?”

Onun bu sözlərindən sonra məsciddə “Allah, Allah” nidaları ucalmışdı.

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə isə məsələyə heç bir münasibət bildirməmişdi. Amma bir azdan şir hamını yordu.

Parlamentin iclasında deputat, iş adamı və keçmiş qanqster Hüseyn Abdullayevin iqtidara meylli Ana Vətən Partiyasının sədri Fəzail Ağamalını söyüb sonra isə basıb-döyməsi şiri arxa plana keçirtdi.

Bu iclasda Hüseyn Abdullayev baş nazir Artur Rəsizadənin pis bildiyi Azərbaycan dilində oxuduğu hökumət hesabatını “nağıl” adlandırmış, ardınca söz istəmişdi.

Bu zaman Fəzail Ağamalı ona replika atmış, Hüseyn Abdullayev də onu “eşşəyin biri eşşək” adlandırmışdı, bununla da ürəyi soyumamış Fəzail Ağamalının var-yoxunu söymüşdü. 3 gün sonra isə Milli Məclisin fövqəladə iclası keçirildi və Hüseyn Abdullayevin toxunulmazlığı ləğv olundu.

İclasda çıxış edən şair və filoloq Musa Urud var-yox söyüşünün deputatlara izah edərkən demişdi ki, var-yox, bayraqdır, millətdir, xalqdır, qanundur, prezidentdir. Hüseyn Abdullayev insidentdən bir neçə gün sonra həbs olunanda şir artıq heç kimin yadına düşmürdü.

Göründüyü kimi eşşək özü gündəmin bir nömrəlisi ola bilməsə də şiri taxtdan sala bildi. Bu vaxta qədər isə minlərlə adam şiri görmək üçün zooparka gəlmiş, şirin “Allah, Allah” deməsini telefonlarının videokamerasına çəkmişdi.

Şiri isə yuxuda epizodik şəkildə gördüm. O, yorğun gözləri ilə qəfəs arxasından mənə baxırdı. Sonra başqa yuxular da gördüm.

Küçədəki siqnal səsi məni yuxudan oyatdı. İstədim, masturbasiya ilə məşğul olum.

Çox zaman fahişə yanına gedəndə belə edərdim. İkinci dəfə boşalmaq daha yaxşı olurdu.

Fahişələrlə olmaq çox pisdir. Hamısı potensial virus daşıyıcısı idi. Bundan başqa onlar öz işlərini ürəkdən etmirdilər. Əlləri ilə ereksiya edir, sonra isə kişini boşaldırdılar.

Fahişə ilə olmaq çox təhlükəlidir. Sadəcə virusa görə yox. Həm də ona görə ki, fahişə ilə olmaq insanda nekrofiliya meylləri yaradırdı. Sovet vaxtında bu maddə ilə cəmi üç nəfər həbs edilmişdi.

Bu barədə Sovet vaxtında mətbuatda informasiya verilmirdi. Mən bu faktı Çingiz Ələkbərzadənin “Zindan” romanında oxumuşam.

İki gənc xəstəxana morqunun gözətçisinə pul verib ölü qadınları zorlayırdılar. Qadın tapa bilməyəndə qoca qarılara girişirdilər. Qoca qarı isə həmişə tapılırdı.

Sağlıqlarında bunu eləsəydilər qoca qarılar bəlkə heç ölməzdilər. İnsan qocalanda onda əxlaqi hisslərin deqredasiyası gedir. Məkkəli isə deyir ki, dininizi qoca qarılardan öyrənin. Nəsə. Ağır söhbətdir.

Belə söhbətlərin üstündə adamı tutub Bayıla salarlar, heç üstündə ağlayanı da olmaz. Nekrofilləri həbsxanada diri adamı zorlamışlarla eyni aqibət gözləyirdi. Heç bir fərq qoyulmurdu.

Nekrofiliya haqda çox şey bilirəm. Bir şey də bilirəm ki, fahişələrlə olmaq da elə ölü ilə olmaq kimi bir şeydir. Fahişələrdə reaksiya olmur. Fikirləri kişinin tez qurtarmasındadır. Tez qurtaran kişiləri sevirlər. Adi qadınlardan əsas fərqləri də budur.

Yuxudan tez qalxıb geyindim. Üç gündür döşəyimin altında qalan prezervativləri götürdüm. Özümdə həmişə artıq prezervativ gəzdirirəm. Sınamışam, adamın üstündə prezervativ olanda qız rahat gəlir.

Çiyələkli prezervativdir. O da çiyələk mürəbbəsini çox sevirdi. Yəqin indi də çox sevir. Amma indi mən onu sevmirəm.

Onu, yəni keçmiş sevgilimi, Çinarəni. Adı qurama addır, özü kimi. Axırına “ə” hərfi qoşulan adlardan zəhləm gedir. Deyirlər ki, ad taleyə də təsir göstərir.

Ola bilər. Adı Balakişi olan şəxsin inqilabi təfəkkürə malik olmasına inanmıram. Tamamilə mümkündür ki, ağzıma gələni danışıram. Amma istəyirəm ağzıma gələn şeyi malalayım.

Övladına Balakişi adı qoyan atanın evində Marksın “Kapital”ı ancaq balkonda, köhnə ayaqqabıların arasında mövcud ola bilər. Atası belə olan adamın övladı nə olacaq?

Turgenov XIX əsrdə Rusiyada “Atalar və oğullar” romanını yazdı. Romanda ilk dəfə “nihilizm” termini işlədilib. Romanın qəhrəmanı doktor Bazarov özünü nihilist adlandırır. O, axırda məhv olur. Adicə bir şeydən.

