Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:57

Bəxtiyar Hidayət "Qızıldiş" (Hekayə)


Dayanacaqda marşrut gözləyən Bəhruz dayanacağın bir küncünə söykədilmiş yabanın kimin olmasını fəhm etdi.

Bu qaçqın Mayıl müəllimin yabası idi.

Tanımağı da belə oldu ki Bəhruz artıq bu adamın getdikcə elə öz paltarına, təsərrüfat alətlərinə və hətta öz inəyinə, öz itinə oxşadığının fərinə varmışdı.

Bax elə bu yabanın da dişləri sınıq-salxaq idi Mayıl müəllim kimi.

Yaba da köhnənin yabası idi və Mayıl müəllimin dişləri kimi onun da hardasa ağzı mırıq idi-dörd dişdən biri “çürümüşdü”.

Yerdə qalanların da demək olar ki hamısı dəfələrlə qaynaq edilmişdi.

Yabanın dişləri çirkli idi Mayıl müəllimin dişləri kimi. Yabanın “geyimi”, yəni sapı da Mayıl müəllimin geyimi kimi tör-töküntü idi.

Yabanın sapı elə əyri-üyrü idi ki heç adamın əlinə yatmazdı.

Bəhruz Mayıl müəllimin baltasını da özünə bənzədirdi.

Baltası da çox köhnə idi və o da öz ”kolleqası” kimi bir neçə dəfə qaynaq olunmuşdu.

Bəhruz bu qaynaq yerini Mayıl müəllimin köhnə zabit toqqasına bənzədərək onun da çat verdiyini deyirdi.

Yəni Mayıl müəllim də o toqqanı bağlayanda ortasından çat vermiş baltaya bənzəyirdi Bəhruzun gözlərində.

Mayıl müəllimin inəyi də ki özü kimi tamahkar idi.

Hər dəfə mal nobatına gedəndə Bəhruzun anasını ağladırdı.

Qaçıb onun taxılına, bunun yoncasına girirdi ki bu da əkin sahiblərinin Bəhruzla dava-dalaşına səbəb olurdu.

Elə iti də belə bir xətakar idi. Mayıl müəllim necə ki yardım dilənmədiyi idarə müəssisə qalmamışdı, onun iti də sümsünmədiyi qapı qalmamışdı.

Bəs görəsən yabanı bura qoyub hara cəhənnəm olub bu müəllim.

Yəqin dayanacağa yaxın olan əkin yerinə peyin dağıdırmış.

Sonra da yabasını bura qoyub harasa bu yaxın evlərdən birinə sümsünməyə gedib.

Kəndin bu hissəsində bir neçə qaçqın evi vardı. Elə Bəhruz da qaçqın idi.

Mayıl müəllim isə kənddə hörmətli bir adam sayılırdı.

Çünki bu kənddə harasa ərizə yazmaq, kimisə danışıb-barışıb əsgərlikdən saxlamaq, kiminsə pensiyasını artırmaq kimi işləri adətən o həll edirdi.

Və yerli camaat da onu savadlı bir adam sayırdı.

Bəhruzu maraq bürüdüyündən marşrutun birini ötürdü - görəsən harda sülənir bu müəllim.

Nəhayət Mayıl müəllimi gördü. Əlində də bir kağız uzaqdan əl elədi ki, məni gözlə.

Mayıl müəllim dayanacağa çatdı. Xoş-beşdən sonra hər şey Bəhruza aydın oldu.

Camaata qol çəkdirirmiş bir kağızda. Kağızda yazılanların da məzmunu Bəhruzun nəzərində oğraşlıq məzmununda, Mayıl müəllimin nəzərində isə dövlətçilik məzmununda idi.


Bəhruzun dostu Sabir müəllim də qaçqın idi.

Və həm də Müsavatçı olduğu üçün Mayıl müəllimlə heç arası yox idi.

***

Iki ay olardı ki Sabirin qız övladı gəlmişdi dünyaya.

Amma qaçqınlar üçün nəzərdə tutulmuş çörəkpulu deyilən pulu körpənin adına ala bilmirdi Sabir müəllim.

Kənd icra nümayəndəsi demişdi ki gərək balanslı siyasət pozulmaya.

Gözlə görək ölən-itən olurmu, onun yerinə sənin uşağına çörəkpulu yazaq.

Sabir müəllim də eləmə tənbəllik bu barədə qaçqınkoma bir məktub göndərmişdi internetlə.

