Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:33

Azər Abdulla "Solfecio dərsi" (Hekayə)


Bu səhər Köçəri yuxudan həmişəkindən iki saat tez ayıldı. Eşiklərindəki paslı dəmir parçasını bir neçə yol qaldırıb endirdi.

Köçərinin idmanla arası yox idi. Ancaq o, son yeddi günü könülsüz olsa da idman edirdi. Bu gün o, bir nəfərlə iki ton kağızı maşına yükləyib sonra da boşaltmalıydı.

O, dalandan burulanda ilkin gözünə dəyən bir qız oldu. Onu üzdən tanıyırdı. Qabaqlar elə bu küçədə bir neçə yol üz – üzə gəlmişdi.

Bu səhər görməsəydi, qızın belə tez yuxudan oyanmasını ağlına gətirməzdi. Boylu – buxunlu bu qızda yaraşıqdan, gözəllikdən savayı bir xanım – xatınlıq da vardı. Köçəri belə qızları , ancaq şəhərin mərkəzi küçələrində görmüşdü.

Şəhərin qırağında taxta, dəmir çəpərə alınmış yöndəmsiz evlərin arasıyla uzanan dar, palçıqlı yolda bu qızın yeriməsi Köçəriyə həm qəribə gəlir, həm də onu sevindirirdi. Köçəri duydu ki, arxadan gələn oğlanların , kişilərin hamısı qıza çatmaq istəyir.

Bu gün gölməçənin suyu bir az da çoxalmış, bəzi daşların üstünü örtmüşdü. Küçədən keçənlərin hamısı ayağını çəpərin dibindəki yumru qara daşın üstünə qoyanda daş yerində oynayır, adamlar çəpərin ensiz taxtasından yapışıb, o biri daşa adlayırdılar.

Qız ayağını həmin daşın üstünə qoyanda büdrədi, gülə - gülə “oy” - dedi. Ancaq yıxılmadı. Şabalıdı kürkünün üstünə qonmuş ulduz – ulduz parıldayan narın damcılar yerə töküldü.

Qız çəpərin ensiz taxtasından bərk – bərk yapışdı. Əlində ağ, yumşaq dəri əlcək vardı. Köçəri onun əlini görə bilmədiyinə heyifsiləndi. Aydanın ağappaq , yumuq – yumuq gözəl barmaqları, barmaqlarının üstündəki batıqlar yadına düşdü. “Aydan bizə gəlsə, onun da əli bu taxtaya dəyəcək” düşündü.

Aydan Köçərinin arvadı Gülgəzlə musiqi məktəbində oxuyurdu. Dünən Gülgəzlə Aydangilə getmişdilər. Onların uca tavanlarından asılmış çılçıraqları, geniş, işıqlı dörd göz otaqları, par – par yanan parketləri, onların çırıltısı , mebellərin rəngində tund xınayı “Röniş” alman poyalı, bir də Aydanın yupyumru ayağındakı yaşıl tikmələrlə işlənmiş yumşaq, qırmızı dəridən məstləri Köçərinin gözlərinin qarşısına gəldi, dilxor oldu.

Çünki onlar iki dəfə Aydangilə getmişdi. İndi də Aydan onlara gəlməliydi. Bir – birindən aralanıb boyası getmiş taxta döşəmələrindən, əsgi şapşaplarından, köhnə “Belarus” pianolarından , onun səsi çıxmayan “mi”, “sol” notu üstündəki dillərdən daha çox Köçərini dilxor edən bu küçənin gölməçəsi, palçığı idi.

