Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:32

İslamda musiqi və müsəlman müğənnilər


"ANCAQ DİNİ MAHNILAR OXUYACAM"
Bəzi radikal qrupların fikrincə, musiqi tamamilə qadağan olunmalıdır

Müsəlman ölkələrində müğənnilərdən çoxu sənəti atıb dinə qapanır. Bu karyera dəyişiklikləri isə İslamın musiqi ilə münasibətlərinə dair müzakirələrə yol açıb. AzadlıqRadiosunun müxbiri Kristin Deasy bu məsələni araşdırıb.

CAT STEVENS EFFEKTİ
Mehrubon Ravshan Tacikistanın Cat Stevensidir. 30 yaşlı pop müğənni "Az Mani" (“Sən mənimsən”) tipli hit mahnılar oxuyur. Ancaq dinə tapınandan sonra Ravshan daha çox dini mahnılar oxumağa başlayıb.

İslamın qəbulu bəzi hallarda karyera dəyişikliklərinə də səbəb olur. Məşhur Britaniya müğənnisi Cat Stevens 1970-ci illərin sonlarında adını dəyişib Yusuf İslam qoyub, musiqidən də uzaqlaşıb.

Əsrlər boyu belə bir müzakirə gedir - musiqinin mənəviyyatı və Quranda bu barədə yazılanlar.

Müğənnilərin hüquqlarını beynəlxalq müdafiə təşkilatının- Freemuse-un proqram meneceri Ole Reitova görə, çox güclü musiqiçilər musiqi ilə İslamın probleminin olmadığını deyirlər:

“Ancaq bəzi dini qruplar- bəziləri onları radikallar yaxud fundamentalistlər adlandırır- bildirirlər ki, musiqi və İslam böyük problemdir. Onların fikrincə, hətta musiqi tamamilə qadağan olunmalıdır. Ən böyük anlaşılmazlıq ondadır ki, Quranda bu barədə spesifik bir şey olmalıydı. Ancaq yoxdur”.

MÜSƏLMANA HANSI MUSİQİ OLAR?
Dünyada mötədil müsəlmanlardan çoxu musiqinin müxtəlif formalarını qəbul edir. Əsas odur ki, İslamın əsas mənəvi dəyərləri təhqir olunmasın. Bəzi mötədil İslam alimləri ümumilikdə musiqini qəbul edib onun mənəvi tərəfinin inkişafına çağırırlar. Onlar seksual musiqi ilə bağlı mübahisə edirlər. İslamın Sufi cərəyanı isə zəngin musiqi tarixinə malikdir, bu cərəyanda rəqs ibadətin əsas hissəsidir.

İslamın mühafizəkar cərəyanlarının davamçıları isə mübahisə edirlər ki, musiqi cəmiyyəti günaha batırır. 1994-cü ildə İordaniya islamçı alimi Muhammad Nasir ad-din al-Albani "Tahrîm âlâta" (“Musiqi alətlərinin qadağan olunması”) adlı kitab yazıb.
Taliban kimi ekstremist qruplar isə bütün növ musiqilər üzərində qadağanı dəstəkləyir, hətta dini mahnılar üzərində belə.

1990-cı ildə müsəlmanlar dünya əhalisinin 19.9 faizini təşkil edirdi, indi isə 23.4 faizi qədərdir. 2030-cu ildə bu rəqəm 26.4 faizə qədər arta bilər.

“İSTƏYİRƏM ANCAQ DİNİ MAHNILAR OXUYUM”
Ravshan kimi musiqiçilərin işi isə İslama marağı artandan sonra əsaslı dəyişib. O deyir ki, Məkkə ziyarətindən sonra pop mahnıları oxumur. “Oxumağı ona görə atdım ki, toylarda, partilərdə bizə layiq olduğumuz hörməti göstərmirlər. İstəyirəm ki, bir günlük vida konserti verim, sonra isə ancaq dini mahnılar oxuyum. Bunu addım-addım edəcəyəm. Hər şey Allahın əlindədir”.

Tacik musiqi mütəxəssisi Mahbub Ganjali ehtiyatlanır ki, müğənnilər İslama marketinq məqsədi ilə gələ bilərlər: “Bizim müğənnilər populyar mövzulara toxunurlar, bəziləri bundan pul qazanmaq üçün istifadə edirlər. Bundan əvvəl əmək miqrasiyası böyük məsələ idi və buna dair xeyli mahnılar peyda oldu. İndi Allah, Məhəmməd Peyğəmbər barədə mahnılar yaranır”.

İslam fundamentalistlərinin nəzarət etdiyi ərazilərdə isə musiqiçilərin həyatına təhlükə var. Məsələn, Pakistanda paştuların qəzəl musiqiçisi kimi tanınan Khyal Mohammed Peshawar-dakı evində gizlənir. Qadın müğənni Ayman Udas isə üç il əvvəl elə həmin şəhərdə televiziyaya çıxandan dərhal sonra öldürülüb.

Yerli mütəxəssislər deyirlər ki, bu regionlarda müğənnilərin qorunması üçün dövlət cəhdlərini artırmalıdır.

POP MUSİQİYƏ REPRESSİV TƏZYİQ
İran kimi ölkələrdə musiqinin İslamdakı mürəkkəb rolu ölkənin islamçı liderlərinə öz siyasətlərini yürütməyə imkan verir. Məsələn, hakimiyyət Qərb üslublu musiqiyə təzyiq göstərir. Ancaq rejimin tənqidçiləri bildirirlər ki, hökumət ölkənin gənc əhalisinin ehtiyacını ödəmək üçün pop sənayeni də dəstəkləyir.

Əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkələrdə isə vəziyyət daha mürəkkəbdir. Məsələn, Özbəkistanda Qərb musiqisini pisləyən bir sənədli film hazırlanıb. Ölkənin avtoritar rejiminin bunda məqsədi gəncləri Qərb ideya və dəyərlərini öyrənməkdən çəkindirmək olub.

Beynəlxalq müğənnilərin hüquqlarını müdafiə təşkilatının proqram meneceri Ole Reitov deyir ki, Orta Asiya ölkələrində musiqiçilər tam konservativ müsəlman cəmiyyətlərinin və siyasi repressiv hökumətlərin təzyiqi ilə çarpışmalı olur.

YAXŞI MÜSƏLMAN OLMAQ NƏ DEMƏKDİR?
“Hazırda dünyanın bu hissəsində (Orta Asiyada) radikal islama maraq getdikcə artır. Bu, siyasi repressiyanın nəticəsidir, yoxsa Səudiyyə Ərəbistanı ya Misir missionerlərinə görədir? Demək çətindir. Məncə, bu daha çox mənsubiyyət məsələsidir”.

Mənsubiyyət məsələsi isə İslamda getdikcə daha çox müzakirə olunur: bu gün yaxşı müsəlman olmaq nə deməkdir?

“İslam dini insanı düzgün və yaxşı olana çağırır,” bunu isə vaxtilə Napolean adı ilə tanınan, Amerikanın Outlawz rep qrupunun üzvü Mutah Wassin Shabazz Beale deyir. O, mayda islamı qəbul edib və hazırda dünyanı gəzərək gənc müsəlmanlar qarşısında çıxış edir.
XS
SM
MD
LG