Məktuba cavab gəlmədikdə məlumatı bir az da bəzəyib “Yeni Müsavat” qəzetində satirik bir yazı ilə çıxış etmişdi.

O yazını Bəhruz da oxuyub xeyli gülmüşdü. Yazı belə idi:

İNDİ MƏN KİMİ ÖLDÜRÜM???????

Hörmətli qaçqınkom Əli müəllim. Davamlı iqtisadi artım nəticəsində ölkə vətəndaşlarının sayı da durmadan artır. Bu artım bizim ailədə də özünü göstərmişdir.

Anadan olan kimi qaçqın damğası da alin yazısı olan bir qızım gəlmişdir iki aydır ki dünyaya.

Qanunla ona çörəkpulu verilməlidir. Amma di gəl ki iki aydır ki get-gəldəyəm və belə görürəm ki bəzi məsələlər baş verməsə elə bu işin dalınca iki aydır ki dünyaya gələn qızım da nə vaxtsa gedib-gəlməli olacaq.

Nədir bəzi məsələlərin baş verməsi onu açıqlayım.

Demək icra nümayəndəsinin dediyinə görə ölkənin xarici siyasətində balans qorundugu kimi daxili siyasətində də bu ənənəyə sadiqlik vardır.

Və beləliklə də qaçqınlar da bu balansı siyasətdən qırağa çıxmamalıdırlar.

Odur ki gərək qaçqınların ölümü ilə doğuşu arasında da balans pozulmasın.

Pozuldusa alin yazısına qaçqın yazılaraq doğulanların alın yazısına zada baxilmayacaq.

Əgər bir qaçqın dünyaya gəlmişsə o qaçqın o vaxt qaçqın hüquqlarından istifadə edə biləcək ki gərək qaçqınlardan kimsə o ərazi inzibatı vahidində ölə. Ya da ki düşə türməyə.

Çünkü türməyə düşən qaçqının da çörəyini hökumət türmədə artıqlaması ilə verdiyindən o türmədə olduğu müddətdə qaçqın sayılmır.

Mən belə görürəm ki Qarabağ qayıdan zad deyil.

Bu əhalinin qaçqın adın üstündən götürmək üçün hamısını basın türmələrə. Onsuz da hamısı yardıma öyrəşib.

Elə türmədə öz hökumətimizin yardımı ilə qarnımızı doyurarıq və sizlər də xarici hökumətlərin iqtisadi və siyasi asılılığından azad olarsız.

Yuxarıda dediyim kimi və yaxud da gərək kimsə ölə.

Amma di gəl ki bizim ərazi inzibatı vahidində yaxın gələcəkdə heç bir qaçqının nə ölmə şansı var, nə də türməyə düşmə şansı.

Qaçqın adamdı hamı burda, hökumtə şükür oxuya-oxuya başının çibinini qovlamaqla məşğul olanlar türməyə niyə düşsün ki.

Etiraz etmirlər ki polis tuta onları. Həmçinin də qıraq yerdi, qərib itin quyruğu paçasının arasında olar, bura hansı qaçqın oğurluğa risq edər?

Ölüm prespektivi də belədir- burda bütün qaçqınların əvvəl ən böyük arzuları kəndimizə qayıtmaq idi.

O arzu rəhmətə gedəndən sonra (Allah ölənlərinizə rəhmət eləsin) cammat keçdi Arzu N-2-yə.

Yəni ən böyük arzuları indi nəvə-nəticə toyunda oynamaqdı bu camaatın.

Allah da baxır ki bu camaat şahın devrilməsini istəmir, demokratiya istəmir, azadlıq istəmir, Qarabağ istəmir, maaşın artırılmasını istəmir, rüşvətən ləğvini istəmir-bir sözlə gündə minlərlə şey istəməliykən heç nə istəmir, belə camaatdan xoşu gəlir.

Deyir ayə, bunlar ki demaqoqluq edib məni bezdirmir, cəmi-cümlətanı da bir arzuları var, qoy o da yerinə yetsin.

Odur ey, Avropalılar Allahı tez-tez demaqoqluq edib bezdirdiklərinə görə gör orda bircə uzunğmürlü adam qalıbmı?

Bütün bunlar bir yana. Bəs indi mən neynəyim Əli müəllim. Axı gərək kimsə ölə. Bəlkə özüm ölüm. Bəlkə məni həbs edəsiniz?