Qız gölməçənin ortasında bir oğlanla qarşılaşdı. Oğlan pencəyinin yaxasını qaldırmışdı, ayağında yay ayaqqabısı , əynində açıq mavi, qısa yay şalvarı vardı. O, qızla üz – üzə gələndə ovqatını pozmadan suya girib yol verdi, bir daha daşların üstünə çıxmadan gölməçə boyu yeridi. Arxadan gələn kişilər gülüşürdü, onlardan biri:

-Ay bala, yay deyil ha, cavanlığına salma, dekabr ayıdı, soyuqlayarsan, - dedi.
Onlar tranvay dayanacağına çatdılar. Köçərinin qanını qaraldan şeylərdən biri də şəhərin hər yerindən çoxdan götürülmüş, ancaq onların yolu üstündə işləyən sınıq – salxaq arabaları andıran tramvaylar idi. Qabaqlar Köçəri öz dayanacaqlarına çatanda bu yöndəmsiz evlərin yanında düşməyə utanırdı. İllah da ki, onun yanında gözəl, nazlı bir qız oturaydı və bir neçə yol gözləri bir – birinə sataşaydı. Dayanacağa yaxınlaşanda Köçəri bu yerlərə birinci yol gələn adamlar təkin pəncərədən çölə boylanır, yanındakılardan soruşardı:

- Bilmirsiz, xəstəxanaya çoxmu var?

Qabaq yerlərdə əyləşmiş bazardan gələn qoca qadınlar:

- Elə burdadır, burda düş, bax oradır...

Köçəri jurnalist idi. Uzaq kəndlərin birində dərs deyən qardaşı, qonşuların yanında yaxud hardasa ona kələk gəlmək istəyən satıcılarla sözləşən anası, qadını, bacıları jurnalist Köçəriylə öyünürdülər. Ancaq nə onlar, nə qohum, qonşular, nə şəhərin orta küçəsindən keçib redaksiyaya gedərkən mağazaların iri pəncərələri arxasından Köçərini salamlayan yeniyetmə satıcı qızlar, yaxın – uzaq bütün tanışlar bu gün onun kağız daşımağa getməyini bilmirdilər.

Beş il idi “Musiqi” jurnalı redaksaiyasında tekniki redaktor işləyirdi. Bu gün – sabah işini dəyişib başqa bir yerə köçmək ümidiylə yaşadığından texniki redaktorun vəzifəsinə aid olan işi bugünəcən öyrənməyi özünə sığışdırmamışdı. İşinin öhdəsindən gələ bilmədiyindən redaksiyada dili qısaydı. Elə buna görə də buyruqçu olmağından redaksiyanın xırda – para işlərini ona tapşırırdılar. Kağızı mətbəəyə redaksiyanın bütün işçiləri aparırdı. Onda Köçərinin vecinə deyildi. Çünki şöbə müdirləri, məsul katibin özü onunla birgə kağızı yükləyir, birgə taksiyə minib mətbəəyə gəlir, orada kağızı boşaldırdılar.

Sonuncu dəfə onlar yük maşınında gəldilər. Şöbə müdürlərindən biri sürücüdən maşını qıraq, adamsız küçələrdən sürməyi xahiş etdi. Sürücünün tərs damarına düşdüyündən onu eşitmədi. Şöbə müdürlərinin yorğun, deyinə - deyinə kağızları daşıması, yük maşını ilə şəhərin içindən keçərkən aşağıya əyilib qızlardan, tanış – bilişlərdən gizlənməsi o çağlar Köçəriyə ləzzət verirdi.

Şöbə müdürləri buna dözməzdi. Bir – iki yol gedib redaktora şikayət edib bu ağır işdən yaxınlarını qurtardılar.

Köçəri avtoparka girdi. Sürücülər bir yerə toplaşıb ucadan danışırdılar. Köçərini görəndə onlardan biri dedi:

-Alə, bu yenə gəldi ki?

Köçəri özünü eşitməzliyə vurdu. Onun içində bir sevinc də vardı. Bu gün bir fəhlənin yerinə işləyib pulun yarısını götürmək, gedib təzə ət almaq, yaxşıca bazarlıq etmək, axşama bir kabab düzəltmək istəyirdi. Sabah axşam süfrədə nə desən, olacaq, bacılarıyla, arvadıyla ürəkdən deyib – güləcəydi. Ocaq çatacaq, əti özü şişə çəkib manqalın üstünə düzəcək, əlini üzünə tutub istidən qorunacaq, tüstü, ətin qoxusu bütün qonşulara yayılacaqdı.

Köçəri onlara çatıb:

- Salam əleykim! – dedi.

- Ay sabahın xeyir!

- Həmişə sən gələsən, qəqeş!