Yatalağa tutulmuş ölünü yaranda barmağını kəsir və mikrob bədəninə işləyir.

Hər nəsə. Kefi istəyən kitabı tapıb oxusun. Amma Azərbaycanda belə roman yazılsa gərək adı “Atalar, oğullar” olsun. Çünki burda ataları və oğulları vergül ayırır, “və” bağlayıcısı yox. Haqverdiyevin “Ata və oğul” əsəri var. Burda söhbətlər məişət səviyyəsində qoyulub.

Ata şagirdlikdən başlayır, varlanır, oğlu da pullarını kefə xərc edir, kasıblayır. Qəhbəsini də saxlaya bilmir, sonra qəhbəsini dostu ilə görüb ikisini də öldürür. Birbaş Sibirə.. Ata ilə oğul arasındakı ziddiyyətə bax.

İndi də hazırlaşıram öz qəhbəmin yanıma getməyə. Hüseynlə görüşüb bara gedirik. Səs-küy aləmi bürüyüb.

Keçib bir qıraqda otururuq. Qarsondan iki kofe istəyirəm. Kofeləri tez gətirir. İçəri qaranlıqdır. Qaranlıqda fincanın qulpunu axtarıram. Tapa bilmirəm. Qarsonu çağırdım:

-Bu fincanın qulpu hanı?

-Yoxdur... Yəqin sınıb.

-Onda bu fincanı götür, apar MTN-ə. Tanıyırsan MTN-i?

-Yox.

-Fəxri xiyabanı tanıyırsan? Onunla üzbəüz. Apar ora, orda bu fincana bir qulp qoyarlar. Başa düşdün?

-Hə, başa düşdüm. Başqa bir qulluq?

-Kofeləri götür, viski gətir.

-Oldu.

Viskilər gəldi. Viski görən kimi sərxoş olmağa başlayıram. Filosofluğum tutur:

-Uşaq vaxtı bir roman oxumuşdum. Adı “Tom dayının daxması” idi. Kitaba ön sözü indi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri olan Hidayət Orucov yazmışdı. Ön sözün adı da belə idi: “Uşaqlıqda oxuya bilmədiyim kitab”. Bu yaxınlarda Hidayət Orucovun “Mir Cəlal dünyasından sətirlər” adlı kitabı çıxıb. Bax, mən də uşaq vaxtı o kitabı oxuya bilməmişəm. Nədən danışırdım?

-Romandan.

-Hə. “Tom dayının daxması” romanını deyirdim. Tom adlı bir fağır və dindar zənci olur. Onu Cənuba satırlar. Axırda da pambıq plantasiyalarına dözməyib ölür. O əsəri oxuyandan sonra ağlamışdım. Hə, onu deyirdim axı. Tomu Cənuba satan bir qul alverçisi var. Adı da Artur Heyli olur. O, həmişə viski içirdi. O vaxtdan mənə elə gəlir ki, viski qul alverçilərinin içkisidir. Biz də indi viski içirik. Arzu edirəm ki, viski içsək də qul alıb, satmayaq.

-Nə qul alıb, satacağıq? İndi qul var?

-Var, hərənin bir qulu var. O da onun ruhudur. Ruhumuzu şeytana satmayaq.

-Yaxşı sağlıq idi. Viskinin rəngindən sərxoş olursan.

-Sərxoş olmaq ayıb deyil. Ayıqlığı itirmək də. Adam gərək ruhunu itirməsin. Ruh avtobus deyil ki, biri əlindən çıxa o biri gələ. Ruh sevgili kimidir, bir dəfə səndən çıxsa bir daha qayıtmaz. Mənim də sevgilim qayıtmadı.

-Yaxşı, bəsdir, içək.

-İçək.

Viskini qaldırıb başıma çəkdim. Hamısını içdim. Bədənimə istilik yayıldı. Qarsona əlimlə boş bakalı göstərdim. İki dəqiqə keçməmiş dolu bakalların arxasında oturmuşduq.

-Çox içmə.

-Nə olacaq ki?

-Sənə bir şey olmayacaq. Nə olacaqsa ona olacaq.

-Ereksiya problem deyil. Mən həmişə demişəm, içki ürəyə ziyan olsa da SPİD-in qabağını alır. İçki bir növ prezervativ kimidir. Məndən olsa araq şüşələrinin üstünə yazaram ki, seksə ziyandır.

-Səhiyyə Nazirliyi xəbərdarlıq edir?

-Yox, yox. Qadınlar xəbərdarlıq edir.

-Qadınlar xəbərdarlıq edirsə iş ciddidir. Arağı bu cür ləğv eləmək olar. Yaxşı fikirləşmisən.

-Elə deyil. Qadınsız adam çoxdur. Onlar da nədənsə həzz almalıdırlar axı. Namiq Abdullayevi tanıyırsan?

-Güləşçi?

-Xahiş edirəm, İlham Əliyevin “çörək və tamaşa” siyasətinə protest olaraq burda idman və idmançılar haqda danışma.

-Oldu.

-Fantast yazıçı Namiq Abdullayevi deyirəm. Onun haqqında 525-ci qəzetdə bir yazı oxumuşdum. Yaxşı yazı idi. Əjdər Ol yazmışdı. Kamançaçalan Habil Əliyevdən kitab yazan Əjdər Olu deyirəm. Əjdər Ol indi Pensiya Fondunda kadrlar şöbəsinin rəisi işləyir. Namiq Abdullayev ömrünün axırında qadın üzünə həsrət qalıb. Axı o vaxt bar-zad yox idi. Amma Namiq bundan yox kosmosdan, göydən yazıb. Bir dəfə rus ər-arvadına elə maraqlı söhbət edib ki, axırda rus öz arvadını buna təklif edib. Bu da deyib, olmaz. Bax, buna deyərlər, nə əldən qoyur, nə yardan doyur.

