Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:38

Gülxani Pənah. Kəklik harayı


(Hekayə)

Ovçu evdən erkən çıxmışdı. Səhərdən bəri Keytinin quzeyində-Qaraqayanın boynundan ta Ağduzdağa qədər gəzmişdi, əlinə bir şey keçməmişdi.

Artıq özlüyündə yorğunluq hiss etsə də əliboş geriyə qayıtmaq da istəmirdi.

Qayaların arasıyla dağyuxarı dırmaşırdı.

Havadan yazın ətri duyulurdu. Qarın boşalması hiss olunurdu, təkəmseyrək qar çiçəyi, çildəm görsənirdi.

Möhtəşəm qayalara çırpılan günəşin şəfəqləri, haradansa qayaların arasından axıb gələn dağ çayının şırıltısı könül oxşayırdı.

Ovçu bu gözəlliklərin arasında çılpaq qayalıqlara tərəf gedirdi.

Qoşalüləni çiynindən aşırmış, əlindəki güllü kətan parçanı boynuna keçirmiş, durbini sağ əlində polad barmaqları arasında sıxaraq yavaş-yavaş sıx qayalıqların arasıyla addımlayırdı.

Qulağına orda-burda xısın-xısın xısınlaşan quşların qığıltısı gəlirdi.

Qazanuçanın qənşərində, sıra qayaların aralığında kəkliklərin eşənəyi ovçunun gözlərindən yayınmamışdı, onların ara-sıra qaqqıltısı eşidilirdi.

Bu gün səhərdən bəri doğma kəndi Bəzirxanadan Tamaşalı yaylağına, oradan Əyri qaya və Qara qayaya kimi dolaşan ovçunun ürəyində ümid qığılcımları şölələnirdi. Gözünə bir dovşan belə dəymədiyi çöllərdə birdən-birə qayalıqlar arasında kəklik məskəninə gəlib çıxmışdı.

Manşırladığı yerə yaxınlaşmaq, kəkliklərin marığına yetişmək üçün asan yol fikirləşirdi. Həvəslə yeriyən ovçu bir an dayandı, kürəyini qayaya söykəyərək durbinlə bir daha ətrafı gözdən keçirdi.

Birdən pırıltı ilə qarşıdakı qayalıqdan bir kəklik göyə qalxdı, bir an keçməmiş ikinci bir kəklik onun arxasınca göyə qalxdı, qoşalaşdılar.

Bir-iki saniyə dövrə vurub aşağıya şığıyan kəklikləri artıq ovçunun gözü almışdı.

Kəkliklərdən gizlənərək çox ustalıqla qayaya sığınan ovçu cəld və ehtiyatla güllü yaylığı başına doladı, tüfəngi irəli uzadaraq,yerini dəyişib o biri qayalıqlara tərəf, manşırladığı istiqamətə doğru sınqa-sınqa irəlilədi və gözlənilmədən qarşısında bir-birinə sığınan qoşa kəklikləri gördü.

O, heç bir şey fikirləşmədən ovçü peşəkarlığıyla kəkliklərdən birini nişan aldı və tüfəngin açılmasıyla kəkliyin yerə sərilməsi bir oldu.

Güllə səsi təbiətin sükutunu çiliklədi, biçarə sağ qalan fərə kəklik bu səsdən donuxdu, qanadları qalxmadı, sürünüb özünü qayalıqlar arasına saldı.

Ovçu isə onu unudub bir göz qırpımında özünü ovunun üstünə atdı, yerə sərilmiş xınalı kəkliyi yerdən götürüb, qanadlarını dartıb açdı və üzü bərabəri qaldırdı, beləcə sükutla ovladığı dağ kəkliyinə tamaşa etdi.

Ovun sevinci ona hər şeyi unutdurmuşdu. Lakin gözlənilməz hadisə ovçunu yerində dondurdu. Fərə kəkliyin qayıdışı hər şeyi alt -üst etdi.

