Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:42

"Bu AYO-çular çox şeyi qatıb qarışdırdılar"


Azadlıq Radiosunun "Pen klub" verilişinin qonağı yazıçı Əkrəm Əylislidir.


Son dövrlər hekayə oxuyursunuz?


- Oxuyuram. Amma ədəbiyyat o qədər tənəzzülə gedib, mənəvi enerjisi o qədər azalıb ki, biz qəliz şeyləri aydınlaşdırmaq əvəzinə, hazırda aydın şeyləri qəlizləşdirmək, anlaşılmaz vəziyyətə gətirməklə məşğuluq.

Kiminsə bostanına daş atmaq istəmirəm Amma Azərbaycan ədəbiyyatında ikimeyllilik yaranandan sonra – yəni AYB və AYO söhbəti ortaya çıxandan sonra ədəbiyyatda müdhiş bir başıpozuqluq əmələ gəldi.

Məsələ burasındadır ki, əgər AYB-də hər hansı bir islahatlar həyata keçirilsəydi, bu AYO ortaya çıxmayacaqdı.


"Müsavatda da təzələnmə olmadı. Bunlarda da deyəsən belə bir fikir var ki, kiməsə alternativ yoxdur"

"Ərəb ölkələrində baş verənlər Yaponiyadakı zəlzələ kimi gəlir mənə".
Amma keçirilmədi. Bu AYO-çular da, Allah canlarına dəyməsin, cox şeyi qatıb qarışdırdılar.

Bunlar 60-cılardan o qədər şeylər deyiblər ki, 50-60 filosof yığsan baş çıxarda bilməzlər. Halbuki 60-cıları yox, o illərdə yaranan ədəbiyyatı müzakirə etməli idilər.

Bizdə bu olmadı. O AYO-nun da nə arxasında dövlət dəstəyi var idi, nə də oturmağa yeri.

Fırlandılar, danışdılar, indi baxıb görürəm ki, heç 5 il bundan əvvəlki qədər də ürəklə danışa bilmirlər.

Yəni yeni mövqe yaratmaq istəyirdilər, amma bu mövqe elə yazıçılar ittifaqının içində olmalı idi.

AYB, AYO üzvləri, ümumiyyətlə indiki yazarların hekayələrində nə çatmır, nə yoxdur?

- Hekayədən başqa hər şey var orada (gülür-İ.R.). Deyim də nə çatmır. Hər hansı bir hekayədə roman ola biləcək şansa malik mətləb olmalıdır.

Yəni elə bir mətləb ki, yazıçının kefi istəsə ondan roman da yaza bilər.

Amma bunlar mətləbsiz, ötəri... yəni yazının içində ürək döyünmür.

İndi hekayələrdə təsir etmək qabliyyəti yoxdur. Bəzi istisnalar da olmamış deyil.

Yeni nəsildə istedadlılar da çoxdur. Ən qəribəsi odur ki, yazıçı və yazı mədəniyyəti yoxdur.

Neyləsinlər?

- Hər şey istedaddan asılıdır. İstedadı olmayanın yazması mənasız bir şeydir. İlk növbədə tövsiyə edərdim ki, yazdıqları predmeti dərindən bilsinlər.

İçərilərində yetişdirib sonra yazıya gətirsinlər.

Ağlına gələni elə götürüb yazsan, bu, hekayə olmayacaq. Hekayə yolumuz var də bizim.

Mirzə Cəlilin “Usta Zeynal”ını götürək. Nə boyda mətləb, daxili enerji, ağıl, müşahidələr var orda. Yaxud “Qurbanəli bəy”. Adicə Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi.

İndi Azərbaycan ədəbiyyatındakı çox özündən deyən cavanlar bu “Qaraca qız” səviyyəsində bir hekayə yazsın gətirsin, öpüm qoyum gözümün üstünə.

Yoxdur. Mətləb cılızdır. Ruhi vəziyyət çox kasıbdır.

- Dinləyici Tahir, kitab mağazalarından sizin kitabınızı tapmağın mümkün olmadığından və sizin də bu vəziyyətə biganə yanaşmanızdan gileylənir.

- Kitab çap elətdirməyə indi elə böyük həvəsim yoxdur. Bu it yiyəsini tanımayan bazara çıxmaq istəmirəm. Bu bazardan iyrənirəm.

Çünki orada ədəbiyyata münasibətin nədən ibarət olduğu məlum deyil. Ədəbiyyatın ağsaqqalı, “avtoritet”i, heç nəyi yoxdur.

Amma bazara çıxartmadığınız məhsuldan arxayınsınızmı?