-İçək, Namiqin sağlığına.

-Yox, içək elmə öz arvadını qurban verən rusun sağlığına. Bax, belə millət Dostoyevski, Tolstoy yetişdirə bilərdi. Böyük söhbətlər olan yerdə arvad söhbəti boş şeydir. Öz ölkəsini Romadan xilas etmək üçün Kleopatra Roma imperatoru Antonini öz yatağına saldı. Antoni day orda neylədi, bilmirəm. Antoni Kleopetraya aşiq olan Yuli Sezardan kifayət qədər gənc və ehtiraslı idi. Alman qızları əsgərlərin altına ona görə yıxılırdılar ki, alman xalqının sayı çox olsun. Böyük millətlər xoşbəxtdir. Biz də onların qızlarına qəhbə, oğlanlarına “qoluboy” deyirik.

-Qoluboy olmaq yaxşı şeydir ki..?

-Sən Artur Rembosansa bəli, yaxşı şeydir. Sözümü kəsmə. Nitsşe fövqəlinsandan yazdı. Bacısı onun əsərlərini pozub təzədən düzəltdi, Hitlerə verdi. Hitler alman xalqını “ari xalq” elan etdi. Alman qızları Nitsşe fəlsəfəsinin eşqinə zabitlərin altına yıxılırdılar. Düzdür, onlar da sonradan xarab oldu. 60-cı illərdə türklərin altına yıxılmağa başladılar. O vaxt Gunter Qrass yazmışdı ki, türklər Almaniyanı Osmanlı vaxtında fəth eləyə bilməsələr də indi fəth etdilər. Təsəvvür edirsən, o vaxt Almaniyada doğulan dörd uşağın birinin atası türk idi. Bu da Nitsşe fəlsəfəsinin axırı. Onu bircə Hitler başa düşdü, o da səhv başa düşdü. Hitlerdən sonra isə ümumiyyətlə Nitsşeni başa düşən olmadı. Nitsşenin əsərlərinə bacısı kəsib-doğramasaydı heç Hitler də onu başa düşə bilməyəcəkdi.

-Bağışla, sözün kəsirəm. Nitsşenin bacısı nəyi dəyişdirmişdi ki?

-Adicə bir şeyi. Yazmışdı ki, fövqəlinsan almandır. Amma bununla Nitsşe fəlsəfəsi dəyişdi.

Elə dünya da dəyişdi. Amma yazıq Nitsşe. Ömründə ilk dəfə fahişəxanaya getdi. Onda da sifilis oldu.

Sonra beyni qurudu Nitsşenin. Ömrünün axırında dəli oldu. Bir nəfərin əlində kitab görür. Deyir ki, deyəsən mən də nə vaxtsa gözəl kitablar yazmışam.

Fahişələrdən başqa heç bir qız ona murad verib, murad almadı. Fahişə də belə. Bunu da içək Nitsşenin sağlığına. Amma dəli Nitsşenin. Təkcə bir sözünə görə o dahidir.

-Hansı sözünə?

-Səni sevirəmsə bundan sənə nə?

-Yaxşı sözdür. İçək.

-Bir dəqiqə. Mən onu sevirdimsə ondan ona nə? Düz demirəm?

-Düz deyirsən, amma bunu da içək bəsdir.

-Bəsdir.

Bakalı başıma çəkdim. Boğazım göynədi. Qarsonu çağırdım. Tez gəldi. Barmağımla başını qulağıma tərəf tutdum:

-Qız var?

-Var.

-İkisini yolla bura. Amma qoca-zad olmasınlar.

-Arxayın ol.

Hüseyn başını qaldırıb mənə dedi

-Mən istəmirəm, bir elə.

-Niyə?

-Ksantippaziyamın ağrısı tutub.

-O nədir elə?

-Fəqərə sütununda əzələdir.

Qarson da bizi gözləyir. Mübahisəni uzatmadan əlimlə “bir” göstərdim. Əlbəttə ki, orta barmağımla yox.

Bu işin üstündə kafedə keçən ay bir türkü bıçaqlayıblar. Millətçi “Yeni Müsavat” qəzeti hadisədən hazırladığı xəbəri 25 puntoluq şriftlərlə “PKK-nın silahları danışdı” başlığıyla manşetə vermişdi.

Onların versiyasına görə “Night Club” Laçın kürdlərinə mənsub imiş və kafedə bıçaqlanan gənc Bakı bozqurdlarının liderlərindən idi. Türkiyədə kürd ya da türk olduğunu bilməyənlələr Bakıda öz milliyyətlərini tanıyırlar.

Bir dəfə Bakı Dövlət Universitetinin qarşısından keçəndə azı 200 adamın bir-birinə girdiyini gördüm.

Aralıdan durub seyr etdim. Belə davalarda dəqiq, qərəzsiz, vicdansız xəbər yayan adamlar olur. Onların birini tapıb hadisə barədə məlumat aldım.

Tələbə Şurasına seçkilər kürd və türk arasında olmuşdu.

Kürd seçkini udmuşdu deyə türklər seçkinin nəticəsi ilə barışmırdılar. Azərbaycanlılar da türklər tərəfdən vuruşduqlarına görə türklər seçki məğlubiyyətini unutduracaq qələbə qazandılar.