Vallah mən Bandoddel işçısı-zad olmamışam ki kimisə elə öldürüm ki heç izi-tozu da qalmasın.

Vallah mən bu sahədə şahımızın əlinə su tökməyə də dəyməzəm.

Necə ki o öldürdüyü adamların qanı batır. Bəlkə şahdan xahiş edəsiniz biz tərəfə bir killer göndərsin.

Nə isə Əli müəllim istər şaha deyin, istər Allaha. Mənim işimi həll edin.

Dərin hörmətlə Sabir Həsənov- Qarabağ qaçqını

***

- Müəllim, sənə nə düşüb e. Niyə arada özünü pis edirsən?

- Əə qədirbilməz olma. Bu cür hökuməti bəyənməmək olar? Qaz pulsuz, işıq pulsuz, yardım verir, çörəkpulu verir, niyə qudurursunuz? Məsələ rayon miqyasında müzakirə olunur. Başçı deyir kimi qol çəkməsə çörəkpulu kəsilsin. Hələ yerlilər də qol çəkib. O Sabirdi nə tuladı onu kənddən qovacağıq. Işini də kolleqa iclası çağırıb əlindən alacaqlar.

- Hamınız alçaqsınız! Mən qol çəkməyəcəm bu kağıza.

- Cəhənnəmə qol çək, sizdən üçü adam qol çəkib. Elə sizə də dəymişəm. Atan Sabirə elə acıqlanıb heç başçı elə acıqlanmayıb. Belə də şey olar? Adam pirinə təpik atmaz, bala. Gör kimlərə qoşulub sənin o dostun? Musavatda zadda yazır daha.

Mayıl müəllim bu sözləri dedikdən sonra yabasını da götürərək oradan aralandı. Bəhruz onun arxasınca:

-Cəhənnəmə qol çəksinlər. Hamınız əclafsınız onsuz da. Elə sizə haqq eləyir bu hökumət. Sən öl o yabanı əlindən alıb... eninlə uzununu bərabə edərəm!

Mayıl müəllim- səni o gözəl atana bağışlayıram, get gündə yüz dəfə qurban ol o kişiyə-deyə-deyə addımlarını yeyinlətdi.

Bu vaxt növbəti marşrut gəlib çıxdı.

***

Sabir müəllimi həqiqətən də işdən çıxartdılar. Həmçinin yenidən qaçqın hayatı yaşamalı oldu.

Elə bu kəndə gəlib çıxınca da bir neçə yer dəyişmişdi. Indi də məktəbin bir sinfində məskunlaşmışdı.

Beləliklə də məktəbdə işini itirdi və daha orda yaşaya bilməzdi. Kənddən köçməli oldu.

Bir də sorağı Bakıdan gəldi. Saytların birində yazarliq edirmiş.

Amma Sabir müəllim də Sabir müəllim idi. Mayıl müəllimin elə yerindən vurmalı idi ki heç yadından çıxmasın.

Günlərin bir günü telefonlarda “qızıl diş” adlı bir gülməli şəkil yayıldı.

Şəkildə bir alman avçarkası vardı ki ağzında köpək dişləri qızıldan idi.

Şəkilin altına da yazılmışdı ki qaçqınkomun oğlunun iti.

Bu it şəklinin altında da Mayıl müəllimin gülən yerdə bir şəkli yayılmışdı.

Ağzında bir-iki diş qalmışdı ki onlar da sınıq-salxaq. Adam iyrənirdi bu dişlərə baxanda.

Və bu şəkilin altına da yazılmışdı ki-bu da qaçqınkomu daim müdafiə edən bir qaçqının dişləri.

Şəkillərlə Mayıl müəllim də tanış oldu. Və bu şəkilləri ona dərsdə uşaqlar göstərmişdi.

O da elə dərsdəcə bir yağlı ana söyüşü söydü telefon icad edənə.

Əvvəl elə bildi ki uşaqların əməlidi.

Adətən dərs keçməz və dərsində uşaqlar telefonla bir-birinə mahnı göndərər və yaxud oyun oynayardılar.

Amma axır ki anladı bu nə deməkdir.

Anladı ki dünyada sayt deyilən bir şey var və bu şəkildə o sayt deyiləndən götürülüb.

Az-maz da anladı ki bunu Sabir müəllim eləmiş olar.

Oturub Mehriban Əliyevaya bir məktub yazdı.
XS
SM
MD
LG