Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:51

Yaponiyada ciddi atom qəzası təhlükəsi artır


Yaponiyada atom elektrik stansiyası yaxınlığından köçürülmüş ailələrdən birində körpə radiasiyadan müayinə olunur, 15 mart 2011
Yaponiyada atom elektrik stansiyası yaxınlığından köçürülmüş ailələrdən birində körpə radiasiyadan müayinə olunur, 15 mart 2011

RADİASİYA ARTIR

Yaponiya rəsmiləri bildirirlər ki, soyutma sistemləri sıradan çıxmış Fukushima atom elektrik stansiyasının çevrəsində radiasiya səviyyəsi getdikcə artır. Martın 15-də stansiyanın ətrafında radiasiya insan sağlamlığına təhlükəli həddə çatıb, sonra bir qədər aşağı düşüb.

Martın 11-də baş vermiş 8.9 bal gücündə zəlzələ və onun ardınca da sunamidən paytaxt Tokyonun 240 kilometrliyində yerləşən atom elektrik stansiyasının reaktorlarından birinin soyutma sistemi sıradan çıxmışdı. Bundan sonra digər reaktorlarda da soyutma sistemi sıradan çıxdı.

Yaponiyanın Baş naziri Naoto Kan bildirir ki, stansiyanın 20 kilometr çevrəsində kim qalıbsa, dərhal oranı tərk etməlidir. 20-30 kilometr məsafədə yaşayan 140 000 insan isə evindən çölə çıxmamalıdır.

Qəza zonasının 30 kilometrlik çevrəsində uçuşlar da qadağan edib.

(Yazı fotosessiyanın altında davam edir)


PAYTAXTDA DA TƏLAŞ VAR


Dünya Səhiyyə Təşkilatı bildirir ki, Yaponiya əhalinin radiasiyadan qorunması istiqamətində bütün zəruri tədbirləri görür.

Martın 15-də Fukushimanın 2-ci reaktorunda da partlayış olub, reaktorun mühafizə sistemi zədədlənib. Həmin gün 4-cü reaktorun binasında da alov müşahidə edilib. Mütəxəssislər reaktorun yerləşdiyi bölməyə dəniz suyu vururlar ki, ərimənin qarşısını alsınlar. Lakin bu, reaktorun qızmasının ancaq sürətini azalda bilir, hərarət qalxmaqda davam edir.

Rəsmilər paytaxt Tokyoda radiasiya səviyyəsinin normadan yuxarı olduğunu, amma bunun insan sağlamlığına ciddi zərəri olmadığını deyirlər. Paytaxt sakinləri sakitliyə çağırılsa da əhali dükan-bazara axışıb ərzaq və başqa gündəlik tələbat mallarını artıqlaması ilə almağa çalışır.

Çinin Tokyodakı səfirliyi məlumat verib ki, mümkün nüvə qəzasına görə Yaponiyanın şimal ərazilərində yaşayan çinlilərin cənuba daşınması üçün avtobuslar hazırlayıb.

İran səfirliyi də Tokyodan iranlıları çıxarmağa hazırlaşdıqlarını deyib.

KÜLƏK OKEANA TƏRƏF ƏSİR...

BMT-nin məlumatına görə hazırda külək stansiyadan okeana doğru əsir, əgər partlayış baş versə, radiasiyanın Yaponiya, ya da yaxın ölkələrə ciddi təsiri gözlənilmir.

Yaponiyada baş vermiş bu təbii fəlakət başqa ölkələri, o cümlədən Rusiyanı da özünün nüvə obyektlərinin təhlükəsizliyini yenidən nəzərdən keçirməyə məcbur edib.

Rusiya özünün Uzaq Şərq regionunda radiasiya səviyyəsinin normal olduğunu bildirib. Amma hərbi mənbələrin məlumatına görə onlara mümkün qəza anında dərhal əhalini regiondan çıxarmaq tapşırılıb.

Almaniya Kansleri Angela Merkel bildirib ki, Almaniya yəqin ki, 7 nüvə reaktorunu 3 aylığına dayandıracaq ki, qurğularda əlavə texniki təhlükəsizlik tədbirləri həyata keçirsin:

- Biz bütün atom elektrik stansiyalarımızda təhlükəsizlik yoxlamaları aparacağıq. 1980-ci ildən əvvəl istifadəyə verilmiş bütün stansiyalar yəqin ki, 3 aylığa dayandırılacaq.

ERMƏNİSTAN ÖZ STANSİYASI İLƏ ÖYÜNÜR...


Amma Azərbaycanın qonşusu olan Ermənistanda rəsmilər bildiriblər ki, Metsamor atom elektrik stansiyası Yaponiya stansiyalarından zəlzələyə daha davamlıdır. Ona görə təlaşa səbəb yoxdur.

Yaponiyada nüvə partlayışı bu ölkənin son bir həftədə aldığı üçüncü ən böyük zərbə olardı. Martın 11-də baş vermiş 8.9 bal gücündə zəlzələ, onun dərhal ardınca şəhərləri basan sunamidən indiyə qədər 3 300 nəfərin həlak olması rəsmən təsdiqlənib. Amma itkilərin 10 000 nəfəri keçəcəyi ehtimal edilir.

Gecələr dondurucu soyuğun altında milyonlarla insan susuz, yeməksiz, evsiz qalıb.

Sinqapur Bankının hesablamalarına görə Yaponiyanın bu təbii fəlakətdən maddi itkisi də 100 milyard dilları keçə bilər.
XS
SM
MD
LG