Əlləri plaşın cibində ucaboy, arıq, qaşları uzun və və çallaşmış direktor gözlərini bir an Köçəriyə dikib tez də çəkdi. Köçərinin qanı qaraldı. Yaxşı bilirdi ki, parkın drektorundan tutmuş bütün sürücülərə kimi birinin də ondan xoşu gəlmir. O bunu bir neçə yerə yozdu. Köçəri yaz, yay ayları çox yaxşı geyinirdi, bəlkə elə buna görəydi, bəlkə də qaraqabaqlığına, yaxud onlara qaynayıb qarışa bilmədiyinə görəydi?..

Sürücülərdən biri:

- Qəqeş ha gəlib – gedirsən, bəs haçan bizdən yazaceysən?

Köçəri hirsini boğub:

- Mən yazan deyiləm, özü də bizim toplumuza incəsənətdən yazırlar.

- Nə incəsənət?

Başqa bir sürücü:

-Alə, oxu da savadsız, bilmirsən mınnarın qəzeti nədi?

Əlləri yekə iri şapkalı kök bir sürücü:

-Mınnar Çaykovski yazır də...

-Ay aton rəhmət...

- Zeynəbdən nööş yazmursuz?

-Sən heç baxmısan, bılar zurna - balabannan tutmuş klarnet, nağara, artis – martis , nə bülüm serenada, balalayka, muğamat nə gəldü yazullar.Elə döyül, bacoğlu?
Ağzında kazbek ortayaşlı bir sürücü:

- Xaloğlu, çəkmələrini belə palçıqlı görürəm, diyəsən, sən də mənim kimi qıraxlarda yaşayırsan?

Köçəri özünü o yerə qoymadı, acığını boğub dedi:

-Deyəsən siz də mənnən yazmaq istəyirsiniz, hərənizi bir şey maraqlandırır, sabah gələrsiz, sorğularınıza cavab verərəm.

Direktor yana çevrilib üzütüklü, alçaqboylu, enlikürək oğlana:

- Qəzənfər, sən get.

Qəzənfər sağ əlini gödəkcəsinin cibindən çıxarıb dedi:

-Yoldaş nəçənniy, bu dəfə də ayrısı getsin.
İnanmursuz, jurnalistin özünnən soruşun, mənnən arası yoxdu.

Sürücülərdən:

-Alə, minnətun olsun, şikülünü qəzetlərünə vurallar. Kağuzlarunu çox vaxt sən daşımısan.

-Hərü, əl əlu yuyar, əl də üzü...

Doğurdan da köçərinin Qəzənfərlə arası yox idi.
Bir yol anbarda maşınına kağız yükləyirdilər. Qapının yanındakı kağız qurtardı. Maşın başqa qapının yanına çəkilməliydi. Köçəri Qəzənfəri çağırmağa getdi.O, bir – birinin içində olan başqa anbara keçəndə gördü ki, Qəzənfər anbardarın köməkçisi yeniyetmə bir qızın biləyindən yapışıb. Qızsa gülür, əlindəki dəftərlə Qəzənfərin üzünə - üznə vurur, əlini dartıb çıxarmaq istəyir.

O gündən sonra onların arası dəydi. Yeri düşdü – düşmədi Qəzənfər Köçəriyə sataşırdı.

Birinci yol kağız aparanda Qəzənfər də kömək eləmişdi. İşçilərlə tanış olmuş, onların haqqında çox şey öyrənmişdi . Maaşlarını , haralı olduqlarını soruşmuşdu. Köçərinin arvadının oxuduğu musiqi məktəbinin yerini də bilirdi.

Qəzənfər putyovkaya qol çəkdirib maşına sarı gedəndə avtoparkın direktoru dedi:
- Qabaqca mebel fabriklərinə dəy, dolablar hazır olsa, onları anbara apar.
Qəzənfərin “Qaz 51” maşını köhnə idi. Gedərkən yan taxtaları yellənir, taqqıltı, çıqıltı eşidilirdi. Maşının yanları tamam palçığa bulaşmışdı. Köçərinin qanı daha da qaraldı. Qəzənfər kabinkanın qapısını açdı.

