Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:53

Etimad Başkeçid. Adsız şeir, Zəvvariyyə...















ZƏVVARİYYƏ


bəli, vaxt çatdı, vədə yetişdi,
zəvvarlar təzədən cəmləşdilər Məkkəyə,
çünki şərt belədir,
bundan munasib yer yoxdur
yer üzündə
axirət tarlasına dən səpməyə.

yenə keçənilki kimi oldu hər şey,
hər şey təzədən təkrarlandı…
şeytanı daşa tutarkən filan qədəri öldü,
filan qədər də yaralandı.

Allah vəkili Hacı Əhməd,
öz gözlərilə görmüş və bu hikmətə varmış-
vurhavur düşəndə sən demə, heç demə
şeytan da onlara daş atırmış…


ADSIZ ŞEİR

belə, qardaşım Etimad,
nə təhər olur gecəni səhərə daşımaq?!
şər vaxtının hökümüylə dirigözlü
gömüldüyün yataqda
fəlakət xəbərçiləri kimi qafanı sarmış
anıtlar, xatırlamalar…
səkidə boş konserv qutusuyla süpürləşən
küləyin vecsizliyi də bir yandan.
oysa keçmişlərin ən fağır rəngidir
xatırlaya bilmədiklərin.

otağın küncünə sinilmiş kölgə,
arabir bəsbəlli bir canlı kimi tərpəşir,
Haqq yetişincə batilin zay olacağından xəbərsiz,
ələmanda yuxu kəsdirməyə oturmuş
qafilə bənzəyir.
sən ki, heç özgələrin payına dəymədin, dostum,
heç ölümündən qorxmadın,

indi nəfəsi it ölüsü qoxuyan kabusdan
hansı nədənləsə vahimələnirsən.

yoxuşa dirənmiş yol kimi,
sabahın kor saatınacan sürünmək, sürünmək,
ya, bəlkə, ölümün üzündəki qeyd-şərtsizliyi
axşam sularında yaşayan
qoş-qoca bir intiharla görüşdürmək,
ölümü gözləmək ölümdən betər.

hərə bir cana borclu deyilmi?!
yoxmu?
istər öz içində, ömürlük
dibsiz bir qarın gəzdirməyə məhkum olunmuşlar,
istərsə bir adsız, qara daş.
bu qaranlıq səni udsa belə, sinirsə,
özüylə götürsə,
yenə heç şey olmamış kimi
bir səhər açacaq təzədən.
min dürlü, min bir qılıqlı qələbəlik
küçələrə doluşacaq ələm ağacı tək,
daha bir yürüş eləyəcək, məhşərə doğru.

səninsə, gecələr ay işığında böyüyən otlar kimi
sabaha uğraşmaq haqqın olacaq,
ancaq,
artıq keçmişləri xatırlamayacaqsan…
XS
SM
MD
LG