Polis işə qarışmasaydı Abdullah Öcalanın öldürdüyü 30 min türkün də qisası alınacaqdı. Bir zırpı kürd tələbəni bir türk, bir azərbaycanlı təkləyib döymüşdülər. Hadisəyə şahid olan kürd hadisəyə ucadan qışqırırdı: “Delikanlılığın kitabında yazarmı bu?”.

Reaksiya görməyib üzünü mənə tutdu. Mən “yazmaz abi, hayatta yazmaz”. deyəndən sonra rahatladı: “Tabii yazmaz...” O, bir suyu ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Metyu Brayzəyə oxşayırdı.

Qız gəldi. Ortaboylu, azca kök, ağbəniz bir qız idi. Döşləri qabarıq idi. Ona ilk baxanı döşləri cəlb edirdi.

Mahiyyətlər təzahür edir, təzahür də mahiyyətlidir. Lakin təzahürlər çox vaxt aldadıcı olur.

Misal üçün bu qız kimi olanlarla daha yaxından tanış olanda yəni onları soyunduranda lifçiyin pambıq ilə dolu olduğunu görürsən.

Son vaxtlarda silokonlu döşlərlə qarşılaşmaq ehtimalı günü-gündən artır.

Silokon əməliyyatların qiyməti xeyli ucuzlaşıb. Ən yaxşısı sifətdir. Bir az arif olsan ənlik-kirşanı görə bilərsən. Atalar da yaxşı deyib: “Qəhbənin qazancı ənlik-kirşanda olar”

Qızın döşlərini görüb Hüseynin ksantippaziyası keçdi. Qarsonu çağırtdı:

-Buyurun.

-Bura bir qız da göndər.

-Oldu.

Qızla söhbət eləməyə başladım. Ən azı Hüseynin qızı gələnə qədər başımı qatmalı idim:

-Burda necə keçir vəziyyət?

-Pis deyil.

-Neçəyə çıxırsan?

-Otuz manata

-İkinizə qırx versək olar?

-Sizə olar.

-Adın nədir?

-Ramilə.

-Lap yaxşı. Mənim adım da Qan Turalıdır. Elə bildin məni tanıdın? Mən məşhur jurnalist idim. “Azadlıq” qəzetində hökumətin siyasətini möhkəm tənqid edirdim. Bir ara çox məşhur idim. Seymur Baycan düz üç dəfə məndən sitat gətirmişdi. Aqşin mənim haqqımda bir yazı yazıb, məni “dahi” adlandırmışdı? Tanıdın məni?

-Yox. Heç qəzet oxumuram.

-Əcəb edirsən. Mən də daha yazmıram.

-Niyə?

-Sən oxumadığına görə.

-Elə eləmə də. Oxuyanlar da olur axı.

-Var idi. Özü də lap çox. Amma pul verən yox idi. Adam olurdu ki, səni görürdü, deyirdi kişi adamsan, əla yazırsan, amma əlini cibinə salıb bir yüzlük çıxartmırdı. İmkanları olmasa ummaram axı. İmkanları var idi, amma mənim manyaklığımdan həzz alırdı.

-Sən manyaksan ki?

-Heç nəyin düzəlməyəcəyini bilə-bilə yazmaq bəs nədir? Bəzən elə radikal yazı yazırdım ki, evə getmək istəmirdim. Elə redaksiyada yatıb qalırdım.

-Doğrudan? Bəs sonra necə oldu?

-Heç nə. Bizi binamızdan çıxartdılar.

-Yenə də yazdın?

-Hə yazdım.

-Bəs onda gecə harda qalırdın?

-Qəzeti küçədə çıxartmırdıq ki? Eh, mən də adam tapmışam e danışmağa.

-Mənə deyirsən?

-Yox, əşşi. Öz-özümə danışıram.

-Danış da, sonra nə oldu?

-Heç nə olmadı. Bir gün çıxıb getdim və bir də qayıtmadım.

-Demədilər qayıt?

-Dedilər. Nazim demişkən, “geriye dönmeği sevmem”.

-Faytonçu Nazim? Mahnısı var elə?

-Yox, yox, elə mahnısı yoxdur. Səninlə ancaq yataqda özü də ispanca danışmaq olar.

-Axı mən ispanca bilmirəm.

-Elə mən də bilmirəm.

-Məni dolayırsan?

-Allah eləməsin.

-Allah eləməsə də bəndə eləyər.

-Mən bəndədən çox universumun bir hissəsi və dünya vətəndaşıyam. Kant kimi.

-Sən nə deyirsən e. Heç nə başa düşmürəm axı.

-İnsan xoşbəxt olana qədər xoşbəxt olmur.

Bu sözləri deyib gülümsədim. Mənası olmayan axmaq sözləri çox sevirəm. Adamı pis vəziyyətdən qurtarır. Sözü deyirsən, qarşındakı da gözünü döyür. Söhbətin axarı pozulur. O da gülümsədi.

Hüseynə də qız gəldi. Arıq, sarışın qız idi. Ən azı valideynlərindən biri rus olmalı idi. Üzümü Ramiləyə tutub dedim:

-Çıxaq?

-Bir kokteyl içək, çıxaq.

-Kokteyl neçəyədir?

-6 manata.

-Pulunu verərəm.

“Yox”, bunu Hüseynin qızı dedi, “susamışam”. Sonra da günahkarcasına gülümsədi. Axmaqlığım tutdu yenə:

-Heç kim günahkar deyil, nə ana, nə uşaq, nə də sement.

Bu sözü bitirməmiş gördüm Hüseynin qızı qəribə-qəribə mənə baxır. Axır ki, axmaqlamağımın əsl səbəbini açıb dedim:

-Bir az içmişəm, danışığımı bilmirəm.

-Yox, elə deyil. Siz çox maraqlı danışırsınız. Sizə qulaq asıram.