Fərə kəklik bir anda göyə qalxdı və yenidən sürətlə aşağı enib özünü qarşıdakı qayalığa çırpdı, qıy çəkdi, bu səda möhtəşəm sıldırım qayalıqda dəhşətli bir gurultu yaratdı və bu səda ovçunun ayaqlarını yerə mıxladı.

Tüfəngi əlində donub qalmış ovçu gördüyü mənzərənin dəhşətində ərimişdi.

Ölüm dəhşətindən xəbərsiz kimi göydə-ovçunun başı üzərində dövrə vurdu, sonra yaxınlıqdakı qayalardan birinin tininə qondu, yazıq-yazıq qığıldadı.

Yenidən qanadlarını bir-birinə vurub özünü qarşıdakı daşın tilinə çırpdı, dimdiyini qırmaladığı qayaya zərblə sürtdü, yenidən özünü irəli atdı.

Ovçunun bədənində qanı donmuşdu, özünə gələ bilmirdi.

O, vurduğu kəkliyi ehmalca yerə qoyub tüfəngini də götürüb kəklikdən uzaqlaşdı, qənşərdə, qarın içərisindən gümbəz kimi dikələn daşın üstündə oturub onlara tamaşa etdi.

Fərə kəklik özünü qana boyanmış, bəxtəvər günlərindən ayrılmış tayının, qayalıqdakı daş çınqıllıqların arasına sərilmiş kəkliyin üstünə atdı.

Başını kəkliyin sinəsi üstünə qoyub yazıq -yazıq qığıldadı.

Yenidən qanadlarını bir-birinə vurub özünü yerə çırpdı, dimdiyini kəkliyin dimdiyinə sürtdü. Sanki bu qığıltıda əzab çəkən bir insanın zarıltısı, naləsi vardı.

Ondan bir neçə addım aralı dayanmış ovçuya məhəl qoymayan - Fərə kəkliyin başını qanına qəltan edilmiş kəkliyin sinəsinə sürtməsi, zarıması, qığıldaması, ürəkləri parçalayan səsi ovçunu yerində dondurmuşdu-ömründə belə bir səhnəylə rastlaşmayan ovçu nə edəcəyini unutmuşdu.

Daş heykəl kimi donub bu mənzərəyə baxırdı və baxdıqca sarsılırdı, damarında qanı donurdu.

İndiyə qədər ançaq mahir bir ovçu kimi tanınan insan əməlindən elə bil peşiman olmuşdu.

Bir az bundan əvvəl qaqqıltısı dağlarda, daşlarda əks-səda doğuran, könülləri oxşayan kəkliyin indi belə zarıması onu çaşdırdı.

Handan-hana ovçu özünü ələ ala bildi. O, tüfəngi qaldırıb fərə kəkliyi də nişan aldı, tətiyi çəkmək istədi, bacarmadı. Elə bil

Keytinin qış şaxtası onun barmaqlarını dondurmuşdu.

Tüfəngin lüləsi istər-istəməz yavaş-yavaş yerə enməyə başladı. Bundan ovçu güc tapıb tətiyi sıxdı. Güllənin səsindən elə bil Keyti titrədi, qayalar uçdu.

Fərə kəklik birdən şığıyıb qalxdı, ovçunun gözü önündə yenidən özünü o qayadan bu qayaya, bu qayadan o qayaya çırpdı, boğuq bir hayqırtı qopardı.

Onun hərəkətlərinə diqqət kəsilmiş ovçunun başı üstündən alıcı quş kimi şığıyıb keçərkən qanadlarının küləyi ilə papağını başından götürdü və ovçu qanrılıb arxaya baxmaq istərkən papaq qayalığın yanındakı uçuruma doğru diyirləndi.

Ovçu özünə gələnə kimi kəklik qayalıqlar arasında yenidən gözdən itdi.

Bir müddət yerindən tərpənə bilməyən ovçu öz işindən mütəəssir halda ayağa qalxdı, vurduğu kəkliyə yaxınlaşdı, onu yerdən qaldırdı, başı sallanmış cansız kəkliyin gözəlliyinə tamaşa elədi.