- 100 faiz arxayınam. Mən özündən deyən deyiləm. Ömrüm boyu da çalışmışam həqiqəti yazam.

Məni tanıyanlar da bilir ki, nə bir partiya qərarına yazı yazmışam, nə bir əməkçini tərifləmişəm.

Sovet dövründə azdan-çoxdan öz yazıçı həyasını saxlamağa cəhd edənlər bizdə də olub. Mən də o sırada olmuşam.

Dinləyici Rüstəmli yazır: “Əkrəm bəy, siz bir vaxtlar küsüb Bakıdan üz çevirib kəndinizə getdiniz. Sonra yenə gəldiniz.

Milli Məclisdə başda oturduuz. İstər siyasətə gəlməyinizlə, istərsə də qayıtmağınızla xalqın qarşısına çıxıb haqq sözünü deyə bilmədiniz. İndi özünüz deyin, Əkrəm Əylisliyə ziyalı demək nə dərəcədə düzgündür?”

- Həqiqətən də Əylisə gedəndə məndə belə bir təsəvvür var idi ki qayıtmayacam. Bəlkə də qayıtmazdım. Amma ailə var, qayğılar var.

Bu cür düşünən dostlarımıza da deyərdim ki, insanı insan olaraq görün. Yazıçıdan büt düzəltməyin. O da insandır, onun da öz həyatı var.

Sən yazıçıya bir şeyi bağışlama. Onun saxta, yalan bədii əsər yazmasını. Gör ədəbiyyatda, başlıca sənətində, belə vicdansızlığa, oxucunu aldatmağa yol verib ya verməyib.

Əkrəm Əylisli buna yol verib, ya verməyib?


- Mən öz sənətimdə heç vaxt yol verməmişəm.

Mən Azərbaycan ədəbiyyatında təkbaşına bir nəsli yetişdirən adamam. “Azərbaycan” jurnalında bir qrup elə yazıçı yetişdirmişəm ki, onların adı hər yerdə möhkəmlənib.

Məsələn, Ramiz Rövşən, Vaqif Bayatlı, Afaq Məsud, Mövlud Süleymanlı - onlarladır.

Bunlar hamısı “Azərbaycan” jurnalının mənim dövrümdə yetişmiş və Azərbaycan mühitinə daxil olmuş insanlardır. Bir var indiki kimi 500 kitab çıxardıb aparıb ona-buna paylayasan.

Bir də var, 72 min tirajla çıxır və o jurnalda çap olunan hər bir yazıçı Azərbaycan ədəbiyyatının xalq üçün mənəvi sərvətinə çevrilirdi. İndi artıq mənəvi sərvətə çevrilən heç nə yoxdur.

Çünki, mənəviyyat yoxdur.

Fərid Bakıdan yazır ki, “Əkrəm müəllim, siz Müsavatdan niyə getdiniz? Partiyanın hazırkı durumu keçmiş müsavatçı kimi sizi qane edirmi və siz Müsavata əvvəlki gücünü bərpa etmək üçün nə məsləhət verərdiniz?


- Müsavatda mən elə böyük yer tutmamışam. Orada daha böyük yer tutanlar var. Mən məclis üzvü olmuşam.

Müsavatdakı dostlarımla indi də dostam. İndi şəxsi söhbətləri açmaq fikrində deyiləm.

Amma ölçüb biçmişəm ki, mən orada nə dərəcədə lazımam, getmişəm. Amma orada hörmət etdiyim insanların heç birinə münasibətim dəyişməyib. İndi də onlar məni, mən də onları görəndə sevinirəm.

Partiyaya məsləhətə gəlincə, məsləhət görərdim, bunlar təzələnə-təzələnə fəaliyyət göstərsinlər. Azərbaycanda qəribə bir alternativsiz olmaq xəstəliyi var.

Bir məmləkətdə ki, heç kəsin alternativi olmadı, o məmləkət ölüdür, qəbristanlıqdır.

Necə yəni alternativi yoxdur. Onda bəs sən nə ilə məşğul olmusan, nə yetişdirmisən. Belə çıxır ki, sənin millətin ölüb?

Elə bir əxlaqsız məqama gəlib yetişmişik ki, hər kəs oturduğu yerdə özünü alternativsiz hesab edir.

Hər yerdə hər şeyin alternativi var. Bu təsəvvürü yaratmaq milləti keyləşdirmək, ruhi ihişafdan saxlamaq, onun varlığına tüpürmək deməkdir.
Müsavatdakıları demirəm a. İndi fikrin bu tərəfi məni çəkib apardı o yana.