-Onda danışım. Ürəyiniz darıxırsa eroin iyləyib şəhərə çıxın, qızlardan Çe Gevara küçəsini soruşun, soruşun ki, Elmlər Akademiyasının qarşısındakı fəvvarə saat neçədə vurmağa başlayır?

Rast gəldiyiniz hər qocaya pislik eləyin, lap sözlə olsa belə. Ayaqqabılarınızı çıxarıb ağacların başına tullayın, bəlkə orda qalıb bir quşa yuva olar.

Hər halda o quş sizdən daha önəmlidir, ən azı insanların əsəblərini poza bilmir. Yerdən daş götürüb maşınlara atın, amma qabaq və arxa şüşələrinə.

Çünki yan şüşələrdən uşaqlar baxır.

-Siz yazıçısınız?

-İyirmi yaşda mənim kimilər üçün gələcəyi parlaq deyirlər. Otuz yaşda deyirlər ki, istedadlıdır. Qırx yaşda dahi deyirlər.

Əlli yaşı keçəndə “onun da vaxtı olub” deyirlər. Altmış yaşdan sonra “o hələ sağdır” deyirlər. İndi mənə də gələcəyi parlaq deyirlər. Amma sizə səmimi deyirəm.

Sizi maraqlandıra bilirəmsə altmış yaşımda mənim adım gələndə “bu hələ ölməyib deyəcəklər?”.

Cavab isə yüz faiz, “ölüb” olacaq. Kimiləri “gəbərib” də deyə bilər. Bu daha yaxşıdır. Çünki deməli hələ də kimlərisə əsəbiləşdirə bilirəm.

Kokteyllər gəldi. Stəkanı əlimə alıb susdum. NLP kitablarında oxumuşam. Yerə baxıb susmaq insana əzici kədər gətirir.

Bu mənə indi çox lazım idi. Boşboğazlığım özümü də yormuşdu. Mən kefim aşağı olanda danışa bilmirəm.

Səssizcə kokteyləri udumladıq. Saçlarımla altı gözün tələsikliyini hiss elədim.

Başımı qaldırdım. Hamı stəkanı içib mənə baxırdı.”Meşə saçlarını geriyə darayan dünyanın bir az arsız olduğunu bilirəm”. Bu sözləri Ramilənin üzünə birnəfəsə deyib ayağa qalxdım.

Hüseynə baxıb gözümlə qarsonu göstərdim. Hüseyn ayağa qalxdı. Mən də qızlarla çölə çıxdım.

Havaya keçən kimin sərxoşluğum keçdi. Pilləkənlərdən düşüb taksiyə tərəf gedirdik. Hər yanımda biri. Siqaret piştaxtasına çatanda Ramilə başını mənə döndərdi:

-Mənə bir Kent 4 al də..

Heç nə demədən piştaxtaya tərəf iki addım atdım. Bir manat uzadıb “Kent 4” dedim. Satıcı həsrətlə üzümə baxıb siqareti mənə verdi.

İstədim üzünə deyəm ki, barmağındakı istiliyi qutu ilə Ramiləyə ötürdün, deməli sən də onunla olmusan.

Demədim. Ayıq idim. Ehtirassız idim. Budda kimi.

Amma Budda heykəlindən fərqli olaraq yanımda qəhbə vardı. Hüseyn gəldi, çatdı. Taksiyə oturduq. Hüseyni qabağa keçirtdim.

Hekayəni mən yazdığıma görə özümü qabağa verirəm. Əcəb də eləyirəm.

Bal tutan barmaq yalar. Amma qabaqda oturmaqdan xoşum gəlmir. Ona görə Hüseyni qabağa keçirtdim.

“Taksiyə nə qədər verəcəyik,” - bunu başımı qaldırmadan soruşdum.

Ramilə “üç şirvan”” dedi. Beş manatlıq çıxardıb Hüseynə uzatdım. Sonra qızların hərəsinə bir iyirmi manatlıq verdim. Alıb “sağ ol” dedilər.

Oxucular elə bilər ki, guya mən taksi şoferinə “atmışam”. Onlara heç Allahın özü də ata bilməz. Pulun üstünü Hüseyn düzəltmişdi.

Sauna yaxında olmalı idi. Əlimlə Ramilənin belini qucaqladım. Soyuq idi beli. Bunu barmaqlarımı köynəyin altından soxandan sonra bildim.

Ramilənin heç vecinə deyildi. Amma bu söhbətin üstündə dostum sevgilisindən ayrılmışdı.

Qızı yaman sevirdi. Yaxın yerlərdə qalırdıq. Elmlər Akademiyası metrosundan yuxarıda, Bənövşə şadlıq evinin yanında. Aradabir Elmlərə düşürdüm.

Görürdüm ki, Bakı Dövlət Universitetinin qabağındakı telefon avtomatının qabağında bədənini az qala telefonun qutusuna soxub danışır. Əlimi çiyninə qoyub salam verirdim. Məni görüb gülümsəyirdi.

Pis oğlan deyildi. Bir dəfə qızı 106 ilə yola salanda onun üstündə dava eləmişdi.

Metronun qabağında qızı avtobusa qoyub. Qızın yanındakı yer boş imiş. Avtobusa girən oğlanlardan biri qızın yanında oturub. O da dərhal avtobusa minib oğlanı beş sıra arxaya keçirdib.

Dərsə bir yerdə gəlirdilər. Amma bu uzun sürmədi. Ayrıldılar. Səbəbini soruşdum. O vaxt hələ başqalarının həyatına marağım qalmışdı.