Ovçunun bu qayalıqdan o qayalığa, bu kolluqdan o kolluğa arxasnca uçan fərə kəkliyin zarıltısı ürəyini deşə-deşə addımlayırdı.

O hər dəfə çönüb arxasına baxanda kəkliyi görürdü. Ovçu birdən dayanıb yenə geriyə boylandı.

Cığırın kənarına qonmuş kəkliklə nəzərləri qarşılaşdı, sanki ovçunun ürəyini nəsə çəkib apardı.

Dayandı və birdən -birə indi üşüdüyünü duydu. Bayaq papağının uçurumda qaldığını, oradan onu götürməyin mümkün olmadığını görəndə ovçu bu qədər üşüməmişdi. İndi bədəni titrəyirdi.

Vurduğu kəkliyi əlindən yerə qoymayan ovçu kəndə necə qayıtdığını, onu görənlərin əlindəki kəkliyə necə tamaşa etdiklərini duymadan həyətə girdi. Pərinin səsi onu sanki yuxudan ayıltdı:

-Bu nədir, a kişi, canavara, şirə rast gəlmisən nədir belə rəngin-rufun qaçıb? Başının papağı hanı?

Ovçu indi özünə gəldi:

- İtirdim.

Pəri onun özündə olmadığını anladı, daha heç bir şey soruşmadı.

Bir müddət sonra ovçu hər şeyi unutdu.

El yaylağa köçürdü. Ovçu da ailəsini, arvad-uşağı yığıb dağa yollandı.

Fərəməşlər açıldı, çadırlar quruldu. Ocaq yerləri qazıldı, saclar asıldı, qoyun- quzunun mələrtisi, çoban bayatısının sədaları çöllərə yayıldı. Bir-iki gün yaylaqda qalıb ailəsi üçün şərait yaratdıqdan sonra ovçu kəndə qayıtdı.

Əkin-biçin, təsərrüfat işlərinə başı qarışdı. Yaylaqda uşaqlara baş çəkməyə vaxtı olmurdu.

Arabir böyük oğlu dağdan onun üçün təzə süd, ciyə gətirərdi, Pəri yaxşı lavaş pendir göndərərdi.

Payız çönəndə el-oba evlərinə qayıtmağa başlayanda ovçu da yaylağa gedib arvad-uşağı yaylaqdan gətirdi.

Pəri bu il də əvvəlki illərdə olduğu kimi qış üçün yaxşı hazırlıq görmüşdü. Motal pendir tutmuşdu.

Yağ əridib küpələrə doldurmuşdu. Əvəlik yığıb, qurudub hörüb gətirmişdi, uşaqlar çoxlu kəkotu, yarpız, zirə yığıb qurutmuşdu. Ürəyi istəyən qış hazırlığı görən Pəri elin ən evdar, gözəl gəlinlərindən biri idi.

Yaşı otuz dördü haqlamışdı.

O, qabiliyyətli qadın idi, ovçunun ailə sarıdan bəxti gətirmişdi və Allahdan narazılığı yox idi.

Payız qışa çevriləndə Pəri tez-tez ağrımağa başladı.

Ovçu bir gün Pərinin anasını çağırıb uşaqların yanında qoydu və Pərini rayon xəstəxanasına apardı. Pərini yoxladıqdan sonra həkim onun üzərində cərrahiyyə əməliyyatının aparılacağını bildirdi.

El arasında "qarın yırtığı" adıyla tanınan bu əməliyyatdan iyirmi gün sonra Pəri evə döndü.

Qış çox ağır keçirdi. Qardan, borandan göz açıb çölə çıxmaq mümkün deyildi.

Pəri çox zəifləmişdi. Evə gətiriləndən sonra ovçu onu bala, qaymağa, ov ətinə tutdu, amma Pəri günbəgün zəifləyirdi.

