Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:39

Etimad Başkeçid. Siz üzü suluykən qeyb etdiniz hər şeyi















SİZ ÜZÜ SULUYKƏN
QEYB ETDİNİZ HƏR ŞEYİ


siz üzü suluykən qeyb etdiniz hər şeyi,
ufacıqlar!
yağmur kimi, rüzgar kimi,
rüzgarda
titrəyən yarpaq kimi, sis dumanı tək,
doğal bir hadisə olduğunuz vaxtlarda eynən.
bir sürü qartmış köpək
bilməm nə deyə
hər şeyi qapdılar, aldılar əlinizdən,

hanı bir istəyiniz vardı, ufacıqlar,
neçə türlü şeylər keçirdi könlünüzdən,
yuxular görürdünüz qızılı, narıncı,
novruz yumurtaları kimi boyalı,
bir-birindən seçməli, sayalı

hanı gün görməyə gəlmişdiniz,
ufacıqlar!
gördünüzmü?
ikiqat oldular yekə-yekə adamlar
sizinlə salamlaşmaq üçün,
heç fərqində oldunuzmu?

yox, bu siz deyildiniz vallahi,
nagahan ətrafa endirilmiş
ağabəy salamına müştaq,
ev-eşiyin, dost-qardaşın yanında
ikiüzlü Yanus kimi
bir üzü qara, biri ağ.

haşa, ki bunda da illət-filan yox.
ğuya böyüdünüz, ağıllandınız guya,
ğuya sirr pərdələri yırtıldı, ama
bir ləhzə fikirləşməyə aman yox.

siz üzüsuluykən qeyb etdiyiniz hər şeyi
ufacıqlar!
yağmur kimi, rüzgar kimi,
rüzgarda
titrəyən yarpaq kimi, sis dumanı tək,
doğal bir hadisə olduğunuz vaxtlarda eynən…


AĞRILI ADAM

içində bir ağrısı vardı,
onu müvazinətdən çıxarmaq,
dəngəsini pozmaq, yerə yıxmaq
və yerlə yeksan eləmək istəyirdi…

ağrı və can,
can ağrı tapmasın, dostlar,
tapdısa ömrü-billah
qıllı köpək keçməz aralarından.

içini gəmirən ağrıdan
qarımış səsilə göyləri çağırdı
- Allah, Allah!
imkan et, gözünün ucuyla mənə bax,
mən də sənin bənzərinəm, inşallah.

ama, göyüzü…
sonsuza qədər hər şeyi yerli-yerində.
gündəyməz yerlərdə yaşayan
zülmət kimi lal-dinməz, soyuq,
əyil, qalx, min təzə söz fikirləş, de –
bilinməyən, cansız porpetum-mobile.

devikdi sağına-soluna,
elliklə harasa
tələsirdilər adamlar:
- salam, bir quruşun qurumsağı!
qaranəfəs yüyürüb getdi.
- hey, eheyy, köhnə kişi,
ol zamanların adamı!
deyəsən duymadı, eşitmədi, getdi.
adıyla tanınan,
külli-ibadət sahibisə
ibadətə tələsirdi…

içində bir ağrısı vardı,
onu müvazinətdən çıxarmaq,
dəngəsini pozmaq, yerə yıxmaq
yerlə yeksan eləmək istəyirdi…
o isə, axmaq adam,
çıxmayan cana ümid çoxdur deyə
hələ yaşamaq istəyirdi…
XS
SM
MD
LG