Hər şeyi mənə danışdı. Bir gün parkda oturanda əlini qızın paltarıının altından bədəninə salıb.

Qız etiraz edib, bunun da əli dinc durmayıb. Bunun üstündə də savaşıblar. Bax belə. Bəlkə də düz demirdi.

Amma axı cümlələri yalan ola bilməzdi. “Ayrılmışıq düzdür, amma alışmışdım ona, cib telefonum kimi, sevimli köynəyim kimi, ona görə çətindir mənə”. Pis oğlan deyildi. Ləzgi idi. Qəbələnin Qəmərbanu kəndindən gəlmişdi.

Qəribə adı da vardı: Qibləli. Hamıdan güclü olsa da heç kimlə savaşmazdı. Yataqxanada qalırdı.

Aspirantların yataqxanasında. Ondan əvvəl onun otağında şərqşünaslıq fakultəsinin magistri qalmışdı.

İndi Elmlər Akademiyasının aspiranturasına girmişdi. İndi gəlib otağı ondan almaq istəyirdi.

Gecələr gəlib dava salırdı. Belə otaqları min dollara qaçqınlara satırdılar. Həmkarlar Təşkilatından ona pulsuz yemək kuponu verirdilər.

Dərsdən icazə alıb yemək yeməyə gedirdi. Uşaqlar hardansa bilirdilər ki, Münasib ancaq “qreçka” yeyir.

Gələn kimi uşaqlar ardıcıllıqla ona “nuş olsun” deyirdilər. 24 nəfər “nuş olsun” deyirdi, biri də o birisinin sözünü kəsmirdi. Bütün bu işlər dəqiqə yarımın içində baş verirdi.

Söhbət bununla qurtarsaydı nə vardı ki.. Cavid adında bir qrup yoldaşımız vardı.

Bir gün “Təbiətşünaslığın fəlsəfi problemləri” dərsində Münasib yeməkdən qayıtdı.

Cavid üzünü ona tutub dedi: “Belə bir siyasi sual: Qreçka yeyib mitinqə getmək olarmı?”. Qızdan ayrılandan sonra qız özünə bir oğlan da tapdı.

Münasib bir dəfə az qala bu oğlanı eşşək kimi döyəcəkdi. Qısqanclığa görə yox.

Oğlan bir gün Münasibə yaxınlaşıb soruşmuşdu ki, qıza bir şey eləməmisən? Heç bilmədim Münasibə hardan gəlib ilişdim.

Hə, Ramilənin paltarının altına soxduğum barmaq məni çox uzaqlara apardı.

Bu dərdə düşmədən əvvəl heç bilməzdim barmaqların bu qədər uzun, söhbətlərin tükənməz olduğunu. Barmaqlarımın narın tüklərə toxunması xatirə lentlərimi kəsdi.

O tüklər daha dərin və tez-tez kəsilsəydi xatirə lentləri kəsilməzdi. Ax, əclaf Jillette.

Aralığa salıb Hüseynin qızının adını soruşum. Ayıbdır, dörd dəfədir adına “Hüseynin qızı” deyirəm. Bəlkə də heç atasının adı Hüseyn deyil.

- Adınız nədir?

-İradə, amma dostlar “İra” deyirlər.

-Lap yaxşı. Mən də İra deyərəm.

Maşın gəlib bir hasarın qabağında dayandı. Hamı maşından düşdü. İra qabağa düşüb ordakı oğlanlardan birinə yaxınlaşdı:

-Yer var?

-Bütün yerlər doludur.

-Bizə bir yer tap də.

-Hardan tapım? Bir az gözləyin, olacaq.

Plasstmas stullarda oturduq. Mən susurdum. Hüseyn də. İra dil boğaza qoymadan danışırdı.

Samir adlı bir oğlanla Zaqatalaya getməyindən, dünən barda düşən davaya görə Azadın ondan üzr istəməyindən, Elmarın pul xərcləyən olmasından, Elnurun gicliyindən danışdı. Yan stolda bir türk oturmuşdu.

Abini görən kimi bildim ki, kamyon şoferidir. Belələrini AzTV-də tez-tez göstərirlər. Bar basılmağı haqqında kadrlar efirə gedəndə onları görmək olar.

Sakitcə kameraya baxıb ciddi-ciddi dururlar. Elə bil elçilikdə qız istəyib cavab gözləyirlər.

Kamyon şoferləri haqqında Türkiyədə çoxlu lətifə var. Biri belədir: Bir alim meymunun genlərini dəyişdirib onun insandan bala doğmasına müvəffəq olur. Lakin genləri dəyişilən meymunla cinsi əlaqədə olmağa adam tapılmır.

Bu iş üçün 10 min dollar vəd olunsa da heç kim bu işi görmək istəmir. Axırda bir kamyon şoferini tapırlar. Ona şərtləri deyirlər.

O da razılaşır, amma bir şərtlə. Pulu hissə-hissə vermək şərtiylə. Elə bilir ki, pulu bu verməlidir.

Onlar haqqında çoxlu mahnılar da var. “Şöför isem günahım ne?”. Kamyon şoferləri adətən maşında yatır və on gün qalıb xarab olmayan çörək yeyirlər. O çörəkdən bir dəfə yemişəm.

Dadsız çörəkdir. Amma bir dəfə Balakəndə Azpetrolun kafesində yemək yeyəndə bir kamyon şoferi ilə tanış oldum. Kafe çox balaca idi, cəmi dörd stol tuturdu.

Yer yox idi. Şoferi stolumuza dəvət elədim. Ordan-burdan danışdıq. Nəsə yerinə düşdü, Nazımden bir misra dedim.

