Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:55

Murad Köhnəqala. Əməkçi surətlər, Başağrısı


ƏMƏKÇİ SURƏTLƏR

Küçələrdə
əməlli-başlı əməkçi surətlər qaynaşır
belə gedir
elə gəlir
elə gedir
belə gəlir
öz əməyiylə yüksəlir işləyir və dişləyir
dilində xalq yaradıcılığı bulağı
bulaq1
bulaq2
hər yan əməkçi surətlərlə doludur
düzdür hərdən epizodik surətlərlə də qarşılaşırıq
hətta arabir təbiət təsvirlərinə də
lirik ricətə də müraciət olunur
əsas odur ki bizim bu əməkçi surətlər
ölkəmizin hər yerində gəzişir
haqsızlığa və işsizliyə qarşı mübarizə aparırlar
müəllif onları həyatın ən dözülməz
ən məşəqqətli yerlərində imtahana çəkir
onlar isə bu sınaqlardan yarımcan
sağ-salamat çıxırlar
gələcək planda var ki
bir gün bu əməkçi surətlər
əsərin baş qəhrəmanı ilə
kulminasiya nöqtəsində görüşəcəklər…


BAŞAĞRISI

Ürəyimin ən dərin meşəsindən
atəşkəsin salamını yetirirəm
uzun əmr
can sıxlığı arzulayıram
neçə-neçə belə bayramlar (yüz-yüz) köçürəsiniz
işlərinizdə müvəqqətiyyət
mütəkkəfiyyət və yüksək keyfiyyət əldə edəsiniz
oğlumun kiçik toy məclisinə dəvət edirəm
Şuşa resduranının yanı
Laçın şıllaq sarayı
sağ-salamat varıq
sizin də sağlığınızı təbiətin var qüssəsindən Arzu qızım
Həyət və yaradıcılızlığınızda
yeni-yeni nalliyyətlər arzulayıram
indi isə xalq çalğısı instrumentinə
qulaq asa bilərsiniz
dərin hüznlə başağrısı verirəm…
XS
SM
MD
LG