Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:54

Azad Yaşar. Eynəyin yuxusu, Əllərim...


Adam bu kimsəsizlikdə

Adam bu kimsəsizlikdə ölə bilər
bu qaranlıqda
hələ pərdələr çəkilidirsə
üstəlik, qapı da kilidlənibsə arxadan
qonşular səsini duyacaq qədər
yaxında deyilsə
kölgələr qaynaşırsa divarda
ürək
əldən düşər bu kimsəsizlikdə
yatar
bir daha oyanmadan.

Adam bir kimsəyə tapşıra bilməz
gözünü göynədən acını
yarımçıq mahnısını
və bir də
bir də… sevdasını.
Adam canını belə tapşırammaz
bu kimsəsizliyə
bu qaranlıqda.

Tapşırammaz işığı zülmətə.
Tapşırammaz.

1982


Eynəyin yuxusu

Yatanda
insan çıxarar eynəyini:
"Yetər hər şeyə səninlə baxdığım,
yuxumu şəriksiz görmək istərəm" deyə.

Eynək susar, uyuyar bir az aralıda -
insan öz yuxusuna dalar,
eynək öz yuxusuna.

1981


Əllərim

Əllərim
ağlı, qaralı, sarılı bütün əllərə bənzər
insanlığın dünənini,
bu gününü yaşadığına.

Əllərim
özümünkülərə bənzər
ən çox -
ömrümün dünənini, bu gününü
mənimlə ortaq daşıdığına.

1981


Kədər dağları

Dağlara qar yağıb.
Dağlar uyuyur qar altında.
İstidə.
Onlardan qat-qat ucadır
sinə dağlarım -
nə qədər qar yağa örtməz.
Sinəmə çəkilənlər
adi dağ deyil -
qar altda yatmaz.

Soyuqdan donacaqlar zavallılar!

1982


Payızda ağaclar

Yarpaq-yarpaq soyunur ağaclar
yarpaq-yarpaq ağlayır ağaclar
yarpaq - göz yaşına bənzər,
süzülən damlaya bənzər üzülən yarpaq
sarı göz yaşlarıyla ağlayır ağaclar
sakitcə ağlayırlar
günahsız yerə döyülən uşaqlar kimi,
için-için.

Torpağa - ürəklərinə axıdırlar göz yaşlarını,
bilirlər - olacağa çarə yox,
dərdli-dərdli ağlayırlar.
İnsana bənzəyirlər ağaclar
ağlayanda da,
güləndə də…

1987

Alatoran, 2004
XS
SM
MD
LG