- O biri qapı açılmır, gəl burdan keç.

Köçəri bir az da hövsələdən çıxdı, ancaq yenə dözdü. Sakitcə dedi:

- Maşını niyə silmirsən? Saxlayıb cərimələyərlər ha?

- Əybi yox, kağuzu yükləyib qayıdan baş Əlabbasın tükanının yanında saxlayıb yuyarıq.

Həmin mağaza musiqi məktəbinin yanındaydı.

Onun nəyə işarə elədiyini anladı, daha özünü saxlaya bilmədi.

-Kötük, başın – zadın -ağramır?

-Nöş hirslənirsən? Özüm yuyacağam da. Jurnalistin danışmağına bax e? Bilürsən nə var, hörmətivü saxla ha?!

Mebel fabrikində çox qaldılar.Köçəri tələsdiyini gizlədirdi. O, maşından çıxıb
sexlərə girdi.

Qəzənfər çöldən əliylə Köçərini çağırdı.

Köçəri sağollaşıb sexdən uzaqlaşdı.

Qəzənfər maşını yeyin sürürdü. Maşınları sağdan, soldan ötüb keçirdi. Sürücülər başlarını çıxarıb acıqlı – acıqlı nəsə deyirdilər.O, maşını yolu keçmək istəyən adamların üstünə sürür, çataçatda azca döndərib yanlarında ötür, sonra başını çölə çıxarır, əlini yelləyib qorxmuş adamları gülə - gülə salamlayırdı. Bir dəfə də qırmızı işıq ola – ola küçəni keçmək istədi. Birdən əyləci soyuqqanlıqla sonadək sıxdı. Çevrilib Köçəriyə baxdı.

- Burda deyərlər, anon namaz üstəymiş! Eləmü?

Köçəri susurdu. Qəzənfər yenə dilləndi.

-Doğurdan, Köçəri məndən yazarsan? Yaz ki, dəlidoluyam, hamıya sataşuram,
adamluğum yoxdu.

Vallah, istəsən də yazmassan. Qəzetə ağıllı – başlı adamdan yazullar.

-Sənnən çox qəşəng yazaram, ancaq...

-Ancaq odur ki, noolar şofir olanda , him – cim mənə bəsdür. Bir dənə iyirmibeşlüy, necədür? Bağuşla e, bəlkə açuğ danuşuram, bizdə örtülü bazar yoxdur. Yaxçu, bir az mədəni desək, bir dənə inturist! Necədür?

-Elə arxayın danışırsan ki, elə bil hər şeyi bilirsən, hər şeydən xəbərin var.

-Höş yoxdur e? Hələ süzə yazmağa görə pul da verüllər, birtəhər deyüllər e?..

-Qonorar?

-Hə aton rəhmət. Bağuşla, dirüyə də rəhmət var!..

-Qəzənfər, sürücülərin hamısı sənin kimidir, yol qaydalarını hamı sənin kimi pozur?
Yoxsa...

-Başa düşdüm, eləsü var mədənüdür, quzu kimidür, eləsü var od parçasudur, ancaq hamusu qazanub balalarunu saxlamaq istəyür.

Köçəri höcəti kəsmək üçün susdu. Qəzənfər maşını anbarın yanında saxlayıb yox oldu.

Anbarda fəhlə yox idi . Onları başqa yerə göndərmişdilər. Köçəri hövsələdən çıxdı, istədi çıxıb getsin, başqa gün gəlib aparsın. Sonra avtoparkın drektorunun soyuq, saymazyana üzünü sürücüləri, səhər obaşdan yuxudan qalxmağı , arvadını aldadıb: “Bu gün mətbəədə işimiz var” - deməsi Qəzənfərin iliyə işləyən atmacaları yadına düşdü. Bir yandan da sevindi. “Fəhlənin pulu da özümə qalar, bir günlük işdir, sınıyım özümü?” –düşündü.

Köçəri kağızların əllisini yüklədi. Soyuq olsa da kürəyindən tər süzürdü.

Yorulmuşdu, ancaq inanırdı ki, yerdə qalan kağızı yükləməyə gücü çatacaq.Mətbəədə fəhlələr ona hörmət edirdilər. “Uzaqbaşı hamısını onlara boşaltdıraram, sabah pulu alacam, gətirib pullarını verərəm...”