Əkrəm Əylisli "Ədəbi Azadlıq-2010" müsabiqəsinin qalibi - yazıçı Eyvaz Zeynalova mükafatı təqdim edir. 10 iyun 2010
Amma söhbət ondadır ki, Müsavatda da təzələnmə olmadı. Bunlarda da deyəsən belə bir fikir var ki, kiməsə alternativ yoxdur.

Amma bunların nəyə görə zəif olması da bəllidir.

Müxalifətsiz məmləkət geri getməyə məhkumdur. Müxalifətin nüfuzlu olması cəmiyyətin bir qisminə yaşamaq üçün stimul verir. Müxalifəti bəyənə də bilərsən. nifrət də edə bilərsən.

O sənin öz işindir. İstər iqtidar olsun. Istər müxalifət, sənin münasibətlərin öz işindir. Amma dövlət heç vaxt insanlara siyasi sədaqət prinsipi ilə yanaşmamalıdır.

Yanaşır, yanaşmır?

- Siyasi sədaqət prinsipilə yanaşırıq deyə hər şeyə, inkişafin qarşısını alırıq. Siyasi sədaqətin aqibətini Misirdə gördük.

Hüsnü Mübarəki çox zəif bir adam hesab etmək, onun xalqın içərisində hörmətinin olmamasını düşünmək gülünc olar. Onun orada ayağından öpməyə hazır olan milyonlarla insan var idi.

Demək siyasi sədaqət prinsipi, avtoritar qaydalarla cəmiyyəti saxlayanda, sonradan bu sədaqət bir anın içində yox ola bilir.

Hansı tərəfdən baxsan, o idarəçəlik gözəldir ki, orada adama siyasi sədaqətinə görə yox, layaqətinə görə dəyər verilir.

İndi Azərbaycanda nəyə üstünlük verilir?

- Açıq deyirəm də. Azərbaycanda nə qədər ki, cəmiyyətə siyasi sədaqət prinsipi ilə yanaşılır, bunun müxalifəti də zəif olacaq.

Müxalifət də bizim xalqın bir parçasıdır. Hər halda, məncə o narazı təbəqəni təmsil edən bu insanlar ətrafdan nə qədər təzyiq görsələr də, öz içərilərindən yetişməyə daha çox cəhd göstərməlidilər.

Düzdü deyə bilərlər ki, bizə özümüzü təsdiqləməyə imkan vermirlər.

Amma o biri səbəbləri də axtarmalıdılar. Daha hansı səbəblər var ki, onları el içində “avtoritet” olmağa qoymur.

Ərəb ölkələrində nə baş verir?


- Düzü ərəb ölkələrində baş verənlər Yaponiyadakı zəlzələ kimi gəlir mənə. Çox fikirləşsəm də düzü bu hadisələrə məntiqi səbəb tapa bilmirəm...

Amma uzun müddət Liviyada səfir olmuş bir rus bu günlərdə televizorda maraqlı bir fikir dedi.

Mitinqlərdəki, plakatları misal gətirib dedi ki, Liviyada elə poliqrafik mədəniyyət yoxdur ki, o səviyyədə iş görə. Bu deməli haradansa kənardan gəlib.

Hər halda küçələrə çıxan xalqdır. Nə istəyirlər, səbəb nədir sizcə?

- Biz də xalqı meydanda görmüşük. Və indi oturub fikirləşəndə düşünürsən, haradadır o adamlar?

Dağ kimi, vulkan kimi qalxmış bir qüvvə idi. Onların bir 5-6-sını tapsam oturub söhbət edərəm.

Deyərəm nə istəyirdin sən. Heç bildin ki, nə oldu? Nə qazandın. Nə itirdin? Bunu heç fikirləşmisən? Yəni o kortəbii hadisələrdi, inqilablarda olur.

Müxalifət düşərgəsindən də belə fikirlər səslənir ki, ərəb ölkələrində müşahidə olunan inqilab dalğası Azərbaycana da gəlib çıxacaq. Sizcə gələcək?

- Avtoritar rejimin başının üzərində belə qorxu həmişə var. Çünki faktdır ki, avtoritar rejim əks fikri qəti surətdə yaxın buraxmır.

Liviya lideri Müəmmər Qəddafi
İnsanın da içində fikir sıxılıb saxlananda sonda o az qala atom bombasına çevrilir.

Yəni insan fikirini daim ifadə etməlidir. Hesab edirəm ki, hansı maskanın arxasında olursa olsun, avtoritarlıq millətin gələcək sabitliyinə təminat vermir.

Ona görə mən də 9 milyonluq həmvətənlərimiz kimi düşünürəm ki, Azərbaycanda heç bir avtoritarizmə yol verilməməlidir. “Rıçaqlar” tədricən də olsa ayrılmalıdır, islahatlar getməlidir.

