Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:42

Şahzadə Andrew Azərbaycana dəstək qazandırır


Şahzadə Andrew və İlham Əliyev
Şahzadə Andrew və İlham Əliyev
Azərbaycana gələn tanınmış qonaqları Prezident Sarayında qəbul edirlər. Sovet dövründən qalan bu bina əslində, paytaxt Bakının mənzərəsini bir az korlayır.

13 mərtəbəli bu nəhəng bina vaxtilə Kommunist Partiyasının qərargahı idi. Bu yaxınlarda isə Britaniya ticarətinin səfiri qismində York Hersoqu Şahzadə Andrew burada qonaq olub. Krallıq və kapitalizm simvolu olan Şahzadə Andrew bu keçmiş sovet respublikasının keçmiş düzəninə tənə də sayıla bilərdi.

Bunları David Blair martın 14-də «Financial Times»da yazır.

«İLHAM ƏLİYEV TOTALİTAR FİQUR DEYİL»

Ancaq şahzadənin Azərbaycanla münasibətləri öz ölkəsində tənqidlərə səbəb olub. O, Azərbaycan prezidenti İlham Əliyevlə müntəzəm görüşlər keçirir. Sonuncu belə görüş isə yanvarda Davosda - Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.

Müəllif yazır ki, cənab Əliyev demokratiya sahəsində uğurları ilə öyünə bilməz. O, prezidentliyi atasından 2003-cü ildə miras alıb. Bununla da Azərbaycan Suriya və Şimali Koreya ilə bir sıraya düşüb - hər üç ölkənin liderlərinə hakimiyyət irsən keçib.

İlham Əliyev totalitar fiqur deyil: o, müxalifət partiyalarına, məhdud sayda müstəqil mediaya və müəyyən həddə qədər söz azadlığına şərait yaradıb. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasını imzalayıb və Avropa Şurasına qoşulub.

Ancaq parlament bir rezin möhür, seçkilər isə ritualdır. 2010-cu ilin noyabrında keçirilmiş son parlament seçkilərində prezidentin müttəfiqləri 125 yerin 112-ni əldə ediblər.

«Bu üsul-idarə Avropa Şurası üzvünün tipik Yaxın Şərq diktatorluğudur». Bunu ReAL (Respublikaçı Alternativ) İctimai Birliyinin həmsədri İlqar Məmmədov deyir. «Noyabrdakı parlament seçkiləri bizi ümidsizliyə saldı:
İlqar Məmmədov
bu, bir avtoritarizm festivalı idi».

1 MİLYARD FUNT-STERLİNQ SƏRMAYƏ


Britaniya sakitcə Azərbaycan iqtisadiyyatında əsas kənar oyunçuya çevrilib. Ötən il Böyük Britaniya bu ölkəyə 1 milyard funt-sterlinq yatırıb. Bu, Azərbaycandakı xarici sərmayənin 51.9 faizi deməkdir.

İkinci yerdə 9 faizlə ABŞ gəlir. Azərbaycanın qonşusu Türkiyənin göstəricisi 3.9 faizdir. Çin ümumiyyətlə, bu qrupda yoxdur.

BP Britaniya sərmayəsinin əsas hissəsini yatırır. BP 1996-cı ildən Azərbaycanda ən böyük neft yatağını istismar edir və hazırda yeni qaz ehtiyatlarını işləyir.

Ancaq Şahzadə Andrew Böyük Britaniyanın ticarət səfiri vəzifəsinə 2000-ci ildə təyin olunub. Hersoqun təyinatında məqsəd Britaniyanın enerjidən kənar biznes maraqlarını genişləndirməkdir.

O, 2009-cu ildə Bakıda elektrik sayğacları istehsalçısı olan «Landis+Gyr» şirkəti adından çıxış edib.

Neft gəlirləri sayəsində Azərbaycanda tikinti bumu başlayıb, tikinti şirkətləri üçün də imkanlar açılıb.

«NÖVBƏTİ ÜÇ İLDƏ DƏYİŞİKLİK GÖRƏCƏYİK»

Şahzadə Andrew-nun səfərləri Azərbaycanda rəsmi mediada elə də ətraflı işıqlandırılmır. Onun noyabrdakı son səfəri barədə rəsmi xəbərlərdə deyilirdi ki, «cənab Əliyev Hersoqu qəbul edib və Azərbaycanla Böyük Britaniya arasında xüsusilə iqtisadi əməkdaşlıqdan razılığını bildirib».

Mehman Əliyev
Tənqidçilərin fikrincə isə, cənab Əliyev Britaniya kral ailəsi ilə münasibətlərindən öz nüfuzunu cilalamaq üçün istifadə edir. Şahzadə Andrew sayəsində o, «Avropa aristokratiyasının ən yüksək səviyyəsində qəbul olunan şəxs imici yarada bilir». Bunu İlqar Məmmədov deyir. «Biz heç vaxt Şahzadə Andrew-nun demokratik prosesə töhfəsini hiss etməmişik».

Bəzi müstəqil müşahidəçilər isə inanırlar ki, Qərblə yaxın əlaqələr demokratik islahatlara yardım edəcək.

«Mən optimistəm: proqnozum belədir ki, növbəti üç ildə böyük dəyişikliklər görəcəyik». Bunu isə «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev deyir. «ABŞ-dan və Qərbdən tələblər gəlir».

Əgər prezident islahatçı olduğunu sübut etsə - onun ilk səkkiz ili bu baxımdan ümidverici olmayıb - onda elə hesab etmək olar ki, Şahzadə Andrew-nun səfərlərinin köməyi dəyib.

Hələliksə köhnə sövdələşmə qüvvədədir: Britaniya Azərbaycan iqtisadiyyatında yağlı pay alır, cənab Əliyev isə Britaniya taxt-tacının dördüncü varisi ilə şəkil çəkdirir.
XS
SM
MD
LG