Köçəri yorulsa da da sevinirdi. Çünki onun işlədiyini görən yox idi. Anbardar qadın öz yerində əyləşib çay içirdi.O, gəlib kağızları maşında sayacaqdı. Sonuncu arabanı yükləyib aparanda Qəzənfər gəldi.

- Pay atonnan, tək yüklədün?! Mən ölüm, öldürsələr də mən bacarmadım. Belə jurnalist olar? Əjdahasan!

Qəzənfər kömək eləmək istədi. Köçəri qoymadı.O, acıqdan Qəzənfərin yanında oturmadı, plaşını geyib maşının üstünə qalxdı.

-Özünnən küs, gör hava necə soyuyub, tərlüsən, soyuq olacey, özü də yağış çiləyür.Ancaq sən hirslənəndə məə yaman ləzzət eləyür.

Soyuq külək köçərinin tərli başını üşüdürdü. O özünü qalaqlanmış kağızın arxasına verib aşağı əyildi. Çöməltmə oturdu. “Bir az dözsəydim...” düşündü.

Redaksiya , şöbə müdürləri oraya gələn xanım – xatun qızlar, onların nazı, musiqili səsləri Modilyani, Cülyetta Mazina ağrısı, Antonioni, Karbüze, stradivarius skripkasının sirri, Kafka anlaşılmazlığı, bütün elita danışığı bu danışıq zamanı özlərini oxşarsız göstərmək istəməsi Köçərinin yadına düşdü. Hamıdan, hər şeydən özündən belə zəhləsi getdi. Başı üşüyürdü. Papaq qoymadığına peşman oldu. “Mənə bu da azdır, əsl yük daşıyanam” qəzəblə düşündü. Şöbə müdürlərindən birinin tez – tez aralığa “Mayakovski ömrünün sonunacan ədəbi işçi işləyib” deməsi yadına düşdü. “Bəlkə mənnən yana deyir, bəlkə mənə toxtaxlıq vermək istəyir, bəlkə də ələ salır?..” fikirləşdi.

Maşın dayandı.Köçəri səsə başını yuxarı qaldırdı. İkinci qatın balkonunda üç qız əllərini narın yağışa uzadıb ona baxırdılar. Qızlar Köçərini üzdən tanıyır, Gülgəzin yoldaşı olduğunu bilirdilər. Köçəri bir an özünü itirdi, nə edəcəyini bilmədi. Birdən ayağa qalxıb şax dayandı.

Qəzənfər maşını Əlabbasın ət dükanında saxlayıb yerə düşdü. Gülə - gülə Köçəriyə baxıb dedi:

- Yağış yağır, gəl aşağu, beş dəyqəyə maşını silim, gedəy.
Musiqi məktəbinin tələbələri iki - bir , üç – bir maşına sarı gəlirdilər. Qızlardan biri Köçərini gördü, yavaşca nəsə dedi, yanındakı yoldaşları da çevrilib Köçəriyə baxdılar. Bu Köçərinin gözündən yayınmadı. O, yerə atıldı. Plaşının düyməsi maşının qırağına ilişdi, əl boyda “Q” şəklində cırıldı.O, üzünü Qəzənfərə tutub:

- Eşşək! Donuz oğlu, donuz!..

Köçəri tələsik çevrilib yeyin addımlarla musiqi məktəbinə sarı irəlilədi. O, uzaqdan Gülgəzin sinif yoldaşı Fuadı gördü. Bir oğlanla tund narıncı”Volqa”sına yaxınlaşırdı. Köçəri salamlaşmadan onların yanından ötüb ikinci qata qalxdı.

Əllərində not dəftəri , xəz paltolu qızlar səkilərlə enib qalxırdı. Bəziləri Köçərini tanıyırdı, Köçəri onların heç birinin üzünə baxmadı. Otaqlardan piano, tar, skripka, violençel səsi gəlirdi. Kimi qamma çalırdı, kimi muğamat, kimi də etüd. Otaqların hansındasa tenor səslə Koroğlunun ariyası oxunurdu. Səs tez – tez kəsilir, yenidən eşidilirdi.

