Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:50

«No Fly Zone» nədir?


Liviya ordusunun hava zərbəsi, 07 mart 2011
Liviya ordusunun hava zərbəsi, 07 mart 2011
BMT Liviya ilə bağlı qərar verdi. Bu qərar «No Fly Zone» - yəni Uçuşlara Qadağa Zonasının yaradılmasını özündə ehtiva edir. Bu qərar və onun mümkün effekti haqda suallarımıza hərbi ekspert Arif Yunus cavab verir.

- Arif bəy, «No Fly Zone» - yəni Uçuşlara Qadağa Zonası nə deməkdir?

«LİVİYA HƏRBİ TƏYYARƏLƏRİ VURULACAQ»

- Bu o deməkdir ki, Liviya hökuməti bundan sonra hərbi təyyarələrin uçuşu üçün icazə almalıdır. Belə bir icazə verilməyəcəyi təqdirdə hərbi təyyarələr vurulacaq.

- Uçuşlara Qadağa Zonası başqa harada tətbiq edilib?

- Təcrübədə belə hal olub. Mən xatırlayıram İraqı. Müharibə qurtardıqdan sonra bu, İraqın şimal ərazisi üçün tətbiq edildi. Bunu o vaxt İraq hakimiyyəti qəbul etdi. Onda İraq təyyarələrinə ölkənin şimal ərazisinə-indi ora Kürdüstan deyirlər - uçmağa imkan verilmədi. Yalnız mülkü təyyarələrə icazə verildi.
NƏZƏR YETİR
İndi belə bir qərar Liviya üçün tətbiq edilir. Qərar artıq qüvvədədir, qalır məsələnin texniki tərəfi.

- Bunu necə həyata keçirirlər? Göyə qalxan Liviya təyyarəsi ilə nə edirlər - vurub yerə salırlar ya məcbur edirlər geri qayıtmağa? Vururlarsa, haradan vurular - öz təyyarələrindən, hərbi gəmilərdən yoxsa zenit raketləri ilə?

«BU, RADAR SİSTEMLƏRİ İLƏ HƏYATA KEÇİRİLƏCƏK»

- Bu radar sistemləri ilə həyata keçiriləcək. Azərbaycanda da belə radar sistemlər var, Qəbələ RLS. Radar sistemləri havada olan bütün təyyarələri, hətta raketləri aşkar edir, izləyir və dəqiq koordinatlarını müəyyən edir. Bu, indi texniki baxımdan elə də çətin məsələ deyil. Hərbi təyyarələrin necə vurulmasına gəldikdə isə, bu, texniki məsələdir. Haradan və necə vurulması razılaşdırılacaq.
Arif Yunus
Bunu NATO sülhməramlıları həyata keçirəcək, yoxsa NATO bayrağı altında ayrıca ölkələr? Bütün bunlar razılaşdırılıb, həll ediləcək. Liviya ətrafında NATO bazaları da var, ayrıca ABŞ hərbi birləşmələri də. Çox güman ki, hərbi təyyarələr vurulmazdan əvvəl bu barədə xəbərdarlıq ediləcək.

- Qəddafinin bu qərarı qulaqardına vurmaq imkanı varmı? Məsələn, NATO qoşunları ilə havada müharibə aparmaq və ya hava hücumundan müdafiə sistemi ilə NATO tədbirlərindən qorunmaq?

«LİVİYANIN NATO İLƏ, ABŞ-LA MÜHARİBƏ APARMAĞA GÜCÜ YETMƏZ»


- Yox belə imkanları yoxdur. Əslində əvvəllər ABŞ-la Liviya arasında qısamüddətli hərbi toqquşmalar olub. ABŞ Liviyanın əvvəllər 5-6 hərbi təyyarəsini vurub. Liviyanın gücü yalnız üsyançılara çata bilər. NATO ilə, ABŞ-la müharibə aparmağa onun gücü yetməz. Liviyada köhnə hərbi sistem, köhnə təyyarələr mövcuddur.

- Ola bilərmi ki, Qəddafi vertolyotlardan və ya mülki təyyarələrdən istifadə etsin?


- Məncə, buna da icazə verilmir. Artıq Qəddafi heç nə edə bilməz. Qəddafi buna qarşı sözlə hansısa cavab verə bilər. Ancaq real döyüşlərə gedə bilməyəcək. Getsə də, bu qısamüddətli olacaq və nəticə əvvəlcədən bəllidir.

- Arif bəy, bundan sonra düşünmək olarmı ki, Qəddafi hakimiyyətdən getməyə məhkumdur? Çünki müxalifət əsasən havadan vurulurdu.

«QƏDDAFİ DAHA MÜXALİFƏTİ HAVADAN VURA BİLMƏYƏCƏK»


- Hələ ki, çox şey sual altındadır. Qəddafinin quru qoşunları qalır. Üstəlik, belə bir qərarın qəbuluna baxmayaraq, Liviya ətrafında dünyanın mövqeyi birmənalı deyil. Türkiyə xarici qoşunların Liviyanın daxili işlərinə qarışmasını istəmir. İndi bir şey tam aydındır. Qəddafi daha müxalifəti havadan vura bilməyəcək.
XS
SM
MD
LG