Indi artıq heç bir qüvvə dövlətə qorxu yarada bilmir. Ona görə də əgər dövlət özünü çox rahat hiss edirsə, niyə o birisinin də fikrinə yol verməsin.

Verir ya vermir?

- Gördüyünüz kimi, bir sıra hallarda vermir. Avtoritar rejim qeyri-səmimi rejimdir. Səmimi olmayan insan 5-10 gün aldada bilər də. Bir gün daha aldada bilməyəcək. Yəni avtoritar rejimlər milli səmimiyyəti aradan götürür.

Hazırda dövlət başçısı səviyyəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə getməsi barədə bəyanatlar verilir. Bunlar nə dərəcədə səmimidir sizcə?

- Ən böyük rüşvət yaltaqlıqdır. Əgər biri yaltaqlığı kiməsə rüşvət veribsə, onun əvəzinə mütləq nəsə istəyəcək.

Vəzifəsində yaltaqlanıb rejimin gözündən pərdə asacaq. Mən bir dəfə ölkənin böyüyünə də yazmışdım ki, bu maskalanmaq axırda milləti pis günə qoyacaq.

Söhbət ondadır ki, Azərbaycanda bu avtoritar məsələlərin qarşısı alınmadıqca hər bir kiçik məmur özünü Xudayar bəy hesab edəcək.

Nə qədər ki, millətin içində vəzifəm varsa, mənə hörmət var - məsələsi işləyir, belə də olacaq.

Sabah gedək Azərbaycanın 20 rayonunu gəzək. Bir nəfər də oradan icra nümayəndəsi olsun.

Ona yazıçıdan çox hörmət ediləcək. Bax bu psixologiyanı içimizdən çıxartmaq lazımdır. Mirzə Fətəli Axundovun, Mirzə Cəlilin başına gələnləri xatırlayaq.

İndi bəzən ziyalıları qınayırlar. Amma bəziləri bilmirlər ki, biz ziyalılar nə çəkirik. Elə bilirlər kef edirik. Deyirlər elə ilhamı gəlir, oturub yazır də. Arzu edərdim ki, bizdə bu ziyalını bir tanıtmaq mədəniyyəti də yaransın.

Bakidan Rövşən adlı dinləyiçi yazır: “Siz illər öncə qəlbinizi bütöv bir xalqı əzən, onun təhsil və mənəviyyatının kökünü qazan YAP hakimiyyətinə verdiniz.

Ömrünüzün bu ahıl vaxtında iynənin ucu boyda da olsa peşmançılıq çəkirsinizmi, ya bunu fikirləşməyə hələ ömür var-deyib daha vacıb işlərlə məşğul olursunuz?


- Faktı olmayan şeyə nə cavab verim. Gəlsin bir fakt desin ki, harada, nə vaxt qəlbimi satmışam.

Yəni əgər hakimiyyətdə oturanlar məni ordenə layiq bilib təltif edirlərsə, buna görə gedib onları söyməliyəm. Layıqəm - almışam də. Mənə bu məmləkətin ordenini almışam.

Alpay Azər Bakıdan yazır: Məlum olduğu kimi sizin nəsriniz hər şeydən öncə poetikliyi ilə seçilir. Gəncliyinizdə şeir yazmısınız. İndi də poeziyaya qayıtmaq ürəyinizdən keçirmi?

- Qorxuram şeir deyəm, bu ola lap poetik veriliş.

Deyin, qoyun olsun...

Çox kədərli vaxtımda belə bir şer yazmışdım:

Mənim o yerlərə dönməyim gəlir.

Mənim o yerlərə dönməyim gəlir
Allah, yol ver gedim, əhd eyləmişəm
O yolu bir dəfə geri dönməyə
Bəlkə milyon dəfə cəhd eylmişəm

Daha səbr etməyə halım qalmayıb
Daha yol getməyə yolum qalmayıb
Bəsdir, çox demişəm qalım-qalmayım
Mənim o yerlərə dönməyim gəlir

Mənim o yerlərə dönməyim gəlir
Kaş ki, bu gedişlə qalaydım Allah
Yorğun ürəyimə bir ağac altda
Oturub bir layla çalaydım Allah

Allah dinlə məni, dinməyim gəlir
Yandığım bəsimdir, sönməyim gəlir
Məni qaldırdığın o pilləkənlə
Sənin hüzuruna enməyim gəlir
Mənim o yerlərə dönməyim gəlir

PROQRAMI TAM ŞƏKİLDƏ BURDA DİNLƏ
Prodüsser Maarif Çingizoğlu
XS
SM
MD
LG