Köçəri otuz üçüncü otağa yaxınlaşdı. Bilirdi ki , bu saat Gülgəz solfecio dərsindədir. Qabaqlar bir yol Gülgəzi axtaranda gəlib həmin otağa çıxmışdı.

Yavaşca qapının deşiyindən içəri baxmışdı. İçəridəki qızların hamısı ona ağappaq görünmüşdü. Üzərindən bəxtəvərlik, sevinc yağan bu qızlar qu quşları kimi bəmbəyaz uzun boyunlarını irəli uzadıb oxuyurdular. Köçərinin arvadı qızlardan seçilmirdi. Onların incə, şirin, bir az kövrək və məlahətli səsləri Köçərini götürmüş, onu göyün yeddinci qatına qaldırmış, bəlkə də daha uzaqlara aparmışdı. Qızların ağappaq, şümal əlləri, gözəl barmaqları, daranmış dümdüz, burma telləri, gözəgörünən hər şey nağıl kimi Köçərinin yadında qalmışdı.

Köçəri qapını hirslə açdı. Qızlar “Yaylaq gülü” şərqisini oxuyurdu:

Əsən yellə uça – uça gəlmisən,

Yaylaq gülü, ləçəklərin bəs hanı?..

Köçəri bir anda hamını gözdən keçirdi. Gülgəzi görmədi. O, qapını geniş açıb bir addım irəlilədi. Plaşının sonuncu düyməsini açdı.Köhnə kostyumu göründü.

Sinifdəkilərin hamısı onu başdan – ayağa süzdü.

-Gülgəz gəlməyib?

Köçəri arxada küncə yaxın oturmuş Gülgəzi gördü.

- Bir dəyqə bayıra çıx! Plaşını da götür!

Gülgəz dəhlizə çıxdı. Köçəri ona yaxınlaşıb hirsli – “qoluma gir” - dedi.

-Nə olub Köçəri?!

-Heç nə, gir qoluma!

Gülgəz bir şey anlamasa da , qorxudan Köçərinin qoluna girdi. Köçəri tələsmədən, heç kimin üzünə baxmadan, bir kəsi saymadan musiqi məktəbinin dəhlizini beləcə gəzdi.

Onlar bayıra çıxanda Köçərinin gözü aralıda Qəzənfərə sataşdı. O, maşını hələ də yuyurdu.

Köçəri o biri yana buruldu.Gülgəz qorxa – qorxa hey soruşurdu:

-Niyə dinmirsən, ürəyimi üzürsən, nə olub axı?

-Heç nə. Çoxdandır yağışlı havada gəzmirik...

Avtomat telefonun yanına çatanda o, əlini cibinə salıb, qəpiklərini çıxarıb baxdı.

-İki köpüklüyün varmı?

-Var.
Köçəri qəpiyi salıb nömrəni yığa – yığa saatına baxdı. Yenicə beşə işləyirdi. Bildi ki, iş yoldaşları çıxıb gediblər.O, nömrənin qalanını da yığdı. Avtomat qəpiyi uddu. Köçəri redaktorun səsini eşitdi.

-Alo...Alo!?

Köçəri gözlənilməz səsdən bir an özünü itirdi.

-Mənəm, Gündüz müəllim. Köçəridi!

-Hə eşidirəm.

-Uşaqlara deyin gəlib kağızılara yiyə dursunlar, maşın musiqi məktəbinin yanındadı.
-Bəs sən nə eləyirsən, hardan zəng edirsən?

-Mən kabab yeməyə gedirəm...

Köçəri dəstəyi asdı. Gülgəz avtomat telefonun yanında donub qalmışdı. Yağış güclənmişdi. Onlar dayanacağa tələsirdilər. Birdən Köçəri dayandı. Kafeni göstərib dedi:

-Tezdənnən acam, gəl adama bir buterbrod yeyək.

Onlar kafeyə girdilər. Ayrıldılar. Gülgəz kofe, Köçəri buterbrod almaq üçün sıraya dayandılar.
XS
SM
MD
LG