Ovçu narahatçılıq keçirirdi. Pərini götürüb Bakıya aparmaq qərarına gəldi. Bakıda da həkimlər onu diqqətlə müayinədən keçirdilər.

Elə bir ciddi xəstəliyi olmadığını söylədilər. Ovçu könül dolusu rahatlıq içərisində bir neçə gün onu şəhərdə saxladı, gəzməli yerlərə apardı., istədiyini aldı geyindirdi, yedirdi, içirdi və yenidən evlərinə döndülər.

Yorğan kimi çöllərdə, düzlərdə, dağların döşündə yatmış qar əriməyə başlamışdı.

Pəri isə sağalmaq bilmirdi. Tamam zəifləyib əldən düşmüşdü.

Pərinin anası Savad qarı bütün ailənin qayğısını çiyninə götürüb gecə-gündüz bircə balasının ayağa durması üçün başına dolanırdı. Böyük qardaşı dünyalar qədər ona əziz olan sevimli ürgəsini bircə bacısı Pərinin yatağının başına dolandırıb açıb buraxdı.


Ovçu bu payız-qış dinclik tapmadığından arıqlamış, gözlərinin altı qapqara qaralmışdı. Çuxura düşmüş gözlərinə dünyanın qayğısı, əzabı yüklənmişdi.

Hər gecə səhərə kimi yatağının yanında keşik çəkdiyi Pərinin halı onu tamamilə sarsıtmışdı.

Belə intizarlı gecələrin birində səhərə kimi gözünə yuxu getmədi.

Gözlərini qaranlıq tavana dikib xəyala daldı və nə vaxt yuxuya getdiyini bilmədi. Ovçu yuxu gördü.

Yuxuda yazbaşı dağlarda qayalıqlar arasında sevgilisini atdığı gülləyə tuş elədiyi kəkliyi gördü.

Kəklik yenə çınqıllıqlara sərilmiş kəkliyin sinəsinə başını qoyub nalə çəkirdi, ağı deyirdi, ovçunu qarğıyırdı.

Qayalıqlar arasında ayaqyalın, başıaçıq uçuruma doğru qaçan Pəri ovçuya :- Məni bu kəkliyin naləsindən qurtar-deyib, yalvarırdı.

Ovçu diksinib yerindən dik atıldı. Pəri oyaq idi.

-Yuxu görürdün?

Ovçu bir müddət özünə gələ bilmədi və gecdən-gec:

- Yox, Pəri, yuxu görmürdüm-dedi.-Niyə yatmırsan?- onun çiyinlərini örtdü.

- Burda hardasa yaxınlıqdan kəklik səsi gəlirdi.

Ovçunun bədəni uçundu, dili dolaşdı:

-Burda kəklik ola bilməz. Kəklik qayalıqlarda olar, burda nə gəzir.

-Evin arxasındakı qayalıqdan səsi gəlirdi, qulaqlarımla eşidirdim. Elə bil məni səsləyirdi.

Özünü itirmiş ovçu zarafata saldı:

-Könlün kəklik əti istəyir yəqin.

-Yox, yox, mən heç nə istəmirəm. Sən də bu günahsız quşların qanına az bais ol.

Ovçu daha dözmədi, cəld geyinib çölə çıxdı.

Kəndin içiylə üzüyuxarı dağlara qalxdı, gəzdi, dolandı, bir dəstə bənövşə yığdı, əlində aparmaqdan utandı, pencəyinin cibinə qoyub kəndə yol aldı.

Kəndə yaxınlaşanda Savad qarının tükürpədici naləsini eşitdi. Ovçu yeriyə bilmədi, dağları bir nəfəsə qalxan dizləri taqətdən düşdü, üzü üstə yerə sərildi…

Baş vermiş faciədən xəbərsiz hansısa evdən gələn musiqi səsi göynəyən yaranın gözünü qoparırdı:

Aman kəklik əlində- ə- ə- n…

gulxani.net
XS
SM
MD
LG