Gərək ki, “Doğduğum kente bir daha geri dönmedim; Geriye dönmeyi sevmem” misraları idi. Gözləri doldu, məni qucaqlayıb öpdü. Amma heç içməmişdi. Yol üstə idi.

Gürcüstana, ordan da Türkiyəyə gedirdi. Deyirdi ki, səyahət etmək xoşuna gəldiyinə görə kamyon sürür. Arıq, ağbəniz oğlan idi. Telefon nömrəmi aldı, amma sonra zəng eləmədi.

Artıq qadına olan həvəsim ölmüşdü. Günahkar yalnız viski deyildi. Qadın boş-boş danışanda ona həvəsim ölür. Mənasız qadınlarla olmağın həzzi də azdır.

Seksin də duyğulu olanını sevirəm. Beləsiylə olmaqdansa o kamyon şoferi kimi meymunla olmaq yaxşıdır. Duyğusuz seks gimnastika kimi bir şeydir.

Bədiisindən yox adisindən amma. Buninin “Mityanın məhəbbəti” adlı hekayəsi var.

Mitya kəndli gəlinlərdən biri ilə olur. Qurtaran kimi gəlin ondan soruşur ki, “eşitməmisən, yarmarkada ucuz çoşqalar satılır?”.

Axır ki, yerlərdən biri boşaldı Hüseyn mənə dedi ki, sən get.

İkinci mərtəbəyə çıxıb ortadakı otaqlardan birinə girdik. İrəli yeriyib pəncərənin qabağına gəldim. Arxaya baxanda gördüm ki, Ramilə artıq lütdür.

Bu qədər tez soyunmaq əsəblərimə toxunur. Dedi ki, mən bir çimim, gəlim.

Tez gəldi. O gəlincə bir oğlan qapını döydü, qapını açdım. İçəri girmədən prezervativ uzatdı. Alıb “sağ ol” dedim. Prezervativi stolun üstündə qoydum. Ramilə gəldi.

Gələn kimi yatağa uzandı, dedi gəl. Onu qucaqlayıb dodaqlarından öpmək istədim.

İçmişdi. İçmiş qadını öpməkdən murdar bir şey varsa o da ölü qadını öpməkdir.

Döşlərini əlimlə oxşamağa başladım. Bu dəfə yalandan “ah, oh” səsləri çıxartmağa başladı. “Arxadan olaq” dedim, razı olmadı. Lap həvəsim öldü. İstədim, üstündən durub paltarımı geyinəm. Amma nəsə eləmədim.

Qəşəng qızdı. Bədəni tarım idi. Ağbəniz, qarasaç qız idi. Tez boşalmaq istəyirdim ki, canım qurtarsın. Fantaziyamı işə salmadım.

Yəqin Ramilə də fantaziya predmetinə çevrilməyi çox istəməzdi. Orqanımı dəliyə - bəşəriyyətin təkər və buxar maşınından da möhtəşəm kəşfinə-salıb bir az qurdalandım. Allahdan olan kimi tez boşaldım.

Amma bilmədim o buna çox sevindi, yoxsa mən? Ayağa durub siqaret yandırdım.

Siqareti pəncərədən atıb hamama girdim. Artıq Ramiləni görmək də istəmirdim.

O artıq gözümdə bir iblis idi. Hüseyn də tez çıxdı. Birgə gəldiyimiz taksiyə oturanda elə bil yad adamlar idik. Ondan utanmırdım əlbəttə ki.

Belə şeyləri tarixdə qoymuşam. Sadəcə bu cür qadınlarla olmaq ölü ilə olmaq kimi bir şeydir.

Azərbaycanda fahişələrin hamısı namuslu qadınların çoxu belədir. Bir qız dostum danışmışdı.

Qrup yoldaşı olan bir oğlan xalası qızına dəli kimi aşiq imiş. Qız da bunu sevirmiş. Valideynləri də verməməkdə olsunlar.

Oğlan qızı qaçırdır. Məcbur olub valideynlər barışır və onlar evlənir. Amma az sonra ayrılırlar. Çünki qız oğlanın oral və anal seks kimi cinsəl tələbatlarına cavab vermirmiş.

Utanırmış. Oğlan da axırda məcbur olub ondan ayrılıb.

Son zamanlarda antennamın qəbul etdiyi siqnallara görə Azərbaycanlı qadınlar aybaşşı dövrlərdə ərləri ilə anal yolla cinsi əlaqədə olurlar.

Amma azərbaycan qadını siyasi, sosial və cinsəl kuluarlarda passiv olaraq qalır. Yalnız bir yolla cinsi əlaqədə olmaq insanı lümpenləşdirir.

Fikir vermisinizsə, küçədəki insanların çoxu bir-birinə oxşayır.

Bu cinsəl totalitarizmin nəticəsidir. Vaxtım olsa cinsi totalitarizm adlı bir roman yazacağam.

Azərbaycanda seks bir elm kimi çox zəif inkişaf edib.

Müstəqilliyin ilk illərində Azərbaycanda seks haqqında kitablar çıxdı. SSRİ-nin mədəniyyət naziri bir dəfə bəyan eləmişdi ki, SSRİ-də seks yoxdur.

Camaat aclığa düşmüşdü. 90-cı illərin əvvəllərində pedoqogika professoru Allahverdi Eminovun “Payıza qədər (Seks haqqında söhbətlər)” adlı kitabı çap olundu. O kitabı oxuyandan sonra adamda daha durmurdu.

Qadın ilə kişi tanış olurdular. Evə gəlirdilər. Qadın soyunurdu.

