Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:52

Milli geyimlilər Bakı bulvarında


Milli geyimdə onlarla adam Bakı bulvarına yığışmışdı. Masallıdan, Şəkidən, Qəbələdən, Bərdədən... Azərbaycanın bütün bölgələrindən gəlmişdilər. Qadınlar elə bulvarda ayrılmış xüsusi yerlərdə şirniyyat bişirir, səmənilərə qırmızı lentlər bağlayırdılar. Nağara çalan kim, yallı gedin kim... Bir tərəfdə də aşıqlar.

Kəlbəcərli aşıq Şanəli Gəncədən gəlib. Deyir ki, sabah burda «vur-çatlasın, çal oynasın» olacaq. O da güc verəcək sazına:

«BAYRAMA GÖRƏ GƏLMİŞİK»


«Bayrama görə gəlmişik. İşimiz çalıb-oxumaqdır. Vətən həsrəti bizi sazdan ayırmır. Dağlardan, dərələrdən, Aşıq Şəmşirdən oxuyacağam».

Martın 18-də bulvarda bir gün sonra keçiriləcək bayram tədbirinin son hazırlıqları gedirdi.

Astaradan gəlmiş Rüfət Rzayev həsirdən əşyalar hazırlayır. Elə sabah da hazırladıqlarını satışa çıxaracaq:

«Görürsünüz, burda nə qədər azsaylı xalq var. Hərəsi bir dildə danışır. Lahıc, talış, ləzgi. Bu xalqların hamısının bir yerdə olması, bayramı birlikdə qeyd etməsi məni çox sevindirir. Talış xalqı da əvvəllər bu bayramı gizli şəkildə evlərdə keçirirdi. İndi Novruz bayramının dövlət səviyyəsində qeyd olmasına görə çox sevinirik».

30-200 MANATLIQ PAPAQ

Papaqçı Aqil Kərimov isə Şəkidən gətirdiyi papaqlarından hələ heç birini sata bilməmişdi. O da ümidini sabaha bağlayıb:

«Novruz bayramı ilə bağlı həm satışdır, həm sərgi. Alıcı yəqin sabah olar. 30 manatdan 200 manata qədər papaqlar satıram. Məncə elə baha deyil».

Abşerondan olan Sevinc Paşayeva hazırladıqları araqçınları, toxuduğu suvenirləri tərifləyirdi:

«Hamısını özüm düzəltmişəm. Burda hər şeydən bir dənədir, ona oxşayan da ola bilməz. Müxtəlif texnologiyalardır, muncuqlarla işləyirəm. Bu gün çoxlu-çoxlu şəkil çəkdirənlər araqçın taxıblar. Hələ alıcım olmayıb».

«ELƏ BİLDİM AYRI-AYRI RAYONLARA GETMİŞƏM»

Bakı sakini Sultan Sultanlı isə deyir ki, ilk dəfədir bu qədər müxtəlif rayon təmsilçilərini bir yerdə görür:

«Bütün rayonlar burdadır. Adamın xoşu gəlir. Eli bildim ayrı-ayrı rayonlara getmişəm. Çox yaxşı əhval-ruhiyyəm var. Elə bayram dediyin də budur».

Bakı bulvarında keçiriləcək bayram konsertinə nağaraçalanlar xüsusi hazırlaşıblar.

70 nəfər nağaraçalanı bir yerə yığmış bədii rəhbər Natiq Şirinov deyir ki, «Çubuqlar» kompozisiyasına neçə vaxtdır hazırlaşırlar:

«Qədim Azərbaycanın yeni müasir ritmlərini nağarada səsləndirəcəyik. 70 nəfər tərəfindən eşidilməyən səslər eşidiləcək. Hələ nağarada bu ifa olunmayıb. Gedəcəyik üzü keçmişə, sonra da bu günümüzə».

Kəndirbazların isə başı qarışıq idi. Yuxarıda kəndirlərini qururdular. Bakı bulvarında ən böyük səmənilər də düzülürdü.

Bayram tədbiri martın 19-da səhər tezdən axşama qədər olacaq.
XS
SM
MD
LG