Bu zaman Allahverdi Eminov kişini ofsayda salıb impatent şair təxəyyülü ilə özü qadına girişirdi: “O ağ baldırlar bambaşqa bir dünyada xəbər verirdi.

Həyat kimi bu baldırların da sonu vardı.

Onlarla təmas ilahi bir dua kimi göylərə yüksələcək, ulduzların ad gününə toplaşacaqdı”.

60-ci illər nəslinə mənsub yazıçılardan olan Elçin Əfəndiyev də qızla oğlın tək otaqdakı görüşlərini çox vaxt bu cür təsvir edirdi.

Amma bu kitab arvad hamamında kişi idi. Kitab böyük rezonans doğurdu.

Kitabdan o zamankı prezident Əbülfəz Elçibəyə də şikayət eləmişdilər.

Bəy də demişdi ki, belə danışdığınıza baxmayın, gecələr hamınız o kitabı oxuyursunuz.

Müstəqillik dövrünün ilk illəri bu aclıqla dolu idi. Sarı mətbuat günü-gündən ayaq açırdı.

Sarı qəzetlərin tirajları iki yüz minə qədər qalxmışdı. Qəzetlərdə çoxlu məktub çap olunurdu.

Kişilər rus qadınları ilə yaşadıqları intim anlardan yazırdılar. “İnterpark”, “Adəm və Həvva”, “Oxu məni” kimi adlar daşıyan bu qəzetlərin redaktorları böyük pullar qazanırdılar.

“Allah rus qızlarının canını sağ eləsin” kef eləyirdilər. İşləri internetdən şəkil tapıb səhifəyə qoymaqdan ibarət idi. Yazıların doxsan faizi oxucu məktubları əsasında hazırlanırdı.

Adətən seriallar da yazılırdı. “Ardı var” qeydi ilə dərc edilən bu seriallar gözəl bir qızın “pis yola” düşməsindən bəhs edirdi.

Qız təyinatı üzrə istifadə edilməyə aparılanda maşınların maqnitafonu “Səbəbi yox göz yaşlarımın” mahnısını fırladırdı.

2001-ci ilin avqust ayının 9-una qədər bu işlər belə getdi.

O zamankı prezident Heydər Əliyev qəfildən günün günorta çağı efirə çıxıb “Etimad” qəzetində bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin təhqir olunmasına kəskin münasibət bildirdi.

Prezident öz çıxışında “milli-mənəvi dəyərlərin mətbuatda təhqir edilməsininin” də üzərindən kiçik bir abzasla keçmişdi. Çıxışdan dərhal sonra sarı mətbuat tamamilə yığışdırıldı.

Gənclərin gözü yolda qaldı. O vaxtdan sonra bir az boşluq oldu.

Amma internet genişləndikcə bu boşluq dolmağa başladı. Düzdür, gənclərin çoxu xarici dilləri yaxşı bilmirdilər.

Amma seksə nə dil? Bu bəşəri dildir. Esperanto problemi seksdə artıq çoxdan həll edilib.

Problem ortaya çıxdığı gündən. Bir anlıq düşünün. Ortaq heç bir dili bilməyən iki nəfər nə alver edə bilər, nə də araq içə. Çünki sağlıq demək, dərdləşmək mümkün deyil.

Bunlarsız da araq olmur. Amma bədən-bədəni istəyəndə ortada dil baryeri itir.

Google.az saytına girib seks sözünü yazmaq kifayətdir.

Google saytının vaxtaşırı olaraq ən çox axtarış verilən sözləri çap edir.

Hər zaman da “seks” sözü birinci yerdə olur. Müğənnilərin, siyasətçilərin, yazıçıların yerləri reytinqlərinə görə dəyişir. Seksin birinciliyi isə sabit olaraq qalır.

Məsələnin bir tərəfində diqqət! “Seks” sözü internetdə axtarılanda 465 milyondan çox nəticə verir.

Bu saytların birinə girib gözlərinin qurdunu öldürürlər. Adətən bu sözü ikinci dəfə axtarmırlar. İlk dəfə tapdıqları saytda eşələnirlər.

Amma seks sözünün liderliyi daimi və sarsılmaz olaraq qalır. Bundan çıxan nəticə budur:

Hər gün on minlərlə adam ilk dəfə internetə girib “seks” sözünü axtarır və bu axın kəsilmək bilmir.

Taksi evimizə yaxınlaşanda mən maşını saxlatdırdım. Qızlarla ötəri sağollaşdım. Hüseyn də mənimlə düşdü. Sakitcə evə qədər yeridik.

Günah iş tutmuşuq kimi bir-birimizin sifətinə baxmırdıq. Bu daha çox Hüseynlə bağlı hiss idi.

Mən sadəcə olaraq yorulmuşdum. Evə çatıb açarımı portmanatımdan çıxartdım.

Qapını açıb içəri keçdim. Hüseyn çay üçün mətbəxə keçdi. Çayniki qazın üstünə qoyub qayıtdı.

Mən yatağıma sərilmişdim. Telefonumda ondan qalan mesajlara baxırdım.

Hüseyn gəlib yanımda oturdu. Telefonu göstərdi mənə. İra yazılmışdı.

-Nömrəsini aldım. Dedi ki, gələn dəfə gəlmək istəsən zəng elə özüm gəlim, kokteyl alıb xərcə düşmə.

-Lap yaxşı. Mənə də verərsən nömrəni.

-Verərəm.. Bilirsən, o yaxşı qızdır e.

-Əlbəttə, kim nə deyir ki?! Amma mən yatıram. Bu dünyada pis adam yoxdur. Hər şeyə görə Tanrı günahkardır. Allah onun cəzasını verəcək.

2007 noyabr
XS
SM
MD
LG